Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MİLLƏT VƏKİLİ ZAHİD ORUC: “FRANSA ÜÇÜN ERMƏNİLƏR ALLAHDAN YUXARIDAMI DAYANIR?”-EKSKLÜZİV

Allahın verdiyi ömrü yaşamaq Rafiq Tağının haqqı idi

Milli Məclisin Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin üzvü, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Simsar.az saytına müsahibə verib.


- Zahid bəy Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə 2011-ci ildə aparılan danışıqların nəticələrini necə qiymətləndirirsiniz? Bu münaqişə ilə bağlı 2012-ci il üçün gözləntiləriniz necədir?

- 2011-ci il Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı intensiv il oldu. Bu dövr ərzində biz 2008-ci ildən başladılan prosesin davam etdirildiyini müşahidə etdik. Rusiya artıq başa düşür ki, Cənubi Qafqazın geosiyasi və geostrateji görünüşü dəyişməlidir. Beynəlxalq aləm də bunu tələb edir. Rusiya ənənəvi siyasətilə bölgədəki gücünü qoruyub saxlaya bilməyəcək. Rusiyanın beyin mərkəzləri regionda artan savaş ehtimalının beynəlxalq gücləri hərəkətə gətirmək məcburiyyətində olduğunu dərk edirlər. 2011-ci il beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini anlaması baxımından əhəmiyyətli il oldu.
Bir vaxtlar Rusiyanın keçmiş prezidenti Boris Yelstsin «mən öz xarici işlər nazirimə tapşırmışam ki, hər açılan sabahını Dağlıq Qarabağ mövzusu ilə başlasın», - deyə bildirmişdi. Amerikanın dövlət katibi Kolin Paulen münaqişənin həllilə bağlı böyük dövlətlərin burada maraqları var deməsini də xatırlayıram. Əgər 2011-ci ilin yekununda baş nazir Putin və ya prezident Medvedev belə qənaətə gəlirsə ki, Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər, deməli, Kremlin tərəfləri razı sala biləcək müddəaları var. Düşünürəm ki, 2012-ci ildə danışıqlar əvvəlki illərdəki bazaya istinadən davam etdiriləcək. Daha cəsarətli addımların atılacağını da gözləmək olar. 1998-ci ildə münaqişənin həllində fəallıq göstərən ABŞ düşünürdü ki, bununla Xəzərdəki mövqeyini gücləndirəcək. Amma bu gün iqtisadi maraqlarını gücləndirmək üçün ayrı-ayrı dövlətlərin Azərbaycana təzyiqləri effektsiz olacaq. Dağlıq Qarabağ məsələsi Azərbaycanın xarici siyasətini az təhdid edir. Bir çoxları yanlış olaraq düşünürlər ki, Dağlıq Qarabağ problemini müəyyən müddət kənara qoymaqla, daxili problemləri həll etməklə daha güclü ola bilər. Ölkənin bütün siyasətini, diplomatiyasını Dağlıq Qarabağ üzərində qurmaq, ölkəni daim bir formada saxlayır. Milli problem olan Qarabağ hərəkətverici qüvvəyə çevrilib. Dağlıq Qarabağ Azərbaycanın milli ideologiyası, sanki ölkənin himnidir.

- Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olan ATƏT-in Minsk Qrüpunun üzvü Fransa «erməni soyqırımı»nın inkarına qarşı cəza nəzərdə tutan qanun qəbul edib. Belə bir qərarı qəbul edən Fransanın Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutacağına təminat varmı?

- «Erməni soyqırımı»nın inkarına qarşı cəzanı nəzərdə tutan qanunun qəbul edilməsini Sarkozinin seçki maraqları ilə əlaqələndirmək tam doğru yanaşma deyil. Məsələnin alt qatında duran məsələlər daha dərin və daha dəhlükəlidir. Hətta Sarkozi olmasaydı belə, Türkiyə özünün regional və beynəlxalq siyasəti üzündən daim «erməni soyqırımı» ittihamı ilə üz-üzə qalacaqdı. Bu vahid mərkəzdən idarə olunur. Hər bir ölkənin diplomatik kataloqlarında başqa bir dövlətə qarşı ehtiyat ittihamlar toplusu var. Fransada Allahı inkar edənlər, peyğəmbərə asi çıxanlara cəza vermirlər. Bunu insanları fikir azadlığı kimi qəbul edirlər. Məgər ermənilər Allahdan yuxarıdamı dayanır? Düzdür, bu addım erməniləri mənəvi, siyasi, diplomatik baxımdan gücləndirir, onlara stimul verir ki, türklərə qarşı daha çox iddia qaldırsınlar. «Soyqırıma» məruz qalan dövlətə daha çox torpaq vermək lazım olacaq ki, yəqin ki, bunu da Dağlıq Qarabağın hesabına həyata keçirmək istəyirlər. Qarabağı saxta soyqırımın hədiyyəsi olaraq ermənilərə verə bilərlər. Bu mənada bu gün Azərbaycan təkcə Türkiyənin acısına ağrımır, həm də özü üçün gözlənilən təhlükədən narahatdır. Bu gün Türkiyə etiraz olaraq Fransa parfumeriyasını almaqdan imtina edir. Ola bilsin ki, türklər fransız ətriyyatından istifadə etmədən yaşasınlar. Sabah Böyük Britaniya, Almaniya və digər ölkələr anoloji qərarlar qəbul etsə, Türkiyə neyləyəcək? Bütün Avropa məhsullarından imtinamı edəcək? Ümumdünya Ticarət Təşkilatına üzv olan bir dövlət üçün bu addımları atmaq nə dərəcədə mümkün və düzgün olacaq? Teymurləng demiş, türklər hər şeyi yaxşı başlayır, amma pis qurtarır. Emosiyalarımızı dənizə axıdırıq. Necə edək ki, emosiyalarımız nəticə versin?
Erməniləri ifşa etmək üçün Xocalı soyqırımını dünyada tanıdmaqdan daha yaxşı variant yoxdur.

- Bir müddət öncə xarici işlər nazirinin müavini bildirmişdi ki, iki-üç dövlət Azərbaycanla NATO arasında münasibətlərin yaxşılaşmasına imkan vermir. Söhbətin İPAP-ın üçüncü mərhələsilə bağlı razılaşmanın əldə olunmasından gedir. Amma dekabrın sonlarında bu məsələdə razılıq əldə olundu. Sizcə, razılaşmanın əldə olunması hansı şərtlərin qəbulu əsasında baş verib?

- Azərbaycanın qoşulmayanlar hərəkatında olması və ya Rusiya ilə münasibətlərdə manevrlər etmək heç bir halda NATO ilə münasibətləri dayandırmaq anlamına gəlməməlidir. İPAP-ın üçüncü mərhələsilə bağlı iki-üç dövlətin etirazı nəticəsində razılığa gəlmək mümkünsüz olmuşdu. Əsas səbəb heç də Azərbaycanın demokratiya, insan haqları sahəsindəki vəziyyəti deyil, İranla bağlı koalisiyaya qoşulmaması idi. Azərbaycanın anti-İran blokunda yer tutması, elə NATO-nun özünün maraqlarına cavab vermir. İranın məqsədlərindən biri özünə qarşı təzyiqləri genişləndirməklə, dünya müharibəsinə nail olmaqdır. NATO döyüşçüsü gəlib Qarabağda bizim əvəzimizdən vuruşmasa belə, zirvə görüşlərində, konfranslarda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğunu bəyan etməlidilər. Biz bunu onlardan gözləyirik. Ermənistanı Rusiyanın ağuşundan çıxarmaq üçün NATO-nun cəhdləri fayda verməyib.

- Azərbaycanla eyni dinə qulluq edən İran işğalçı Ermənistanla münasibətlərini istiləşdirməkdədi.
Son məlumatlara görə, İran Ermənistanın fars körfəzinə çıxışını təmin etmək üçün avtomobil və dəmir yollarının çəkilişinə razılıq verir. Tehranın Ermənistana qucaq açmasında məqsəd nədir?

- Azərbaycan cəmiyyəti İran-Ermənistan münasibətlərinin günü-gündən istiləşməsindən narahatdır. İran dünyanı idarə edən, güc dövlətlərə qarşı hədələrini artırmaqla, bölgədə konflikt risklərini artırır. İranı müharibəyə sürükləyən qüvvələr düşünməlidilər ki, yarana biləcək iqtisadi, hümanitar, sosial böhran regionda ölçüyəgəlməz dərəcədə böyük ola bilər. İran-Ermənistan münasibətlərindən Amerika da narahatlığını dəfələrlə bəyan edib. “Vikiliks” saytının açıqladığı məxfi diplomatik danışıqlardan da görünür ki, Amerikanın İrəvandakı səfirliyi dəfələrlə narahatlığını ölkə rəhbərliyinə çatdırıb. Düşünürəm ki, Ermənistan İrandan özünə koridor açmaqla və ya İran Ermənistan vasitəsilə dünyüya nəfəslik açdırmaqla uzun müddət duruş gətirə bilməyəcək.
Ermənistanı iqtisadi cəhətdən ayaqda saxlayan fars rejiminin məqsədi daim regionda münaqişəli vəziyyət yaratmaq, Azərbaycanın güclənməsinin qarşısını almaqdır.

- Rafiq Tağının qətlindən iki aya yaxın vaxt keçsə də, hələ qatillər tapılmayıb. Sizcə, qatillərin tapılmaması nədən xəbər verir?

- Qətli törədənlərin məqsədi Azərbaycanda vətəndaşın təhlükəsizliyinə qarantiya yoxdur, mesajını çatdırmaq idi. Göstərmək istəyirdilər kil, bu qətlin arxasında hakimiyyət durur. Dövlət vətəndaşın təhlükəsizliyini təmin edə bilmir.Terror diktəedicidir, terror hakimiyyətdir, terror kimlərinsə yaşayıb-yaşamamasını müəyyənləşdirir və s.
Allahın verdiyi ömrü yaşamaq Rafiq Tağının haqqı idi. Onu qətlə yetirənlər həm mənəvi, həm də fiziki mənada Allah qarşısında cəzasını alacaqlar. Rafiq Tağının fikirlərini qəbul etməmək olar və bəzən bu lazımdır. Onu sevməmək olar və bəzən bu lazımdır. Onun bəyəndiyim və bəyənmədiyim tərəfləri olub. Rafiq Tağı ona görə bu imici qazanmışdı o, bu cür düşünürdü.
Bu cür qətllərin üstünü açmaq çətindi. Qətlin üzərindən iki aya axın vaxt keçir. Cinayətkarın tapılmaması dövlətin ləng işləməsi və ya kriminal olayı araşdırmaq gücündə olmadığı anlamına gələ bilər. Amma bu o demək deyil ki, dövlət Rafiq Tağının qatillərini tapmaq istəmir. Hər cür əməliyyat axtarış tədbirləri aparılır. Dövlət cinayətkarların tezliklə tapılmasında maraqlıdır. Vətəndaşların təhlükəsizliyini qorumaq, onların yaradıcı və digər qanuni fəaliyyətlərinə şərait yaratmaq dövlətin borcudur. Rafiq Tağının qətlinin arxasında o qədər böyük güclər var ki, onu bıçaqlayan zəncirin ən axırıncı həlqəsi ola bilər. Roma Papasına sui-qəsddə ittiham olunan Əli Ağca kriminal şəbəkənin ən sonuncu üzvü idi. Müəyyən təbəqələr var ki, onlar dindarlarla cəmiyyət arasında uçurum yaratmaq istəyirlər. Bu gün mən Rafiq Tağının qətlinə görə, İslamdan imtina edənlərə rast gəlirəm. Bu çox səhv yanaşmadır. Məgər İslam dini insanın qətlə yetirilməsinin tərəfdarıdır?

Ruslan XƏLİL






10 Yanvar, 2012  15:16 Baxılıb: 1541 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner