Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

LENT.AZ-IN BAŞ REDAKTORU: "OXUCULARIMIZI İTİRMƏKDƏN ÇOX QORXURUQ" -EKSKLÜZİV

Onların taleyini həll etmirik, o taleyi əks etdiririk

Onunla söbhətimiz ad gününə təsadüf etdi. Özü dediyi kimi, müsahibəni təyin edəndə ayın hansı günü olduğunu düşünməyib. Sadəcə cümə günü boş olduğunu nəzərə alıb. Lent.az- xəbər portalının baş redaktoru Qabil Abbasoğludan oxucuları maraqlandıran bəzi suallara cavab alamğa çalışdıq. Söhbətə Azərbaycanda jurnalistikanın bügünkü durumu ilə bağlı sualla başladıq. 

- Redaksiyaların iqtisadi müstəqilliyi, reklam bazarı ilə bağlı hələ tam həll olunmamış məsələlər var. Amma çalxalanan və özünü sağa-sola vuran jurnalistika dövrü artıq durulma mərhələsinə çatıb. Sanballı kütləvi informasiya vasitələri bu mərhələni aşa biliblər. Sadəcə, xırda-para məsələlər var. Dünya təcrübəsi və tarixi göstərir ki, belə mərhələləri hamı keçib. Söz azadlığının pozulması məhz azərbaycanlı olduğumuz üçün deyil. Amerikada, Almaniyada, Türkiyədə də belə olub. Bu gün Azərbaycanda söz azadlığı var. O azadlığın vəziyyəti, ona müdaxilələrin hansı səviyyədə olması kimi problemlər isə zamanla həll olunacaq. Bu, zərurətdi, aşıb keçəcəyik.

- Qəzetdə çalışmaq asandır ya informasiya portalında?
- Əlbəttə, internet medianın işi fiziki baxımdan daha asandır. Qəzet sənayesi həm menecer, həm də müxbir üçün çox çətindir.

- Gündəlik medianı izləyən şəxs kimi indiki jurnalistlərin işi sizi qane edir?
- Bütövlükdə götürəndə, bəli, qane edir. Yalnız bir narahatlığım var: sanki gənc nəslin jurnalistləri bir az məlumatsızdır. Məsələn, gənclər bəzən dünya şöhrətli yazıçını, nobel mükafatçısını tanımır, əsərlərini oxumurlar. Bu jurnalistikanın gələcəyinə xələl gətirən xüsusiyyətdir. Oxumağı, məlumatlı olmağı yalnız jurnalistlərə yox, ümumiyyətlə Azərbaycan cəmiyyətinə arzulayıram. Azərbaycanı xilas etməyin başqa yolu yoxdur.

- Sizcə jurnalistin mövqeyi olmalıdır?
- Jurnalistika mövqesizlik deyil. Jurnalist o vaxt müstəqil olur ki, o, mövqeyini hansısa kənar təsirlə, sifariş və ya tapşırıqla yox, özü müəyyənləşdirir. Bunu hətta ayrı-ayrılıqda kütləvi informasiya vasitələrinə də aid etmək olar. Xəbər siyasətini özü müəyyən edən medianı müstəqil hesab edirəm. Müstəqillik hər hansı siyasi, iqtisadi cərəyanı, təşkilatı müdafiə etməklə ölçülmür. Çünki jurnalistin müdafiə etdiyi təşkilatla aralarında fikir ayrılığı yarandıqda o, həmin təşkilatdan asılı vəziyyətə düşməmək üçün ayrılacaq. Buna görə, iqtisadi müstəqillik vacibdir.

- Bugün hansı xəbərlər oxucunun diqqətini daha çox cəlb edir? Oxucuların sizdən nə istədiyini bilirsiz?
- Maraqlar müxtəlifdir. Reytinq müəyyənləşdirmə əməliyyatları, sosioloji sorğular keçirməklə oxucunun hansı materiallara üstünlük veridiyini öyrənirik. Onların hansı materiala, hansı şəxslərin müsahibələrinə önəm verdiklərini də belə müəyyənləşdiririk. Yəni, təxmini də olsa, oxucuların zövqünü tuturuq. Azərbaycan oxucusu artıq dəyişib. 15 il əvvəl belə deyildi. İndi oxucu dərk edir ki, qəzet, televiziya, xəbər portalı, informasiya agnetliyi onun taleyini dəyişən deyil. Biz oxucunun, hakimiyyətin, müxalifətin, ölkənin və ya Qarabağın taleyini həll etmirik. Biz yalnız o taleyi əks etdiririk. O taleyə təsir edən iqtisadi, siyasi prosesləri çatdırırıq.

- Sizin saytda kriminal xəbərlərə daha çox yer verilməsinin səbəbi nədir?
- Kriminal xəbərlərə məqsədli şəkildə yer ayırmırıq. Dəfələrlə manitorinq keçirmişəm, kriminal xəbərlər sayca digər kateqoriyalı xəbərlər sırasında 3-cü, 4-çü yerlədə olub.

- Amma lent.az səhəri kriminal xəbərlərlə açır...
- Bəlkə təccüblənəcəksiz, amma bunun çox sadə bir səbəbi var (gülür). İndi deyim, siz də bilin. Bizim redaksiyada iş saat 10:00-da başlayır. Mən saat 09:00-da işə gəlirəm. Saat 9-da mənlə işə gələn yeganə adam bizim kriminal şöbəsinin müxbiri Nizam Rzadır. İşə bir saat tez gəldiyi üçün onun verdiyi xəbərlərlə çalışmalı oluram. Ona görə gün başlayan kimi bizdə qan-dava xəbərləri verilir. İqtisadiyyat və ya idaman müxbiri tez gəlsə təbii ki, birinci onların xəbərlərini verərdim.

- Kriminal xəbərlərin əvəzinə, Azərbaycanda törədilən cinayətlərin səbəbləri barədə araşdırmalar daha maraqlı olmaz?
- Bir neçə belə samballı araşdırma materiallarımız olub. Bunlar insan psixoloqiyası ilə bağlı məsələlərdir. Hər dəfə uşaq intiharları ilə bağlı xəbərlərlə qarşılaşanda dərin stress keçirirəm. Axı, 12 yaşlı uşaq intihara necə qərar verə bilər? Bu müammanı hələ də başa düşmürəm. Görünür, burda səbəb psixoloji sarsıntıdır. Cəmiyyəti bu sarsıntıdan qurtarmaq, müalicə etmək lazımdı. Elə sədlər çəkməliyik ki, bu stress heç olmasa uşaqlara çatmasın. Bunun üçün insanlar daha savadlı, dünyagörüşlü olmalıdır. Valideynlər övladlarının yanında “bu gün çörək pulumuz yoxdur, evdə nə yeyəcəyik” söhbətini etməməlidir. Biz uşaq intiharlarını araşdıranda bir neçə belə faktlarla rastlaşdıq. Düzdür, çox ağır hadisədir, valideyn nə etsin, amma nə qədər acı olsa da, uşağın ölümündən, sarsılmasından ağır deyil ki...

- Sizin xəbər portalı üçün hansı prinsip öndə dayanır: operativlik, yoxsa dəqiqlik?
- Baş verdiyinə dəqiq əmin olduğumuz faktın bir saniyə əvvəl yerləşdirilməsinin tərəfdarıyam, nəinki orda olan hansısa soyadı dəyişdirdikdən sonra verilməsinin. Söhbət xəbərin yalnış alınmasından getmir, orda kiminsə adı yalnış gedə bilər, amma düşünürəm ki, hadisə baş veribsə onu bir an öncə yerləşdirmək, oxucuya çatdırmaq lazımdır. Hər zaman belə çalışmaq da vacib deyil, sadəcə istisna hallar var. Əgər operativliklə dəqiqlik arasında seçim etmək məcburiyyətində olsam, mən operativliyə üstünlük verərəm. Birincisi, ona görə ki, insanlar hadisənin baş verdiyindən tez xəbər tutsun, ikincisi hamı bilsin ki, bunu ilk olaraq lent.az verdi. Üçüncüsü, xəbərdə qeyri-dəqiqlik olarsa onu aradan qaldırmaq olar, amma bu hadisənin mahiyyətinə xələl gətirən fakt olmamalıdır.

- Sizcə jurnalistlər haqqında formalaşan streotiplər nədən qaynaqlaınır, insanlar niyə jurnalistlərdən qaçırlar?
- Burda mentalitet rol oynayır. Avropa insanı daha açıqdır Azərbaycanda isə elə deyil. Burda insanlar sanki özlərinə qapalıdır. Bu sosiuma aid edilən hissdir. Bir də peşə tərəfi var. Yəni, bu problem jurnalistin məsuliyyətini də önə çəkir. Biz insanları özümüzdən qaçırmışıq. Özünü “jurnalist” adalandıranların əməlləri üzündən hələ də bəzi insanlar əziyyət çəkir. Həm fiziki, həm də maddi əziyyətlə qarşılaşmamaq üçün insanlar bu peşənin adamlarına yaxın durmaq istəmirlər. Çox utandırıcı haldır. Amma aradan qaldırmaq lazımdır.

- Son zamanlar lent.az-da sabitlik hiss edirik, elm adamları, həkimlər, müəllimlər və jurnalistlərlə müsahibələr, onların sosialoji vəziyyəti ilə bağlı araşıdrmalara rast gəlmirik.
- Bəli, bu sahədə materiallarımız azdı. Oxucu olaraq bu iradı deyirsinizsə, artıq bunu ciddi qəbul edirəm və çalışarıq dediyiniz mövzuları yaxın zamanlarda işləyək.

- Oxucularınızı itirməkdən qorxursuz?
- Çox qorxuruq. İtirmək istəmirik. Hazırda oxucu qazanmaqla məşğuluq.

- Dolanışığınız sizi qane edirmi?
- İnsan heç vaxt razı deyil. O, Avstraliyanın yiyəsiz bir adasında da narazı olacaq, Britaniyanın kralı, kraliçası olsa da... İnsan təbiətən belədir. Möhtac deyilik, normal yaşayırıq, xərclərimizi ödəməyə çalışırıq. Minimum standartlar təmin olunub, qalmağa ev, sürməyə avtomobil var. Dostlarla çay içməyə vəsait tapılır, ad günü keçirməyə imkan olur. Varlı ailə kimi yaşamırıq, ama çatışmazlıq da çox deyil.

- Lent.az-ın qarşıda hansı layihələri var?
- İnternet televiziyasi ilə məşğuluq. Əsas, lent.az-ın indiki tərkibini və fəaliyyətini gücləndirməyə çalışırıq. Bundan əlavə hazırda üzərində düşündüyümüz layihələr çoxdur. Gələn ildən reallaşdırılmağa başlayacağıq.

P.S Söhbətimiz bitən zaman müsahibimiz üzünü bizə tutaraq, gülə-gülə dedi:

- Olar mən də sizə bir sual verim?

- Buyurun, Qabil müəllim.

- Simsar sözünün mənası nədir?

- Dost, yaxın adam deməkdir.

- Hesab edirəm ki, Azərbaycan jurnalistləri bir-birlərinə daha simsar olmalı, simsar kimi bağlanmalıdırlar. Bir-birlərinin maraqlarını, ehtiyaclarını bilməli, anlamalı, köməklərini əsirgəməməlidirlər.




Arifə Mikayılova

Elmar Hüseynov

 






19 Dekabr, 2011  16:38 Baxılıb: 2623 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner