Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SÖZ İLKİN BƏKARƏTİNİ İTİRİB

Dünya o qədər çirkinliklərə bulaşıb ki, sadəlövh şair saflığı zamanı ifadə edə bilmir 

O nə solçudur, nə də kommunist. Nə fanatik millətçidir, nə də irqçi. İnsanlar arasında hər cür bölgünün əleyhinədir. Hətta qaradərililərlə yaxşı münasibəti var. Ağ təxəllüsünü də buna görə götürməyib. Deyir ki, bizim xalqın yaddaşında belə bir ifadə var: Gəl and iç, məni bu işdən ağ sal. Yəni situasiyanı mənə aydınlaşdır. Bir ağ fon ver, orda hansı ləkələr var görüm. Bu mənada ağ eləmək yaxşı sözdür. Düzdür mənfi mənada da işlənir. Amma bugünkü yaradıcılıqda bir şeytani tərəf də var. Ədəbiyyat ürfandan ayrıldıqdan sonra yazılan yazı diqqəti yayındırırsa bu, şeytani bir iş sayılır. Ədəbiyyatda indi hər şeyi ifadə etmək olar. Buna görə də yazıçı “qaralayan” yox, “ağ eliyən” adamdır.
“Gənc yazarlar” rubrikasının budəfəki qonağı şeiri nəsrə dəyişən Şərif Ağayardır.


- Yaradıcılıq işləriniz necə gedir?
- Sonuncu romanım – “Harami” çap olunduqdan sonra demək olar ki, əlimdə bütöv yazı yoxdur.
- Niyə şeiri nəsrə dəyişdiniz?
- Yaşadığımız dövr öz dramatikliyi ilə seçilir. Məncə bu cür situasiyaları lirik ovqatla ifadə etmək mümkün deyil. Şeir daha çox lirik əhvali-ruhiyyənin, poetik düşüncənin məhsuludur. Bizim üzləşdiyimiz çox acı, əzici reallıqlar var ki, ona müvafiq reaksiya proza ilə mümkündür.
- Bunu şeirlə ifadə etmək olmaz?
- Məncə, yox!
- Bəs Xəlil Rza necə ifadə edirdi?
- Xəlil Rzanın dövrü başqa idi, indi isə başqa dövrdür. Çağdaş ədəbiyyat başqa bir istiqamətə gedir və məncə, indi bu cür şeirlərlə ədəbiyyatda nəsə etmək mümkün deyil. Bilirəm ki, vaxtilə Xəlil Rza mükafatını aldığım üçün onun adını çəkdiniz. Xəlil Rza yaradıcılığına və imzasına xüsusi hörmətim var, amma mənim ədəbi düşüncəm üçün bu müəllif nümunə sayıla bilməz.
- Sizin üçün oxucu kütləsi vacib sayılır?
- Bu məsələ bizdən öncəkilər tərəfindən həll olunub. Modernistlər “sənət, sənət üçündür” şüarı ilə hərəkət edirdilər. Buna görə də əsərlərin kütləvi oxunması vacib deyildi. Məsələn, Ceyms Coysun əsərləri heç vaxt kütləvi oxunmayıb. Hətta ədəbiyyat admlarının bir qismi də onu oxumayıb və ya oxusa da başa düşməyib. Ancaq postmodern ədəbiyyatın nümayəndələri düşünür ki, həm sənət həm də kütlə! Yəni bu gün kütləvi oxunmaq şərtlərdən biridir. İndi intellektuallığı mətnin altında gizləmək sənətkarlığı var. Umberto Eko, Orxan Pamukda biz buna rast gəlirik. Bu əsərlərin alt yapısı intellektual oxucuya, zahiri tərəfi isə kütləyə hesablanıb.
- Yaxşı misallar çəkdiniz. Əgər oxucu intellektual xarici ədəbiyyatı oxuduqdan sonra bizim yazarları oxuyarsa, bu əsərlər onda hansısa təsir buraxacaqmı?
- Məncə, bizim ədəbiyyatımız inkişaf dövründədir və indidən nəticə gözləmək düzgün olmazdı. Ədəbiyyatın inkişafı cəmiyyətin bütün sahələrinin inkişafı ilə bağlıdır. Avropada ədəbiyyat cəmiyyətin inkişaf etdiyi boydadır. Bizdə də cəmiyyət nə qədər inkişaf edibsə, ədəbiyyat da o qədər inkişaf edib. Zaman öz sözünü deyir. Bəzən düşünürəm ki, biz zaman baxımından Avropa və Türkiyədən çox geridəyik. Elif Şafakın çıxmamış kitabı 160 min sifariş aldığı halda, bizim istedadlı yazarın əsəri min tirajdan artıq deyilsə, bu, çox gülüncdür. İstedad baxımdan Elif Şafakla Səfər Alışarlı arsında böyük bir məsafə yoxdur. Bəlkə Səfər Alışarlı daha istedadlıdır.
- Görünür biz özümüzü reklam etməyi bacarmırıq...
-Məncə, bunun üçün mühit yoxdur. İsa Məsihin buğda məsəli var: biz buğdanı küllüyə də ata bilərik, münbit torpağa da! Küllüyə atılan buğdadan sünbül yarana bilməz. Nə qədər istedadlı adam olursa-olsun mühit də lazımdır. İsa Hüseynov ispan yazıçısı olsaydı, indi dünyada onu tanımayan yox idi. 
- Bugünkü gerilik yazarların və oxucuların sosial durumu ilə bağlı ola bilməzmi? Ümumilikdə yazarların və oxucuların sosial vəziyyətindən razısınız?
- Yox. Bizdə ədəbiyyat yalnız fədəkarların ümidinə qalıb. Biz vaxtımızın əsas hissəsini, dolanışığımızı təmin etmək üçün haradasa işləməklə keçiririk. Amma ədəbiyyatla fədakarcasına məşğul olmaq zorundayıq. Oxucular da acınacaqlı durumdadır. 150-200 manat maaş alıb, ailəsini çətinliklə dolandıran adam 5 manat verib kitab ala bilmirsə, onu qınamaq olmaz.
- Rafiq Tağı ədəbiyyatın fədakarı deyildimi? O, ədəbiyyatın qurbanı olmadımı?
- Rafiq Tağının ölümü çox ciddi hadisədir.Onunla şəxsi münasibətim vardı. Həm bir insan, həm bir həkim, həm də bir qələm adamı kimi doğurdan da çox dəyərli idi. Özünəməxsus üslubu vardı, bir cümləsi ilə də onu tanımaq olardı. Təəssüf ki, bu cür fədəkar insanı qoruya bilmədik. Rafiq Tağı təkcə ədəbiyyatın yox, bütün cəmiyyətin itkisi idi.
- Hara “gedən də peşman olacaq, getməyən də...” Yazıçılar Birliyinəmi?
Tam o cür də demək olmaz. Ədəbi aləmdə məni sevindirən çox az hadisələr olur. Bu mənada reallıqla hesablaşaraq pessimistəm. İndi cəmiyyətimizdə vəziyyət elədir ki, yazmaq qabiliyyəti, istedadı olan adamın həddindən çox sıxıntıları var. Bu mənəvi, sosial, psixoloji tərəfdən özünü göstərir. Hər oxuduğun ciddi kitab səni ətrafından bir mənzil də uzaqlaşdırır. Tənhalığa, qüssəyə doğru gedirsən... Çünki bizi əhatə edən insanların çoxu kitabdan xəbərsizdir. Əgər ədəbiyyat müəllimi axırıncı dəfə nə vaxt, hansı kitabı oxuduğunu bilmirsə, bu bizim faciəmizdir.
- Siz hansı kitabları oxuyursunuz?
- Azərbaycan ədəbiyyatında bəlli imzaları, “Ən yeni ədəbiyyat” seriyasından çıxan kitabları oxuyuram. Azad Yazarlar Ocağındakı dəyərli qələm sahiblərinin, demək olar ki, yazdıqlarının hamısını izləyirəm. Həmçinin Gənc Ədiblər Məktəbinin bəzi üzvlərinin yazdıqlarını.
Çatışmazlıqlar olsa da, inkişaf prosesi gedir. Sükutdansa danışmaq yaxşıdır. Nəzərə almaq lazımdır ki, birdən-birə ortaya şedevr qoymaq olmaz.
Xarici ədəbiyyatdan da konkret ad çəkməyə ehtiyac duymuram. Bircə onu deyim ki, mən hər zaman gündəlik saytlara göz atmaqla yanaşı nəsə bir kitab oxuyuram. Şükür Allaha ki, kitabsız bir günüm olmur. Və etiraf edim: daha çox əcnəbi müəllifləri oxuyuram.
- Bakının fəvvarələri ilə aranız necədir?
- (Gülüş) “Fəvvarə” adlı balaca bir şeirim var, görünür oxumusunuz. Bakının fəvvarələrinə gəlincə, gözəllik təkcə zahiri olmamalıdır. Qorxuram, şəhərimiz o qədər gözəlləşə ki, bu görünüşə yaraşan insan tapa bilməyək. İnsan mənəvi baxımdan da gözəl olmalıdır. Bu gün ölkəmizdə kor-koranə bir kütləviləşmə hökm sürür. Bayağı musiqilər baş alıb gedir. Hətta marşurutda da səni məcbur edirlər ki, bu cür musiqiyə qulaq asasan.
- Sözünüzdən belə çıxır ki, Üzeyirə qulaq asmırsınız...
- Söhbət o gənc ifaçıdan gedirsə, qətiyyən! Ancaq onun özünə qarşı mənfi münasibətim yoxdur. 20 yaşı var, özü üçün çalışır. Bəlkə, gələcəkdə nəsə edə bildi.
- Sizcə gənc yazarlar tükənməyib ki?
- Hələ nə yazıblar ki, tükənsinlər..
- Amma əvvəlki yazılara rast gəlmirik...
-Bütün dövrlərdə dünəni bu gündən yaxşı hesab ediblər. Amma əslində elə deyil. Cəmiyyətin bir tempi var, ədəbiyyat da bu templə irəliləyir. Ədəbiyyat ölmür, tükənmir. Onun çəkilmə və qabarma məqamları olur. O ki qaldı, gənc yazarlarda tükənmə görüntüsü yaranmasına, bu, məncə siyasi qəzetlərdə dolanışıq xatirinə gündəlik köşə yazıları yazmaları ilə bağlıdır. Bu cür yazılar doğrudan da tükənməyə gətirib çıxara bilir. İçində ağrısı və istedadı olan adam öz enerjisini bu cür yazılara həsr etdikcə, tükənir. 
- Markez də köşə yazıları yazıb...
- Həmişə yox. Yazıçının müəyyən mərhələdə jurnalist işləməyi çox gözəldir. İnsanları tanımaq, təcrübə toplamaq, yazı səriştəsini artırmaq baxımından bu bəlkə də vacibdir. Amma ömrü boyu gündəlik köşə yazmaq yazıçı üçün heç də yaxşı deyil.
- Yazılarınızda nə çatışmır?
- Əsas şikayətim vaxtdandır. Enerjimin on faizindən çoxunu yaradıcılığa həsr edə bilmirəm və bu, məni çox narahat edir. O ki qaldı, çatışmayana, istənilən yazının üzərində sonsuza qədər düzəlişlər aparmaq olar.
- İnternet saytlarından birində “Haramı”nın açıq-saçıq hissəsi verilmişdi. Bu əsəri reklam etdirmək idi? Əgər reklam idisə, niyə məhz açıq-saçıq hissəsini? Ümimiyyətlə, bu cür ucuz reklam Şərif Ağayara lazımdı?
- Bu, bəzi oxucuları maraqlandırmaq üçün qıcıqlandırıcı bir şey idi. Diqqət çəkməyə hesablanmışdı.
- Sizcə diqqət çəkməklə mentalitete zərbə vurmaq, məhv etmək nə qədər doğrudur?
- Mentalitet çox həssas bir mövzudur. Yalançılar vətənpərvərlik, din və mental dəyərlər arxasında çox asanlıqla gizlənə bilirlər. Seks və din mövzusu cəmiyyətdə yüksək qıcıq yaradır. Məncə, oxucuları bu mövzulardan doydurmaq lazımdır. Belə mövzulara qarşı təzyiqləri artırdıqca, cəmiyyət daha çox meyl edir.
- Peyğəmbərə münasibətiniz necədir?
- Son vaxtlar peyğəmbər haqqında gedən bəzi yazılara münasibətim pisdir. Bunu nadan, qanmaz adam etsə dərd yarıdır. Təəssüf ki, ciddi imza sahibləri də bu cür yazılar yazır. Ədəbiyyatın başlıca qayəsi insana hörmətdir. İnsanların heysiyyatına toxunmaq olmaz. Tənqidi də elə etmək lazımdır ki, milyonlara toxunmasın.
- Şərif üçün yazmaq nədir?
- Yazmaq əslində sözün ciddi mənasında bədbəxtliyin, əlacsızlığın bir formasıdır. Təsəllini yazmaqla tapan adam çox əlacsızdır. Amma bu əlacsızlığın Nizami zirvəsinə qalxmaq imkanı da olur. Görünür, ədəbiyyatın gizli qatlarında doğrudan da ilahi bir enerji vardır. Elə ədəbi nümunələr var ki, adi sözlərdən qurulub. Lakin bu sözlər elə bir enerjiyə bulaşıb ki, əbədi yaşayır.
- Bu gün də elə ədəbi nümunələr var?
- Söz ilkin ilahi enerjisindən aralanıb, ilkin bəkarətini itirib. Bu gün proza ədəbiyyata əxlaqsız bir şey kimi də baxa bilir. Amma şeir buna dözə bilməz. Dünya o qədər çirkinliklərə bulaşıb ki, sadəlövh şair saflığı zamanı ifadə edə bilmir.
- Şərif Ağayarı da ədəbiyyata sevgi gətirib?
- Əgər sevgi olmasa ədəbiyyat yaranmaz. Bütün sevgilər - qadın, uşaq, ailə, vətən, torpaq sevgisi sonda Allaha doğru yönəlmirsə, onda bu əsl sevgi deyil. Yazdıqlarımda qadın sevgisinin üstünlük təşkil etmədiyini görmək olar.
- Şərif Ağayar ədəbiyyata çoxmu lazımdır?
- Mən özümü ədəbiyyata lazımlı şəxs hesab edirəm və çalışıram ki, daha çox lazım olum. Azərbaycan sözünə daha çox faydam dəysin. Fikirləşirəm ki, ədəbiyyatda olmasaydım, mənim yazdıqlarımı heç kim yazmayacaqdı. Məncə, hərə öz səmtindən qazmalı, hər kəs öz qabiliyyətini göstərməlidir. Söz meydanında heç kim heç kimin yerini dar eləmir. Odur ki, narahat olmağa dəyməz.
Elmar Hüseynov

 






30 Yanvar, 2012  18:01 Baxılıb: 2323 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner