Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İLHAM NAMİQ KAMAL: “YENİ BİNALARDA NAFTALİN İYİ GƏLƏN TAMAŞALAR OYNANILMAMALIDIR”-EKSKLÜZİV - FOTOSESSİYA

 «İstəyirəm ki, şəhərin mərkəzində teatr binalarının sayı çox olsun, nəinki şadlıq saraylarının»

Əvvəllər onu teatr tamaşalarında, səhnələrdə tez-tez görərdik. Amma son dövrlər sanki sənətdən ayrı düşüb. Bu günlərdə 62 yaşı tamam olan sevimli aktyorumuz, xalq artisti İlham Namiq Kamalı təbrik etmək, hal-hazırda gördüyü işlər və gələcək planları barədə söhbət etmək qərarına gəldik. Müsahibə zamanı çalışdığı universitetdəki gənc tələbələrin probemlərinə də, teatr aləmində baş verən neqativ hallara da toxunduq. Əvvəlcə yaradıcılıq işlərinin nə yerdə olduğunu soruşduq. 

- Bilirsiniz ki, Musiqili Kamediya Teatrı təmirdədir. Artıq binanın fasad hissəsi təmir olunub. Sentyabr ayında təhvil verilməldir. Bu müddətdə işimizi Dənizçilər Klubunda davam etdiririk. Mənim hazırladığım iki tamaşa - Aqşin Babayev və Oktay Rəcəbovun əsəri əsasında səhnələşdirilən «Şeytanın yubleyi», Marat Haqverdiyeva və Ramiz Mirişlinin əsəri əsasında səhnələşdirilən «Amerikalı kürəkən» tamaşaları oynanılır. «Dəyərəm min cavana» tamaşasında müasir Məşədi İbadı, «Qısqınc ürəklər»də polkovnik Mikayılı, Böyük Üzeyir bəyin «Ər-arvad» əsərində Mərcan bəy rollarındayam. Əlbəttə ki, yerimizin dar olması bir qədər problem yaradır. Təssəvvür edin ki, 60 nəfərlik orkestrimiz eyvanda yerləşir. Bu da şəhərin mərkəzində teatr binalarının çox az olması ilə əlaqədardır. İndi mərkəzdə daha çox banklar, şadlıq sarayları, ticarət mərkəzləri tikilir. Amma inanıram ki, gələcəkdə mərkəzdə teatr binalarına da yer ayrılacaq. Çünki teatr məbəddir, ondan uşaqdan-yaşlıya hər bir azərbaycanlı bəhrələnir.

- Binaların təmirini bir kənara qoyaq. Ümumilikdə Azərbaycan teatrının vəziyyətini necə dəyərləndirirsiniz?

- Əlbəttə, yeni binalarda köhnə, naftalin iyi gələn tamaşalar oynanılmamalıdır. Burada bilavasitə teatr xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Yeni rejissorluq, yeni quruluşlar olmalı, bu günlə ayaqlaşmalıyıq. Azərbaycan teatrlarında dünya dramaturqlarının da əsərləri yer almalıdır. Teatrımızın sabahını şərtləndirən əsas məsələlər bunlardır: mövzu, dramaturgiya və çoxçalarlılıq.

- Belə olmalıdır, - deyirsiniz və sabahdan danışırsınız, amma bu gün vəziyyət necədir?

- Sabah, elə bu gündən başlayır. Digər tərəfdən, mən yalnız aktyoram və müəyyən tamaşalara quruluş verirəm. Bütövlükdə Azərbaycan teatrının məsuliyyətini daşımıram. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi və onun məsul işçiləri var. Amma yenə də hesab edirəm ki, sabah bu gündən yaxşı olmalıdır.

- Cəmiyyətdə belə bir fikir, ifadə də var ki, Azərbaycanda teatr yoxdur...

- Mən teatr sahəsində işləyirəm, hələ ki, iş gedir. Bayaq tamaşaları sadaladım. Çıxıram səhnəyə, tamaşaçı alqışlayır, sonda, gül də verirlər. Mən indi necə deyim ki, teatr yoxdur? Əgər kimsə teatra getmirsə və ya kiminsə tamaşasına gəlmirlərsə, bu onların öz günahlarıdır

- Tamaşaçıyla bağlı vəziyyət necədir?

- Əgər Azərbaycan tamaşaçısının 1 manat gəliri varsa, onun 1 qəpiyini verib, teatra gələcək. Bunu yaddan çıxarmayaq ki, əvvəllər zavod və fabriklər vardı. Köçürmə yolu ilə işçilərə havayı biletlər paylanılırdı. İndi hər kəs öz məvacibi sayəsində teatra gəlir. Teatrsa çox bahalı yerdir.

- Son vaxtlar bir neçə teatrda, o cümlədən də, Gənc Tamaşaçılar Teatrında ciddi konfliktlərin olduğu üzə çıxdı. Necə bilirsiniz, bu cür münasibətlərin, intriqaların olduğu bir mühitdə inkişafdan söhbət gedə bilərmi?

- Bu cür xəcalət gətirən söhbətlərə qatılmıram. Kim bununla məşğuldursa, onların taleyi də elə o cür olacaq. Amma bilirəm ki, teatrda atmosfer çox sakit, anlaşılan olmalıdır. Burada hamı bir-birini gözəl tanıyır. Hər kəsə öz qabiliyyəti, bacarığına görə qiymət verilməli, hər kəs layiq olduğu yerdə olmalıdır. İstedadlı adama kömək etmək lazımdır. Bunu edə bilmirsənsə, kənarda dayan və mane olma. Teatrlarda problem ayrı-seçkilikdir, birini qaldırır, o birini aşağı salırlar.
Hər bir rəhbər işçilərə hörmətlə yanaşmağa və hamını işlə təmin etməyə çalışmalıdır. İş varsa, bütün problem həll olunacaq.

- Sizin rəhbərliyinizlə «İlham» Miniatür Teatrı yaranmışdı, bu teatrın taleyi necə oldu?

- O vaxt Mədəniyyət Nazirliyi bizə Gənc Tamaşaçılar Teatrının binasında yer vermişdi. Bina təmirdən çıxandan sonra burada 3 teatrı birləşdirdilər. Təsəvvür edin ki, bu kollektivlərin təkcə aktyor truppası 100 nəfərə yaxındır. Bundan əlavə özəl teatrı da ora yerləşdirmək çətin idi. Fəaliyyət göstərmək üçün teatra ilk öncə yer lazımdır. «İlham» Miniatür Teatrı Universitetlə teatrın arasında bir körpü idi. İndi teatırın aktyorları müxtəlif yerlərdə çalışırlar. Lazım olanda onlara köməyimi əsirgəmirəm. Bununla yanaşı telekanalarda teatrın bir çox tamaşaları lentə alınıb və qızıl fondda saxlanılır. Bu da, bir tarixdir.

- Bilirsiniz ki, son vaxtlar efirdə xeyli teleserial yer alıb?

- Hələ ki, müasir teleseriallar başlamayıb. Bugünkü seriallar sponsorların ayırdığı kiçik məbləğlər vasitəislə ilə çəkilən filmlərdir. Həmin məbləğə hər hansı tanınmış aktyoru və ya rejissoru görmək mümkün deyil. Prezidentin sərəncamından sonra telekanallara bununla bağlı maliyyə ayrılıb. Bu ildən seriallar başlamalıdır. Qismət olar və taleyimizə yazılarsa, maraqlı bir serialda çəkilərik.

- Tələbələrin səviyyəsini necə qiymətləndirirsiz?

- Azərbaycan teatrlarında nə qədər aktyor varsa, hamısı Mədəniyyət və İncəsənət Universitetinin məzunlarıdır. Heç kim Londonda, Amerkada təhsil alıb, gəlməyib. 2013-cü ildə universitetimizin 90 illik yubleyi olacaq. Kimlər burada işləməyib? Teatr texnikumunun ilk rektoru Əzizə Cəfərzadə olub. Bu universitetdə işləyən müəllimlər tələbələrə nəsə verə bilirsə bu, Azərbaycan teatrının inkişafına çalışmaqdır. Bir müəllim kimi çalışıram ki, az da olsa, gənclərin inkişafında iştirak edim. Bu gün yaşımız bunu tələb edir, borcumuz da budur: «Bacarırsan istedadlı adamlara kömək ol, bacarmırsansa, heç vaxt mane olma». Bu, bizim prinsipimizdir.

- Necə düşünürsünüz, gənc aktyorların və ya tələbələrin arasında gələcəyin «Nəsibələri, Siyavuşları, Yaşarları, İlhamları» varmı?

- Səmimi deyirəm: Nə Nəsibə xanımdan olacaq, nə Yaşardan, nə də başqalarından. Heç bir sənətkar ikinci dəfə doğulmur. Amma yeni istedadlar yeni Nəsibələr, Yaşarlar olacaq. Necə ki, bizdən əvvəl Gəraybəyov, İsmayıl Osmanlı, Əliağa Ağayev var idi. Sonra Yaşar, Səməndər, Fuad, İlham, Amaliya, Şəfiqə gəldi. Bundan sonra da gənclər yetişəcək.

Xatirə Nəsirli

 






11 Yanvar, 2012  17:33 Baxılıb: 2376 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner