Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«RƏHBƏR OLMAĞI ARZULAYIRAM»-EKSKLÜZİV - FOTOSESSİYA

Saleh Bağırov: «Peşəkar aparıcılar barmaqla sayılaсaq qədərdi»

O, teleaparıcılar arasında öz səmimiliyi, mehribanlığı və insanlarla münasibət yaratmaq bacarığı ilə seçilir. Bəlkə də buna görə, ortaq yayımda TRT- Avaz-ın aparıcıları onu «sevgili Saleh» deyə, çağırırlar. İTV-nin aparıcısı Saleh Bağırovla müsahibəmiz çox səmimi alındı. Onunla bütün mövzularda danışdıq. Evlənmək istəyini də, rəhbər olmaq arzusunu da bizimlə bölüşdü.

- Teleaparıcı olaraq, həmişə müsahibə götürürsüz, indi isə müsahibsiz. Özünüzü bu vəziyyətdə necə hiss edirsiz, hansı daha asandır?
- Müsahibə almaq daha asandır. Çünki sən əvvəlcədən hazırlıqlı olursan, bilirsən ki, hədəfin nədir, kiminlə söhbət edəcəksən, amma qarşı tərəf onu nə gözlədiyini bilmir. Mənə gəlincə, istərəm ki, elə aparıcı özüm olum, sualı da mən verim.

- Jurnalistikaya televiziyadan başlamısız?
- Yox, radiodan. 2000-ci ildə universitetin 4-cü kursunda oxuyanda «Antenn FM»-dən gəlib seçim etdilər. Məni radioya işə götürdülər. Həmin vaxt efirdə başqa aparıcı yox idi. Efirdən anlayışım olmadığı halda məni 4 saatlıq canlı yayıma buraxdılar. Orada mən əsdim də, çaşdım da, amma bəyəndilər. 4 il orada işlədim. Televiziyada fəaliyyətimə isə İTV-dən başlamışam. Oranın ilk aparıcılarından olmuşam. Efir mənimlə açılıb, mənimlə bağlanıb. Radio və televiziyadakı fəaliyyətimi bütövlükdə götürdükdə 10 ildir ki, efirdəyəm.

- Özünüz tamaşaçı kimi televiziyaya baxırsız?
- Bəzən telekanalarda işləyənlər televiziyaya baxmadıqlarını deyirlər. Düzdür, indiki dövrdə hər kəs vaxt azlığından gileylənir. Amma televiziyaya baxmaq mənim sevimli məşğuliyyətlərimdən biridir. Məsələ ondadır ki, bəzən televiziyaya adi tamaşaçı kimi baxmaq, istirahət etmək istəyirəm, amma mümkün olmur. Mütləq fikrim rejissor işinə, aparıcının suallarına, studiyanın qurulması və digər nüanslara yayınır. Bir də görürəm ki, veriliş qurtardı. Konkret hansısa verilişi seçib baxmıram. Hansı oldu baxıram. Rusiya televiziyalarına daha çox baxıram.

- Televiziyaların bugünki durumu çoxlarını qane etmir...
- Bizim müstəqil telekanallar çox gəncdir. Hesab edirəm ki, bu zaman kəsimi telekanalı qurmaq üçün çox qısadır. Buna baxmayaraq, uğurlu verilişlər də az deyil. Doğrudur, arzuolunmaz məqamlar var, peşəkarlıq çatışmır. Teleaparıcıların vəziyyətinə gəlincə, işinə peşəkarcasına yanaşan aparıcılar barmaqla sayılacaq qədər azdır. İstərdim ki, aparıcılar üzərlərində işləsinlər...

- Bəzi aparıcılar qonağa hörmət qoymur, sözünü kəsir, öz fikirini diqtə etməyə çalışır.
- Açığı bunu qeyri-peşəkarlıq hesab edirəm. Özünə hörmət edən aparıcı belə bir şey etməməlidi. Qonağı danışmağa çağırmısan, onun yerinə danışmağa yox.

- Televiziyada özünüzə rəqib görürsüz?


- Biz hamımız eyni hədəfə çalışırıq, eyni millət üçün işləyirik. Heç kimi özümə rəqib görmürəm. Doğrudur, əslində hamımız bir-birimizə rəqibik. Hamımız istəyirik ki, işimiz daha yaxşı olsun. Amma rəqabət də yaxşı formada aparılmalıdır.

- Hansı aparıcıları bəyənirsiniz?
- Bəyəndiyim aparıcılar çoxdur. Korifey aparıcıları müzakirə etmək bizim səlahiyyətimizdə deyil. Öz dövrümün aparıcılarına gəlincə, Nəsib Nurun, Anar Nəcəflinin, Günelin, Leylanın, Hüsniyyənin adlarını çəkə bilərəm.

- Qonaq tapmaqda çətinlik çəkirsiz?
- Doğrusu, gündəlik verilişə qonaq çağırmaq çox çətindir. Buna baxmayaraq, işimiz qaydasınca gedir. Bəzən problemlər olur, qonaq gəlib çıxmır, dərhal başqasını axtarmalı və buna görə mövzunu dəyişməli olursan. Bunlar iş prosesində olan şeylərdir.

- Verilişinizə sadə adamları çağırsanız necə olar?
- Bizdə audutoriya var. Mən audutoriyanın yalnız əl çalmaq məqsədilə yığılmasının heç vaxt tərəfdarı olmamışam. Həmişə onların da fikrini öyrənirəm, mövzulara qatılmalarına şərait yaradıram.

- Ən yaddaqalan qonaqlarınız kimlər olub?
- Biz hər gün bir neçə qonaq çağırırıq, ona görə, onları yadda saxlamaq çətindir. Amma buna baxmayaraq, yaddaqalan müsahiblərim olub. Fəxr edirəm ki, Allah mənə qismət elədi, Çingiz Aytamatovla 40 dəqiqə müsahibə aldım. «Avroviziya-2004»-ün qalibi Ruslana, Oljans Süleymanov və görkəmli ziyalılarımızla maraqlı müsahibələrim olub.

- Aparıcılıq edərkən maraqlı hadisə ilə üzləşmisiz?
-Bir dəfə səhər saat 7 idi, hamımızın gözündən yuxu tökülürdü. Süjet var idi və onu elan etməli idim. Bilmirəm necə oldusa dedim ki «Əziz tamaşaçılar indi tarixi abidələrimizdən biri haqda sujetimiz var. «Mömünə Xatun Turbası» - dedim və dayandım. Bir də onu gördüm ki, kameranın arxasındakılar gülməkdən özlərini saxlaya bilmirlər. Bununla da hamının yuxusu qaçdı.

- «TRT-Avaz»la ortaq yayım çətin olmurdu ki?
- Bu rezonans doğuran və çətin bir proqram idi. Çünki sən öz ölkənin adından beynəlxalq arenaya çıxırsan. Danışığın, sözün, qonaqlarınla ölkəni təmsil edirsən. O veriliş, əslində bizim mili-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, sənətkarlarımızı, folklorumuzu, elmimizi təbliğ edən bir verilişdir. Həmçinin türk dünyasının bir araya gəlməsində böyük xidmətləri olan proqramdır. Doğrudur, texniki problemlərlə bağlı veriliş dayandırılıb, amma böyük ehtimalla yeni ildən efirdə olacaq.

- Biz türk mətbuatını izləyərkən, dillə bağlı bəzi çətinliklər çəkirik, canlı yayımda bunun öhdəsindən necə gəlirdiz?
- Əvvəllər problemlər olurdu. İkili pəncərədən dinləyirdim, amma başa düşmürdüm. Gözümlə redaktorlara işarə edirdim ki, tez mənə desinlər. Amma ünsiyyətdə olduqca bu problem öz həllini tapdı.

- Efirlərdəki şou-proqramlar və əcnəbi seriallara çox deyil?
- Məncə, o da lazımdır, amma hər şey normada olmalıdır. Televiziya əsasən insanları maarifləndirməli, kütlənin zövqünü formalaşdırıb, arxasınca aparmalıdı.
- Axı bizdə belə deyil...
- Əfsuslar olsun ki, bizdə televiziyalar kütlənin arxasınca gedir. Ümumilikdə kanalların vəziyyətini nəzərdə tuturam. Tamaşaçının istəyinə uyğun verilişlər hazırlanır. Verilişi tamaşaçıların səviyyəsinə deyil, tamaşaçıları verilişin səviyyəsinə uyğunlaşdırmaq lazımdır. İTV yaranandan bu məsələ bir qayda olaraq, əsas götürülüb. Bizdə ucuz-şoular, SMS-lə olan yarışmalar yoxdur. Yalnız Avroviziya yarışmasıdır ki, bu da Avropa Yayım Birliyinin tələbinə uyğundur. Çox arzulardım ki, elə bir proqram hazırlayaq ki,tamaşaçının zövqünü oxşasın. Məncə, bu gün teleməkanda ciddi şəkildə uşaq verilişlərinə diqqət yetirilməlidir. Əyləncə yetərincə, hətta lazım olduğundan da çoxdur, siaysi polemikalar, debatlar var. Demək olar ki, uşaq verilişləri yox dərəcəsindədi. Vətənpərvərlik mövzusunda keyfiyyətli verilişlərə də ehtiyac var.

- Saleh bəy, Ofeliya xanım qonağımız olarkən sizi daha çox bəyəndiyini, aktyor Sadıq Salehin nəvəsi olduğunuzu bildirdi. Aktyor kimi özünüzü sınamaq fikriniz yoxdur ?
- Bu cür böyük sənətkarın aparıclar arasından məni bəyənməsinə çox sevindim. Əslində, mən İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm və üç il aktyor işləmişəm. Öz ərizəmlə teatrdan çıxmışam və buna görə qətiyyən peşman deyiləm. Ora qayıtmaq fikrim yoxdur və olmayacaq da.
Tanınmış adamlar, xalq artistləri, əməkdar artistlər mənə doğru addım atdığımı deyirlər. Axı, teatrda nə var? Əslində, Azərbaycan teatrının zəngin kökləri var. Çox təəssüf ki, onlar indi yaşamır. Teatra maraq yoxdur. Şəxsən mənim işlədiyim illərdə gənc kadrlara qətiyyən imkan verilmirdi ki, onlar özlərini göstərsinlər. Yaxşı ki, bu səbəblər yarandı, mən də teatrdan uzaqlaşdım. Amma nə vaxtsa, hansısa maraqlı bir layihədə iştirak etmək imkanı yaranarsa, bunu edərəm. Bilirəm ki, öhdəsindən yüksək səviyyədə gələrəm. Teatra bağlanmaq isə mənlik deyil.

- Bəzi aparıcılar bir qədər tanındıqdan sonra «ulduz xəstəliyi»nə tutulurlar? Siz necə, bu xəstəliyin simptonlarını özünüzdə hiss etmirsiniz ki?


- Mənim ətrafımda olanlar, dostlarım da deyə bilər ki, bu, məndə yoxdur.

- Evlisinz, yoxsa subay?
- Xalis subayam. Sizə bir şey deyim ki, 2012-ci ilə böyük ümüdlərlə gedirəm. İnanıram ki, 2012 mənim ilim olacaq. Bu il şəxsi həyatımda da dəyişiklik etmək istəyirəm. Ancaq hər şey Allahın öz əlindədir.

- Sizə evlilik təklif edən qızlar olur?
- O qədər… Bəlkə də indiyədək subay qalmağımın səbəbi də budur (gülür).

- Televiziyada yaşlı görünürsüz...
- Yox, o qədər də yaşlı deyiləm. 30 yaşım var.

- Tanınmağın yaxşı və pis cəhətləri hansılardır?
- Tanınmağın çox yaxşı cəhətləri var. Doğrudur, bəzi məqamlar olur, adam deyir ki, «ay-ay… kaş ki, burda məni tanımayaydılar. Amma bu, çox az olur. Yaxşı cəhətləri daha çoxdur. Hər yerdə insanlardan hörmət görürsənsə, bunun nəyi pisdir ki!?

- Metroda qiymətlər qalxıb, bunun sizə aidiyyatı var?
- Var. Çünki, qar yağanda mən maşından istifadə etmirəm, düşürəm metroya. Həm də təkcə özümə görə yox, ətrafımda çox insanlar var ki, metrodan istifadə edirlər. Özüm də il yarım bundan öncəyə qədər metrodan istifadə edirdim. Mənə elə gəlir ki, bu olmamalıdır. Çünki, metro dünyada ən ucuz transport hesab olunur. Bizim yaşayış tərzimiz də nəzərə alınsa, hesab edirəm ki, metroda qiymətlər aşağı endirilməlidir.

- Özünüzü daha hansı sahələrdə sınamaq istərdiz?
- Açığını deyim ki, məni həmişə rəhbər mövqelər çəkir. Hansısa bir sahədə - ofisdəmi, şöbədəmi rəhbərlik edə bilərəm. Yerini bilməsəm də bilirəm ki, hardasa, nə vaxtsa rəhbər olacağam. İnsanda istək olmalıdır. Həmişə aparıcı olmaq istəmişəm. Özü də gəlib-gedən aparıcılardan yox, yadda qalan aparıcılardan. Bunun üçün indi də öz üzərimdə işləyirəm, hər gün nə isə oxuyuram.




Xatirə Nəsirli
Elmar Hüseynov

 






27 Dekabr, 2011  17:36 Baxılıb: 2841 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner