Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FAZİL MUSTAFA: “ZİYALI MÜXALİFƏTDƏ OLMALIDIR”


“Prezidentin və ya dövlətin qürur duya biləcəyi adların sırasında Rafiq Əliyevin adını çəkəcəklər, Siyavuş Qarayevin yox

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın Simsar.az saytına müsahibəsi.

-Son günlər cəmiyyətdə ziyalı-hzkimiyyət qarşıdurması yaşanır. Prosesi müşahidə edirsizmi?

-Hakimiyyət onu tənqid edən və ya fikirləri fərqli olan ziyalılara qarşı hədsiz aqressiya göstərməyə sanki vərdiş edib. Bu yanlış davranışdır. Ziyalı heç də həmişə hakimiyyətin sözünü deməli deyil, həm də onun siyasətini tənqid etməlidir. Digər tərəfdən müxalifətin özünün resursları tükəndiyindən ziyalılardan öz məqsədləri üçün istifadə etməyə cəhd göstərirlər. Həddən artıq ziyalının üzərinə yük qoyurlar. Ziyalılar elə zərif təbəqədir ki, onları nə hakimiyyətin, nə də müxalifətin təzyiqlərilə üz-üzə qoymaq olmaz. Hər ikisi zərərlidir. Bu mənada Ziyalılar Forumunun bu gün düşdüyü vəziyyət çox çətindir. Radikallıq nümayiş etdirməsələr, cəmiyyət üçün daha aktual məsələləri müzakirəyə çıxarsalar, bunun nəticəsi daha böyük olur. Məsələ prezident səviyyəsinə çatanda, siz də şahidi olmusuz ki, ölkə başçısı tənqidi məsələlərə çox həssas yanaşır və problemin ədalətli həllini tələb edir. Orta təbəqələrdə isə sadəcə kimisə qaralamaq siyasəti üstün tutulur. Ziyalıların açıq mətinli mesajı onlar üçün göydəndüşmə sayılır və hamı hücuma keçməyə çalışır. Görək kimi əzirik, kimi sıradan çıxarırıq. Burada çəkisi olmayan adamlar çəkisi olan adamları linç etmək yarışına girirlər. Bu mənada ziyalıları hədəfə çevirməmək lazımdır. Ziyalılara qarşı təzyiqin olaması, konkret olaraq Rafiq Əliyev kimi akademikin kafedra müdirliyindən çıxarılması Azərbaycanda hüququn işləməməsinin göstəricisidir. Bu yanlış addımdı. Tənqid deyən ziyalılara qapını daha çox açmaq lazımdır ki, ölkə məddahlıqdan qurtarsın, sağlam fikirlər eşidilsin.

-Ziyalılar Forumunun hansısa siyasi qüvvənin çətiri altında fəaliyyət göstərdiyini söyləmək üçün əsaslarınız var? Və ya onların fəaliyyətində siyasi çalarlar müşahidə olunurmu?

-Ziyalılar hətta siyasiləşsələr belə bunu onlara qınaq tutmaq düzgün olmazdı. Fərz edək ki, ziyalılar prezident seçkilərinə hazırlaşırlar. Axı bu onlara təzyiq edilməsinə əsas vermir. Digər tərəfdən Rüstəm İbrahimbəyovun, Rafiq Əliyevin prezident seçkilərilə nə əlaqəsi ola bilər? Sadəcə qaldırılan problemlərin çəkisinə, mahiyyətinə və onların həlli yollarına diqqət yetirmək lazımdı. Neft Akademiyasının rektoru Siyavuş Qarayev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, Rafiq Əliyev isə müxbir üzvüdür. Siyavuş Qarayev ortaya hansısa elmi performans qoyub? Elmi əsərləri hansı indeksli xarici jurnallarda dərc edilib? Yetişdirdiyi elm adamlarının sayına fikir verin. Ya da rektoru olduğu Akademiyanın vəziyyətinə baxın. Daha çox Siyavuş Qarayevin fəaliyyəti prezidentə başucalığı gətirir, yoxsa Rafiq Əliyevin adı? Əminəm ki, sabah prezidentin və ya dövlətin qürur duya biləcəyi adların sırasında Rafiq Əliyevin adını çəkəcəklər, Siyavuş Qarayevin yox. Niyə biz söz düşəndə Lütfi Zadənin adını fəxrlə çəkirik, amma Azərbaycanda olan hansısa alimi misal gətirə bilmirik. Bu gün lokal çərçivədə fəaliyyət göstərən hansısa şəxslərlə deyil, dünya miqyasında ortaya yenilik qoyan insanlara əhəmiyyət verməliyik. Azərbaycanda yüzlərlə müğənni var. Amma qüruru bizi dünyaya tanıdan «Avrovizion» qaliblərilə duyuruq. Və ya Alim Qasımov dünya arenasında uğurlara imza atırsa, onunla qürurlanırıq. Kiminlə fəxr ediriksə, ona dəyər verməliyik. İctimai Palata məsələ qaldırır, deyirik ki, yox bunlar radikallardı, ziyalı məsələ qaldırır buna da əhəmiyyət vermirik. Qaldırılan istənilən məsələyə aqressiya ilə yanaşırıq. Eyni problem ənənəvi müxalifətin də fəaliyyətində müşahidə olunur. Məsələn, dedilər ki, Mehman Əliyev Müsavat Partiyasının başqanı olsun. Sərt reaksiyalar oldu. İctimai Palata yaradılanda bəyan edildi ki, seçkilərdan narazıların təmsil olunduğu qurumdur. Seçkilərin nəticələrini ən sərt tənqid edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev olub. Bu mənada İctimai Palatanın sədri Hafiz Hacıyev də ola bilərdi.
Eyni yanaşma hakimiyyət düşərgəsində də var. “Yerlər tutulub sizə ehtiyac yoxdu”. Mühakimə tərzi dəyişmədikcə, ağıllı söz eşidilməyəcək.

-Azərbaycanda istənilən ictimai fəallıq sonda siyasiləşmə ilə, özü də müxalif ruhlu siyasiləşmə ilə nəticələnir. Ziyalılar Forumu da fəaliyyətə başlayanda ümumi məsələləri müzakirə edirdi. Sonradan siyasia problemlər üzə çıxarıldı və nəticə etibarı ilə hakimiyyətin sovet sisteminə uyğun idarə olunduğu bəyan edildi. Bu mənada ziyalıların siyasi məsələləri qabartması onların siyasiləşdiyini göstərir?



-Ümumiyyətlə, əsil ziyalı, ictimai təşkilat hökumətə qarşı müxalifətdə olmalıdır. Hökumətin hansısa addımını təqdir edə bilirlər, amma ümumilikdə müxalif ruhda olurlar. Azərbaycanda ziyalılığı vəzifə ilə bir tuturlar. Adam rektordusa, kafedra müdiridirsə, deməli alimdi. Amma hər alim mütəfəkkir deyil. Mənim tanıdığım əsl alim Xudu Məmmədovdu, Azad Mirzəcanzadədi, Rafiq Əliyevdi. Ziyalının ərköyünlüyünə dözmək, həzm etmək lazımdır. Sovet dövründə Əkrəm Əylislinin tənqidi çıxışına sərt reaksiyadan sonra hamı düşünürdü ki, Heydər Əliyev yazıçını cəzalandıracaq. Amma növbəti tədbirlərin birində Heydər Əliyev birinci Əkrəm Əylislinin özü ilə görüşdü. Rüstəm İbrahimbəyovun ağzını bağlamaq olmaz. Onun “Oskar”ını əlindən almaq üçün gərək mükafat verən qurumun rəhbərliyinə Siyavuş Qarayev kimi bir insanı gətirəsən. Ölkədə hamı məddah olacaqsa, gələcəyə heç bir ümid qalmır. Ziyalıların çağırışlarına hakimiyyət diqqət yetirsə, o zaman müxalifətin də ziyalılardan yararlanmasının qarşısı alınar.

-Mətbuatda gedən şərhlərə nəzər salsaq görərik ki, daxili siyasi situasiyanın gərgin olmasının əsas səbəbi kimi hakimiyyətdaxili qruplaşmaların mövcudluğu göstərilir. Necə düşünürsüz, hakimiyyətdə ölkədə islahatların aparılmasına manne olan qruplaşma varmı?

-Hakimiyyətdaxili qruplaşma məsələsi mətbuatın ən sevimli mövzularından biridi. Bəzən bu məsələləri çox şişirdirlər. Birdəfəlik başa düşmək lazımdır ki, Azərbaycanda prezidentin iradəsindən kənar heç bir siyasi və iqtisadi qərarlar qəbul olunmur. Hakimiyyətdə hər kəs prezidentə tabedir və ona xidmət edirlər. Hakimiyyətdə kiminsə kimdənsə xoşu gəlməyə bilər. Biznes sahəsində bir-birilə rəqabət aparan məmurlar da mövcuddur. Məsələn, biri delfin saxlayır, o biri acığa gedib balina alır. Bu nazirlər, məmurlar arasında baş verir. Prezidentə isə sadiqdilər. Hakimiyyətdə avtoritet boşluğu yoxdu. Avtoritet boşluğu olsa, qruplaşmalar siyasi iddialar da ortaya qoyarlar. Azərbaycanda prezident istənilən vaxt, istənilən məmuru cəzalandıra bilər. Hakimiyyətdə qruplaşmaların olması müxalifət mətbuatı tərəfindən həddindən artıq şişirdilir. Qruplaşmalar bu və ya digər formada müxalifət mətbuatına sifarişlə, qarşı tərəfi aşağılayan məlumatlarla ötürülür. Fikir verin, bir qəzet 5 məmur barədə yaza bilir, 6-cı barədə yazmır. Və ya başqası 2-si barədə yazır, digərləri barədə susur. Bu onu göstərir ki, hakimiyyətdəkilər çaypulu olaraq müxalifət qəzetlərinə ənam göndərirlər ki, rəqiblərini ləkələtsinlər. Bəzi məmurlar rəqiblərini gözdən salmaq üçün mətbuata asanlıqla yüz minlərlə manat pul ayıra bilir.

-Fazil bəy, 2013-cü il prezident seçkilərinə xeyli müddət qalmasına baxmayaraq, partiyaların fəaliyyətində seçki hazırlığının ilkin işartıları sezilir. Siz 2008-ci il prezident seçkilərində iştirak edəndə bildirmişdiz ki, daha çox təcrübə toplamaq baxımından seçkilərə qatılmısız. Topladığınız təcrübəyə söykənərək növbəti seçkilərdə iştiak edəcəksiz?


-Biz 2008-ci ildə seçkilərə həm də mesajımızı cəmiyyətə çatdırmaq, ətrafımıza yeni simalar toplamaq məqsədilə qatılmışdıq. Siyasət elədir ki, şanslar hər zaman ola bilir. Amma indidən şansları qiymətləndirmək çətindir. Partiya olaraq təbii ki, seçkilərə qatılacağıq. Əgər partiyada hesab olunsa ki, mənim namizədliyim irəli sürülsün, bundan imtina etməyəcəm. Hətta qalib gəlmək şansım olmasa belə, mesajlarımı, Azərbaycanın gələcəyilə bağlı düşüncələrimi cəmiyyətə çatdırmaq üçün seçki marafonuna qatıla bilərəm. Siyasətdə reallığı nəzərə alıb, buna uyğun addım atmaq lazımdır. Siyasətçi hər bir ana, vəziyyətə hazır olmalıdır. Vətəndaşın suallarına cavab vermək siyasətçinin borcudur. Bunu dərk etməyən siyasətçinin uğur qazanması mümkün deyil.

-Ötən seçkilərdə namizədliyiniz «Qarabağ» Seçki Bloku tərəfindən dəstəklənirdi. Növbəti seçkilərə kimlərlə getmək niyyətindəsiz?

-Hələlik hər hansı ittifaqımız yoxdur. Amma parlamentdə olan müxalifət partiyalarının nümayəndələrindən ibarət İslahatçı deputatlar birliyi fəaliyyət göstərir. Bu birliyin prezident seçkilərinə hər hansı formada bağlılığı yoxdu.

-İlham Əliyevin ikinci prezidentlik dövrü üzrə fəaliyyətini necə qiymətləndirirsiz?

-İdarəçiliyə ölkənin imkanları baxımından yanaşmaq lazımdı. 2008-ci ildən bu yana ölkənin maddi imkanları artdı. Neft pulları daha sürətlə ölkəyə daxil oldu və cəmiyyət bu və ya digər formada bu pullardan yararlana bildi. Ən böyük problem insanların dövlətə ümidi və dövlət idarəçiliyində iştirakıdır ki, bunlar hələ də öz müsbət həllini tapmayıb. Siyasətin açılımı baş vermədiyinə görə, siyasətdə yeniləşmə olmadı. İqtisadityyatın daha da liberallaşması gözlənilirdi. Böhran prosesi göstərdi ki, iqtisadiyyatın liberallaşması bir sıra hallarda riskli addımdır.
Daxili siyasəti uğurlu hesab etməsəm də, xarici siyasətdə balans qorunub saxlanıldı. Rusiya və İranla münasibətdə problem yaranmadı. Türkiyə ilə münasibətlərdə yaranan anlaşılmazlıq aradan qalxdı. Xarici siyasətdə sabit kursun aparılmasını müsbət, daxili siyasətdə isə korrupsiyanın böyüməsini mənfi əlamətlər kimi qiymətləndirirəm. Şansları əldən buraxdıq.

- Azərbaycan hakimiyyətinin balanslı xarici siyasət yürütməsi zaman-zaman tənqid olunub. Hətta ölkə başçısı da xarici siyasətin heç də balanslı olmadığını, avroatlantik məkana istiqamətləndiyini bəyan etdi. Bu açıqlamadan sonra da siz hesab edirsiz ki, balanslı xarici siyasət hələ də özünü göstərir?
- Sözdə xarici siyasətin müstəqil olduğunu və Qərbə, NATO inteqrasiyaya söykəndiyini söyləmək olar. Reallıq başqadır. Buyur, inteqrasiya et. Səni NATO-ya, Avropa Birliyinə götürən kimdi? Türkiyə kimi böyük dövlət illərdi, bu qurumlara üzv ola bilmir. Rusiya aşkar şəkildə Gürcüstanı işğal etdi, Azərbaycanın başını Dağlıq Qarabağ münaqişəsilə qatır. İrana görə, Türkiyə ilə viza rejimini aradan qaldıra bilmirik. Hansı balanslaşdırılmış xarici siyasətdən danışmaq olar. Heç də həmişə xarici siyasətdə konkret mövqe bildirmək kiçik dövlətlərə uğurlu nəticə vət etmir. Mən məsələlərə kiçik dövlətin siyasətçisi kimi yanaşıram. Bu kimi məsələlərə duyğusal yanaşmaq olmaz.

- Azərbaycanın BMT Təhlükəsizlik Şukrasına qeyri-daimi üzvlüyü diplomatik uğur kimi qiymətləndirilsə də, müzakirələrdə rəsmi Bakının çətin seçimlər qarşısında qalacağı bildirilir. Balanslaşdırılmış xarici siyasətin fəsadlarının Təhlükəsizlik Şurasında özünü göstərəcəyini düşünmək olarmı?

- Azərbaycanın bu quruma üzv olması diplomatik uğur olsa da, ölkəmiz orada beynəlxalq siyasətə təsir etmək gücündə deyil. «Avrovizion» yarışmasında qalib gələnlər Azərbaycanın bayrağını dalğalandırdılar, ölkəyə nüfuz gətirdilər. Amma nə Madonnanın, nə Maykl Çeksonun yerini tutmadılar. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvülük də buna oxşardı. Qurumun ümumi siyasətinə, kursuna qarşı heç bir mövqe ortaya qoya bilməyəcəyik. Seçim məsələsinə gəldikdə isə hazırkı xarici siyasət kursu necədirsə, Təhlükəsizlik Şurasında da bu özünü göstərəcək.
Burada əsas məsələ Fələstin dövlətinin tanınmasından gedirsə, Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi nəzərə alaraq artıq seçimini edib. İsraillə də münasibətləri korlamaq niyyətimiz yoxdu. Yəni burada siyasətimiz sərrastdı.

Ruslan XƏLİL






15 Noyabr, 2011  16:25 Baxılıb: 1599 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner