Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏFLATUN AMAŞOV: “7-Cİ SİNİFDƏ YAZDIĞIM ŞEİR HƏLƏ DƏ YADIMDADIR”

“Yaxşı riyaziyyatçı ola bilərdim”

Dediyinə görə, başqa sahələrdə də uğur qazana bilərdi. Amma jurnalist ixtisasını seçdiyinə peşman deyil. Onun üçün bu, ali peşədir. Jurnalistika barədə yaranan yalnış təsəvvürləri dağıtmağı, başlıca vəzifəsi hesab edir. Rubrikanın qonağı Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.

Gürcüstanın Faxralı kəndində böyümüşəm. Ailədə üç bacı iki qardaş olmuşuq. Həmişə böyük olmağı arzulayırdım. Məsələn, 12 yaşımdaykən 15 yaşda necə olacağım, həmçinin məktəbi bitirdikdən sonra həyatımın necə keçəcəyi mənə maraqlı idi. Çünki həmişə dəyişiklik axtarışındaydım. Məktəbə bir il tez getmişəm. Hamı kimi mən də oktyabryat, pioner olmuşam. Bir gün məktəbdə yaxşı oxuyan uşaqları yığıb rayon komsomol idarəsinə apardılar. Hamını təbrik etdilər, mən isə yaşım çatmadığından komsomol adı almadım. Çox qəmgin olmuşdum, yoldaşlarım təsəlli verirdilər. İndisə bu hadisəni gülümsəyərək xatırlayıram. İlk yazım altıncı sinifdə oxuyanda “Qələbə bayrağı” qəzetində dərc olunub. Məktəbimiz qonşu kəndin məktəbi ilə qaçış üzrə yarış təşkil etmişdi. Təsadüfən yaxşı qaçdım. Rayondan bir nəfər gəlmişdi, şəkilimizi çəkdi, məndən fikir öyrəndi və təklif etdi ki, bəlkə bunları elə özüm yazım. Mən də yarış barədə təəsüratlarımı kağıza köçürüb qəzetə göndərdim. Məktəb vaxtlarında “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan pioneri” jurnalında şeirlərim çap olunurdu. Yeddinci sinifdə Ana haqqında yazdığım şeirim hələ də yadımdadır:

Bulaq axar, biz o suya bənzərik,
Həmin o bulağın gözüdür ana.
Heç vaxt unudulmaz əvəzsiz olan
Dilimin müqəddəs sözüdür ana...

Sinfimizdə hamı ali məktəbə daxil olmaq üçün çalışırdı. Həmin dövrlərdə söhbət daha çox oxumaqdan düşərdi. Rayon mərkəzinə gələndə ən çox getdiyimiz yer kitab mağazaları idi. Tətildən qayıdanda ədəbiyyat müəllimimiz hansı kitabları oxuduğumuzu soruşardı. Onu aldatmaq olmazdı, çünki şagirdin nəyi nə zaman oxuduğunu yadında saxlayardı. Orta məktəbdə riyaziyyatı yaxşı bilirdim. Dayım Gürcüstanın ən yaxşı riyaziyyat müəllimlərindən idi, mənim riyaziyyatçı olacağımı düşünürdü. Bir dəfə hansısa tənliyin həlli düz alınmırdı. Dayım mənim bu tənliyi mütləq həll edəcəyimi düşünüb lövhəyə çağırdı. Mənimsə fikrim dərsdə deyildi. Ayağa qalxdım və dərsi dinləmədiyimi dedim. Bir müddət dayım məndən incidi.
Ümumiyyətlə, dəqiq elmləri çox sevirdim, amma son siniflərdə humanitar fənlərə yönəldim. Bəlkə də yaxşı riyaziyyatçı ola bilərdim, amma başqa yol seçdim və peşman deyiləm.

“Həbsxana həyatın çərçivəyə düşüdüyü yerdir”

Məktəbi bitirdiyim il universitetə qəbul olunmadım, əsgərliyə getdim. Samara şəhərində Daxili Qoşunların Hərbi Qarnizonunda qulluq etmişəm, həbs olunan insanlarla işləyirdim. İndi jurnalistlərin həbs olunması ilə bağlı məqamlarda həmin dövr gözümün önünə gəlir. Heç bir jurnalistin həbs olunmasını arzu etmirəm. Həbsxana həyatın çərçivəyə düşüdüyü yerdir və belə həyat istənilən adam üçün ağırdır. Əsgərlikdən sonrakı həyatım Bakı Dövlət Universiteti ilə bağlıdır. Bir müddət orda oxuyandan sonra təhsilimi üç il Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirdim. Universitet dünyagörüşümü, hadisələrə baxışımı dəyişdi. Ali məktəbdə də yaxşı oxuyurdum. Tələbəlik illərində “Azərbaycan gəncləri” qəzətində yazılarım çıxırdı. Bir dəfə də bizim qrup haqqında “Xoşxasiyyətli cavanlar” adlı yazım dərc olunmuşdu.

“Bir AzərTAC”a işə qəbul olunanda, bir də ordan ayrılanda sevindim”

“Jurnalist fəaliyyətim “AzərTAC” Dövlət Teleqraf Agentliyindən başlayıb. O vaxt ora azərbaycanlıların az olduğu bir adacıq idi. İşə düzəldiyim ilk üç ay korrektor oldum. O zamanlar həmin sahədə qazandığım təcrübə indi də köməyimə çatır. Sonra ictimai-siyasi şöbədə çalışdım. Azərbaycan redaksiyasının rəhbəri, sonra baş direktorun birinci müavini vəzifəsində işlədim. Evsiz, ailəli gənc üçün iş tapmaq çətin olduğu bir vaxtda “AzərTAC”da çalışmaq sevindirici idi. Ora bir işə qəbul olunanda, bir də işdən ayrılanda özümü xoşbət hesab edirdim. Çünki səhərdən axşamacan işləyən bu təşkilatda rejim ciddi və çətin idi. Oradakı işçilər, xüsusilə rəhbər olan insan gərək şəxsi həyatını, ailə problemlərini unutsun. Vacib olan məqamlarda icazə almaq hər adama nəsib olmazdı. “AzərTAC”da ilk yazım beş-altı sətirdən ibarət idi və o yazı mənim üçün əziz olub. Əsasən gündəlik xəbərlər hazırlayırdım. Xarici ölkələrdən, bölgələrdən göndərilən xəbərlərin qonorarı çox, kiçik xəbərlərin qonorarı 3 manat idi. “AzərTAC” mənə böyük məktəb oldu. Universitetdə öyrəndiklərimdən daha çox təcrübə əldə etdim. Reportajlar hazırlamaq üçün xaricə ezamiyyətə göndərilirdim. Müxtəlif ölkələrin insanları, mədəniyyəti ilə tanış olmaq maraqlı idi. Bakıya qayıdanda isə o dövrün tanınmış qəzetlərində yazılarımı və imzamı görəndə fərəh hissi keçirirdim. Bu sanki insana öz peşəsindən ləzzət almağa stimul verən gənclik hissi idi.
1995-ci ildə bir neçə nəfər “Yeni Nəsil” Junalistlər Birliyini təsis etdik. Birliyin müavini oldum. 1998-ci ildə “RUH” Jurnalistlərin Müdafiə Komitəsinin sədri seçildim. 2003-cü ildə isə MDB məkanında ilk mətbuat şurası olan Azərbaycan Mətbuat Şurası yaradıldı. Hazırda jurnalistika ilə bağlı beynəlxalq konfranslarda həm xarici təcrübəni öyrənir, həm də öz biliklərimizi paylaşırıq. Mütəmadi internetdən xəbərləri izlədiyimdən qəzetləri vərəqləyəndə onların nədən bəhs etdiyini artıq bilirəm. Müxtəlif tədbirlərin düzənlənməsi üçün danışıqlar aparıram. Günüm belə keçir... Ailə həyatıma gəlincə, həyat yoldaşım Nərgiz İncəsənət universitetini bitirib. Oğlum Orxan Amaşov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinin məzunudur, hazırda Londonda magistratura təhsili alır”.

“Jurnalistin vəzifəsi istintaqa çəkmək deyil”

Keçmiş illərlə müqayisədə mətbu orqanlarda siyasi, sosial yönümlü materiallar çoxalır. Bu, müsbət dəyişiklikdir. Şou xəbərlərə üstünlük verilməsi isə təssüfləndirici haldır. Həm də bizim qəzetlər poliqrafik cəhətdən beynəlxalq standartlardan geri qalır, çünki az ölkələrdə qəzetlər ağ-qara çap olunur.
Bizdə media gəlirsiz sahə hesab olunduğundan ayrı-ayrı şəxslər bura kapital yatırmağa maraqlı deyil və ya öz siyasi çıxarışları üçün maliyyələşdirilirlər.
Azərbaycanda jurnalistikanın gücünü göstərməyə mane olan səbələrdən biri “qara siyahı”dır. Monitorinqlərin nəticələrinə görə, reketçiliklə məşğul olan insanların əksəriyyəti jurnalistikaya başqa sahədən gələnlərdir. Bəzi ölkələrdə jurnalistika ixtisasını bitirməyənlər jurnalist kimi işə götürülmür. Düşünürəm ki, media qurumlarında işləyənlər başqa sahədən gəlirsə mütləq ixtisas artırma kursları keçməlidir. Adları bu siyahıya düşən qəzetlər, jurnalistika missiyasını həyata keçirmir, yalan və böhtanla kiminsə maddi rifahını yaxşılaşdırmağı qarşısına məqsəd qoyur. Ona görədir ki, bu gün bəziləri qəzet deyəndə “Ayna”, “Ekspress”, “525-ci” qəzeti yox, məhz reketçiliklə məşğul olan qəzetləri nəzərdə tuturlar. Onların təsəvvürlərinə görə qəzet şantaj etməli, böhtan atmalı, bunun müqabilində pul almalıdır. Lakin biz bunun qarşısını almağa, həmin təsəvvürü dəyişməyə çalışmalıyıq. Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin dediyi kimi, qəzet cəmiyyətin aynasıdır. Təbii ki, rüşvətxor məmurlarımız da var, amma jurnalistin vəzifəsi onları istintaqa çəkmək deyil. Jurnalistika cəmiyyətə ayna tutmaqla onun qüsurlarını göstərməli, ictimai fikir formalaşdırmalıdır. Jurnalistika cəmiyyətin arterial damarıdır. Bu damar necə işləyərsə cəmiyyət o cür inkişaf edər.

Arifə Mikayılova-“Simsar” jurnalı






5 Sentyabr, 2011  19:01 Baxılıb: 2925 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner