Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

««KEFLİ İSGƏNDƏR»İ ÇOX SEVİRƏM» - MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

Sabir Məmmədov: «İndi də səhnəyə çıxanda həyəcan keçirirəm» 

Bu gün əməkdar artist, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədovun 51 yaşı tamam olur. Bir sıra tamaşada yaddaqalan obrazları oynayan aktyoru redaksiyamıza dəvət etdik. Dediyinə görə, doğum gününü həyatında əlamətdar gün kimi qəbul etmir. Bu günü o, təmtəraqsız, ailəsi ilə birlikdə qeyd edir.

- Sabir bəy, necə oldu ki, aktyorluq sənətini seçdiz?

- Bu, ilk məhəbbət kimidir, bilmirsən kimdir, amma vurulursan. Teatr da belədir. Təmənnasız onu sevirsən. Səni nə gözlədiyini, nə ilə qarşılaşacağını bilmirsən. Əvvəllər olduğu kimi, indi də səhnəyə çıxanda həyacan keçirirəm.


- Nə vaxtsa bu sənəti seçməyinizə görə peşman olmusunuz?

- Heç vaxt peşman olmamışam. Biri var, gəlişi gözəl sözlər deyəsən, amma mən doğurdan da teatr sənətini sevib, bura üz tutmuşam. İndi də sənətimi əvvəlki kimi sevirəm.


- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Oktay Mirqəsımovun «Ölmədən intiqamımı alma» adlı filminə çəkilirəm. Filmin çox maraqlı ssenarisi var; Azərbaycanda yaşayan almanlardan bəhs edir. Teatrda isə Viktor Hüqonun «Qadın məhəbbəti» adlı tamaşasını təzə bitirmişik.

- Əvvəllər də kinoya çəkilmisniz?

- «Babamızın babasının babası» filmində Tapdıq rolunda çəkilmişəm. «Təzə evlənənlər», «Şəhərli biçinçilər» filmlərində də çəkilmişəm.

- Son illər ekranlarda az-az görünürsüz…

- Görunməsəm də səsim eşidilir. Televiziyalarımızda əsasən maqazin verlişləridir, bunlar da mənlik deyil.

- Bəs, hansı verlişləri bəyənirsiz?

- «Elgizli axşamlar»a baxıram. Teleaparıcıların arasında Elgizi çox bəyənirəm. «Onun yarısı»na da baxıram.

- Sizə elə gəlmirmi ki bəzən aparıcılarımız da aktyorluq edir…

- Onlar çox bacarıqlıdırlar, hər şeyi bacarırlar. Əslində televiziya bir biznes növüdür. Reklam üçün hər nə deyirsən eləyirlər Mənə elə gəlir ki, buna irad tutmaq düzgün deyil.

- Bu biznesi teatra gətirmək olarmı?

- Olar. Əslində teatrın da özünəməxsus marketinqi var və o da bir biznes növüdür. Sadəcə miqyas məsələsi fənqlidir - teatra 500 nəfər gəlirsə, televiziyaya 500 min nəfər baxır.

- Sabir bəy, Azərbaycan teatrının səviyyəsini necə qiymətləndirirsiz?

- Teatr, kino təkcə bir nəfərin işi deyil, bunların inkişafı məsələsinə də kompleks şəkildə yanaşılmalıdır. Sovet dağılanda bizdəki struktur da dağıldı, təzəsinin yaranması üçün da hələ vaxt lazımdır. Problemləri də konkret şəxslə, və ya qurumla bağlamaq düzgün olmaz.

- Gənc aktyorların, aktrisaların səviyyəsindən razısız?

- Bizim teatrda Rəşad Bəxtiyarov, Elnur Qədirov və başqaları var ki, istedadlı gənclərdir. Aktyorluq, rejissorluq təkcə Allah vergisi ilə bitmir. Stanislavski, Mexov bunun nəzəriyyəsi haqqında cild-cild kitablar yazıblar. Bunların arasında hətta aktyorların psixi durumu haqqında araşdırmalar da var. İndi də teatrşünaslar onun üzərində işləyirlər ki, necə etsinlər ki, aktyorlar daha təbii, tamaşalar inandırıcı alınsın.

- Əməkdar artistsiz, fəxri adlara münasibətiniz necədir?

- Fəxri ad stimuldur, insanı ruhlandırır. Bilirsən ki, səni sayırlar, zəhmətini dəyərləndirirlər. Festifallarda da adlar verilir: - ən yaxşı aktyor, rejissor və s. Ümumiyyətlə, fəxri adlar olmadan da keçinmək mümkündür. Varsa, fikirləşirsən ki, niyə məndə olmasın.

- Başqa teatrların tamaşalarına gedirsiz,

- «Yuğ» teatrının tamaşalarına mütəmadi gedirəm. Rəhmətlik Vaqif İbraihirmoğlu ən çox bəyəndiyim rejissor idi. Pantomim teatrına da gedirəm.

- Bəzən Dram Teatrında belə bir halla rastlaşırıq - cavan qız və ya oğlan rolunu yaşlı bir aktyora həvalə edirlər. Bu uyğunsuzluq nədər irəli gəlir?

- Teatr həyat deyil. Hamı bilir ki, bura səhnədir. Həyatın bütün gerçəkliklərini burda əks elətdirmək çətindir. Məsələn pyesdə Hamletin 25 yaşı var, amma mənim yadıma gəlmir ki, bu rolu nə vaxtsa gənc aktyor oynasın. Çünki, bu əslində çox mürəkkəb bir obrazdır və bunu 25 yaşı olan cavan, təcrübəsiz bir aktyora həvalə etmək düzgün olmaz. Amma təbii ki, bunu tamaşaçıya o şəkildə təqdim etmək lazımdır ki, o çaşmasın. Burada məsuliyyət rejissorların üzərinə düşür.

- Bir qədər əvvəl əməkdaşı olduğunuz teatrda rəhbərliklə aktyorlar arasında konflikt oldu. Sizcə bu cür konfliktin kökündə nə dayanır?

- Teatrda elə bir güclü maliyyə yoxdur ki, bunun üstündə bir-birlərini qırsınlar. Burda konflikt ancaq rol üstündə yaranır. Məsələn, mən Otello rolunu arzulayıram və plan asılanda görürəm ki, mənə Yaqonu veriblər. Artıq inciklik yaranır. Bir dəfə rus rejissoru məni bazarda alverçi roluna dəvət etmişdi. Ona dedim ki, mən Otellonu, Hamleti arzulayıram, sizsə mənə alverçi rolunu verirsiz, amma çəkildim.

- Yeni çəkilən seriallara münasibətiniz necədir? Bəzən tənqidi fikirlər də səslənir.

- Get-gedə bu sahə daha da inkişaf edəcək. Tənqid eləyin, çünki, tənqid olduqca inkişaf daha çox olacaq. Telekanallarda gedən serialların əksəriyyəti komediyalardır ki, bunlara «sitkom» - yəni situasia komediyaları deyilir. Əslində bunlar üçün ciddi peşəkarlıq da tələb olunmur.

- Azərbaycan kanalları son vaxtlar çəkilən filmlərimizi çox az göstərirlər.

- Bu filmlərin müəliflik hüququ var və televiziyalar bunları pul ödəmədən göstərə bilməzlər.

- Dublyaj sahəsində vəziyyət necədir?

- Əslində dublyaj çətin bir işdir. Əvvəllər bir filmin üzərində 3-4 ay işləyirdilər. İndiki isə sadəcə səsləndirmədir. Filmdə baş verənlərin Azərbaycan dilində tamaşaçıya çatdırılmasıdır. Biz bir filmi 2-3 saata səsləndiririk.

- Türkiyə filmlərinin dublyaj edilməsi barədə qərarı nə dərəcədə düzgün hesab edirsiz?

- Bu filmlərin tərcüməsi ilk növbədə Azərbaycan dilinin inkişafına xidmət edib. Efir Azərbaycan dilində olmalıdır. Problem bu tərcümənin necə olmasındadır.

- Çəkildiyiniz rollar arasında ən çox hansını sevirsiz?

- Kefli İsgəndəri. Bu, çox mürəkkəb, ziqzaqlı bir obrazldır. Ona Şərqin Hamleti də deyirlər. Ümumiyyətlə Cəlil Məmmədquluzadəni çox sevirəm.

- Ailədə sənətinizi davam etdirən varmı?

- İki qızım var, ikisi də ali məktəbdə oxuyur. Heç biri mənim sənətimi davam etdirmir. Tərcümə fakültələrində oxuyurlar.

Xatirə Nəsirli

 






24 Yanvar, 2012  18:29 Baxılıb: 1739 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner