Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

OPERATOR STOLUN ALTINA GİRDİ... ÖZÜMÜ SAXLAYA BİLMƏYIB GÜLDÜM- MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

Anar Nəcəfli: “Xəbəri hamının başa düşəcəyi tərzdə təqdim etmək lazımdır”

O, teleaparıcılar arasında öz sərbəstliyi ilə seçilir. Mimikası və xüsusi jestləri, xəbəri efirə verərkən əl-qol hərəkətləri ilə aparıcılıq sənətinə yenilik gətirdiyi deyilsə də, bu tamaşaçılardan bir qisminə xoş gəlir. Onu ciddi tənqid edənlər, xəbəri şouya çevirməkdə qınayanlar da az deyil.
Müsahibəmiz telekanalın binasında baş tutdu. Hər gün kostyum və qalstukda gördüyümüz aparıcını idman üsulubunda görəndə doğrusu tanımadıq. İlk söhbətimiz də elə geyimi ilə bağlı oldu. Dedi ki, hər gün efirdə kostyum geyindiyinə görə, artıq bu cür geyim növündən imtina edib. Hətta toylara, şənliklərə geyinmək üçün də özünə kostyum almır.
«Xəzər Xəbər»in aparıcısı Anar Nəcəfli «Tele-aparıcı»nın qonağıdır.


- Anar bəy, ilk öncə jurnalistikaya gəlməyinizdən danışardız.

- Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirmişəm. Doğrudur, uşaqlıqda həkim-stamatoloq olmaq istəmişəm, amma sonradan fikrimi dəyişmişəm. Düzünü deyim ki, sənədlərimi verərkən birinci hüquq fakültəsini yazmışdım. Amma bəxtim gətirdi ki, jurnalistika fakültəsinə daxil oldum. Çünki, jurnalist olmaq - daha doğrusu teleaparıcı olmaq mənim arzum olub. Universitetdə oxuyanda ştatdankənar şəkildə qəzetlərlə əməkdaşlıq edirdim. Əsgərlikdən qayıdandan sonra il yarım müddətinə qeyri-ixtisas sahəsində çalışdım. Sonra isə ANS televiziyasında işə başladım. «Cinayət işi»ndə, «İç xəbər»də müxbir, sonra isə aparıcı işləmişəm. Bundan sonra «Bürc FM»-də, daha sonra isə «Xəzər» televiziyasında işə başladım

- İlk efir həyəcanınız yadınıza gəlir?

- Əlbəttə ki, ilk dəfə efirə çıxanda həyəcanlıydım. Əslində studiyada operatorla tək olursan. Amma bir anlıq fikirləşəndə ki, sənə minlərlə insan baxır, vəssalam, işin bitir. Adamı əsmə, titrəmə tutur, çaşırsan. İlk vaxtlar çox həyəcanlı olurdum. Sonradan çalışdım ki, «mənə baxırlar» fikrini özümdən uzaqlaşdırım və bundan sonra daha rahat oldum. O qədər çaşdığım vaxtlar olub. İnsanlar bəzən qınayırlar ki, aparıcı çaşdı və ya hansısa sözü düz demədi. Nəzərə almaq lazımdır ki, aparıcı robort deyil və canlı efirdə hər şey ola bilər.

- Sizcə, xəbər aparıcısı üçün ən vacib nədir?

- Ən vacibi diksiya, xəbəri dolğun şəkildə tamaşaçıya çatdırmaqdır. Bundan sonra görünüş, efirdə davranış gəlir. Operativlik də vacibdir.

- Xəbəri emosianal şəkildə təqdim etmək nə dərəcədə vacibdir?

- Bu aparıcının bacarığından asılıdır. Məncə, tamaşaçı emosional şəkildə verilən xəbəri daha rahat qəbul edir, o xəbər barədə daha dolğun məlumat yaranır. Nəzərə almaq lazımdır ki, xəbərlərə eyni yaş həddində olan, eyni təbəqəni təmsil edən şəxslər baxmır. Bura uşaqlar da, yaşlı adamlar da baxırlar. Xəbəri hamının başa düşəcəyi tərzdə təqdim etmək lazımdır.

- Hər halda Azərbaycan tamaşaçısı bu şəkildə xəbər almağa adət etməyib, buna görə də, bəzən «Xəzər Xəbər»in ünvanına tənqidlər eşidirik.

- Bu bütövlükdə «Xəzər Xəbər»-ə deyil, ayrı-ayrı aparıcılara aid olan məsələdir. Çünki, hər bir aparıcı istədiyi formada, özünəməxsus emosionalıqla xəbəri təqdim edir. Bu formada təqdim etmək şəxsən mənim içimdən gəlir. Mən bəzən xəbərə öz münasibətimi də bildirirəm. Faktlar, statistika da göstərir ki, biz bununla daha çox tamaşaçı audutoriyası əldə etmişik, bizə daha çox baxırlar, nəinki digər kanallara. Biz bu yeniliyi tətbiq edəndən sonra başqa kanallardan da bəziləri bizim tərzdə xəbər verməyə başladı. Tamaşaçılar şablon informasiya almaqdan bezmişdi, yenilik lazım idi. Onu da biz gətirdik və uğurlu alındı. İndi «7-dən 77-yə» hamı xəbərlərə baxır. Əvvəl isə belə deyildi. Gənclər ümumiyyətlə xəbərlərlə maraqlanmırdılar.

- Bəzən kriminal xəbərlərə də «şou» xarakteri verilir ki, bu da qəbul edilmir.

- Hər bir sahədə yenilik olanda onu qəbul etmək çətin olur. Siz təkcə qaz sahəsində «smart-kartlar»a keçid olunarkən yaranan vəziyyətə diqqət edin. Onda da insanlar arasında narazılıq var idi. Alışandan sonra isə bu üsulun daha rahat olduğunu gördülər.
İlk dəfə biz də bu tərzdə xəbər təqdim edəndə bəyəməyənlər daha çox idi. Getikcə insanlar alışdılar və indi xəbərlərimizi daha çox bəyənirlər. Bizə bəzən deyirlər ki, bu sırf türk stilidir, amma belə deyil. Bütün dünyada bu tərzdə xəbər təqdim etmək ənənəsi var.

- «Xəzər Xəbər»-də sərbəstlik təkcə davranışla məhdudlaşır, yoxsa, yaradıcılıq, mövzuya yanaşma və digər sahələrdə də var?

- Xəbərləri əsasən müxbirlər hazırlayırlar və onlara bu yöndə sərbəstlik verilir. Təbii ki, rəhbərlik tərəfindən də təkliflər olur. Əsası odur ki, mövzu, xəbər tamaşaçı tərəfindən qəbul olunsun.

- Özünüz necə, televiziyaya baxırsız?

- Açığı bir o qədər də yox. Çox az izləyirəm. Sonuncu dəfə 2-3 gün qabaq baxmışam.

- Nəyə görə baxmırsız?

- Həm vaxtım az olur - 21:00-a xəbərləri verirəm. Evə gedib çatanda artıq axşam saat 10-11 olur. Bir az da uşağın dərsləri ilə məşğul oluram və yatmaq vaxtı gəlib çatır. Digər tərəfdənsə Azərbaycan televiziyasında maraqlı verlişlər çox azdır. Bizdə televiziyanın audutoriyası fərqlidir və verlişlər də həmin audutoriyaya hesablanır.

- Nəyə görə, bizim kanallarımızda maraqlı verlişlər azlıq təşkil edir?

- Mənə görə maraqlı verlişlər azdır, ola bilsin ki, başqaları üçün həmin verlişlər maraqlı görünə bilər. Elə tamaşaçı var ki, gün ərzində televiziyadan ayrılmır.

- Bəs bəyəndiyiniz verlişlər hansılardır?

- Verlişlərin adını çəkmək istəməzdim. Təbii ki, xəbərləri izləyirəm, əsasən siyasi-analitik, sosial yöndə olan verlişləri xoşlayıram.

- Bilirsiz ki, Azərbaycan kanallarını əsasən «şou-biznes» verlişləri zəbt edib. Sizcə, bu yönümlü verlişlərin çox olmasına ehtiyac var?

- Tələbat varsa, deməli ehtiyac var. Televiziya verlişləri tamaşaçıya uyğun hazırlayır. Tamaşıçıların zövqü isə müxtəlifdir. Mən şəxsən şouya baxa bilmirəm.

- Daha çox hansı istiqamətli verlişlər görmək istərdiz?

- Maarifləndirici verlişlər çox azdır. «Xəbərlər»də də biz bəzən bu məsələ üzündən problemlərlə rastlaşırıq. Hər hansı məsələ ilə bağlı maarifləndirmənin az olması problemlərə səbəb olur. Vətənpərvərlik mövzusunda verlişlər çox olsa da, bunlar şablon xarakter daşıyır. Bu verlişləri daha maraqlı, cəlbedici formada hazırlamağı düşünmək istəmirlər və ya düşünə bilmirlər.

- Düşünmək məsələsi deyəsən, bizdə ciddi xarakter daşıyır. Belə ki, hansısa xarici kanala baxdıqda ideya olaraq maraqlı, yeni bir verlişlərlə rastlaşırıq. Amma bizdə bu cür hala rast gəlmək, demək olar ki, mümkün deyil. Və ya rast gələndə də sonradan məlum olur ki, bu hansısa xarici kanaldan götürülmüş ideyadır…

- Xarci kanaldan hər hansı bir ideyanın götürülüb, işlənməsi normal haldır. Amma bunu həmin kanalda necə gedirsə, elə də vermək düzgün deyil. Çünki, xarici ölkələrin audutoriyası ilə bizim audutoriyamız da eyni deyil. İdeyaları bizim audutoriyaya uyğunlaşdırıb, vermək lazımdır. Məsələ burasındadır ki, bizdə buna da tənbəllik edirlər. Şəxsən mənim bəzi ideyalarım var - amma bunları reallaşdırmaq çətindir. Bu da əsasən vaxtla bağlıdır. Əlbəttə ki, burada maliyyə məsələsi də var. Bir layihənin üzərində işləyərkən, bütün məsələlər nəzərə alınmalıdır - maliyyə, studiya, yer və s.

- Siz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmisiz. Burada təhsilin səviyyəsi ilə razısınızmı, daha doğrusu, praktik cəhətdən jurnalistika fakültəsi sizə nə verib?

- Deyə bilmərəm ki, tam olaraq, məni qane edib. Amma təkcə bizim qrupumuzda oxuyanların əksəriyyəti televiziya və qəzetlərdə işləyir. Əlbəttə ki, bunda jurnalistika fakültəsinin də rolu böyükdür. Doğrudur, bizim fakültəmizdə, ümumiyyətlə, təhsilimizdə praktitika məsələsi bir az axsayır. Bizdə tələbələri nəşriyyata aparırdılar, burada keçmiş çap üsulu ilə hərflərin yığılması, rənglənməsi prosesini keçirdilər. Qəzetlərin kompüterlərlə yığıldığı bir vaxtda bunlar təbbi ki, gülüş doğururdu və etirazımıza səbəb olurdu. Televiziya və radio studiyalarımız var idi, burada avadanlıqlar köhnə olsa da, işə yarayırdı. Fakültənin dəhlizində qoyulmuş monitorda bu studiyaların hazırladığı verilişlər verilirdi. Hər ilin sonunda isə televiziyalara, radiolara, qəzetlərə təcrübəyə göndərilirdik və burada praktik cəhətdən nəsə öyrənirdik. İndi jurnalistika fakültəsinin məzunları bizim televiziyaya təcrübəyə gəlirlər. Bildiyimə görə, fakültəmiz xeyli dəyişib və yenilənib. Yeni avadanlıqlar gətirilib.

- İşlədiyiniz müddətdə maraqlı hadisələr baş veribmi?

- Olub. Bir dəfə verliş efirdə olan zaman işçilərdən birinin ayağı kameranın kabelinə ilişdi və yıxıldı. Kamera da aşdı və özümü saxlaya bilməyib, güldüm. Bir dəfə də efir başlamışdı, operatorun isə bundan xəbəri yox idi, studiyada arxada gəzirdi. Birdən monitorda özünü gördü və stolun altına girdi. Mənsə artıq efirdəydim və yenə də özümü gülməkdən saxlaya bilmədim. Hətta bu, «YouTube»-da yayılmışdı.

- Anar bəy, şəxsi həyatınızdan da danışardız

- Ailəliyəm, bir övladım var. Adı Rəfaeldir.

- Onun da jurnalist olmasını istərdiniz?

- Bunu zaman göstərəcək. Onu öz istəyinə uyğun yönlədirmək olar. Öz istəyimə uyğun yönlədirsəm, bu, gələcəkdə problem yaradar. Uşaqlıqda məni qarmon sinfinə qoymuşdular. Sadəcə valideyinlərim istəyir deyə musiqi məktəbinə gedirdim, nəticədə heç nə alınmadı. Demək olar ki, 2-3 illik zəhmətim hədər getdi. Bu problemi özüm yaşamışam deyə, övladıma arzulamaram. Jurnalmst olmağa gəldikdə isə, özü istəyərsə, niyə də olmasın.


Xatirə Nəsirli

 






31 Yanvar, 2012  17:25 Baxılıb: 10369 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner