Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“MƏNİM HƏLƏ ANAR OLMAĞIMA GÖR NƏ QƏDƏR VAR...”

Aqşin Yenisey: “Rafiq Tağının öldürülməsi Azərbaycan ədəbiyyatını tanıtdı”

Telefon danışıqlarından müsahibə verməkdən, sual atəşinə tutulmaqdan qorxduğunu zənn etsək də belə deyilmiş. Onun da azadlığının, böyük şair olmaq istəyinin qarşısında duran ən böyük problem məişət qayğılarıdır. Dediyinə görə baş qaşımağa vaxtı yoxdur. Amma yaxşı ki, bizə ayırmağa vaxt tapdı. 
“Gənc yazarlar” rubrikasının bu dəfəki qonağı Aqşin Yeniseydir.


- Sizi yazmağa nə vadar elədi?

- İlk şeirimi 9 yaşımda sırf ailə söhbətləri zəminində yazmışam. «Lenin baba yolunda» şeirini öyrənmək istəmirdim. Dedim bu nə şeirdir, bundan gündə 50-sini yazaram. Dedilər ki, bəyənmirsən birini də sən yaz, baxaq. Yazdım və bəyənildi. Cəmi 3 bənddən ibarət şeirin adı «Bibimin taley i» idi. Sonra mövzular verdilər və yazmağa başladım. Sözsüz ki, onlar bir o qədər də uğurlu şeirlər deyildi, amma başlanğıc üçün tranpilin rolunu oynadı. 12 yaşımda 2-3 şeirim rayon qəzetində çap olundu. Amma, sonradan 2000-ci ilə qədər nə yazmışdımsa, onların hamısını cırıb, atdım. Çünki, o vaxtda qədər mən dünya ədəbiyyatı ilə tanış deyildim. Yalnız Bakıya gələndən sonra Mark Tveni, Dostoyevskini və digərlərini oxumuşam.

- İlk şeirlərinizi sifarişlə yazdığınızı deyirsiniz, indi də sifariş qəbul edirsiz?

- İndi də sifarişlə yazıram, amma vicdanımın, qəlbimin sifarişi ilə...

- Yazar mütləq Yazıçılar Birliyinə üzv olmalıdır?

- Bu məni də düşündürür. Müasir Azərbaycan ədəbiyyatının şedevr nümunələri həmişə Yazıçılır Birliyindən kənarda yaranıb. Vaqif Bayatılı, Ramiz Rövşən, Vaqif Səmədoğlu bu birliyə o qədər də yaxın deyil. Yazıçılıq inzibatçılığı, səs-küyü, qələbəliyi sevmir. Yazıçılar Birliyində isə o işlərlə məşğul olurlar ki, onlar ədəbiyyata aid deyil.

- “O” hərfi ilə “B” hərfinin fərqi çoxdur?

- Yazılışlarında fərq var. AYO-da heç vaxt inzibati məsələlər müzakirə olunmur, bizim binamız da yoxdur. Sərbəst şəkildə hansısa bir çayxanada, kafedə oturub, yazılarımızı müzakirə edirik.

- Onda AYO-nun yaranmasında məqsəd nə idi?

- AYO-nun məqsədi Azərbaycan yazıçısını inzibati, siyasi buxovlardan azad etmək, yazıçının üzərində olan total dövlət nəzarəti haqqında mifi dağıtmaq idi. Yazıçılar Bİrliyi dövlətin bir strukturudur və buradakı tədbirlər yuxarıdan müəyyənləşdirilir. Mən də AYB-yə gedib-gəlmişəm və az bir zamanda orada ədəbiyyat olmadığının şahidi olmuşam.

- Ümumiyyətlə yazıçıların hər hansı bir qurumda birləşməyi nə qədər vacibdir?

- Təbii ki, qurumda nə şeir, nə də hekayə yazılmır, hamı bunu evində edir. Amma Rafiq Tağını öldürdülər, mütləq bir ədəbi qurum olmalıdır ki, bu məsələyə münasibətini bildirsin. Yazıçılar Birliyi yalnız prokurorluqdan sonra bu cinayət işinə münasibət bildirdi. Halbuki, onlar bunu hadisənin səhərisi günü etməli idilər. Gözlədilər ki, dövlət bunu cinayət işi kimi qəbul etsin, bundan sonra mövqelərini açıqlasınlar.

- Ədəbiyyat üçün «şünaslıq» vacibdir?

- Hesab edirəm ki, nəzəriyyə vacibdir. Mən özüm də yaradıcılığımdan narahatam, çünki, onun nəzəriyyəsindən xəbərsizəm. Üzeyir Hacıbəyov niyə Motsart, Bethoven kimi dünyada tanınmır? Çünki, onun yazdıqlarının nəzəriyyəsi yoxdur. Orxan Pamuk isə ona görə tanınır ki, o, post-moderinizmə əsaslanaraq yazır və bu prinsiplər dünyada çox məşhurdur. Bizim şairlərimiz nəzəri baxımdan çox kasıbdır.

- Oxucu nə oxuyacağını biləcəksə, nəyə görə oxumalıdır?

- Kütləvi oxucunun zövqü ədəbiyyat üçün meyar olmamalıdır. Azərbaycan ədəbiyyatını Nüsrət Kəsəmənlisiz təsəvvür etmək olar, amma Vaqif Bayatılısız yox. Səməd Vurğun deyirdi ki, şair elə yazmalıdır ki, onu çoban da başa düşməlidir, alim də. Amma alimin təfəkkürü ilə, çobanın təfəkkürünü eyniləşdirmək olmaz.

- Şeirlərinizdən birinə, “tələbələr araq içib, nəşə çəkib, bu şeiri oxusunlar” girişi vermisiz. Bu pis vərdişləri təbliğ etmək deyil?

- Mən yazsam da, yazmasam da bu, cəmiyyətin realığıdır. O şeiri yazarkən sadəcə bu cür ovqatda olduğum üçün oxucuma belə demişəm. Bilirəm ki, o şeirdən zövq almaq üçün nə isə etməlisən.

-Cənnətə inanırsız?

- Fatalist deyiləm. Nə cəhənəmə, nə də cənnətə inanıram.

- Bəs niyə «Cənnətdə terror aksiyası» edirsiz?

- Bu anlayışı düşüncələrdən dağıtmaq üçün belə yazmışam.

- Ümumiyyətlə yazılarınızda islama - yəni sırf “Quran”ın qoyduğu qaydalara qarşı çıxırsız.

- Bu yalnız emosional yazılar deyil. «Zəbur» dan başqa bütün dini kitabları oxumuşam. Bütün bunları, o cümlədən, fəlsəfənin dinə yanaşmasını oxuyandan sonra qərara gəlmişəm ki, xurafatı dindən ayırmaq düzgün deyil. Çünki, din kütləyə təsir etməkdən ötrü mütləq özü öz xurafatını yaratmalıdır. İlkin mərhələdə insanlar təbii fəlakətlərdən qorxduğuna görə, mövhumatı yaratdılar, sonra isə bu mövhumatdan din yarandı.

- İnsanların yaratdığı xurafat başqadır, kamil İslam başqa. Sizin üçün kamil İslam yoxdur?

- Mənim üçün kamil Allah var, kamil din yoxdur. Ümumiyyətlə kamillik Allaha aid olan anlayışdır. İslama tənqidi münasibətimin arxasında primitiv dini prinsiplər dayanır. İslam deyir ki, bu vaxta qədər qadınların heç bir hüququ olmayıb. Amma Məhəmməd peyğəmbərin həyat yoldaşı Xədicə xanım böyük bir ticarətlə məşğul idi. Məhəmməd peyğəmər onun sarvanı işləyirdi. Necə olur ki, hüquqsuz cəmiyyətdə qadın bu boyda mülkiyyət hüququna malik olur? Hansı ki, indi də ərəb və ya müsəlman cəmiyyətlərində qadınların belə bir hüquq əldə etməsinə nadir hallarda rast gəlinir. Din haqqında danışanda bəşəriyyətin keçdiyi tarixi prosesləri yaddan çıxarmamalıyıq. Peyğəmbərlik İnstitutu Yerusəlim ərazisində yaranıb və demək olar ki, bütün peyğəmbərlər də ordan çıxıb. “Quran”da da xeyli məsələlər var ki, onlar “Tövrat”da, “İncil”də var və bəzi ayələr isə yalnız ərəblərə aiddir. Məhəmməd peyğəmbər bilirdi ki, artıq cəmiyyət inkişaf edib. Ona görə sonuncu peyğəmbər olduğunu deyirdi və peyğəmbərlik instituna ehtiyac olmadığını söyləyirdi.

- Məsələyə tarixi və siyasi tərəfdən yanaşırsız, ilahi tərəf qalır... Maraqlıdır, Rafiq Tağı vəfat edəndə onun qəbrinin üstündə onun yazıları oxundu, yoxsa “Quran”, “Yasin”?

- Əgər Rafiq Tağı özü-özünü dəfn eləsəydi, bunlar olmayacaqdı. Mirzə Fətəli Axundov vəsiyyətinə görə, İslam adət-ənənələrinə uyğun olmayan şəkildə dəfn olunmuşdu. Yəni, 3-4 nəfər dostu onu dəfn etmişdi və sonradan qəbri də itdi.

-Rafıq Tağı əzizlərini, doğmalarını dəfn edəndə “Quran” oxutmayıb? Əminəm ki, oxudub. M.F.Axundovu dövrünün dindarları islam adəti ilə dəfn etməyə qoymayıblar... Bəs milli mentalitetimizdə qoyulan məsələlərə münasibətiniz necədir?

- Dünyanın ən mədəni ölkələrində cəmiyyət ənənələlərlə yox, qanunlarla idarə olunur. Qanunda fizioloji, psixoloji və s. amillər nəzərə alınaraq, qızların 17 yaşdan tez ailə qurmasına icazə verilmir. Bizdə isə bütün amillər kənara qoyulur. Vətəndaş nigahı olmadığına görə, bəzən kişilər bir tərəfdə, qadınlar isə digər tərəfdə qarıyır. Və ya dədə-babadan belə bir söz var: «Əl əli yuyar, əl də üzü». Bu birbaşa rüşvət verilməsinin, rüşvət alınmasının mili mənbəyidir. Əgər milli mentalitet cəmiyyəti öz yerində saymağa məcbur edirsə, “mili mentalitet yorğanı” altında min hoqqadan çıxılırsa, deməli onun yaşamaq hüququ yoxdur.

- Azadlıqdan çox danışırsınız, azadsınız?

- Məişət basqısı olmasa, azadam.

- Sizi ədəbiyyat çox düşündürür, yoxsa cəmiyyət?

- Məni ədəbiyyat daha çox düşündürür. Cəmyyətin mənə verəcəyi bir şey var ki, o da mövzudur.

- Oğlu qucağında ölən atanın halına daha çox ağlayarsınız, yoxsa onu təsvir edərsiniz?

- Əvvəl ağlayaram, sonra da təsvir edərəm. Amma əvvəl mütləq ağlamaq lazımdır.

- Bəzi AYO-çular deyirlər ki, bizə tarix lazım deyil.

- Bu doğru fikir deyil. Amma keçmişə qapanıb, qabağa getmək, gələcəyə dal-dala getməyə bənzəyir

- Aqşinlə necə, gələcəyə getmək olar? Olarsa nə qədər getmək olar?

- Metrə yoxdur yanımda ki, ölçüm, deyim (gülür).

- Anarla «Ağ Liman»dan «Beşmərtəbəyə» qədər 40 il getdik.

- Mənim hələ Anar olmağıma gör nə qədər var...

- Zəif olduğunuzu etiraf edirsiniz?

- 32 yaşım var. Dünyada oxunmuramsa, deməli, hələ ki zəifəm.

- Dünya oxucusunun diqqətini çəkmək üçün nə çatmır?

- Öz üzərimə düşən bir məsələ var ki, o da istedaddır. Amma burada dövlətin də, tərcümə məsələsinin də, dünyanın Azərbaycana münasibətinin də böyük rolu var. Rafiq Tağının ölmündən sonra Avropanın bir neçə jurnalı bizdən müsahibə aldı. Təqribən suallar belə idi: “Nə yazırsınız ki, sizi öldürürlər?” Rafiq Tağının öldürülməsi nə qədər faciəli olsa da, Azərbaycan ədəbiyyatının tanınması baxımından çox əhəmiyyətli bir hadisədir.

- İki yaradıcı insan bir evdə yaşayanda faciə baş vermir?

- Burada da tale məsələsi var. Elə yaradıcı insanlar var ki, bir yerdə yaşamaq onlar üçün xoşdur. Məsələn, alman yazıçısı Stevan Sveyq özünü öldürəndə həyat yoldaşı da onunla birlikdə intihar elədi.

- Bəs siz, Aysel Əlizadə ilə niyə ortaq məxrəcə gələ bilmədiniz?

- Həyat yoldaşı kimi münasibətlərimiz normaldır. Sadəcə mühütimiz bizə imkan vermir ki, bütün ər-arvadlar kimi olaq. O da təkliyə meyillidir, mən də. Yazmaq xətrinə bir-birimizə azadlıq vermişik.


Xatirə Nəsirli
Elmar Hüseynov

 

 






5 Yanvar, 2012  16:40 Baxılıb: 2089 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner