Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

JALƏ ƏLİYEVA: “...MƏNİ EVLƏNDİRİN DEYƏ AĞLAMASINI QƏBUL ETMİRƏM”-EKSKLÜZİV - FOTOSESSİYA

Görüş yerimiz Milli Məclis olsa da, söhbətimiz siyasətdən deyil. Rubrikanın qonağı Millət vəkili, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Jalə Əliyevadır. Şən əhvalı və özünəməxsus mehribanlığı söhbət boyu onu tərk etmir. Büruzə vermək istəmədiyi qayğılı görününşü isə diqqətimizdən yayınmır. 

- Millət vəkili kimi daha rahatsız, yoxsa müəllim kimi? 
- İkisi də mənim üçün çox dəyərlidir, bunları bir-birindən ayıra bilmərəm. Müəllimlik fəaliyyətim millət vəkili olmamışdan əvvəl başlayıb. İndiyə qədər bu işimi həvəslə həyata keçirirəm. Gəncliyimin ən odlu-alovlu illəri müstəqillik ərəfəsinə təsadüf edib. O vaxt ölkədə daxili və xarici problemlər var idi, siyasi proseslər çox sürətlə gedirdi. Bütün bunların təsirindən fikrimi sadəcə, auditoriya qarşısında deyil, daha geniş tribunadan demək istəyi hiss etdim. Həm millət vəkili, həm də müəllimlik - ikisi də istəyərək seçdiyim yoldur.
- Tələbələrlə klassik müəllim kimi rəftar edirsiz, ya fərqli metodikanız var?
- İllərin təcrübəsi auditoriyaya sərbəst daxil olmağıma imkan verir. Amma 22 yaşımda - işə təzə başlayanda - hər gün müəllim qarşısında cavab verən tələbənin həyacanı qədər həyacan keçirrirdim. O zaman tələbələrimin bəziləri yaşca məndən böyük idi. Aradan 20 ilə yaxın vaxt keçsə də, yenə də tələbələri öz yaşıdım bilirəm. Deyəsən, onlar da məni öz yaşıdları kimi qəbul edirlər (gülür). Təbii ki, müəllim və tələbə etikası mütləq gözlənilməlidir, amma tələbənin müəllimi sinfə girən “xoxan” kimi görməsi doğru düşüncə deyil. Tələbələrlə elə münasibət qururam ki, onlar sadəcə dərslərlə bağlı yox, ehtiyac duyduqda başqa problemlərini də mənimlə bölüşə, hər şeyi olduğu kimi deyə bilsinlər. İnanın ki, keçərli səbəbi varsa dərsinə hazılaşmayan tələbəyə güzəştə gedərəm.
- Parlament və şəxsi həyat bir-birinə mane olmur ki?
- Qadın, ana, evinin xanımı olmaqla bərabər, ictimai xadim və elm adamı kimi fəaliyyət göstərmək, bu işlərin hamısını eyni zamanda görmək çox çətindir. Ən çox ailəmə güzəşt edirəm. Çalışıram daha çox evdə nəfəsim hiss edilsin. Süfrəmizdə əlimlə hazırladığım nələrsə olsun. Ancaq ən çox da məndən inciyən evdəkilərdir. Anam mənim üçün nə qədər müqəddəs və əziz olsa da, bəzən zəng edir, onunla da uzun-uzadı danışa bilmirəm. Hiss edirəm ki, çox vaxt ayıra bilmədiyim üçün o da hardasa məndən iciyir. Sanki zaman darlığı var və bu, evlə tam məşğul olmağıma imkan vermir.
- Müəllifi olduğunuz kitab və əsərlərdən belə anlaşılır ki, poeziyanı sevirsiz.
- İxtisasca şərqşünas olsam da, ailəmizdə poeziya nümayəndələrindən biri yaşayır. Deməli, şeiri sevməyə bilmərəm. Özümü dərk edəndən ədəbiyyat nümunələri ilə bərabər anamın yazdığı şeirləri də oxumuşam. Bibim də filoloqdur. Ümumiyyətlə, inanmıram ki, kimsə poeziyadan uzaq olsun, ədəbiyyat oxumadan yaşaya bilsin.
- Ən çox bəyəndiyiniz şair və ya yazar hansıdır?
- Namizədlik dissertasiyamı Azərbaycanın lirik şairi Füzuliyə həsr etdim. Fizuli mənim üçün poeziyanın zirvəsidir. Gözəl ədəbiyyatçılarımız çoxdur. Bəlkə də Fizulidən sonra satirik şairimiz Sabirin adını çəksəm qəribə gələr. Amma həqiqətən, Sabir dəryadır. Türk ədəbiyyatı deyəndə, ilk ağlıma gələn Nazim Hikmətdir. Bəyəndiyim şairdir. Amma mənim üçün Orxan Vəli yaradıcılığı da önəmlidir. Ümumiyyətlə, sənət elədir ki, bütün əsərlər mükəmməl deyil. Yaxşısı da, pisi də var. Sadəcə, hərə öz zövqünə, dünyagörüşünə görə dəyərləndirir.
- İndiki gənc yazarlardan kimləri oxuyursuz?
- Son dövr ədəbiyyatı, xüsusilə gəclərin yaratdığı ədəbiyyat çox vaxt tənqidə məruz qalır. Onlar, hardasa bizim müstəqilliyimizlə yaşıddır və düşüncələri fərqlidir. 40-ci, 50-ci illərin gənci traktordan, kolxozdan, kommunist partiyasından yazırdı. Çünki ona təlqin olunan bunlar idi. Bu gün dəyişən, demokratikləşən cəmiyyətdə müxtəlif fikirli gənc yazarlarımız var. Onların yazdıqlarını həvəslə oxuyuram. Lakin bəzən elə nümunələrlə rastlaşıram ki, həqiqətən, bunları ədəbiyyata gətirmək olmaz. Axı, ədəbiyyat mənəviyyatdır. Aralarında istedadlı gənclərimiz də var. Birinin adını çəksəm, düşünürəm, başqları inciməz. Keçən il Milli kitab mükafatı alan Qaraqanın “Milyonçu olmaq istəyirəm” və “A” romanlarını oxumuşam. Düzdür, onu plagiatlıqda tənqid etdilər. Amma bildiyim qədər, o romanları yeniyetmə yaşlarında yazmışdı və fikrimcə, kifayət qədər püxtələşmiş qələmi var.


“Əsəbimi korlamamaq üçün kanalı dəyişirəm”



- Televiziya proqramlarını izləyirsiz?
- Çalışıram, günün hansı saatında və hansı kanalda olmasına baxmayaraq xəbərləri qaçırmayım. Daha çox intellektual verilişləri izləyirəm. Televiziyaya sadəcə informasiya almaq üçün yox, həm də dincəlmək üçün baxıram. Gözəl musiqi nümunəsi olan proqramları izləyərəm, amma bayağılıq olan yerdə əsəbimi korlamamaq üçün kanalı dəyişirəm. Yaxşı bir film izləməyi də özümə rəva bilirəm. Bu, günün yorğunluğundan, stresindən qaçmaq üçün bir vasitədir. Bundan əlavə lazım olan kitabın bir səhifəsini oxuyandan sonra, mənəvi rahatlıq tapdığımı düşünürəm.
- Sizcə, “Toy olsun” kimi verilişlər Azərbaycan tamaşaçısına nə qədər lazımdır?
- Müəyyən yaşı keçmiş, ailəsi dağılan, köməyə ehtiyacı olanların bu tip verilişlərdə çıxış etməsi normal qarşılanmalıdır, çünki heç bir insan həyatda tək yaşamağa məhkum edilməməlidir. Amma 18, 20 yaşındakı qızların efirə çıxıb “məni evləndirin, həyat yoldaşı tapın” deyə, ağlamasını qəbul edə bilmirəm. Eyni zamanda oğlanların da... Yəni, onların ətrafında xanımlar o qədər azdırmı? Həm də ordakı cavan qızlarda qüsur axtarmaq, qaşı belə, səsi belə deyib, cəmiyyətin mövzusuna çevirmək yolverilməzdir. Ailə daim qapalı və əlçatmaz məfhumdur.
- Mədəniyyət Komitəsinin üzvü kimi bu sahədə təklifləriniz olubmu?
- Bu kimi verilişlərə münasibət birmənalı deyil. Dəfələrlə mətbuatda çıxışlarmız olub. Televiziya nümayəndələrini komitəyə dəvət edirik, danışırıq. Alınan cavabsa bu olur ki, biz reklam sayəsində yaşayırıq, reklamçılar isə şou verilişlərinə pul verir. Bu həqiqətən mənim üçün də ağrılı məsələdir. Yəni Azərbaycanda bu qədər müğənni, rəqs edən var? Ulduz müsabiqələrinin əvəzinə elm yarışması üzrə müsabiqə təşkil etmək bizim qazancımız olar. Proqram rəhbərlərisə bu layihələrə pul tapmdıqlarından gileylənir. Deyirlər ki, belə verilişlərə sponsurluq etmirlər. Belə olmamalıdır. Cəmiyyətdə tamaşaçının zövqünü ziyalılar formalaşdırır. Zövqsüz təbəqənin fikriylə hesablaşıb, ona doğru yuvarlanacağıqsa, o zaman mədəniyyətdən söhbət gedə bilməz.
- Jalə Əliyeva üçün sevgi sözü nəyi ifadə edir?
- Bu sözün mənim üçün böyük anlamı var. Bəziləri sevgi deyəndə yalnız qadın-kişi münasibətlərini düşünür. Hətta uşaq yanında da bu sözü deyəndə utanır. Sevgi anadır, atadır, Vətəndir, övladdır. Məsələn, mənim işim sevgidir. Sevgi geniş anlayışdır. Onu ucuzlaşdırmaq olmaz. Sevgi ilə nifrət arasında məsafə bir addımdır, deyilirsə, demək ki, sevginin nifrətə çevrilməsi də çox təhlükəlidir (gülür).
- Maraqlıdır, geyim seçiminə xüsusi önəm verirsiz, yoxsa nə yaraşır onu geyinirsiz?
- Geyimə münasibətim fərdidir. Bahalı marka və ya dəbdə olan əlbisələri yox, özümə yaraşanı seçirəm. Yaraşmırsa nə qədər desələr də, nə bilim bu model Fransada yaranıb, harda yaranıb yenə onu geyinməyəcəm. Həm də hər yerin özünə uyğun geyim tərzi var. Bunu xüsusilə, gənc qızlar unutmamalıdır. Əslində, indi hiss olunur ki, vəziyyət yaxşıdır. Azərbaycan müstəqil olandan sonra, o günə qədər bizə yasaq ölkələrin geyim tərzləri ekran vasitəsilə ortaya çıxdı. Əksər insanlarda belə təsəvvür yarandı ki, səhnə geyimində küçəyə, küçə geyimində isə işə getmək olar. Bunlar fərqlidir və qarışdırmaq olmaz.
- Sevimli məşğuliyyətiniz nədir?
- (Dərindən ah çəkir) Rahatca başımı bir yerə qoyub dincəlmək... Və ruhu rahatladacaq musiqi... Son vaxtlar istədiyim yalnız budur. Özümə qayıtmaq üçün balaca bir guşədə sakitcə oturub, gözümü yumaraq və ya lirik müsiqiyə qulaq asaraq dincələ bilərəm. O anda səli-küylü bir yerə də gedə bilərəm. Yəni bu ovqatımdan asılı olaraq dəyişir.
- Belə görünür ki, çox vaxt yorğun olursuz...
- Demək elə hiss olunur? (gülür). Bəzən mənə elə gəlir ki, bütün işləri çatdırmağa 24 saat kifayət etmir. Amma bu mənim seçimimdir və bununla fəxr edirəm. Seçilmiş olmaq hər insana qismət olmur. Allah bunu mənim taleyimə yazıbsa, bu yolu gedəcəm. Anam Nurəngiz Günün şeirindəki kimi, “yol gedəcəm, yol olanadək”. ...Məqsədlər, hədəflər və bunların bizə verdiyi məsuliyyət var. Ona görə də yorğun olmağa ixtiyarımız yoxdur.

Arifə Mikayılova (“Simasar” jurnalı)

 






6 Yanvar, 2012  18:21 Baxılıb: 5100 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner