Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FİRUDİN CƏLİLOV: “MƏMUR DEYİLƏM, ALİMƏM”-EKSKLÜZİV - FOTOSESSİYA

O, istiqlalçı ruhunu duyduğumuz az ziyalıdan biridir. Vətinin, xalqın müstəqilliyindən elə ürəklə danışır ki, o dövrləri göz önündə canlandırmamaq mümkün deyil...

 Azərbaycanın SSRİ tərkibindən çıxmasına səs verən deputatlar sırasında olub Firudin Cəlilov. Təhsil naziri işlədiyi dövrdə bir sıra islahatlar aparıb. Onun rəhbərliyi ilə dövlət himni və latın qrafikalı Azərbaycan əlifbası bərpa edilib. Ölkədə test imtahanları ilə qəbul onun təşəbbüsü ilə gerçəkləşib... 
...Bir zamanlar xalqın azadlığı uğrunda çalışan adam, bugün qanunla ona çatacaq təqaüdü də ala bilmir. 20 ildir siyasətdən uzaqlaşıb tarixi araşdırmalarla məşğuldur.


- Təhsilin acınacaqlı durumda olduğunu ölkənin birinci adamı da dəfələrlə qeyd edib, sizcə niyə belədir?
- İnkişaf etmək istəyən ölkələrdə ən çox təhsilə pul yatırılır. Çünki bu, ən dəyərli sərmayədir. Bu mənada təhsil həssas nöqtədir. Bizdəsə, daha çox bər-bəzəyə fikir verirlər. Yeni məktəb binaları tikilir, kompyuterlər alınır, amma o məktəblərdə verilən dərslərin səviyyəsi heç kəsi maraqlandırmır. Buna görə təhsil sistemi son 15 ildə tənəzzülə uğrayıb. Amma, perzident həmişə təhsilə müsbət yanaşmaq istəyib. Təəssüf, bu sahə ilə məşğul olan məmurlar o istəyi gerçəkləşdirə bilmirlər.
- Sizin işlədiyiniz dövrlə indiki dövr təhsili arasındakı fərq nədir?
- Biz təhsili humanistləşdirir, tələbələrə sərbəstlik verirdik. O dövrdə rektorlarları kollektiv özü seçirdi, sonra əmrlərini verirdim. Belə halda məsuliyyət olur, seçicilər rektordan gördüyü işlərə dair hesabat istəyə bilirlər. Yuxarıdan təyin olunanlarsa at oynadır və rəhbərlik etdiyi müəssəyə dədəsinin mülkü kimi baxır. Mən qəbul imtahanlarını sahmanlamaq üçün testi gətirdim. Həmin mexanizm bu günə qədər işləyir, savadlı tələbə kənarda qalmır. Əsas məqsəd də bu idi... Dərslikləri dəyişdik, ən əsası, latın əlifbasını bərpa etdik. Bu gün təhsilin ən böyük problemi elmdir, onu təhsildən uzaq tuturlar, halbuki, onlar bir medalın iki üzüdür.


- Bu gün əksər deputatlar da test imtahanlarının əleyhinədir. Sizin narazı olduğunuz nüanslar var?
- Test imtahanlarını gətirdiyimiz birinci ildə bir mərhələli etmişdik. Sonrakı illərdə iki mərhələli olacağını nəzərdə tutmuşduq. Hər il imtahan suallarını dəyişmək olmaz. Düşünmüşdük ki, on minlərlə sual birdəfəlik hazırlanıb kompyuter yaddaşına verilsin. Hər il suallar avtomatik seçilib kitabça şəkilində abiturientlərə paylansın. İndiki test tapşırıqlarına baxıram, bəzən sualı hazırlayan müəllim də onun həllində çaşır. Belə qüsurlar çoxdur və düzəlməlidir.
- Deyirlər ki, test imtahanları tələbələri passivləşdirir, siz necə düşünürsüz?
- O da var... Amma test, qəbul imtahanlarının hələ ki, ən ədalətli üsuludur. İnkişaf etmiş ölkələrdə də tədbiq olunur. Qanun, ədalət işləyəndən sonra ümumiyyətlə qəbul imtahanlarını ləğv etməyi düşünürdüm. Oxumaq istəyənlərə qapı açıq olacaqdı. Oxuya bilən qalıb oxuyacaq, oxuya bilməyənsə özünə başqa sənət seçəcəkdi.
- Xarici ölkələrin əksəriyyətində ali məktəbə qəbul olmaq asan, orda oxumaq çətindir. Bizdəsə mexanizm tərsinə işləyir. Əziyyətlə çalışıb ali məktəbə qəbul olanlar universitetdə oxumasalar da diplom ala bilirlər.
- Çünki təhsildə rüşvət var. Pul verib qiymət yazdırırlar, kursdan-kursa keçirlər. Bu, bizim təhsilin üz qarasıdır...
- Hazırda ödənişli təhsil almaq orta aylıq əmək haqqından baha başa gəlir. Ümumiyyətlə, təhsil haqlarını müəyyənləşdirərkən nələr nəzərə alınmalıdır?
- O zaman büdcədə pul yox idi, təhsil ocaqlarının maddi texniki bazasını yaratmaq, institutları inkişaf etdirmək üçün özəl təhsili qanuna saldıq. Amma dövlət müəssələrində pullu təhsili 30 faiz etdik ki, yığılan məbləğlə universitetlərin texniki bazası təmin olunsun, müəllimlərin maaşına əlavələr edilsin. İndisə məlum olur ki, sistem əksinə dəyişib. Dövlət ali məktəblərdə oxuyanların 70 faizi pullu təhsil alır. Bu xalqızmıza əziyyət verməkdən başqa bir şey deyil.
- Bir əsrdə əlifbamız 4 dəfə dəyişib bu nəsillər arasında uçuruma səbəb olub. Dəyişmələrin birində sizin də dəsti-xəttiniz var, doğurdanmı buna ehtiyac vardı?
- Əvvəl Demokratik Cümhuriyyətin qəbul elədiyi latın qrafikalı əlifbanı bərpa etdik, varisliyimizi geri qaytardıq. Onu da deyim ki, çoxları bilmir, latın qrafikalı əlifba əslində ən qədim türk əlifbasıdır. Bunu o vaxt çox demirdim ki, inanmazlar. Yeni yazdığım kitabda latın əlifbasının əslində bizə məxsus olduğunu göstərdim. Etrusklar onu runik əlifbadan alıb, italyalılar, latınılar da həmin əlifbanı etruskalardan, bütün dünya isə latınlardan götürüb. Bu faktın elmə də bəlli olması qürurverici haldır. Yəni bütün dünya mənim əlifbamdan istifadə edir, mən niyə rus, ərəb əlifbasından istifadə etməliyəm?!

“İstiqlalın əleyhinə olanlara istiqlal ordeni verirlər”



- Müstəqillik aktının qəbulana necə nail oldunuz?
- Çox çətinliklə. Biz parlamentin ilk iclasında respublikanın adından Sovet Sosialist sözlərini atdıq. Moskva dərhal buna reaksiya verdi. Referendum keçirtdi ki, SSRİ qalsın, ya yox. O referendum da indiki seçkilər kimi keçirilirdi... Biz 43 nəfər etiraz etdik ki, Sovetlər dağılmalıdır. O mübarizədə tutulanlar, döyülənlər oldu. Bizimkilərin çoxu aclıq etməyə başladı. Gücümüz çatmadı, xalqdan dəstək aldıq.
- Bu il Azərbaycan müstəqilliyinin 20-ci ildönümünü qeyd etdik. Müstəqilikmi?
- İndi maraqlı nüans yaranıb. Müstəqillik uğrunda vuruşanlar kənarda qalıb, müstəqilliyin əleyhinə səs verənlərsə parlamentdə yüksək vəzifələr tutub, nazir postunda əyləşiblər. Bu gün istiqlalın əleyhinə olanlara istiqlal ordeni, şöhrət ordeni verirlər. Müstəqillik uğrunda vuruşanlarsa heç təqaüd də almır. Axı, onlar kəfən geyib imperiya ilə vuruşan, həyatlarını, ailələrini təhlükə qarşısında qoyan insanlardı. Müstəqilliyə səs verən 43 nəfərin içində Heydər Əliyev də var idi. O, 18 oktyabrda parlamentə məktub yazdı. Məktubda deyilir ki, Azərbaycan xalq hərəkatının və 43 nəfər istiqlalçının sayəsində müstəqil oldu. Bəs indikilər nə deyir? Heydər Əliyevi özlərinə milli lider sayanlar elə bilirlər ki, müstəqillik göydən düşüb. Guya SSRİ evcik imiş dağıldı, bunlar da müstəqil oldu! Bəs, şəhidlər xiyabanında yatanlar gözümüzün qarşısında deyilmi? Milyonlarla insan Azadlıq meydanına yığışırdı, bu, azadlıq uğrunda mübarizə deyildimi? Güman edirəm, bunlar yavaş- yavaş öz həllini tapacaq, çünki indi sağlam gənclik yetişir. Müstəqilliyin əleyhinə çıxan insanlardan fərqli olaraq onlar müstəqilliyi dəyərləndirə bilir.
- 43 nəfərdən hansılarla dostluq münasibətləriniz qalıb?
- Bəzi tədbirlərdə yığışırıq. Müsətqillik günü də istiqlalçı deputatlarla toplaşıb bayramı qeyd etdik. Onlardan İsmayıl Şıxlı, Heydər Əliyev, Bəxtiyar Vahabzadə, Aydın Məmmədov, Dilarə Əliyeva, Eldar Bağırov və başqaları dünyasını dəyişib. Bayram günlərində mütləq onları yad etməliyik. Allah ruhlarını şad eləsin.
- Azərbaycan gənclərini yüksək dəyərləndirdiniz. Necə düşünürsüz, keçmişdə qurduğunuz cəmiyyəti bizlərə həvalə etmək olarmı?
- Dünyanın hər yerində gənclər əvvəlki nəsillərə nisbətən daha ayıq, daha savadlıdır. Müstəqil olandan sonra xarici ölkələrə qapılar açıldı. Gənclər xaricdə oxuyur, ordakı yaşamı gəlib burdakı mühitlə müqayisə edirlər. Gənclər bizim ən qiymətli kadrlarımızdır. Bu gəncliyə böyük ümid bəsləyirəm. Zaman keçdikcə bizim dövrümüzdəki neqativ halları onlar aradan götürəcək. Təsəvvür edin, “r” səsini tələffüz edə bilməyən 2 yaşlı nəvəm himnmizi oxumağa çalışırsa bundan gözəl nə ola bilər ki... Mən ondan duyduğum həzzi heç nədən almıram.
- İndi necə dolanırsız? Maddi cəhətdən vəziyyətiniz necədir?
- Xalqın kasıb təbəqəsi necə dolanırsa mən də elə. Yəni güzəranım onlardan heç nə ilə fərqlənmir. Bakıda evim yoxdur, o vaxt satıb Xızıda ev tikdim. 7 ildir işləmirəm, maaş almıram. Mənə çatası təqaüdümü də vermirlər.
- Siz kitablarınızda bütün bəşəriyyətin vətənimizdən törədiyini deyirsiniz. Belədirsə niyə özümüzə sahib çıxa bilmirik?
- Türkalogiya elmini yeni nəzəriyyəylə işləyirəm. Urmu nəzəriyyəsinə görə, türk xalqı, dili Ön Asiyada, əsasən Urmiya gölünün hövzəsi ərazisində yaranıb. Burdan bütün dünyaya, Altaya, Rusiya çöllərinə yayılıb, sonra qayıdanlar olub. Biz türklərin Altaydan gəldiyini iddia edən nəzəriyyəni silib atmışıq. Çünki o yanlış idi, ortaya çıxan suallara cavab vermirdi. Biz axı, antropoloji, dil, xüsusiyyət və etnoqrafiya baxımından monqola oxşamırıq. Sadəcə, burdan köçüb gedən türk tayfaları monqollarla qarışıb-qaynayıb. Kitablarımda türklərin dünya sivilizasiyasında rolu göstərilib. Biz dünyaya xalçaçılıq, dəmirçilik gətirmişik, ilk dəfə atçılıq burda inkişaf edib, ilk arabanı biz hazırlamışıq. Dünya alimləri də sübut edir ki, təkərli araba ilk dəfə Urmiya gölü ilə Van gölü arasında, yəni Azərbaycanda yaranıb və burdan dünyaya yayılıb. Arxoloqiya, etnoqrafiya, tarixi onamastika, dil faktları da sübut edir ki, biz burda yerli xalqıq.
- Elmi araşdırmalar aparan, xalqın soykökünü, keçmişini araşdıran Firudin Cəlilov xalqa daha lazımdır, yoxsa nazir Firudin Cəlilov?
- Məqsədim hansısa vəzifəni tutub pul qazanmaq yox, o vəzifədən istifadə edib ideyalarımızı gerçəkləşdirmək idi. Vəzifədə olduğum qısa müddətdə səlahiyyətlərdən istifadə edib xalq üçün gərəkli islahat apardım. Bu mənada mənə vəzifə lazım deyil, mən vəzifəyə lazımam. Əslində məmur deyiləm, aliməm. Siyasətlə məşğul oluram, amma demokrat siyasətçiyəm. Xalqımın savadlanmasını, gerçək tarixini öyrənməsini istəyirəm. Millət o vaxt gələcəyə sağlam addımlarla gedir ki, o, addımlarını keçmişinə dayaya bilsin. Keçmiş təməllərinə söykənməyən xalq irəli gedə bilməz. Bizm şanlı keçmişimiz var və gənclər də bunu bilməlidir. Kitablarım yalnız buna həsr olunub. İstərdim universitetdə dərs deyim...
Arifə Mikayılova (“SİMSAR” jurnalı)

 






12 Yanvar, 2012  19:00 Baxılıb: 2129 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner