Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MƏŞHUR TAR-KAMAN CÜTLÜYÜNÜN SÖZ DUETİ -FOTOSESSİYA

Elçin Həşimov : “Allah Üzeyir bəyə rəhmət eləsin, o, Azərbaycan musiqisini Avropa musiqisinə yaxınlaşdırdı”

Elnur Əhmədov: “Bir vaxtlar zirzəmilərdə oxuyanlar, bu gün səhnələrdədi”  

Azərbaycan Respublikasının əməkdar artistləri, tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədov Simsar.az saytının qonağı olub.  
Onlardan maraqlı müsahibə almağa çalışdıq. Klassik musiqinin müasir dünyadakı mövqeyinə toxunan suallarımıza hər iki sənətkar özünəməxsus cavablar verdilər. Müsahibəyə Elçin Həşimovla başladıq.


- Bu gün dünyada ciddi qloballaşma gedir. Bir neçə il bundan öncə bizə qeyri-adi görünən məsələlər bu gün adiləşib. İnternetin inkişafı, sosial şəbəkələrin yaranması insanların ayrı-ayrı mədəniyyətlərə məxsus dəyərlərə əlçatımlılığını artırıb. İstənilən mahnını, musiqini internetdə axtarıb tapmaq mümkündür.

- Necə hesab edirsiz modern musiqi dalınca qaçan müasir insanlar üçün bu gün klassik musiqi nə dərəcədə cəlbedicidir?

Elçin Həşimov: Klassikanın özündə də müasirlik var. Bu gün Cabbarın oxuduğu muğam oxunmur. Hacı Məmmədovun elementləri bu gün də təkrarlanır. Amma onun kimi ifa olunmur. Bütün texnaloji kəşflər insana xidmət edir. Texnaloji kəşflər heç vaxt insanı kökdən ayıra bilməz. Hər şey insanın idrakı, təfəkkürü ilə bağlıdır.

- Sizin məşhurlaşmağınız birdən-birə oldu, yoxsa hansısa mərhələləri keçib müəyyən səviyyəyə çatdız?

E.H: Əlbəttə ki, müəyyən mərhələləri keçmişik. 93-cü ildən bəri öz üzərimizdə hazırlaşmışıq. Konservatoriyada, Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuşuq. 1995-96-cı ildə ifa etdiyimiz qədimi rəqslər televiziyanın Qızıl Fondunda saxlanılır.

Elnur Əhmədov: Əslində, televiziyadakı ilk çıxışımızdan sonra tanındıq. Gənc yaşlarımızdan ifalarımızla tamaşaçıların qəlbinə girməyi bacardıq. Onda hələ tələbə idik. Artıq gənclər küçədə bizi görəndə tanıyırdılar. Yavaş-yavaş öz sahəmizdə inkişaf etdik, tanındıq.

E.H: Bizə Möhlət müəllim, Ağasəlim müəllim dərs deyib. Onlardan öncə muğam ifaçısı Kamil Əhmədovdan dərs almışam. Biz gələcəyi düşünərək bu işə girişmişik. Vaxtilə Hacı Məmmədov kamança ifaçısı Nefton Qriqoryanla birgə çıxış edib. Biz araşdırıb gördük ki, həmişə kamança çalan erməni olub. Biz istəyirdik ki, üçlüyü tam olaraq azərbaycanlaşdıraq. İnstrumental sol ifaçılıq fərqlidir. Bunu hər adam bacara bilmir. Elnurla mən rəhmətlik Nəriman Əliyevin sinifindən bir yerdə oxumuşuq.

- Sizi ayrı-ayrılıqda səhnədə təsəvvür etmək çətindir. Aranızda bu qədən sənət bağlılığının olmasının bir izah var yəqin?

E.Ə: İlk növbədə ruh yaxınlığıdır. Münasibətlərin üst-üstə düşməsidir. Xasiyyət uyğun gəlməsə bir yerdə işləmək qeyri-mümkündür. Uzun müddətdir Elçinlə yaxınıq. Məsləhətləşmələr, məşqlər, sözümüzün bir-birimizin boğazından keçməsi bir yerdə olmağımızın əsas səbəbidir.

- Peşəkarlıq əsas meyardır yoxsa, istedad?

E.H: Hər şeyin başında istedad durur. Allah Üzeyir bəyə rəhmət eləsin. Ondan sonra musiqi məktəbi yarandı. Bəzən deyirlər ki, filan rayonda bir nəfərin dəhşət ifası var. Mümkün deyil. İstedadı ola bilər. Amma peşəkar olmaq üçün mütləq məktəb oxumalısan. İstedadı olub məktəbi bitirmək başqa aləmdir. Bu gün Azərbaycanda üçpilləli musiqi təhsili var. Bu, olduqca önəmlidir.

E.Ə: İstedad Allah tərəfindən verilir. İstedadla zəhmət üst-üstə düşəndə ortaya yaxşı məhsul çıxır. İstedadlı musiqiçi heç vaxt təkrarçılığa yol vermir. Özü bu sənətə yaradıcı yanaşır.

- Kamançadan demək olar həmişə inilti səsi gəlib. Bu alət sızlayan insanın hisslərini ifadə edir. Kamançanı bir qədər şux musiqilər istiqamətində kökləmək mümkündürmü?

E.Ə: Kamança səsi uzanan səsdi deyə, insan səsinə yaxındır. Balaban da belədir. Ona görə hər iki alətdə qəmgin, insanı düşündürən səslər olur.

E.H: Musiqi insanların tələbatından doğub. Döyüş havasında istifadə olunan alətlərdən toydakı alətlər arasında fərq var. Kədəri, qəmi ifadə etmək üçün isə başqa alətlər yaradılıb. Yəni bütün bunlar ehtiyacdan doğub. Əgər insan iniltili musiqini istəyirsə, o elə bir haldadır ki, ona qulaq asacaq. Azərbaycan tarının quruluşu yalnız muğam üçündür. Biz skripka alətlərilə birgə də musiqi ifa etmişik. Mendelson, Motsart, Betxoven, Şpor, Beraçininin əsərlərini skripka ilə birgə tarda ifa etmişik. Amma həmin effekti vermir. Allah Üzeyir bəyə rəhmət eləsin. O, Azərbaycan musiqisini Avropa musiqisinə yaxınlaşdırdı. Musiqimizin inkişafında Avropa musiqisinin rolu böyük oldu. Dünagörüşümüz dəyişdi, barmaqların sürəti artdı…

E.Ə: Biz çalışırıq ki, tanınmış Avropa bəstəkarlarının əsərlərinə oxşar ifa edək. Amma skripkanın yeri başqadır. Necə ki, skripkada muğamı ifa eləmək olmur, tarda, kamança da da simfoniya alınmır.

- Xanəndələrin ifa tərzləri bir-birindən fərqlənir. Bu mənada onları müşaiyət edənlər həmişə çətinlik çəkirlər. Siz necə, xanəndələrin fərqli xüsusiyyətlərini tuta bilirsizmi?

E.H: Bəli hər bir xanəndənin öz elementləri, boğazları var. Onları müşaiyət edənlərdən də tələb olunan odur ki, hər bir xanəndəyə uyğun ifa tərzi ortaya qoysun. Xanəndəyə kömək etməlisən. Fantaziya üçün olan yollar açmalısan. Onun ürəyi açılmalıdır. Tar-kamança yaxşı müşaiyət etməyəndə xanəndə zəif oxuyur. Bir dəfə Mənsum İbrahimov səs tellərində problem olduğunu və yaxşı oxuya bilməyəcəyini bildirdi. Biz onu elə müşaiyət etdik ki, olduğundan da yaxşı oxudu.

E.Ə: Xanəndəni müşaiyət edənlər oxunan muğamı öz içlərində təkrarlamalıdılar. Onda həm ümumi ifa yaxşı alınır, həm da xanəndə səndən razı qalır.
Xanəndənin nəfəsini, oxuduğu cümlələri hiss etmək lazımdır. Onda olur tam müşaiyət. Bəzən elə olub ki, xanəndənin oxumağa həvəsi olmayıb. İnasandı da, hər şey olur. Biz onu elə müşaiyət etmişik ki, ürəkdən oxumağa məcbur olub. Hətta xanandəni məvhərindən çıxarmışıq.

- Bu gün bayağı musiqilərdən çox danşılır. Bizim üçün maraqlıdır. İllər öncə də bayağı musiqilər olubmu? Yoxsa bu indinin problemidir?

E.Ə: Hər dövrdə bayağı musiqilər olub. Biz oxuduğumuz dövrdə kasetlər çıxırdı. Bayağı musiqilərin olduğu kasetlərə də qulaq asılırdı, məşhurların mahnıları da dinlənilirdi. Sadəcə, o vaxt bayağı musiqi oxuyanlar səhnəyə, efırə çıxa bilmirdilər. Bir vaxtlar zirzəmilərdə oxuyanlar, bu gün səhnələrdədi. Amma belə hallardan qorxmaq da lazım deyil. yetkin beyni olan inrsan düşüncəli musiqiyə qulaq asır.

- E.H: Var əntiq mallar, var gündəlik təlabat malları. Bu gün bəzi musiqiləri gündəlik təlabat mallarına bənzədirəm. Onların ömrü qısa olur. Gəncə necə deyim ki, filan musiqilərə qulaq asma? Özəl studiyadır. Pulunu alır, disk çıxarır. Heç bunun qarşısını orta məktəblərdə də almaq mümkün deyil. Dərsdən çıxandan sonra gedib yenə istədikləri musiqiyə qulaq asacaqlar.

- Bəlkə insanlar ənənəvi musiqilərə qulaq asmaqdan yorulublar? Bəlkə muğam ifaçılarının dəyişməsi, modernləşməsi gərəkdir?

E.H: Mən düşünmürəm ki, insanlar muğama qulaq asmaqdan yorulsunlar. Bu sahəyə gələn gənclərin sayı ildən-ilə artır. Xanəndə ordusu, tar-kamança ifaçılarının sayı bu günkü qədər olmayıb. Təbliğat, iş gedir. Digər tərəfdən, bayağı musiqilərə də meyl edənlərin sayı artır. Bəzən 30, 40, 50 yaşlarında adam ucuz musiqiyə qulaq asır. Bilmirsən, dərdini kimə deyəsən.

E.Ə: Biz bunun qarşısını almaq gücündə deyilik. Televiziyaların birində Zəngimsell-in reklamı zamanı Rübabə Muradovanın ardınca elə bir musiqiçinin ifası gəldi ki, məcbur olub kanalı dəyişdim. Həmin musiqiçi fikirləşir ki, o böyük sənətkardı, adı məşhurlarla bir sırada çəkilir.

- Muğam ifaçılarında həm də daxili mədəniyyət vacib şərtdir. Bunu müsabiqələrdə də görürük. Başqa yarışmalardan fərqli olaraq mucam müsabiqələrində heç vaxt gənc ifaçı münsiflərin üzünə qayıtmır, onların tənqidlərinə dözümlü şəkildə qulaq asırlar. Mənim üçun maraqlıdır, gənclərin tərbiyyəvi ruhda inkişafında muğamın nə kimi rolu var?

E.H: Muğam aləmində hər zaman böyük-kiçiyin yeri gözlənilib. Muğam ifaçısı öz davranışı ilə cəmiyyətdə nümunə olurlar. Onlar ayrı cür ola bilməzlər. Muğam şounu sevmir. Şou proqramda böyüyün sözünə qulaq asmamaq, cavab qaytarmaq var. Amma muğamda yoxdur. Biri bizim kökkümüzdən, tarixi dəyərlərimizdən gəlir, digəri isə kənardan. Mən 93-cü ildən müəllim kimi fəaliyyət göstərirəm. Tələbələri yetişdirirk. Efirdə, rayonlarda, xarici ölkələrdə ifa edirik, mətbuatda müsahibələr veririk. Mən bundan artıq neyləyə bilərəm?

- “Toy məktəbdir” ifadəsinə münasibətinizi necədir? Hansı toy məktəbdir?

E.H: Məktəb elə məktəbin özüdür. Məktəbi keçməlisən ki, toyda özünü itirməyəsən. Yaxşı toylar isə ifaçını peşəkarlaşdırır. Bizə elə bölgələrdə toylarda olmuşuq ki, orada Xan əmi, Arif Babayev və digər məşhurlar oxuyublar. Bu bizdə məsuliyyəti artırıb. Musiqiyə dəyər verən, tələbkar dinləyicinin olduğu toylarda zəif ifa etmək mümkün deyil. Yaxınlaşıb adamı qınayırlar da.

E:Ə: Azərbaycanın ən tanınmış muğam ifaçıları toylarda oxuya-oxuya tanınıb, püxtələşiblər. Xan Şuşiniski məşhur ifaçı olub. Amma onun bu gün yadda qalan ifası Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» əsərinə çəkilmiş filmindəki çıxışıdır. “Şahnaz” adı gələndə həmin hissə gözümüzün qabağına gəlir. Xan əminin özü “Şahnaz”ı Cabbar Qarayağdıdan öyrənib. Amma fərqli ifa ediblər.

E.H: Bu gün muğama dövlət qayğısı yüksək səviyyədədir. Məlumatlara görə, «Muğam Haqqında» Qanun layihəsi hazırlanıb. Müəyyən bir sahə ayıracaqlar. Orada muğam alətlərinin hazırlanması üçün ağaclar əkiləcək. Bu xalq, millət, dövlət muğamı ilə fəxr edə bilər. Biz də fəxr edirik ki, bu sahənin ifaçılarıyıq.

Ruslan XƏLİL






7 Oktyabr, 2011  16:47 Baxılıb: 3816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner