Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÜRCÜSTAN AZƏRBAYCANLILARININ GERÇƏK GÖRÜNTÜSÜ - EKSKLÜZİV

Fazil Həsənov: “Belə getsə, onlar 12, 13 yaşda qızları da ərə verəcəklər”

Xəbər verdiyimiz kimi, Simsar.az saytının əməkdaşı Gürcüstanda səfərdə olub və bu ölkədən reportaj hazırlayaraq, oxucuların diqqətinə çatdırıb. Əməkdaşımız Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənovdan müsahibə də alıb. Həmin müsahibəni təqdim edirik.


- Rəhbərlik etdiyiniz Mədəniyyət Mərkəzinin fəaliyyəti nədən ibarətdir? 

- Gürcüstanlı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin əsas proritet istiqamətlərindən biri burada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası ilə bağlıdır. Mədəniyyət Mərkəzinin təsisçiliyi ilə artıq 3 ildir “Meydan” jurnalı, “Region press” qəzeti ayda üç dəfə çıxmaqla dərc olunur. Bütün bunlar imkan verir ki, yeni jurnalist nəsli yaransın, inkişaf etsin. Bununla da informasiya qıtlığını aradan götürməyə çalışırıq, əhalinin maariflənməsinə yardım edirik. Çalışırıq ki, Azərbaycan mədəniyyətini təbliğ edək. Burada fəaliyyət göstərən folklor rəqs qrupumuz “Sarvan” təşkil etdiyimiz tədbirlərdə həm milli rəqslərimizi təbliğ edir, həm də rəqslərində Borçalıya xas milli kaloriti nümayiş etdirirlər. Gürcüstanda azərbaycanlıların varlığı həmişə duyulurdu, amma son illərdə lap çox duyulur.

- Gürcüstanda yaşayan azərbaycanlıların bu cəmiyyətə inteqrasiyası hansı səviyyədədir?

- Bu gün 20, 25 yaşlı gürcü gənci həmyaşıdı olan azərbaycanlı ilə dil probleminə görə ünsiyyət qura bilmir. Rus dili artıq sıradan çıxıb. Bu dil Gürcüstan cəmiyyətində gənc nəsil üçün yox səviyyədədir. Biz də qarşımıza məqsəd qoyduq ki, bu ölkədə yaşayan azərbaycanlılara inteqrasiya ilə bağlı yaxından kömək edək.

- Burada yaşayan azərbaycanlıların əksəriyyəti gürcü dilini bilmir. Müşahidələrimdən görürəm ki, gürcü dilini bilməyən insanın Gürcüstan cəmiyyətinə inteqrasiyası çox çətindir.

- Əlbəttə çox çətindir. Artıq 3-cü ildir ki, inteqrasiya ilə bağlı orta məktəblərdə gürcü dilində kurslar açmışıq. 80-a yaxın belə kurslar var. 3 ilə yaxın müddətdə həmin kurslara xeyli yuxarı sinif şagirdləri və yerli sakinlər cəlb olunub. Bu kursların nəticəsinə görə, ötən il Tiflis universitetlərinə qəbul olan azərbaycanlı gənclərin əksəriyyəti o kursların dinləyiciləridir. İstəyirik ki, azərbaycanlılar gürcü dilini mükəmməl mənimsəsinlər. Orada dərs deyən müəllimlərə də yüksək maaş verilir. Bu gün Gürcüstan cəmiyyətində gedən bütün islahatlarda azərbaycanlıların da rolu hiss olunmaqdadır.

- Gürcüstan azərbaycanlıları tariximizi yadırğamayıblar ki?

- Tiflisin mərkəzində keçirdiyimiz bütün tədbirlərdə Qarabağ müharibəsindən bəhs edirik. Xocalı və digər işğal olunmuş ərazilər barədə geniş danışırıq, maarifləndiririk. Orta məktəblərdə Azərbaycan tarixi keçilmir, amma əlavə olaraq, tarix dərsi tədris edirik.

- Yad ölkədə Azərbaycanın təbliğatı daha güclü olmalıdır və bu daha çox önəmlidir. Siz də eynən bu işlə məşğul olursuz. Amma mətbuatda fəaliyyətiniz niyə az işıqlandırlır?

- Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin burada nümayəndəlikləri var. Bu bölgədə olan prosesləri onlar işıqlandırırlar. Azərbaycan mətbuatdında Gürcüstan azərbaycanlıları haqqında məlumatlar çox olsa, daha yaxşı olardı.

- Gürcüstanda azərbaycanlılarla yanaşı ermənilər də yaşayır. Hətta onlar daha çoxdurlar. Ermənilərlə iç - içə yaşamaq gərginlik yaratmır ki?

- Burada yaşayan, fəaliyyət göstərən ermənilərdən qat- qat çox çalışırıq. Fəaliyyətimizlə onlardan öndəyik. Gərginlik hiss etmirik. Hamımız başqa bir dövlətin vətəndaşlarıyıq. İstər azərbaycanlı, istər erməni, istərsə də digər millətdən olan vətəndaşlar olsun, hamımız sülh şəraitində yaşayırıq. Bizim elə məktəblərimiz var ki, orada həm erməni, həm də Azərbaycan sektoru fəaliyyət göstərir. Azərbaycanlılar da, ermənilər də həmin məktəbə gedirlər.

- Azərbaycanlılar yaşayan ərazilərin bir addımlığında Tiflis var. Paytaxtdakı yaşam şəraitinə baxanda bizimkilər sanki daş dövründə yaşayırlar...

- Bizim elə kəndlərimiz var ki, orada yaşayan insanlar öz yaşadığı ərazidən kənara çıxmayıblar, hətta harada yaşadıqları barədə təsəvvürləri belə yoxdur. Mədəniyyət Mərkəzi olaraq, çalışırıq ki, orta məktəblərdə oxuyan şagirdlərin paytaxtda yerləşən tarixi yerlərə ekuskursiyalarını təşkil edək. Həmin tarixi yerləri gəzsinlər, maariflənsinlər, bilsinlər ki, Tiflis onların yaşadığı yerin mərkəzidir. Biz günahı başqasının üstünə atmağa öyrəşmişik. Bizim özümüzdən də çox şey asılıdır. Bu yaxınlarda 50 yaşlı bir kişi gəlib gürcü dilini öyrənmək istədiyini deyir. Dedim ki, sən gürcü dilini öyrən, mən sənə iş taparam. Bir gənc oğlan 4 ayın içərisində gürcü dilini öyrəndi, bu gün isə SOCAR-da regional menecer kimi işləyir. İstək, azru olmalıdır. Biz özümüzdə də günah axtarmalıyıq. Düşüncələrimizi dəyişməliyik.


- Orta məktəblərdə vəziyyət necədir?

- Orta məktəblərdə müəllimlərin sayı azalıb. 90-cı illərdə təxminən 55 min şagirdi, 7 min müəllimi olan azərbaycanlıları əhatə edən bölgələrdə bu rəqəm artıq 2005, 2006-cı illərdə 50 faiz aşağı düşüb. 55 min şagirddən 32 min azalma müşahidə edilib.

- Ali təhsil ocaqlarına tələbə qəbulu hansı səviyyədədir?

- Ali təhsil alan tələbələrə dəstək veririk. Məqsədimiz o idi ki, azərbaycanlı gənclərimiz Gürcüstanın ali təhsil ocaqlarında oxusun, dövlət dilini mənimsəsinlər. İstəyirik həm kadrlarımız çoxalsın, həm də bizim gənclər Gürcüstan cəmiyyətinə inteqrasiya etsin. 2005, 2006-cı illərdə Tiflis ali məktəblərində təhsil alan azərbayclıların sayı cəmi 20 nəfər idi. Hazırda bu rəqəm 700 nəfərə çatıb. Mədəniyyət Mərkəzi olaraq biz onların təxminən 250 nəfərinə maddi və mənəvi yardım göstəririk. Bu yardımların onlara verilməsi üçün həm dövlət, həm də qeyri dövlət sektorlarına müraciət etmişik. Onların köməyi ilə hər ay həmin ali təhsil alan tələbələrə 100 lari (50 manat) manat məbləğində pul ayrılır.

- Bu, təqaüddü, yoxsa yardım?

- Buna təqaüd də demək olar, yardım da. Əsas məqsəd ondan ibarətdir ki, həmin gənclər ali təhsil ocaqlarında qalıb təhsil alsınlar və Gürcüstan cəmiyyətində bizi təbliğ etsinlər.

- Məsələn, Qasımlı kənd şagirdləri heç öz dilimizdə orta məktəbi oxuyub, bitirə bilməyib. Bəs bu fakta necə qiymət verirsiz?

- Razıyam, bu fakt var. Qasımlıda gördüyünüz mənzərə digər kəndlərə də aiddir. Bu problemləri də birdən- birə aradan qaldırmaq mümkün deyil. Kadrlar hazırlanmasa, mütəxəsislər yetişməsə, 5 ildən sonra nə olacaq? Yaşlı müəllimlər gedəcək, bəs yerində kim dərs keçəcək? Bu çox ciddi problemdir. Qasımlı kəndindən bizim mədəniyyət mərkəzinə müraciət ediblər. Biz də imkanlarımız daxilində o kəndə əlavə müəllim göndərmişik, kurslar açmışıq.

- Amma problem hələ də öz həllini tapmayıb...

- Gördüyümüz işlər burada olan problemlərin cüzi bir hissəsidir. Bu gün Gürcüstanda işsizlik problemi çoxdur. Miqrasiyanın əksəriyyəti işsizlik problemi ilə bağlıdır. Ən əsas problem isə odur ki, bu uşaqlar ali təhsil ocaqlarını oxuyub, bitirdikdən sonra harada işləyəcəklər? Heydər Əliyev Fondu burada məktəblər tikdi, köhnə məktəblərin çoxunu təmir etdirdi. Qardobani, Bolnisi, Marnuelin özündə yüksək standartlara cavab verən məktəblərin çoxu tikilib, ya da təmir olunur. Ancaq reallıq odur ki, valideynlərin əksəriyyəti hələ də bərbad vəziyyətdə olan məktəblərdən ya uşağını tamamilə çıxarır, ya da mərkəzə oxumağa göndərir. Bu il orta məktəbdə şagirdlərin 35, 40 faizi attestat ala bilməyib. Ona görə ki, orta məktəbi yaxşı oxumayıblar.

- Gürcüstanda yaşayan azərbaycanlıların ailəsində qızların yeniyetmə yaşlarında ərə verilməsi ənənəsi geniş vüsət alıb. Bu problemin fərqindəsizmi?

- Əlbətdə fərqindəyik və bunu çox pis hal hesab edirik. Hamısı təhsilin keyfiyyətinin aşağı səviyyədə olması ilə bağlıdır. Belə getsə, nəinki 15, hətta 12, 13 yaşında olan qızları da ərə verəcəklər.

- Niyə heç kim buna qarşı çıxmır?

- Bu gün Avropaya inteqrasiya güclüdür. Min il bundan əvvəlki qaydalarla müasir dövrü idarə etmək olmaz. Belə getsə onlar müasir cəmiyyətə inteqrasiya oluna bilməyəcəklər. İnteqrasiyanı gücləndirmək üçün ağıl vermək lazımdır. Ağl verən insanlarımız da azdır.

- Heç olmasa ayda bir dəfə həmin kəndlərdə valideynləri ilə birgə uşqaları toplayıb təbliğat aparmaq mümkün deyilmi?

- Son 3, 4 ildə Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə xeyli sayda qəzet və jurnallar nəşr olunub. 3, 4 il bundan əvvəl buralara gəlsəydiniz, tamamilə dəhşətli mənzərənin şahidi olardınız. Bu gün ölkədə və dünyada baş verənlər barədə yazan saytlar var. Onları az - çox oxuyurlar. Dərc etdiyimiz qəzet və jurnallar bütün bölgələrdə satılır. O qaranlıq dünyaya işıq salmaq üçün ilk növbədə yeni nəsil kadr, müəllim heyəti və qüvvə lazımdır. Qüvvəsiz bunu etmək çox çətindir.

- Azərbaycan ictimaiyyəti soydaşlarımızın vəziyyəti ilə bağlı Gürcüstandan hazırlanan reportajlarda, xəbərlərdə onların sosial problemlər məngəsində sıxıldığının şahidi olur. Sizcə belə vəziyət nə qədər davam edəcək?

- Bəzən mətbuatda qərəzli, həqiqətə uyğun olmayan yazılar dərc olunur. Məndə belə təəssürat yaranıb ki, Azərbaycandan gələn mətbuat işçiləri çalışırlar ki, problem yaratsınlar və o haqda yazsınlar. Bir dəfə bir jurnalist gəlib, dağın başında dərənin dibindən uzunqulaqla su gətirən qadını çəkib və yazıb ki, burada vəziyyət dözülməzdir. Deyən lazımdır ki, 100 illərlə burada yaşayan adam elə gedib uzunqulaqla dərədən su gətirməlidir də. Bunu problem kimi göstərmək nə qədər doğrudur? Problemi təhsilin səviyyəsindən, işsizlikdən başlamalıyıq. Problemlərə yanaşma tərzi düzgün olmalıdır. Reallıq nədirsə, oradan başlamaq lazımdır. Məsələn, iş yeri aç, beş, on nəfərə iş ver, bununla da bir sıra problemləri həll etmiş olarsan. Gürcüstanda SOCAR ən çox vergi verən təşkilatdır, amma bununla belə burada həmin şirkətin xeyli sayda məntəqəsi var. Hansı ki, çoxlarını işlə təmin edib. Bu çox yaxşı haldır. Təşkilatlar, eləcə də hər kəs məsələyə bu cür yanaşsa, probelmlər öz həllini tapar.


Aynurə Həsənova






26 Avqust, 2011  15:56 Baxılıb: 3988 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner