Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“BİZ KİTABI SİQARET QİYMƏTİNƏ SATACAĞIQ”- FOTOSESSİYA, MÜSAHİBƏ

Şahbaz Xuduoğlu: “Azərbaycanlı yazarlarla hətta sazişlə işləməkdən belə, ehtiyat edirəm” 

Dünya ədəbiyyatından seçilmiş nümunələri Azərbaycan oxucusuna çatdırmaq dəyərli işdir. Həm də məsuliyyətli. Lakin tərcümə kitablarında olan səhvlərin çoxluğu bizi bu sahənin bilicisi ilə görüşməyə vadar etdi. Azərbaycanda çox oxunan kitabların “Qanun” nəşriyyatına aid olduğunu nəzərə alaraq nəşriyyatın direktoru Şahbaz Xuduoğlundan müsahibə aldıq.  

- Şahbaz Xuduoğlu kimdi: yazar, yoxsa naşir?

- Özümü yazar kimi görmürəm. Ümumilikdə, hər kəsin yazmaq qabiliyyəti olmalıdır. Amma hər adam da yazıçı deyil, o cümlədən də mən. Yazıçı odur ki, səhər işə başlayandan yazsın, tərcümə etsin, redaktəylə məşğul olsun. Mənsə özümü naşir hesab edirəm.

- Azərbaycanda yazıçılıq üçün daha yaxşı şərait var, yoxsa naşirlik üçün?

- Hər kəs özü-özünə şərait yaratmalıdır. Yazıçı adı, imzası uğrunda mübarizə aparmalı, naşir də elə kitablar təqdim etməlidir ki, cəmiyyət ona etibar etsin, onun nəşr etdiyi kitabları əldə edib oxusunlar.

- Avropa təcrübəsində çox vaxt naşirlər yazıçılara sifariş verir. Bu sifarişdə yazının mövzusu əksini tapır və təbii ki, öncədən qonararın behi verilir. Azərbyacanda bu təcrübə niyə yoxdur?


- Bu gün bizdə daha çox xarici ədəbiyyat çap olunur. Yazıçıların müəllif hüquqlarını almaq üçün də onlara qonorar veririk. Bir mətni bir neçə tərcüməçiyə göndəririk və onlardan ən yaxşısını seçirik. Yerli müəlliflərsə öz peşələri ilə bağlı məsul şəxs olmaq istəmirlər. Əgər mən Azərbaycanda bir müəllifin inkişafına, kitablarının təbliğinə nəşriyyatımın gücünü sərf edirəmsə, o bunu dəyərləndirməlidir. Bizim müəlliflərsə bəzən bunu qiymətləndirmir. Elə hesab edirlər ki, onalar doğrudan da öz qiymətlərini almayan böyük yazıçılardı. Bu müştəbehlikdir. Ona görə bizim yazarlarla işləmək son dərəcə ehtiyatlı bir münasibət tələb edir. Onlarla tam qarşılıqlı inam, hətta ikitərəfli imzalanmış saziş əsasında belə işləməkdən ehtiyat edirəm.

- İndiyə qədər hansısa yazıçıya sifariş vermisiz?

- Bizim nəşriyyatın ətrafında hələ elə bir yazıçı qrupu formalaşmayıb. Əvvəlcə bizə təqdim edilən əsər qəbul olunmalı, yazıçı yaxşı və etibarlı tərəfdaş kimi özünü sınaqdan keçirməlidir. Sonrakı mərhələdə nəşriyyat onunla münasibət qurub, sifariş verə bilər. Bizdə bəzən yazıçılar sifarişlə yazmaqdan ehtiyat edir. Amma peşəkarlıq nəşriyyatın diqtəsinə qulaq asaraq uğurlu nəticə əldə etməkdir. Müasir dünyada təsadüfi halda yazıçının nəşriyyata təqdim etdiyi əsər uğurlu nəşr olaraq bazara çıxır. Əksər hallarda nəşriyyatlar yazarlara görmək istədikləri kitabın planını təqdim edir. Bizim də hazırda belə planlarımız var, sadəcə, yazıçıları inandıra bilmirik ki, sifarişlə yazacaqları əsər uğurlu alına bilər. Nəşriyyatımıza təqdim olunan əsərləri oxuyandan sonra dəfələrlə təkliflər etmişəm ki, məsələn, əsərdə bu hissə çıxarılsın və ya bu məqam olsa daha yaxşıdır... Bəzən onlar bunu senzura kimi qəbul edirlər, inciyirlər. Bütün dünya kitablarını izləyirik. Harda, hansı əsər, niyə birinci yerə çıxır, niyə çox satılır, niyə sevilir? Bunların hamısının resepti var. Bu resepti yazıçılarımıza təqdim edə bilərik, bir şərtlə: onalar nəşriyyata etibar etsinlər.

- Oxucunun kitabı bəyənməsi üçün əsas meyar nədir?

- Oxucu gərək kitabda özünü tapsın. Bu zaman həmin kitab ona doğma olacaq.

- Bir kitabın redaktoruna və tərcüməçisinə nə qədər qonorar ödəyirsiz?

- Bu, əsərin hansı dildən tərcümə olunacağından asılı olaraq fərqlənir. Fərdi qaydalar da nəzərə alınır. Əlbəttə ki, təcrübəli bir tərcüməçi ilə təcrübəsiz tərcüməçini eyni dərəcədə qiymətləndirə bilmərik.

- Rəqəm söyləyə bilərsiz?

- Tərcümənin bir vərəqi 11 manatla 3 manat arasında dəyişir. Yəni yüksək qonorar 11 manat, ən az isə 3 manat ola bilər. Bu kitabın tanınmasına, tərcüməçinin peşəkarlığına, mətninin qəlizliyinə bağlı məsələdir.

- “Qanun” nəşriyyatının tərcümə kitabları barədə əksər oxucu mənfi fikirdədir. Kitablarda ciddi təcümə və redaktor qüsurları var. Bu fikirlərlə nə qədər razısız?

- Xüsusi bir qüsur görməmişəm. Bəzən deyirlər, bu tərcümə pisdir. Amma niyə pisdir? Bu barədə heç nə söyləmirlər. Hər halda nəzərə alınmalıdır ki, biz bu sahənin yaxşı bilicisi olaraq oxucuların işini xeyli asanlaşdırırıq. Onlar üçün yaxşı müəlliflər və həmin müəlliflərin də seçilmiş əsərlərini təqdim edirik. Biz qüsursuz tərcümə etmirik. Həmişə müəyyən səhvlər tapmaq mümkündür. Oturuşmuş rus tərcümə məktəbi bu gün də özünün dayanaqlı olduğunu göstərir. Amma ingilis, alman, fransız dillərində belə məktəblər hələ formalaşmayıb. Bu mənada, tərcümələrlə bağlı iradları qəbul edirəm. Lakin ümumi şəkildə olması qərəzli anlaşılır. Əgər əsaslandırılıb deyilərsə, bunu kitaba qayğı kimi dəyərləndirərəm. Bilərəm ki, adam doğurdan da səmimidir...  

- “İsgəndər” romanından bəzi qüsurları diqqətinizə çatdırım: “O axşam Adəm bir az iyirmi bir, bir neçə də zər oyunu oynadıqdan sonra ruletə çevrildi. İlk əvvəl qaraya oynadı”... Bu cümlələrdə “ruletə çevrildi”- tərcümə səhvidi, ruleti oynayarlar. “İlk əvvəl”, “zər oyunu oynadı” kimi ifadələr və “iyirmi bir” sözünün rəqəmlə yazılmaması redaktor səhvidi. Kitabda belə səhvlər kifayət qədərdi.

- “İsgəndər” romanı təcrübəsi olmayan gəncin tərcüməsidir. Yadınızdadırsa, bu roman Türkiyədə çap ediləndən az müddət sonra Azərbaycanda nəşr olundu. Sürət keyfiyyətə mane olur. Bunu qəbul etmək lazımdır. Amma bu “İsgəndər”in sonuncu nəşri deyil. Elif Şafaqın müəllif hüquqlarına cavabdeh olan şəxslə danışıqlarımız davam edir. Onun digər əsərlərini Azərbaycan dilinə çevirəcəyik. Təbii ki, daha keyfiyyətli, daha peşəkar, eyni zamanda bu tərcümədən də istifadə olunacaq. İkinci nəşr daha güclü oxunuşdan keçəcək.

- Niyə romanı təcrübəsiz tərcüməçiyə həvalə etdiz?

- Peşəkar tərcüməçi ləng işləyir...

- Tərcümə və redaktə səhvləri olan kitabı 7 manata satmaq, yəni baha qiymətə, nə qədər düzgündü?

- Əgər bir əsər haqqında hər yerdə söhbət gedirsə və biz onu dərhal bazara çıxarmırıqsa, bir ildən sonra artıq gec olacaq. Oxucunu beyin yeməyi ilə zamanında təmin etmək lazımdır. Ac adama yemək zamanında verildiyi kimi, məncə, kitab da oxucuya vaxtında çatdırılmalıdır. Orda xırda qüsurlar, nöqsanlar ola bilər. Amma növbəti nəşrdə bu nöqsanlar aradan qaxacaq.

- Sizi tanıyanlar deyirlər ki, Şahbaz Xuduoğlu daha çox bazara işləyən adamdı.

- Bazara işləməyən insan yoxdur. Azərbaycanda yeganə etabarlı qüvvə bazar olmalıdır. Bazar insanı müstəqil edir. Bazara güvənməyənlər əslində düzgün düşüncəsi olmayan adamlardır. Bazar xalqdır, ictimaiyyətdir. Mən bazarın tələblərinə uyğun işlədiyim üçün güclüyəm, böyük nəşriyyatam. Seçim edirəm, ən yaxşı, ən gərəkli kitabı Azərbaycan oxucusuna təqdim edirəm. Məsələn, biz indi Umberto Ekonu nəşr edirik. Bu son dərəcə ciddi bir ədəbiyyatdır və bilirəm, tərcümə ilə bağlı xeyli iradlar olacaq. Amma bu həm də müzakirə mühiti yaratmaqdır. Bəzi səhvlər bilərəkdən buraxılmış səhvlərdir ki, adamlar reaksiya versin. Yəni, son ilə qədər kitaba ümumiyyətlə maraq yox idisə, indi kitaba münasibət yarada bilmişik. Adamlar kitabı oxuyurlar, tənqid edirlər, yeri gələndə zəng vurub iradlarını bildirilər. Sevgi və rəğbətini bildirənlər daha çoxdur. “Qanun” nəşriyyatı yeganə nəşriyyatdır ki, kitab dükanına gələn adam ilk olaraq “Qanun”un yeni nəşrlərini soruşur. Hər nəşriyyat bu imici qazana bilməyib.

- Oxucuların şikayət etdiyi başqa bir roman “Qiraətçi”dir. Əsərin yarısını bir nəfər sonrakı yarısını başqası tərcümə edib. İki tərcüməçinin olması nəylə əlaqəlidir?

- Birinci tərcüməçi müxtəlif dillərdən çevirmələrlə məşğul olan peşəkardır. Romanın bir neçə tərcümə variantını göstərmişdilər. Amma mən həmin tərcümənin üzərində dayandım. Əsərin 80 faizi birinci müəllif tərəfindən tərcümə olunub. Sonradan həmin tərcüməçi ilə əlaqə kəsildi, onu heç yerdə tapa bilmədim. Əsərin müəllif hüquqları bizdəydi. Məcbur olub Cəlildən xahiş etdik, qalan hissəni tərcümə etdi. Cəlili bununla bağlı qınayanlar var, amma nəzərə almaq lazımdır ki, birinci tərcüməçi əsərin daha böyük hissəsini çevirib və bu ona əsərin içində bir növ “bişməyə” imkan verib. Amma hardasa 30 səhifəlik mətnin mükəmməl tərcümə müəyyən mənada çətindir. Burda daha çox özümü qınayıram ki, Cəlilə əsərin sonunu verdik. İndi onun tərcümə etdiyi başqa əsərlər var. İnanıram ki, “Qiraətçi”də olan nöqsanlar artıq olmayacaq.

- Alıcı cəlb etmək üçün nəşrin görünüşünün də böyük əhəmiyyəti var. Bu yöndə nələrə önəm verirsiz?

- Azərbaycan kitablarının nəşrində internetdən alınma şəkillərdən istifadə edirik. Artıq üz qabığının işini görən dizayner olmalıdır. Canlı fotodan, rəsm əsərlərindən istifadə edəcəyik. Bir neçə kitabda bunu təcrübədən keçirmişik. Rəssamlarımızın çəkdiyi şəkillər üz qapağında və ya kitabın içərisində yer alıb. Həmçinin foto, rəsm, mətn komponentlərini, kitab, yazıçı, naşir üçlüyünü bir araya gətiririk. Bütün bunlar təcrübəyə bağlıdır. ...Nəşriyyat olaraq 20 illik təcrübəmiz var... Və əlbəttə ki, biz 500 il təcrübəsi olan kitab bazarına iddialıyıq. Bu mənada bizdən çox şey asılıdır. Kitab siqaret qiymətinə qədər enməlidir. Adam tərəddüd etməlidir: siqaretə pul versin, ya kitaba? O işi mən görəcəm, kitabı siqaret yerinə satmağı bacaracayıq.

- “Ətriyyaçı” kitabının üz qabığındakı şəkil romanın mahiyyətinə uyğun gəlmir. Niyə belədir?

- “On bir dəqiqə” romanının ilk nəşrinin dizaynı başqa idi. İkinci nəşrini isə fərqli dizayn etdik. Hesab edirəm ki, “Ətriyyatçı”nın üz qabığı ətrafında kifayət qədər qıcıq yaratdı. Növbəti nəşrdə bu qüsurlar aradan qalxacaq. Vacib deyil ki, üz qabığı ilə əsərin mövzusu eynilik təşkil etsin.

- Amma bəziləri üz qabığına baxıb kitabı almaya bilər...

- Kimisi də ala bilər... Başa düşürəm, deyirlər, bunu harasa, necə aparaq. Amma burda heç bir şey yoxdur. Gündə yollarda, reklamlarda alt paltarları təbliğ edən lövhələri görürsüz. Qəzetlərdə, teleseriallarda belə halarla rastlaşırsız. Kitabda görməyə öyrənməmisiz, bunu da öyrənməlisiz. Burda pis mənalar axtarmaq lazım deyil. Bu roman əsasında film də çəkilib. Kifayət qədər tanınmış əsərdi. Amma Azərbaycan oxucusunu bəzən nəyləsə diksindirmək lazımdır. Nəşriyyat bu cür effektlərdən istifadə etməklə oxucuların reaksiyasını yoxlayır.

- Qeyt etdiniz ki, rus dilindən çevirmələr daha mükəmməldir. Necə düşünürsüz, fransız, alman əsərlərini rus dilindən çevirməklə nə qədər dəqiq tərcümə alınır?

- Çoxları rus dilindən tərcümələri almaqdansa elə rus dilində oxumağa üstünlük verirlər. Məsələ burasındadır ki, indi həm oxucu, həm də ki kitab azlığı var. Yeni kitabları hansı dildən tez tərcümə etmək mümkündürsə həmin çevirməyə üstünlük veririk. Elə kitablar da var ki... məsələn, Herta Miller rus, türk düllərində çıxmamış azərbaycanca nəşr olunub. Çünki biz əsərin alman dili variantının müəllif hüquqlarını tez əldə elədik və birinci nəşr etdik. Bu gün yaponcadan tərcüməçi mütəxəsis olmadığından Murakamini rusca və ya ingiliscədən tərcümə edirik. Bütün dünyada belədir. Başqa dillər üzrə tərcümə məktəbimiz formalaşmayana qədər köməkçi dillərdən istifadə edib, kitabları Azərbaycan oxucusuna təqdim etməliyik. Başqa variantımız yoxdur. Oxucu həm də unutmamalıdır ki, tərcümə heç vaxt orijinaldan güclü ola bilməz. Tərcümə əsəri oxucuya tanıtmaq, ona müəllifi izləmək imkanı yaratmaq üçündür.

- Elektron kitablar kağız kitabın yerini əvəz edə bilərmi?

- Düşünürəm ki, biz kağız kitab dövrünü hələ tamamlamamışıq. Ona görə ki, hələ sovet dövründən yığılıb qalmış kitablar dilimizə tərcümə olunmalıdır. Məsələn, Dostayevskinin bir çox əsəri, Platonovun əsərləri... Hələ ki yaxın illərdə elektron kitaba tələbin yüksək olacağına inanmıram. Əsas niyyətim kağız kitabları bol etmək, hər kəsin diqqətini kitaba yönəltməkdir. Bəziləri düşünür ki, yalnız ali təhsillilər kitab oxumalıdır, bu, yanlış fikirdir. Məqsədim kitabları hər yerə səpələməkdir. Hər yerdə kitab olsun, ucuz satılsın, yolda-izdə, vaxt və imkan tapdıqca hər kəs kitab oxusun, kitabla dostluq etsin. Çünki o, ən etabarlısıdır... O heç vaxt xəyanət etməyəcək, aldatmayacaq.


P.S – Bazarın tələbləri sırasında operativliklə bərabər keyfiyyət də önəmlidir. Müsahibimin kitaba sevgisi tükənməzdir. ...Və Dünya kitab bazarında tanınmış naşirlərdən olacağına iddialıdır. “Simsar” olaraq uğurlar diləyirik.  

Arifə Mikayılova

 






23 Noyabr, 2011  15:31 Baxılıb: 2628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner