Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«DRAM TEATRIN DAMĞASI HƏMİŞƏ ÜSTÜNDƏ OLUB” - FOTOSESSIYA

Fizuli Hüseynov: «Teatr quruluşlara, hakimiyyətlərə müxalifətdə olmalıdır»

Redaksiymıza dəvət edəndə onun təəccüblə «Vallah mən sizə maraqlı heç nə danışa bilməyəcəm» deməsinə öncə bir qədər məyus olduq. Bu təvazökarlığına baxmayaraq, bilirdik ki, əməkdar artist adından imtina etmiş aktyor Fizuli Hüseynov maraqsız müsahib deyil. Odur ki, çək-çevirdən sonra aktyoru dəvətimizi qəbul etməyə razı sala bildik. Özü də tək gəlmədi. Həmkarı Mətləb Abdullayevlə birgə redaksiyamıza təşrif buyuran Fizuli müəllimin öncə oynadığı bəzi rollar barədə oxuculara məlumat verməyi borc bilirik.
V.Səmədoğlunun «Yayda qartopu oyunu»nda Adil, İ.Əfəndiyevin «Sevgililərin cəhənnəmdə vüsalı»nda Ayaz Turan, «Bizim qəribə taleyimiz»də Samir, V.Şekspirin «Kral Lir»ində Edmond kimi sanballı rollar silsiləsi yaradıb.

Fizuli Hüseynov həmçinin «Azərbaycanfilm»in istehsal etdiyi bir neçə filmdə də çəkilib. «Təhminə»dəki Spartak, «Bəyin oğurlanması»ndakı Elxan, «Ölülər»dəki Mirzə Cəlil və s.
Müsahibəyə başlamazdan öncə hal-əhval tutub, gündəmdə olmadığını soruşduqda «neynəyim, mahnı oxuyum?» deyə, sualımıza sualla cavab verdi.


- Bir ara hətta teatrdan uzaqlaşdız. 10 ilə yaxın səhnədə olmamağınız sırf səhhətinizlə bağlı olub?

- Səhnədən bir qədər kənarda qalmağım həm səhhətimlə bağlı olub, həm də başqa məsələlərlə. Elə məsələlər var ki, o, sizin və oxucularınız üçün maraqlı deyil. Quruluşun dəyişməsi, intiriqalar və başqa səbəblər də var. Amma elə qlobal problem yox idi. Siyasi proseslərdən küsmək, nakam məhəbbət kimi hadisələr baş verməmişdi. Yaşımızın elə vaxtıdı ki, seçim edə bilirik. Hər təklifi qəbul etmək olmur.

(Bu arada aktyor Mətləb Abdullayev replika ataraq Fizuli müəllimin digərlərindən fərqli cəhətlərinə toxunur: «O, gündəmdə qalmaq üçün yox, gündəmdən getmək üçün çalışır». Replikadan sonra həmsöhbətimizə «yaşınızın ən məhsuldar çağında səhnədən bir qədər kənarda qalmağınıza heyfslənirsiz» sualını ünvanlayırıq”.

- Hətta mən ən pis hərəkətimə görə belə heyfslənmirəm. Bir addımı atmışamsa, deyirəm ki, əcəb eləmişəm və belə də edəcəm. Mənə elə gəlir ki, insan tutduğu əmələ görə peşiman olmamalıdır. Çalışmaq lazımdır ki, səhv etməyəsən. Səhv edəndə də peşiman olmayasan.

- 10 ildən sonra teatra qayıtmanız aktyorluq bacarığınızda, vərdişlərinizdə problem yaratmadı?

- Teatr mənə doğma sahədir. Amma əslində qayıtmaq istəmirdim. Rəhmətlik Həsən Turabov çox istədi ki, gəlib işləyim. Sonra rəhmətlik Əliabbas Qədirov dedi ki, işlə. Və mən də işlədim. 10 il elə müddətdir ki, istər-istəməz işindən yadrığayırsan.

- Bizi hər zaman düşündürür ki, Həsən Turabovdan sonra Dram Teatrında nə baş verdi? Bəlkə buna siz aydınlıq gətirəsiz?

- Həsən Turabovdan sonra Azdramada heç nə baş vermədi. Azdramanın damğası həmişə üzərində olub. Niyəsini bilmirəm. Sovet dövründə Azdramada bir nəsil estafeti başqa nəsilə verirdi. Dağıstanlı Ələsgər Ələkbərovdan sonra Tofiq Kazımov Azdramaya rəhbər gəldi. O, Amaliya Pənahova, Həsən Turabov, Fuad, Yaşar Nuri, İlhamla birgə işlədi. Bu dəstə ələndi-ələndi Nurəddin Mehdixanlı, Firəngiz Mütəllibova və başqaları meydana çıxdı. Sonuncu olaraq biz gəldik. Belə süzülə-süzülə bu vəziyyətə düşdük. Baş verən siyasi hadisələr də teatrın zəifləməsində əsas rol oynadı. Həmən nəsil getdi, yeni nəsil də gəlmir. İşləmək istəyən yoxdur.
Bu yaxınlarda Səbael rayonunda orta məktəblərin birində olduq. «Aktyor olmaq istəyirsinizmi» sualına şagirdlər xorla «yox» dedilər. Bu məni dəhşətə gətirdi.

- Müstəqillik qazandıqdan sonra ənənəvi teatrın mövqeyi sanki zəiflədi. 90-cı illərin əvvəllərində məşhurlaşan «KVN»-çilər tamaşaçıların diqqətini cəlb edə bildi. Maraqlıdır ki, son illər daha çox «KVN» tipli teatr klubları yaranır. Yeni nəsilin nümayəndələri də «KVN»in aktyorlarına oxşamağa çalışırlar, onları təkrarlayırlar. Sizcə ənənəvi teatr nədən öz mövqeyini itirdi?

- Tamamilə doğru deyirsiz. Televiziyanın görə biləcəyi işi heç kim bacara bilməz. Mən «KVN»in, «Bu şəhərdə»nin və başqalarının əleyhinə deyiləm. Azərbaycanda dövlətin mədəniyyət üzrə siyasəti səhv qurulub. Bəlkə də telekanalların rəhbərlərinin məsələlərə münasibəti anormaldır. Bir vaxtlar Türkiyədə ancaq Avropa ölkələrində efirə gedən filmlər tərcümə olunaraq verilirdi. Bu gün Türkiyə bir-birindən maraqlı filmlər çəkir, tamaşalar səhnəyə qoyur.

- Ölkədə kifayət qədər teatr fəaliyyət göstərir. Bakı da daxil olmaqla, ölkənin bir sıra şəhərlərində teatrlar var, aktyorlara maaşlar ayrılır. Amma ortada ciddi məhsul yoxdur. 9 milyonluq və tamaşaya marağın azaldığı bir ölkədə bu qədər teatra ehtiyac varmı?

- Mən də düşünürəm ki, Azərbaycanda bu qədər teatra ehtiyac yoxdur. Amma niyəsini bilmirəm. Məşhur bəstəkar Şvartsın belə sözü var. Mən 100 yox, 150 faiz bilirəm ki, bu belə olmamalıdır. Amma necə olmalı olduğunu da bilmirəm. Məndə də belə düşüncələr var ki, bizə bu qədər teatr lazım deyil. Bu vəziyyətdə olmaqdansa, olmaması yaxşıdır. Pullar ayrılır, təmir işləri aparılır, binalar gözəlləşir, amma teatrda inkişaf olmur. Bu işlərə məsul olan şəxslər də sonra sual edirlər ki, niyə belə oldu? Deyən yoxdur ki, teatrın niyəsinin yiyəsi elə sizsiz də. Yadıma Mirzə Cəlilin «Çay Dəstgahı» hekayəsi düşür. Hekayədə bütün günahlar axırda nökərin üstünə atılır. Teatrda da belədir. Axırda bütün günahlar aktyorun üzərinə atılır.

- Bəlkə, aktyorlarımız insanlara daha yaxın olmaq üçün təmtəraqlı teatr binalarından çıxıb Gürcüstanda olduğu kimi, zirzəmilərdə ürəklərindən keçən tamaşaları oynasınlar…

- Bu bir qədər çətin görünür. Müsəlman ölkələrinin heç birində dövlət dəstəyi olmadan teatr yaratmaq mümkün deyil. Məsələn, Türkmənistanda avtoritar rejimin olmasına baxmayaraq, çox güclü teatr var. Dəli Domrul rolunu oynayan aktyorla bütün dünyanı gəzirlər. Amma dövlət dəstəyi var. Avropada hardasa zirzəmi teatrı yaratmaq mümkündür. İnsanlar teatra gələcək, bilet alacaq və s. Amma Azərbaycan kimi ölkələrdə teatrın öz-özünü saxlaması çətin məsələdir.

- Türkiyənin İstanbul şəhərində yerli teatrların inkişafı üçün benzinə kültür vergisi əlavə ediblər. Azərbaycanda bu mümkündürmü?

- Elə mənim də davam budur da. Estoniyada spirtli içkilər və siqaretə müəyyən faizdə vergi tətbiq edilib. Yığılan pullar mədəniyyət fonduna köçürülür. Beləliklə teatr saxlanılır. Azərbaycanda bir butulka arağa 1 manat, siqaretə isə 5 qəpik mədəniyyət vergisi tətbiq edilsə, bu, bir ayda milyonlarla manat edir. O zaman dövlətin yükü azalır, yarımçıq qalan filmlər çəkilir, qoca, xəstə aktyorlar müalicə olunur, ezamiyyə xərcləri və s. Bunları etmək çox asandır.

- Siz əminisiniz, belə bir qərar olsa, ayrılan pulla şəffaf xərclənəcək?

- Əsas problem elə buradadır. Həmin pullar mövcud olanların əlinə düşsə, onu buraxmayacaqlar. Kiçik struktur yaranmalıdır. Onun rəhbərinə normal maaş verilməlidir ki, pulları mənimsəməsin və iş görsün.

- Sənətçilərin əsas xəstəliklərindən biri də ad məsələsidir. Amma Azərbaycanda yeganə aktyorsuz ki, əməkdar artist adından imtina etmisiz. İmtinanın səbəblərinə aydınlıq gətirərsiz?

- Mənə əməkdar artist adı veriləndə xaricdəydim. Dostumuz Şərif zəng edib ad verilməsi münasibətilə məni təbrik edəndə onu söydüm. Dalınca zəng edib dedi ki, yekə kişisən səni təbrik edirəm, sən isə söyüş söyürsən. Aktyora ad yox, real diqqət lazımdır. Ona xidmətinin müqabilində ad deyil, ev, pul verilməlidir.

- Bəs sizə adı niyə vermişdilər?

- Bilmirəm. Səfərdən qayıdanda direktor Maqbet müəllim dedi ki, Fizuli vallah sənin adını titul üçün yuxarı mən göndərməmişəm.

- Siz bayaq Türkiyədə yerli film istehsalının inkişafından bəhs etdiz. Məsələn, «Mühtaşem Yüzyıl» filmi Azərbaycanda da sevilə-sevilə izlənilir.
Bəs o, filmdən bizdə niyə yoxdur?


- Bizdə, yaxşı rejissorlar, aktyorlar, mövzular var. Məsələn, ötən əsrin əvvəllərində Gəncədə fəaliyyət göstərmiş Difahilər təşkilatı haqqında gözəl film çəkmək olar. Hacı Məmmədovun əməllərini ssenarriləşdirsən gözəl film alınar. Amma gərək adamına verəsən. Rejissor Rövşən İsak «Aktrisa» filmini necə gözəl səhnələşdirib. Yəni bizdə potensial var, bunu inkişaf etdirmək olar. Bizim Rüstəm İbrahimbəyov kimi dahimiz var. Ondan istifadə edə bilirikmi? Yeni sistem olmalıdır. Amma bunu birdən-birə qurmaq olmaz. Köhnə pafoslu səhnələrə indi tamaşa edən yoxdur.

- Bir müddət öncə gənc aktyorlarla söhbətimiz oldu. Məlum oldu ki, onlar bir rolu bir neçə dəfə oynamaq arzusundadılar. Tamaşaçı «Mesenant»a nə qədər baxmalıdır?

- Əgər gənclər bir rolu təkrar-təkrar oynamaq arzusundadılarsa, deməli, onlar keçmiş dövrlə indiki dövrün hibritidilər. Bakı şəhərində özünü öldürsən 10 minə yaxın teatrı bəyənən, min nəfər isə teatra gələn var. Min nəfər eyni tamaşaya nə qədər baxmalıdır? Eyni səhnələrin təkrar göstərilməsi tamaşaçı itkisinə səbəb olur. Teatr tamaşaçının arxasınca qaçmamalıdır. Tamaşaçını dalınca aparmalıdır. Yeni teatr növü yaradılmalıdır. Teatr heyrətləndirməyi bacarmalıdır. Əgər bu gün tamaşaya gələn yoxdursa, burada hər iki tərəf günahkardır. Mənim anlamıma görə, teatr bütün quruluşlara və bütün hakimiyyətlərə müxalifətdə olmalıdır. Demirəm ki, dövlət çevrilişi etməlidir, xeyir. İki kəlmə düz söz de, gör nə qədər adam gəlir.


Ruslan XƏLİL

 

 






19 Oktyabr, 2011  15:15 Baxılıb: 3320 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner