Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KULTUROLOQ FUAD MƏMMƏDOV: «QURANI ƏZBƏR BİLMƏK İNSANI CAHİLLİKDƏN AZAD ETMİR»

«Azərbaycanda intellektual mədəniyyətdən çox, mənəvi mədəniyyətə üstünlük verilir»

Simsar.az-ın müsahibi Azərbaycanda kulturologiya elminin yaradıcısı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, «Simurq» Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovdur.


- Müəllifi olduğunuz «mədəni insan düsturu»nda milli-mənəvi dəyərlər nə dərəcədə öz əksini tapıb?

- «Mədəni insan düsturu» bütün insanlara şamil olunmalıdır. İnsanın şəxsiyyət kimi formalaşmasının, xoşbəxtlik, inkişaf və uğurunun əsas şərti ruhi və maddi mədəniyyətə sahib olmasıdır. İnsanın ruhu əqli və mənəvi mədəniyyətdən ibarətdir. Əqli mədəniyyət intellektual mədəniyyətdir. Bunun əsası elmdir, təhsildir. Mənəvi mədəniyyət isə din, incəsənət, əxlaq qaydaları və başqalarıdır. Azərbaycan vətəndaşını mədəniyyətini öyrənmək üçün kulturoloji təhlillərin aparılmasına ehtiyac var. Hər bir insan özünün və digərlərinin milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmalı və onu qorumalıdır. Yalnız tədqiqatlar zamanı müəyyən etmək olar ki, Azərbaycan əhalisinin neçə faizi mədəni insan kateqoriyasına daxildir. Düzgün düşünməyən, niyyəti düz olmayan insanın mədəniyyəti də düzgün formalaşmır. Bu da insanların davranışlarına təsir göstərir. Biz insan kapitalından danışarkən ilk növbədə intellektual və mənəvi mədəniyyəti olan, yaradıcı insanın formalaşmasına diqqət yetirməliyik. Azərbaycanda intellektual mədəniyyətdən çox, mənəvi mədəniyyətə üstünlük verilir. Biz şeiri, musiqini sevirik, namus, qeyrət məsələsinə, dini rituallara riayət edirik. Bu bizə ailədən gəlir. Uzun illərdir ki, Azərbaycan insanının sosial mədəni kodu şeirə, mahnıya, rəqsə yönəlib. Əqli mədəniyyətə isə fikir verilmir. Ona görə də, intellektual mədəniyyət cəhətdən Avropadan çox geridə qalmışıq. Dövlət intellektual mədəniyyətin inkişafına fikir verir. İntellektual mədəniyyətlə bağlı qanunların qəbuluna ehtiyac var. İnsanın intellektual mədəniyyəti olmadan o, güclü ola bilməz. Hələ, XII əsrdə Nizami deyirdi ki, qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.

- Azərbaycanda intellektual mədəniyyətin aşağı olmasının kökündə Şərq və İslam faktorları nə dərəcədə rol oynayır?

- İslamda, “Qurani Kərim”də bir sıra elmi həqiqətlər var. Bizim adamlar deyir ki, İslamın özü böyük elmdir. Bu yanlış və bir az da təhlükəli fikirdi. Təhsili, elmi savadı, intellektual səviyyəsi olmayan insanın “Quran”ı əzbərləməsi hələ insanın tam mədəni olduğunu göstərmir. Ola bilsin ki, sənin ürəyin təmizdir, heç kəsə pislik etmirsən və s. Təkcə, “Quran”ın ayələrini bilmək insanı cahillikdən azad etmir. Cahillik isə şər və kasıblıqdır. Qüdrətli dövlət olmaq üçün hər bir vətəndaşın, ailənin intellektual səviyyəsinin yüksəlməsinə fikir verməliyik. Neft və qaz tükənəndir. Əsas insan kapitalı, insanın elmli, bilikli olmasıdır. Bu mənada Qərb ölkələri bizdən çox qabaqdadır. Bizim din xadimləri “Quran”dan danışarkən daha çox mənəviyyata fikir verirlər. Mənəviyyat mütləq lazımdır. Mənəviyyatla yanaşı elmə də üstünlük vermək lazımdır. Mən bunu Simurq quşunun qanadlarına bənzədirəm. Simurqun qanadının biri beyin, digəri ürəkdir. Onlardan biri işləməyəndə quş uça bilmir. İnsan da belədir. Elm və mənəviyyatdan biri axsayanda qabağa getmək olmur. Biz milli və mənəvi dəyərləri qoruyub saxlamaq şərtilə elmi savadımızı artırmalıyıq.

- Din faktorunun ölkədə aparıcı qüvvəyə, üstün mövqeyə malik olmasının insan və dövlət üçün hansı fəsadları ola bilər?


- Bütün dinlər üç məqamdan ibarətdir. İnam, rituallar və mənəviyyat. Dinləri bir-birindən ayıran yeganə fərq rituallar, yəni adət-ənənələrdi. Dindəki inam və mənviyyat insanın gözəlləşməsinə xidmət edir. Amma təkcə dinlə kifayətlənmək olmaz. Elmə, yaradıcılığa, istedada, nizam-intizama, müsətəqilliyə, müxtəlif bacarıqlara, sənətlərə yiyələnmədən insan yalnız dinlə güclü ola bilməz.

- Qeyd etdiniz ki, Azərbaycanda mənəvi mədəniyyət üstün mövqeyə malikdir. Telekanallarda nümayiş etdirilən əyləncəli verilişləri mənəvi mədəniyyətin tərkib hissəsi saymaq olarmı?

- Musiqidən musiqiyə çox fərq var. Hər bir insana musiqi, əyləncə lazımdır. Amma insan həyatını əyləncəyə sərf edəndə, bayağı musiqilərə qulaq asanda, həyatının balansı pozulur. Var elitar mənədiyyət, var kütlə mədəniyyəti. Bizə lazımdır ki, elitar mədəniyyət xalq mədəniyyətinə çevrilsin. Yəni elitar mədəniyyətin nümayəndələri olan professorlar, akademiklər, tədqiqatçılar və peşəkarların biliklərindən daha çox istifadə olunmalıdır. Ən yeni nailiyyət qısa müddətdə xalqın istifadəsinə verilməlidir. Musiqi lazımdır. Amma keyfiyyətli musiqi. Eyni zamanda kamilliyə də xüsusi fikir verilməlidir.


- Azərbaycanda siyasi mədəniyyətin vəziyyətini necə qiymətləndirirsiz?

- Bununla bağlı kulturoloji tədqiqatlar aparılmalıdır. Obyektiv, düzgün rəy söyləmək üçün həqiqəti bilmək lazımdır. Bu sahədə tədqiqatları kulturoloji mərkəzlər aparmalıdır ki, belə mərkəzlər də Azərbaycanda yoxdur.
Dövlət qayğısı olsa da, ölkədə hələ çox adam bilmir ki, kulturologiya nədir. Çox adam kulturologiyanı sənətşünaslıqla səhv salırlar. Məmurlar, siyasətçilər üçün kulturologiya kursları keçirilməlidir.


- Bugünkü Azərbaycan təhsili insanın şəxsiyyət kimi yetişməsinə imkan verirmi?

- Sualınıza konkret cavab verməkdə çətinlik çəkirəm. Təklif edirəm ki, orta məktəblərdə mədəniyyətşünaslıq, insan və cəmiyyət fənləri geniş tədris edilsin, ali məktəblərdə isə kulturologiya fakültəsi yaradılsın. Təəssüf ki, bu məsələ süni qaydada yubadılır. Kafedraları bağlayırıq. Bu yolverilməzdir. Kulturologiya müasir dünyada yeni elm kimi maraq kəsb edir. Necə etmək lazımdır ki, insan bu gün dünənkindən daha yaxşı yaşasın? Bax, kulturologiya bunu öyrənir.

- Pul insan mədəniyyətinin formalaşmasında nə kimi rol oynayır?

- Mədəni insan olmaq üçün pul amili çox vacibdir. Hər bir insan öz ailəsini dolandırmalı, təlabatlarını ödəməlidir. Bu gün insanın daha çox pula ehtiyacı var. Amma pula, maddi faktora həddindən artıq bağlanmaq da düzgün deyil. Bu sahədə meritokratik yanaşma olmalıdır. Qərb ölkələrində bu söz çox istifadə olunur. Yəni insanın əməyinə, xidmətinə adekvat qiymət verilməlidir. İnsan az zəhmət çəkib çox pul qazanırsa və ya əksinə olursa, bu sosial ədalətsizlik yaradır.

- Elmi mədəniyyət bir sıra hallarda bəşəriyyətə qarşı yönələ bilirmi? Məsələn, kütləvi qırğın silahlarının kəşfi. Bu elmi mədəniyyətin nailiyyətidir, yoxsa…

- Bəli, bu məsələ bu gün dünya alimlərini ciddi düşündürür. Bu mövzuda alimlər iki yerə bölünüb. Bəziləri hesab edirlər ki, cəmiyyətin xilası elmdədir. Bəziləri isə düşünürlər ki, xeyir mənəviyyatdadır. Elmin dağıdıcı funksiyaları da var.
Kulturoloqlar isə hesab edir ki, inkişaf ictimai maraqlara xidmət etməlidir. Elmdən istifadə hümanizm çərçivəsində olmalıdır. Elə siyasət də ictimai və bəşəri maraqlara söykənməlidir.

- Qeyd etdiniz ki, Avropa intellektual mədəniyyət səviyyəsinə görə, Şərq ölkələrini qabaqlayıb. İntellektual mədəniyyəti yüksək olan dövlət daha güclü olur. Bu mənada Fransanın qondarma erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanun qəbul etməsini necə şərh edərdiniz? Bunu güclü tərəfin zəif tərəfə təzyiqi kimi qiymətləndirmək olarmı?

- Bu siyasi məqsədlərlə qəbul edilən qərardır. İnsan hüquqlarına, söz azadlığına qarşı olan qanun demokratik prinsiplərə ziddir. Bu Fransa kimi ölkəyə yaraşmayan və tənqidəlayiq qanundur.

Ruslan Xəlil






26 Yanvar, 2012  14:43 Baxılıb: 3734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner