Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RƏBİYYƏT ASLANOVA: NİTSŞENİN KİTABINI GİZLİ OXUMUŞAM -EKSKLÜZİV

«Bəzi xanımlar yaşlarını gizlədir, amma mən həvəslə deyirəm ki, altmış yaşım var...»

Müsahibim ölkənin ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilən bir xanımdır. Millət vəkili, pedaqoq, tarixçi Rəbiyyət Aslanova. Söhbətimizin konkret bir xətti, mövzusu olmadı. Eləcənə oturub, müsahibimin gəncliyindən tutmuş, Azərbaycan gəncliynə qədər hər şeydən və hamıdan danışdıq...

- Rəbiyyət xanım, gəncliyiniz, ömrünüzün böyük bir hissəsi sovetlər dönəmində keçib. O vaxtlar elə zaman idi ki, insanların, xüsusilə fəal gənclərin mütləq idealları var idi. Gəncliyinizin kumiri kim idi?

- Konkret kumirim heç vaxt olmayıb. Amma həyat tərzlərindən, mübarizələrindən, xarakterlərindən təsirləndiyim, heyran olduğum qadınlar olub. Təbiətcə çox mübarizəm, içimdə daima bir etiraz hissi var, zəifliyi, güzsüzlüyü heç sevmirəm. Sızıldamaqdan, şikayətlənməkdən xoşum gəlmir. Ədəbiyyatda, şeirdə zəifliyi, yalvarışı, şikayəti sevmirəm. Xüsusilə, bunu qadın edirsə. Buna görə də, kumirlərim, özüm üçün örnək götürdüklərim həmişə möhkəm, iradəli, mübarizə əzmi ilə dolu qadınlar olub. Bakını çox sevməyimin bir səbəbi də bu şəhərdə tarixdə iz buraxmış saysız qadın heykəllərinin olmasıdır. Siz fikir vermisinizmi, Bakıda nə qədər qadın heykəlləri var? «Azad qadın» heykəlinin gözəlliyinə fikr verin: o çadrası ilə bərabər bütün buxovları, qadağaları, cəhaləti necə sivirib atır?! Ya da Natəvanın heykəlinə baxın: əsl Azərbaycan xanımı paltarında, örpəkdə, əli alnında, xəyala dalmış halda... Xüsusilə Sovet vaxtları qadınları ictimai-siyasi həyatda fəallığa səsləmək, həvəsləndirmək üçün qadın tarixi şəxsiyyətlərin gözəl heykələrinin qoyurdular. İndi bu ənənənin olmamasına çox heyifsilənirəm.

- Sovetlərin dağılması ilə bağlı içinizdə azacıq da olsun təəssüf hissi varmı? Axı necə olsa da, gəncliyiniz o vaxtlarda keçib. Ən azından gəncliyinizdən ötrü darıxmalısınız...

- Səmimi deyim ki, içimdə heç bir təəssüf hissi yoxdu. Sovetlər dağılandan sonra Azərbaycan müstəqil respublika oldu, azadlıq qazandı, buna necə təəssüf eləyə bilərəm? O ki qaldı, gənclik nostaljisinə heyifsilənməməyimin səbəbinə, bəlkə də, bayaq dediyim kimi, içimdə bir üsyançı etiraz hissi var idi və sovet dövrü bu hissi həmişə boğmalı olurduq. Beynimiz elmə, kitablara ac idi. Amma ən lazımlı kitablar ya qadağan olunmuşdu, ya da olduqca çətin tapılırdı. Ən maraqlı filosofların əsərləri qadağan idi. Yadımdadı, o vaxt Axundov kitabxanasında «nadir tapılan kitablar» şöbəsi vardı. Orada bir xanım işləyirdi, mənim xətrimi çox istəyirdi. Ondan xahiş eləmişdim ki, həmin kitablardan istifadə etməyə icazə versin. Demişdi ki, rəhbərlik kitabxanada olmadığı saatlarda gəlib, oxuya bilərəm. Nitsşenin «Zərdüşt belə deyirdi» əsərini orada oxudum. Amma sonra böyük bir səhv buraxdım, fəlsəfə dərsində qalxıb oxuduqlarımı danışdım. Müəllim qadağan olunmuş kitabı oxuduğumu biləndə heyrətə gəldi. O vaxt məni bərk cəzalandırdılar...

- Necə?

- Çağırıb «gözəl-gözəl» sözlər dedilər və ciddi xəbərdarlıq elədilər...

- Milli məclisdəki qadın həmkarlarınızla siyasətdən, işdən kənar münasibətləriniz, belə demək mümkünsə, rəfiqəliyiniz varmı?

- Vəziyyət elə gətirib ki, mən Milli Məclisdə Zeynəb Xanlarovadan sonra ən yaşlı qadın millət vəkiliyəm...

- Məncə, özünüzü o qədər qocaltmayın...

- İndi neyləmək olar - düz altmış yaşım var. Bu yaxınlarda altmış yaşımın tamam olması münasibətilə ölkə prezidenti məni «Şöhrət» ordeni ilə də təltif elədi. Bəzən xanımlar yaşlarını gizlədir və ya utana-utana deyir. Amma mən altmış yaşımın olduğunu həvəslə deyirəm. Bu həyatı, bu ömrü mənə tanrı verib, necə deyim ki, əlli səkkizdir? Deməzlərmi ki, bəs o iki yaş necə oldu? Sözümü ona gətirirdim ki, Milli Məclisdə qadın həmkarlarımdan yaşca böyük olmağım üzərimə daha bir məsuliyyət qoyur: onlarla xoş münasibətdə olmaq, lazım gələndə onları dəstəkləmək, anlayışla yanaşmaq. Amma bu yaş aradakı rəsmiyyət divarını saxlamaq məcburiyyəti də qoyur üzərimə.

- Bugünki gəncliyin həyat tərzi, dəyərləri, maraqları ilə sizin zamanların gəncliyi çox fərqlidir? Gecə əyləncələri, narkotika və s...Bunlar sizə necə təsir eləyir?

- Təbii ki, mənə yaxşı təsir eləmir. Amma bir tərəfdən də sevinirəm ki, Azərbaycan gəncliyi təkcə onlardan ibarət deyil. İntellektual, bacarıqlı gənclərimiz də çoxdur və biz onları qazanmalı, onların qayğısına qalmalıyıq. Barəsində danışdığınız gəncliyə isə artıq sıradan çıxmış gənclik kimi yanaşmaq olmaz. Ölkədə narkomaniyaya qarşı mübarizə aparılır, təlimlər keçilir.

- Ömrünüz işgüzar səfərlərdə keçir. O səfərlərdən yadınızda qalan maraqlı bir hadisə danışa bilərsiz?

- Sovet vaxtı bir dəfə Tunisə səfərə getmişdik. Heyətdə Rusiyadan xeyli alim vardı. Tunisdə bir muzeyə getdik. Muzeyin tən ortasında Afinanın böyük bir heykəli vardı. Çəhrayı mərmərdən, möhtəşəm, heyratəmiz dərəcədə gözəl bir heykəl idi. O qədər gözəl idi ki, ona baxan bütün qadınlar mütləq bir həsəd, qısqanclıq hissi keçirərdilər...

- Siz də keçirdiz o hissləri?

- Əlbəttə. Ürəyimdə düşündüm ki, İlahi, əgər qadını belə gözəl yaratmaq mümkündürsə, niyə bu gözəllikdən mənə çox pay düşməyib? Maraqlı olan bu idi ki, hündür postamentin üstünə qoyulmuş heykəlin ətrafında sıra ilə üç böyük qırmızı çevrə çəkilmişdi. Üçüncü qırmızı çevrədən sonra isə qırmızı lent çəkilmişdi və o lentin üzərindən keçmək qadağan idi. Heykəlin daha maraqlı bir cəhəti də vardı ki, sən hara dönürdünsə heykəlin gözləri sənə baxırdı. Muzey bələdçisindən qırmızı xətlərin və qırmızı lentin mənasını soruşduq. Dedi ki, bu heykələ çox yaxın düşmək olmaz. Yaxınlaşdıqca insanlar onun təsirinə, magiyasına düşür. Yanımızda məşhur bir rus alimi vardı, adını çəkməyəcəm, amma bir şey deyim ki, hazırda o adam Rusiyadakı universitetlərdən birinin rektorudur. O dedi ki, mən bu xətti keçmək istəyirəm. Fikrində çox qəti idi və birtəhər muzey bələdçisindən icazə ala bildi. Qırmızı xətti keçdi. Birinci qırmızı çevrənin içinə keçəndə başını bir az da qaldırdı. İkincini də keçdi. Üçüncünü keçəndə qəfildən, hamımızın gözü qarşısında heykəlin qarşısında diz çökdü. O xəttən çıxıb gələndən sonra həmin professor bizə dedi ki, mən könüllü diz çökmədim, bunu özüm istəməmişdim. Heykəl mənə əmr elədi ki, mənim gözəlliyimin qarşısında diz çök!

Günel Mövlud






19 Yanvar, 2012  20:29 Baxılıb: 2680 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner