Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«ƏMANƏTLƏRİN QAYTARILMASI SEÇKİLƏRƏ ÖZ TƏSİRİNİ GÖSTƏRƏCƏK» - MÜSAHİBƏ

Əli Məsimli: «On nəfərdən ikisinin sənədlərində problem var»

Vətəndaşların sovet dövründə batmış əmanətlərinin qaytarılması 2011-ci ildə də baş tutmadı. Milli Məclisin payız sessiyasında büdcə müzakirələri zamanı əmanətlərlə bağlı heç bir problemin olmadığı bildirilsə də, müzakirələr nəticəsiz oldu. Parlamentin İqtisadi siyasət komitəsinin üzvü, sovet dövründən qalma əmanətlərin qaytarılması barədə qanun layihəsinin həmmüəllifi Əli Məsimli ilə söhbətləşib əmanətlərin taleyinə aydınlıq gətirməyə çalışdıq.

- Əli bəy, əmanətlərin qaytarılması ilə bağlı hökumət və parlament nümayəndələri heç bir problem olmadığını bildirsələr də, ortada real nəticə yoxdur. Qanun layihəsinin düyünə düşməsi nə ilə bağlıdır?

- Sovet dövründən qalmış əmanətlərin qaytarılması ilə bağlı prezidentin 2005-ci il tarixli fərmanı var. Fərmanda göstərilib ki, baş nazirin rəhbərliyi altında komissiya yaradılsın və məsələ araşdırılsın. Komissiya 3 aya araşdırmaları yekunlaşdırmalı, inventarlaşma işlərini aydınlaşdırmalı idi. 6 il keçsə də, hələ də əmanətlər qaytarılmayıb. Ləngimələri, bəzi postsovet ölkələrində əmanətlərin qaytarılmasına artıq başlanıldığını nəzərə alaraq deputat və iqtisadçı kimi məsuliyyəti üzərimizə götürüb qanun layihəsi hazırladıq. Həmin layihəni üç dəfə olmaqla, 2005-ci ilin mayında, 2010-cu ilin iyulunda və 2011-ci ilin noyabrında bütün hökumət və parlament üzvlərinin gözü qarşısında təqdim etmişik. Sonuncu təqdimatda psixoloji məqamları nəzərə alaraq və 2 milyon Azərbaycan vətəndaşının maraqları naminə müəlliflik hüququndan imtina etdik. Yəni qanun layihəsi üzərində hökumət komissiyası istənilən dəyişikliyi edə bilər. Hazırda əmanətlərlə bağlı qarşımızda 5 ciddi məsələ var.
Birincisi, 1992-ci ildən bəri xalq əmanətlərinin nə vaxt qaytarılacağını gözləyir və hər dəfə bizə bununla bağlı suallar verirlər. Əmanətlərin qaytarılması məsələsi hökumətin üzərində yük olaraq qalır.
İkincisi, əmanətlərin indeksləşdirilməsilə bağlıdır. Pulların hansı meyarlarla hesablanması açıq olaraq qalır.
Üçüncüsu, əmanətləri ikinci növbədə alanlar birinciyə nisbətən, üçüncü növbədə alanlar ikinciyə nisbətən inflyasiyanın təsirinə məruz qalmayacaqlar ki? Dördüncüsu, əmanətlərin qaytarılma ardıcıllığıdır. Beşincisi, əmanətlər qaytarılarkən vergiyə cəlb olunacaqmı? Bəzi qanunlara dəyişiklik edilməlidir ki, əmanətlərin qaytarılması zamanı problemlə üzləşməyək. Hazırda məsələ qeyri-müəyyən vəziyyətdədi. Komitə sədri Ziyad Səmədzadə məsələ ətrafında spiker Oqtay Əsədovla və daha sonra maliyyə naziri Samir Şərifovla söhbətləşib. Sonra isə biz Ziyad müəllimlə parlamentdə müəyyən söhbətlər apardıq. Ziyad müəllimlə yaxın günlərdə görüşüb bir daha söhbətləşəcəm və məsələnin hansı yerdə olduğunu biləcəm.

- Ayrı-ayrı təşkilatlar da əmanətlərin qaytarılması ilə bağlı qanun layihələri hazırlayıblar. Həmin layihələrlə sizin layihələr arasında nə kimi fərqlər var?



- Bizdən sonra qanun layihəsini hazırlayanların demək olar ki, hər cümləsi səhvdir. Publikaya hesablanmış gəlişi gözəl ifadələr, rəqəmlərlə layihə hazırlayıb həyata keçirmək olmaz. Heç bir dövlət 1 rublun 1 dollarla hesablanması variantını qəbul etməz. 1000 rubla 1000 manat təklifi pafoslu yanaşmanın göstəricisidir. Bizim təklif etdiyimiz variantda isə 1 rubl 63 sent kimi indeksləşdirilib. 2005-ci ilə qədər əmanətlərin qaytarılması ilə bağlı qanun hazırlanmalıdır deyənlər, bu gün qanun lazım deyil kimi açıqlamalar verirlər. Bu o deməkdir ki, onlar indiyə qədər əmanətlərin qaytarılması ilə bağlı müvafiq strukturların gördüyü işlərin üstündən xətt çəkib, hər şeyi sıfırdan başlanmasını istəyirlər. Deməli, biz geriyə gedib, məsələni daha 20 il uzatmalıyıq. Prezidentin sərəncamından irəli gələrək Əmanət Bankının varisi sayılan Kapitalbank və Maliyyə Nazirliyi tərəfindən xeyli iş görülüb. Əmanətlərin ödənilmə proseduru istiqamətində ilk addımlar atılıb. Biz məsələ ətrafında şou yaratmaq, 2 milyon insanın problemindən istifadə edib xal qazanmaq istəmirik. Ona görə də, məsələnin hökumət qurumları ilə işgüzar münasibət, birgə əməkdaşlıq şəraitində həllinə çalışırıq.

- Əmanətlərin qaytarılmasının infilyasiyaya səbəb olacağını deyənlər də var. Siz problemin yaranmaması üçün hansı təkliflər irəli sürmüsüz?


- Hökumət komissiyasının hazırladığı varianta əmanətlərin qaytarılması ilə bağlı təqribən 600 milyon manat nəzərdə tutulurdu. Bəlkə də 2005-ci ildə bu variantı qəbul etmək olardı. Amma 2011 - 2012-ci ildə əmanətlərin qaytarılması üçün daha çox vəsait tələb olunur. Müstəqil ekspertlər bir tərəfdən əmanətlərin birə-bir variantında qaytarılması fikrini, digər tərəfdən isə bunun üçün 800 milyonla 1 milyard arasında vəsaitin tələb olunduğunu bildirirlər. Burada bir yanlışlıq var. Həmin variantı tətbiq etməkdən ötrü 800 milyon yox, 5 milyard manat ( 6,3 milyard dollar) lazımdır. Əvvəla, birə-bir variantına heç bir ölkə nəinki getməyib, heç yaxın belə düşməyib. Çünki iqtisadiyyatdan az-çox başı çıxan hər kəs bilir ki, belə bir varianta gedən ölkədə on illər boyu inflyasiyanı yığıb-yığışdırmaq mümkün olmaz. Populizmə getmədən 1 sovet rubluna 63 sent təklif etmişik. Bu halda əmanətləri qaytarmaqdan ötrü 1,9 milyard manat pul lazımdır. Düşünürəm ki, bu qədər gecikmədən sonra, bizim variantın tətbiqi daha ədalətli olmaqla, Litva variantından (1rubla görə 40 sent) da önə çıxmış olardıq. Əhalinin əmanətləri infilyasiyanın yeminə çevrilməsin deyə təzminat 5 il müddətinə 3 mərhələdə verilməlidir. Mübahisəli məsələlər isə 6-cı ilə saxlanılmalıdır. İlk növbədə şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına, I qrup əlillərə və 1940-cı ilə qədər anadan olan əmanətçilərə təzminat ödənilməsi nəzərdə tutulub. İkinci mərhələdə 1950-ci ilə qədər anadan olanlara və əvvəlki illər də daxil olmaqla onların varislərinə təzminat ödənilir. Üçüncü mərhələdə 1950-ci ildən sonra anadan olanlara və onların varislərinə təzminət ödənilməlidir.

- Əmanətləri necə indeksləşdirmisiniz?



- Əmanətlərin təqribən 40 faizə qədəri 2000 rubla qədər olan əmanətlərdir. Layihədə təklif olunur ki, həmin əmanətlər 2 rubla görə 1 manat (1,3 dollara yaxın) nisbətində indeksləşdirilsin. Yəni 2000 sovet rubluna görə 1000 Azərbaycan manatı (1300 dollar) verilməsini təklif etmişik. Əmanətlərin təqribən 30 faizə qədəri 2000-5000 rubla qədər olan əmanətlərdir. Layihədə təklif olunur ki, həmin əmanətlər 1000 manat, üstəgəl 2000 rubldan yuxarı olan hissəsi 3 rubla görə 1 manat nisbətində indeksləşdirilsin. Əmanətlərin təqribən 20 faizə qədəri 5000-10000 rubla qədər olan əmanətlərdir. Layihədə təklif olunur ki, həmin əmanətlin 5000 rubla qədər olan hissəsi əvvəlki prinsip üzrə, 5000 rubldan yüksək olan hissəsi isə 4 rubla görə 1 manat nisbətində indeksləşdirilsin. Əmanətlərin 10 faizdən bir qədər artığı 10 min rubldan yuxarı olan əmanətlərdir. Layihədə təklif olunur ki, həmin əmanətlin 10 min rubla qədər olan hissəsi əvvəlki prinsip üzrə, 10 min rubldan yüksək olan hissəsi isə 5 rubla görə 1 manat nisbətində indeksləşdirilsin.


- Əmanətlərin qaytarılmasında problemli məsələlərdən biri də Azərbaycanda yaşamış ermənilərin və ya Ermənistanda yaşamış azərbaycanlıların pullarının kompensasiya edilməsilə bağlıdır. Siz bununla bağlı hansı təkliflər irəli sürmüsüz?

- Bunlar mübahisəli məsələ olduğundan sonuncu mərhələyə saxlanılır. Azərbaycanda yaşamın ermənilərin əmanətlərin qaytarılmasına gəldikdə qeyd edə bilərəm ki, qanunda bu məsələyə üstüörtülü şəkildə öz əksini tapıb. Qeyd olunur ki, Əmanət Bankına 1 yanvar 1992-ci ilə qədər əmanət qoymuş hər bir Azərbaycan vətəndaşı həmin tarixə qədər olan əmanət qalığına görə bu Qanunla müəyyən edilmiş qaydada təzminat ala bilər. Əgər əmanətçi Azərbaycan vətəndaşıdırsa, təqdim etdiyi şəxsiyyət vəsiqəsi və əmanət kitabçası və müvafiq formada doldurulmuş ərizə əsasında təzminat ala bilər. Azərbaycandan köçüb gedən ermənilər əvvəlcə əmanətlərini Bankdan çıxarıblar. Bununla bağlı ortada sənədlər var. Dağlıq Qarabağ erməniləri isə 1989-cu ildən əmanətlər üzrə balanslarını və statistik hesablarını Azərbaycan Əmanət Bankından çıxarıb və Rusiya Əmanət Bankına təhvil verib. Ona görə də Dağlıq Qarabağ əmanət idarəsinin əmanətçilərinin Azərbaycan Əmanət Bankında əmanət hesabları yoxdur. Həmin əmanətlərə təzminat hazırda onların öz büdcəsindən ödənilir. Digər tərəfdən 2006-cı ildən əmanətləri qaytarmağa başlayan Ermənistan hakimiyyəti 1988-ci ilə qədər bu ölkədə yaşamış azərbaycanlıların adlarını belə çəkmədilər. Bunun qarşılığında Azərbaycanda eyni mövqe sərgiləməlidir.
Sən mənim soydaşımın əmanətlərini qaytar, mən də sənin prinsipini əsas tutmaq olar. Ermənistan zorla çıxarılmış və hazırda Azərbaycan Respublikası vətəndaşı olan soydaşlarımızın Ermənistan tərəfindən qaytarılmayan əmanətlərinə görə bu qanunla müəyyən edilmiş prinsiplərdən istifadə olunmaqla müvafiq icra orqanı tərəfindən hazırlanmış xüsusi qaydalar üzrə təzminat ödənilməsinə baxılması təklif olunur.


Bəziləri bildirirlər ki, guya Azərbaycanı tərk edən ermənilərin sayı 500 min nəfərə yaxın olub. Bu tamamilə yalandır. Rəqəmlər bundan dəfələrlə azdır.
Digər, tərəfdən mən ad çəkmək istəmirəm. Amma işğal olunmuş iki rayonumuzun sakinlərinin əmanətlərilə bağlı sənədlər it-bata düşüb. Bundan başqa 10 nəfərin 2-sinin sənədlərində problem var. Yenə deyirəm ki, bu cür mübahisəli məsələlər sonda öz həllin tapacaq. Əsas odur ki, əmanətlərin verilməsinə başlanılsın. Əgər 2012-ci ildən əmanətlərin verilməsinə başlanılsa, bu qarşıdan gələn prezident seçkilərində hakim partiyanın nüfuzuna müsbət təsir göstərəcək. Əmanətlər qaytarılmadığından düşünmək olar ki, ölkədə 2 milyona yaxın potensial narazı insan var.

Ruslan XƏLİL







14 Dekabr, 2011  21:27 Baxılıb: 1587 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner