Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ELMİRA AXUNDOVA: “İLHAM ƏLİYEV İNTERNETDƏ ƏHALİ İLƏ TƏMAS QURSA, PİS OLMAZ” - MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

“Elçibəyə və onun komandasına bir neçə şeyə görə minnətdaram”

Müsahibimiz Milli Məclisin Sosial-Siyasət Komitəsinin üzvü, filologiya elmləri namizədi, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, “Şöhrət” ordeni laureatı Elmira Axundovadır.
Elmira xanım bizimlə söhbətdə jurnalist və deputat kimi fəaliyyəti, həmçinin ölkədəki sosial və siyasi durum barədə danışdı. Həm də fürsətdən istifadə edib «Simsar» jurnalının növbəti sayı üçün onun şəxsi həyatı və digər qeyri-siyasi məsələlərlə bağlı müsahibə aldıq. Elmira xanıma ilk sualımız jurnalistikaya gəlişi barədə oldu.


- Jurnalistikaya təsadüfən gəlmişəm. 1977-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra AzTV-yə, “Xəbərlər” redaksiyasına gəldim. Həm Bakı, həm də Moskva üçün xəbərlər hazırlayırdım. İki-üç ildən sonra başa düşdüm ki, mənim üçün televiziya maraqlı deyil. Çox operativ iş idi. Gərək ailəni yaddan çıxaraydın.
Televiziya işinin mənim üçün maraqsız olmasının digər səbəbi senzura idi. Partiya rəhbərlərinin çıxışlarından sonra insanların rəyini öyrənirdik. Burada yaradıcılıq yox idi. 1979-cu ildə AzTV-dən çıxıb Yazıçılır İttifaqına gəldim. Orada güclü insanlarla tanış oldum. İmran Qasımov, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rıza, İsmayıl Şıxlı və özümə mənəvi ata saydığım Mirzə İbrahimov kimi şəxsiyyətlərlə 10 ilə yaxın işlədim. Həmçinin «Cəlil Məmmədquluzadə və rus ədəbiyyatı» mövzusunda elmi işimi müdafiə edib elmlər namizədi adını aldım. Bədii tərcümə işləri ilə məşğul oldum. 1988-ci ildə Qarabağ hadisələri, milli azadlıq hərəkatı başlayanda alim, yazıçı, publisist kimi öz fikirlərimi ifadə etdim. «Bakinski raboçi», «Azərbaycan» qəzetlərində məqalələrim çıxmağa başladı. Fəxr edirəm ki, Sabir Rüstəmxanlının rəhbərlik etdiyi «Azərbaycan» qəzetinin İdarə Heyətinin üzvü olmuşam.
Nəcəf Nəcəfovu müdafiə etdim, Vəzirovun əleyhinə məqalə yazdım. Bu yazıları Yİ-nin sədri Anar gördü. O vaxt da "Literaturnaya qazeta"nın müxbiri yox idi. Bu, o zaman SSRİ-də oxunan yeganə qəzet idi.
Heç kəs orada işləmək istəmirdi. Çünki qəzetin Ermənistan üzrə nümayəndəsi bədnam Zori Balayan idi. Amma mən qərar verdim ki, işləyəcəm. Bir il sınaq dövrü keçdim, pul almadan. 1990-cı ildə isə "Literaturnaya qazeta"-nın xüsusi müxbiri təyin olundum. Qəzet müxalifət yönümlü idi. Qəzetdəki yazılarımı nəzərə alıb, 1993-cü ildə mənə «Azadlıq» radiosunun rus və Türkiyə üzrə bölməsində iş təklif etdilər. Düz, 10 il «Azadlıq» radiosunda çalışmışam. 2002-ci ildə “Azadlıq” radiosunda ermənilər mənə qarşı böyük hücum kampaniyası təşkil etdilər. Konqresə yazdılar ki, Elmira Axundova tarazlığı saxlamır və azərbaycanpərəst qüvvələrə işləyir. 2003-cü ildə jurnalistikadan getdim. Bu gün də ürəyim istəyəndə köşə yazılarımı çap etdirirəm, ədəbi portret, resenziya janrında yazıram. «Zerkalo»da, «Exo»da, «525»-ci qəzetlərdə məqalələrim dərc olunur. Müntəzəm olaraq Rusiyanın dövri mətbuatındada da çıxış edirəm.

- Mərhum prezident Heydər Əliyevlə münasibətləriniz nə vaxtdan yaranıb?

- "Literaturnaya qazeta" da çalışanda 1990-cı ildə Naxçıvana gedərək, Heydər Əliyevlə görüşdüm. Ondan müsahibə götürdüm. Müsahibəni Moskvada dərc etdirə bilməsəm də, «Azərbaycan» qəzeti onun dərcinə razılıq verdi. Bizim Heydər Əliyevlə əməkdaşlığımız sonradan dostluğa çevrildi. Mən fəxrlə deyə bilərəm ki, ilk və sonuncu jurnalistəm ki, Heydər Əliyev mənim haqqımda ən yüksək tribunalarda müsbət fikirlər səsləndirib. O, 1996-cı ildə Yazıçılar Birliyinin 9-cu qurultayında bildirdi ki, Elmira Axundova dəyərləri insandı, çükni onu həmişə axtarmışam. Partiya Komitəsi və Ali Sovetin Heydər Əliyevə təzyiqlər etdiyi vaxt biz onunla görüşüb, müsahibələr almaqdan qorxmurduq. Mənə və «Azadlıq» radiosunun digər əməkdaşı mərhum Elmira Əmrahqızına böyük hörməti vardı. Hara gedirdisə, ən müxtəlif mətbuat orqanlarından olan jurnalistləri də özləri ilə aparırdı. Mən onunla 57 dəfə səfərdə olmuşam. Bu barədə yazdığım kitab onun çox xoşuna gəldi və məni «Şöhrət» ordeninə layiq gördü. Səfərə gedəndə və ya qayıdanda heç vaxt bizdən soruşmazdı ki, ötən dəfə yazını necə yazdınız və ya bu dəfə necə yazacaqsız. Tənqidi məqalələr, reportajlar verəndə buna görə bizdən inciməzdi. O başa düşürdü ki, müstəqil jurnalistlərin fəaliyyətinə toxunmaq olmaz. Yanına gələn jurnalistlər çoxlu suallar verirdilər. Suallardan çəkinmirdi, açıq cavablar verirdi. Yeganə istəyi həqiqəti yazmaq idi. Cılız sualları da sevmirdi.
Onun barəsində 4 cildlik kitab yazmışam, iki cildi də bu il işıq üzü görəcək. Yazdıqlarım 6 cildlik böyük sənədli romandır. Demək olar ki, onun hər bir gününü, həftəsini izləmişəm. Mən onun komandasının üzvlərilə də danışmışam. Soruşmuşam ki, Heydər Əliyev nəyi xoşlamayıb. Deyiblər ki, yalanı. O, insanın yalan danışdığını hiss edirdi.

- Amma bu gün ölkə jurnalistləri prezident İlham Əliyevdən müsahibə götürə bilmirlər. Bunun səbəbi sizcə nədir? Jurnalistlərimiz zəifdir, yoxsa…

- Hər bir prezidentin öz iş metodu, stili var. Demək olmaz ki, İlham Əliyev müsahibə vermir. O, çox açıq adamdı. Bölgələri gəzir, müşavirələr keçirir, açıq çıxışlar edir. Onun çıxışları dövlət televiziyaları, «AzərTac» İnformasiya Agentliyi vasitəsilə bütün mətbuata, ictimaiyyətə ötürülür. Ölkədə 525-dən çox qəzet var. O, bir-bir qəzetlərə müsahibə verməyə başlasa, onda vay bizim də halımıza, onun da. Heydər Əliyevin dörvü isə başqa idi. Müstəqil qəzetlər yeni-yeni yaranırdı. Barmaqla sayılacaq qədər jurnalist var idi. 5-6 jurnalist xaricı mətbu organlarında işləyirdi. 10-15 jurnalist isə daxildə qəzetlərdə, jurnallarda çalışırdı. Heydər Əliyev bizi tez-tez başına yığıb fikirlərini bölüşürdü. Oktyabrın 20-də əsrin neft müqaviləsi bağlanmazdan öncə, ayın 15-də xariclə işləyən jurnalistləri bir araya yığıb ilk məlumatı bizə verdi ki, dünyaya yayaq. O, bilirdi ki, bu məlumatlar dünyaya yayılsa, neft müqaviləsinin imzalanmasına qarşı bəzi dövlətlər tərəfindən gözlənilən təxribatın qarşısı alınar. Bilirsiz ki, o dövrdə Rusiya Azərbaycanın Qərb dövlətlərilə neft müqavilələri bağlamasını istəmirdi. Bu, Heydər Əliyevin iş metodu idi.
İlham Əliyev isə düşünür ki, Azərbaycanın xaricdə imicini yüksəltmək, xaricdə təbliğat işini gücləndirmək daha vacibdir. O, çalışır ki, daha çox xarici jurnalistlərə, televiziya və agentliklərə müsahibə versin, yerli mətbuat da həmin müsahibələrdən yararlansın.
Lakin sizləri də başa düşmək olar, siz də cənab Prezidentlə təmasda olmaq arzusundasınız. Prezident, məsələn, internet vasitəsilə əhali ilə, sadə insanlarla, jurnalistlərlə təmas qursa, onların fikirlərini öyrənsə, suallarına cavab versə, pis olmazdı. Bu maraqlı metoddur. Ya da ildə bir-iki dəfə respublikamızın tanınmış qəzet va saytları ilə brifinq keçirtmək olardı.

- Sizin dövrünüzdəki jurnalistika ilə bugünki jurnalistika arasında nə kimi fərqlər var?

- Biz daha sərbəst idik. Davranışlarımızda, mülahizələrimizdə daha müstəqil, daha səmimi idik. Demirəm ki, indi jurnalistlərin müstəqilliyi yoxdur, var. Sadəcə, bizim dövrümüzdə medianın start götürən inkişafı sonradan dayandı. İnternet saytları, informasiya agentlikləri inkişaf edib, informasiya bolluğu var. Qəzetlərin taleyinə gəldikdə isə bu barədə nikbin deyiləm. Qəzetlər çox ciddi şəkildə dəyişməlidir. Balaca respublikada 500-dən çox qəzet olmamalıdır. Aparıcı ölkələrdə olduğu kimi Azərbaycanda da media holdinqləri yaradılmalıdır. Qəzetlərin ömrü başa çatmaq üzrədir. İnsanlar, xüsusilə də, gənc nəsil qəzet oxumur. Elektron media onların yerini əvəzləməkdədir. Hələ ki, qəzetlərə dövlət dəstəyi lazımdır. Amma gələcəkdə qəzetlərin holdinqlərdə birləşməsinin tərəfdarıyam. Bu gün KİV-ə Dövlət Dəstəyi Fondunun «Azadlıq» və «Yeni Müsavat» kimi müxalifət qəzetlərinə qrant ayırması dövlətin demokratiyaya, söz azadlığına münasibətinin bariz nümunəsidir.

- Biz bilirik ki, siz «Azadlıq» radiosunda işləyəndə hökumətin siyasətini açıq tənqid etmisiz. Hətta 2008-ci ildə keçirilən prezident seçkiləri ilə bağlı tənqidi çıxışınız olub. Bu gün həmin müstəqilliyinizi qoruyub saxlaya bilmisiz?

- Əlbətdə ki, mən jurnalist işləyəndə daha müstəqil idim. İndi o qədər müstəqil, sərbəst ola bilmərəm. Çalışıram ki, müstəqilliyimi qoruyum. Bu gün də tənqidi çıxışlar edirəm. Məsələn, payız sessiyasında parlamentdə dini qanunvericiliyə edilən dəyişiklikləri tənqid etmişəm. Yuxarıdan və ya aşağıdan gəlməsinə baxmayaraq layihələrdə xoşuma gəlməyən məqamları tənqid etmişəm və onların aradan qaldırılmasını xahiş etmişəm. O başqa məsələdir ki, səs çoxluğu sonda mənim təklifimin keçməməsilə nəticələnib. Bu məndən asılı olmayan məsələdir. Bəzən elə olur ki, təkliflərim bir neçə aydan sonra nəzərə alınır. Hətta buna görə, həmkarlarım zarafatla deyirlər ki, sənin birbaşa dövlət qurumları ilə yaxşı əlaqələrin var. Amma nəzərdə tutduğunuz müstəqilliyi şüurlu şəkildə bir kənara qoymuşam. Deputat olduğum ilk illərdə tənqidi çıxışlarım daha çox olurdu. Sonra gördüm ki, tənqid etdiyim strukturların rəhbərləri məndən inciyir. Tənqidlər və incikliklər bir sıra hallarda seçicilərimin problemlərinin həllinə əngəl yaradıb. Ümumiyyətlə, bizdə tənqidə dözümsüz münasibət var. Biz hələ ki, bu sindromdan xilas ola bilməmişik. Fərqli fikir söyləyəndə bəzən sənə düşmən münasibət bəsləyirlər. İkinci və üçüncü dərəcəli məmurlar tənqidə qarşı daha dözümsüz olurlar. Ona görə də jurnalistikadan gələn inqilabi ruhumu bəzən kənara qoymalı oluram.
- Fəal deputat olmaq həm də fiziki güc, yorulmamaq tələb edir. Bu mənada işlərinizi çatdıra bilirsiz?

- Bir neçə il AŞPA nümayəndə heyətinin tərkibində olmuşam. Tez-tez xarici səfərlərə getmək mənim üçün ağır idi. Yoldaşım ağır xəstədir. Özüm də o qədər sağlam deyiləm. Ona qulluq etmək, seçicilərin problemlərilə maraqlanmaq və s. işlər üzündən Nümayəndə Heyətinin tərkibindən çıxdım. Məni öz xahişimlə MDB Parlamentlərarası Assambleyada işləyən qrupa daxil etdilər. Azərbaycanın Rusiyada keçirilən bütün tədbirlərində iştirak edirəm. Həm də hər iki aydan bir deputatı olduğum Masallı rayonuna gedib, seçicilərin problemlərilə maraqlanıram. Milli Məclisdə ən çox məktub alan deputatlar - Qənirə Paşayeva və mənəm.

- 1988-ci ildən siyasi proseslərin içindəsiz. Müstəqillik qazandıqdan sonra ölkənin siyasi həyatında nə dəyişib? Konkret olaraq mövcud iqtidar-müxalifət münasibətlərilə bağlı mövqeyiniz nədən ibarətdi?

- Müxalifətin ən güclü dövrü 1995-ci ilə qədər idi. Onlara çox böyük inam var idi. Yaxşı ideyaları olub. Elçibəyə və onun komandasına bir neçə şeyə görə minnətdaram. Rus qoşunlarını ölkədən çıxarıblar, test imtahanını tətbiq ediblər. Bu, böyük inqilabi addımlar idi. Neft müqavilələrini hazırlamağa başladılar. Mənə elə gəlir ki, onlar tarixə öz imzalarını atıblar. Ancaq Elçibəy prezident kimi çox zəif idi. O, gərək prezident olmayaydı. Bunu mən o vaxt da deyirdim və bu özünü doğrultdu. Onun zəifliyi və komanda arasındakı hərc-mərclik gətirib ona çıxardı ki, cəbhə hakimiyyəti bir ildə dağıldı. Mən deməzdim ki, bu gün müxalifət tam zəifdir. Onların öz yerləri, elektoratları var. Bəlkə dövr başqadır. İndi müxalifətin dövrü deyil. Müxalifətin qaldırdığı bütün məsələləri dövlət qurumları həyata keçirir. Təhsil, səhiyyə, nəqliyyat və s. sektorlarda böyük işlər gedir və bu gün də davam edir. Masallıda, məsələn, göz xəstəliyi klinikası yaradılıb, bölgəmizdə böyük diaqnostika mərkəzi açılıb.. Bütün insanlar diaqnostika mərkəzində pulsuz dializdən keçirlər. Bu az iş deyil. İlham müəllim dövlət maraqlarını, müstəqilliyi çox gözəl qoruyur. Bakı dəyişib, regionlar dəyişib. İnsanların güzaranı dəyişib. Ona görə də camaat siyasətdən tədricən uzaqlaşır. Məncə, xalqı siyasi oyunlara qatmaq ağır fəsadlara gətirib çıxarır. Başqa ölkələrdən də görürük ki, müxalifətlə, xalqla hakimiyyətin toqquşması inqilablara gətirib çıxarır. İnqilablar da heç vaxt, uğurlu olmur. İnqilab ölkədə siyasi və iqtisadi böhran yaradır.
Müxalifət də lazımdır. Bir növ hakimiyyəti səfərbər edir. Hakimiyyət müxalifətin təkliflərinə diqqət yetirməlidi, eşitməlidir. Rusiyada xalq küçəyə çıxandan sonra Medvedev inqilabi təkliflə çıxış etdi. O, siyasi sistemi dəyişməyə cəhd etdi. Mənə elə gəlir ki, bizdə də bu proses gedir.
Parlamentdə müxalifət nümayəndələri və azad şəkildə sözünü deyə bilən millət vəkilləri var. Qüdrət Həsənquliyev, Fazil Mustafa, Sabir Rüstəmxanlı çox ciddi müxalif mövqeli çıxışlar edirlər. Hətta hakimiyyət yönlü partiyaların nümayəndələri sayılan Fəzail Ağamalı və Zahid Oruc da son vaxtlar müstəqil çıxışlar edirlər, öz fərqli mövqelərini bildirirlər. Belə də olmalıdır. Axı biz demokratik cəmiyyətdə yaşayırıq.
Ruslan XƏLİL





 






23 Yanvar, 2012  15:45 Baxılıb: 2076 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner