Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TEHRANDA 3 GÜN

Bu 3 gün ömrümün sonuna qədər yadımdan çıxmaz...  

Boz-qara şəhər
2 ay idi ki, ondan razılıq xəbərini gözləyirdim. Nə də olsa, “ulduz”-dur axı. Bir filmdə canlandırdığı “Həzrəti Yusif” obrazı omrünün sonuna qədər ona “ulduz” deməyə əsas verir. Bəli, ağayi Mustafadan gözləyirdim xəbəri. Qəfil bir zəng Mustafa bəyin köməkçisi xəttin o başından danışır:
-Salam-aleykum xanım. Haluuuz yaxçıdı? Xanıııım, siz düşənbə Tehrana gəlirsiz, inşallah?
Bir anlıq çaşbaş qaldım, bu kimdi, düşənbə həftənin hansı günüdür, amma özümü itirmədən, bəli, gəlirik cavabını verdim. Telefon danışığımız çox qısa alınmışdı və mən düşənbə hansı gündürsə həmin gün Tehranda olmalıydım. Farsca bilən yoldaşlarla əlaqə saxlayıb “düşənbə”-nin bazar ertəsi olduğunu öyrəndim. Bir az rahatladım, hazırlaşmağa düz 3 gün vaxtımız var...
3 günlük səfərə hazırlaşıram. Mənimki də işdir?! Yola çıxacağım gün yaxın adamın toyudur, getməmək də olmur. Nə edim, gedib toyda 3 saat iştirak etdim, sonra “yolçu yolunda gərək” - deyib düz Tehrana üz tutdum. Fotomüxbirimiz Əjdərin xarici pasportunun vaxtı bitdiyindən dizayner Səxavətlə getməli oldum. Təyyarəyə minik başladı, elə yorğun idim, oturmağımı gözləyirdim ki, yatım...
Kaş ki, farsca 3 kəlmə biləydim
Bir də ayıldım ki, gecə saat 3-dür və Tehranda “İmam Xomeyni” adına hava limanındayam. Başqa bir aləmə düşmüşdük. İnsanların geyimləri, üzlərindəki ifadələr, dilləri tamam yad. Əlimizdə gedəcəyimiz otelin ünvanı. Taksilər olan yerə yaxınlaşdıq. Burda baş verənlərdən sonra ürəyimdən heç vaxt istəmədiyim bir arzu keçdi: “kaş ki, farsca 3 kəlmə biləydim”...
...Azərbaycanca az-maz bilən bir nəfər tapıb, onun taksisi ilə otelə yollandıq. Hava limanından otelə qədər nə az-nə çox, düz 3 saat yol getdik. Səhərə yaxın idi. Artıq oteldə idik. Bakıdaykən otel rezervasionu etdirmişdik, amma farsları başa sala bilmirik. Nəinki azəricə heç ingiliscə də anlamırlar. Axır kağızlara özümüz baxıb, adlarımızı onlara göstərəndən sonra otaqlarımıza qalxa bildik...
...Tehranda yenicə açılmış bir düşənbə günü. Naharımızı edib, nömrə almaq üçün şəhərə çıxdıq. Xoşbəxtlikdən otelin qarşısındakı taksilərdən biri cənubi azərbaycanlı çıxdı. Elə bil doğma atamızı görmüşdük. Ondan nömrə almaq üçün bizə kömək göstərməsini xahiş etdik. Sağ olsun, yenə də bizimkilər. Nömrə almaq üçün oteldən xeyli uzaqlaşdıq. Telefon və mobil nomrə satışı olan bir mağazaya daxil olduq. Yanımızdakı yoldaş qaşları yarıdan kəsilmiş, dodaqları silikonla şişirdilmiş, saralmış saçlarının yarısı bayırda, yarısı yaylığın altında qalmış satıcı qıza nə isə başa saldı. Qız bizdən pasportumuzu tələb etdi. Nəsə yazıb-pozandan sonra Səxavətin barmağının izini götürdü. Çətinliklə də olsa, nömrə ala bildik. Otelə qayıdıb nömrənin aktivləşməsini düz üç saat gözlədik. Bakıdan gələndə simsarlarımız bizə burada film studiyalarından birinin rəhbəri Həsən Nəcəfinin də nömrəsini vermişdi ki, çətinliyimiz olsa onunla əlaqə saxlayaq. Yaxşı ki, Həsən bəyin nömrəsini götürmüşük...
İrancell artıq aktivdir, amma nə fayda? Hardan alım Azərcelli ki, normal danışa bilim? Mustafa Zamaniyə nə qədər zəng edirəm, bir qız farsca nəsə deyir. Belə başa düşdüm ki, ağayi Zamani telefonunu söndürüb. Həsən bəyi aradım. Cənubi azərbaycanlı idi, onunla danışmaq çox rahat oldu, ünvanı başa salaraq bizi ofisinə dəvət etdi. Gəl ki, biz ünvanı taksilərə zülümlə başa sala bildik. Qaldığımız yer İnqilab və Dəmavənd adlı küçələrin kəsişməsində yerləşirdi. Uzun bir küçə idi. Getdikcə ətrafa baxmaq məni vahimələndirirdi. Burada bina arxitekturası da çox fərqlidir. Evlər bir-birinin içində kələ-kötür vəziyyətdə, uçuq yerlər nə qədər istəsən. Reklam bannerlərində isə ancaq dini liderlərin şəkilləri. İkitəkərli motosikletlərin səsi isə qulaq batırır. Birində 4-5 nəfər birdən oturur. Xülasə, burada dəbdəbəli bina, səliqəli küçə, bahalı maşın görmədim... Həsən bəyin ofisinə gəlib çatdıq, sağ olsunlar bizi çox gözəl qarşıladılar. Çay süfrəsində başlayan söhbətimiz nahar süfrəsi ilə davam elədi. Söhbətindən məlum oldu ki, Həsən bəy çəkdiyi filmlərdə Azərbaycan aktyorlarına müraciət edir. Belə ki, bizim tanınmış aktyorlar Qurban Məsimov, Kamran Yunis, Xalidə Cəlilova, Zülfiyyə Hüseynova, Gülzar Qurbanova Həsən bəyin çəkdiyi filmlərdə baş rolları canlandırıblar. “8-ci səma” adlı sonuncu filmi də artıq hazırdır...
Düşənbə bitdi
Həsən bəylə söhbət etmək nə qədər maraqlı olsa da, biz Mustafa bəylə görüşməli idik. Həmyerlilərimizdən birini – Rza adlı gənci bizə bələdçi verən Həsən bəy, bizi ona tapşırdı. İlk öncə “Həzrəti Yusif” filminin rejissoru Fərəcullah Sələhşurla görüşdük. Onunla xeyli sohbət edib məlumatlar aldıqdan sonra, Mustafa bəyin qaldığı evə yollandıq. Ağayi Zamaniyə hələ zəng çatmırdı. Məkana gəldik, ancaq burada da heç kəs yox idi. Bəli, “ulduzluq” bəlası. Artıq qaş qaralırdı, tanımadığımız nabələd yer, Rza da işi olduğunu deyib, bizdən ayrıldı. Qayıtdıq otelə. Düşənbə bitdi. Amma Mustafa bizimlə görüşmədi. Sabahısı yenə həmin yerə getməli idik. Bu dəfə şəhərarası marşrutdan istifadə etməyi qərara aldıq. Burada avtobuslar metro sistemi ilə işləyir. Giriş kartladır, həm də avtobus gedib-gələn yola başqa avtomobil daxil ola bilməz. Odur ki, avtobuslar tıxaca düşmür. Kart alıb avtobusa mindik. Bu nədir? Kim avtobusa daxil olur ya bizə baxıb gülür, ya da kinayə ilə göz süzdürür. Axı nə baş verir? Bir neçə dəqiqədən sonra bu kinayə və gülüşün səbəbini çözdüm. Sən demə, burada avtobuslar dəmir boru ilə iki hissəyə bölünür. Qarşı tərəfdə qadınlar, arxada isə kişilər əyləşir. Mən də bilmədən kişilər olan tərəfdə əyləşmişəm... 
Ağayi Mustafanın qaldığı evə gəldik. Yenə fars dili problemi. Evdəki gənc bizə nə isə başa salmaq istəyir, amma biz başa düşmürük. Eyni zamanda o da, bizi anlamır. Lallar kimi əl-qol hərəkətləri ilə bir-birimizi başa sala bildik. Oğlan bizə əli ilə Mustafanın yatdığını bildirdi. Saat 6-da gəlməyimizi söylədi. Saat isə hələ üçdür. Nə edək ki vaxt keçsin? Bir az şəhərdə gəzək, həm də reportaj üçün şəkillər çəkək dedik. Eyni zamanda nahar da edək. Tehrana gedəndən süzülmüş düyü yeməkdən yorulmuşduq. Yeməyə başqa heç nə tapmırdıq. Fikirləşəndə ki, yenə düyü yeyəcəyik...
Tehran parkları
...Naharımızı edib, zibilliklər və söküntülərlə dolu şəhəri gəzməyə başladıq. Ürək açan bir şey tapa bilmədik. Hər tərəf boz və qara rəngdə idi. Gəzə-gəzə bir “parka” gəlib çıxıdıq. Saralmış oturacaqlara, içi toz basmış qupquru fəvvarəyə baxanda Bakımızla fəxr elədim. Bəzilərinin haqqında kinayə ilə danışdıqları parklarımız, fəvvarələrimizlə qürur duydum. Biz İranın hansısa əyalətində olsaydıq, bəlkə də təəccüblənməzdim, amma biz paytaxt Tehranda və buranın mərkəzi küçələrindən birində idik. Qəribə burasındadır ki, şəhərdə necə toz vardısa, əllərimizi nə qədər yusaq da təmiz olmurdu. Bahalıq isə öz yerində. Nəyə əl vurursan əlini yandırır... İçim sıxılırdı, bir anda Mustafa ilə görüşüb buradan qaçmaq istəyirdim. 3 saat keçdi, yenə qayıtdıq Mustafa qalan evə. 3 saat da onun evinin qarşısında gözləməli olduq. Axır ki, gəlib bizi Mustafanın yanına apardılar. Çəkildiyi yeni filmin setində görüşdü bizimlə. Gülərüzlə qarşıladı. Amma vaxtımızı çox alacağını söylədi. Nə deyirik, gözləyərik, qarşımızda bir “ulduz” var sonunda...12 saatlıq gözləmədən sonra bizə müsahibə verən ağayi Mustafa sonda bizi yeməyə dəvət etdi...
Avtobusdayıq yenə. İçəridəki sıxlıq havasızlıq yaratmışdı. Üstəlik də qadınların başa düşmədiyim hay-küyü. Qarşımda dayanan xanım mənə nə isə deyir. Yorğun halda onun üzünə baxıram, başımı yelləyərək “Nə fars” (Fars dilini bilmirəm) deyirəm. Başı ilə hardan olduğumu soruşan qadına Azərbaycandanam deyəndə: “Bıy, bə bayaxdan niyə demirsən azərisən? Mən də azəriyəm, Tehranda yaşıyıram. Bunlar belədirlər qızım, hara getsələr belə səs-küy salacaq, qışqırıb-bağıracaqlar. Mədəniyyət yoxdu bularda. Amma mən Bakıda oldum, orda nə gözəl ehtiram var. Adamlar mehribandılar, bir-birlərinə yer verirlər. Burda elə şeylər olmaz. Bakı necə gözəldir, qızım”. Qadın danışdıqca uşaq kimi ağlamaq istəyirdim, Bakımı istəyirdim. Birdən qadının “Gedək qonağımız ol, qızım” - deməyi məni xəyaldan ayıltdı. “Çox sağ olun”, - dedim. Bir qədər sonra biz də otelə çatdıq. 
Şorba qazanının başında nişan şəkilləri
Tehranda 3-cü – sonuncu günümüz idi. Çıxıb bir az alış-veriş etmək istədik. Açığı brend tapmaq çox çətindir orda. Həm də çox bahalıq. Amma qəşəng şərflər vardı. İran halvası və İran xurması da öz yerində. Şəhərin restoranları və köhnə şərq üslubunda tikilən toy evləri də diqqətimizdən kənarda qalmadı. Üç saatlıq alış-verişdən sonra yenə otelə qayıtdıq. Otelin həyətindəki bəzədilmiş gəlin maşını diqqətimizi çəkdi. Sən demə otelin restoranında toy var. 3 zaldan ibarət restoranın bir zalında kişilər, bir zalında isə qadınlar olur. Əşyalarımızı otaqlarımıza qoyub aşağı şam etməyə düşdük. Biz nahar edəcəyimiz zalda isə nişan mərasimi keçirilirdi. Heyrətdən gözlərimiz açıq qalmışdı. Adətən nişan mərasimində bəy və gəlin tort kəsər, bir-birlərinə bu şirnidən daddırar. Burda isə gördüyümüz mənzərə bizi, sözün əsl mənasında, şoka saldı. Nişanları olan cütlük şorba qazanının başında dayanıb bir-birlərinin boşqabına şorba çəkir və bu anlar da fotoaparatların yaddaşına köçürülür. Nişana gələn qonaqlar kələm salatı, mərci şorbası, süzülmüş düyü və lülə kababa qonaq edildilər. Yeməklər bitdikdən sonra da qonaqlar dağıldı, nişan mərasimi bitdi....
Səhər açılsaydı Bakıya gedərdik
Artıq Bakıya qayıtmaq üçün Hava limanına gedirik. Uçuşa hələ 3 saatımız var. Bu 3 saat, 3 ay qədər uzun gəldi mənə. Gömrük məntəqələrindən keçərək təyyarənin gözləmə zalına gəlib çatdıq. Azərbaycan təyyarəsini görəndə gözlərimizə işıq gəldi. Tehranda yaşadığımız 3 gün, ömürümün sonunadək yadımdan çıxmaz...

İradə Nurəddinqızı


 






20 Dekabr, 2011  20:29 Baxılıb: 5598 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner