Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ANAR HEYBƏTOV: “BİZDƏ HEÇ KƏS ÖZ İŞİNİ GÖRMÜR”-FOTOSESSİYA

 “...AKTYORLARI MÜĞƏNNİLƏRDƏN ÜSTÜN SAYIRAM”

Gənc aktyorlar daha çox televiziya və ya restoranlarda müxtəlif şou-proqramların aparıcısı kimi çıxış edirlər. Səbəbini soruşanda deyirlər ki, aktyorluq sənətində qazanc azdır. Amma öz sənətinə sadiq qalan gənclər də var. Bu rubrikada sizə onları tanıdacağıq. Müsahibim Akademik Milli Dram Teatrının aktyoru, "Qaydasız Döyüş", “Yaddaş” filmlərində əsas rolların ifaçısı olan Anar Heybətovdur.

- Sizə Türkiyədən filmə çəkilmək təklifi gəlmişdi, nəticəsi nə oldu?


- “Yaxşı Cazibə” serialında Cazibənin Azərbaycandan gələn nişanlısı roluna dəvət almışdım. Şəkillərimi görmüşdülər. Türkiyədə çalışan sevimli aktrisamız Məlahət Abbasova zəng etdi ki, bu rola çəkilməyimi istəyirlər. Sevindim, amma anam xəstə olduğundan onu qoyub heç yerə gedə bilmirdim. Bu səbəbdən alınmadı. Sonra həmin rola başqa adam çəkildi.

- Sizcə, Azərbaycanda gənc müğənnilərlə müqayisədə gənc aktyorlar niyə az tanınr?


- İndiki müğənnilər sənətə yox, reklama üstünlük verirlər. Təbii ki, reklam lazımdır, lakin yaradıcılıq da önəmlidir. İndi müğənnilər fikirləşir ki, onları beş adam tanısın, sabah da şou proqrama, toya çağırsınlar. Aktyorluğu bitirənlərsə, teatra gələndən sonra başa düşürlər ki, onların həyatı müğənnilərinki kimi olmayacaq. Bəziləri incəsənətə aid olmayan sahədə işləyir. Yaradıcılıq baxımından aktyorları müğənnilərdən üstün sayıram.

- Amma Türkiyədə və bir çox ölkələrdə gənc aktyorlar yetəri qədər məşhurlaşa bilir...


- Digər ölkələrdə gənclər reklamlara, seriallara çəkilir. Bu, onların tanınmasına imkan verir. Özümü bəzi müğənnilərdən məşhur hesab etmirəm, amma düşünürəm ki, məni yetəri qədər tanıyırlar.

- Qeyd etdiyiniz kimi, İncəsənət universitetini bitirənlər öz ixtisasları üzrə işləmir. Bir fakt da var ki, daha çox televizyaya “axışırlar”...


- Məncə, aktyorluğu bitirib televiziyada assistant, hansısa verilişin prodüsseri və ya rejissoru çalışa bilərlər. Amma biri də var ki, gedib tükanda işləyir. O zaman niyə aktyorluq oxuyur? Axı, həmin adamın yerinə istedadlı, bu peşənin arxasınca gedəcək başqa biri ola bilərdi. İstədiyi uiversitetə qəbul olunmadığından incəsənətə gələnlər fikirləşir ki, oxuyum görüm nə olacaq. Heç nə alınmadıqda bu sahənin ardınca getmir. Çünki aktyorluq sənəti gözəl olduğu kimi həm də çətindir. Elə məqamlar var ki, səbr etmək lazımdır. Aktyorda istedaddan əlavə, dünyagörüşü, insanlarla münasibət qurmaq bacarığı olmalıdır.


“Maaşımız bizə normal çatmır”...


- Sizə aparıcılıq təklif olunub?


- İncəsənət Universitetinə qəbul olunmamışdan əvvəl aparıcı işləmişəm. Universitetdə oxuyanda da Azərbaycan Televiziyasında gənclər üçün hazırlanan “Yeddi oğul, yeddi qız” verilişinin aparıcısı idim. Tələbə olanda restoranlarda şou proqramlar aparırdım. İndi də maaşımız bizə normal çatmır. Amma əvvəl lap az alırdıq. Heç olmasa yol pulu çıxarmaq üçün restoranlarda işləyirdim. Artıq necə ildir, aparıcı işləmirəm və işləmək də istəmirəm.
- Sonuncu dəfə ürəyinizcə olan hansı rolu ifa etmisiz?
- Balacasından, böyüyündən asılı olmayaraq, mənə həvalə edilən bütün rolları sevərək oynamışam. Məsələn, “Hamlet” tamaşasında Laert, “Xurşudbanu Natəvan”da Daşdəmir sevimili rollarımdır. Sonuncu rol aldığım Vilyam Şekspirin “On ikinci gecə” tamaşası daha çox ürəyimə yatdı. Çünki ifa etdiyim obraz-Sebastyan həm şpaqa ilə döyüşməli, həm də tanqo oynamalıdır. Müxtəlif rollarda olsa belə tanqo oynamağı, şpaqa ilə döyüşməyi arzulayırdım və bu tamaşada ikisi də gerçəkləşdi.

- Teatr, yoxsa kino – hansını yaxın bilirsiz?


- Teatr... Əslində, fərq olmamalıdır, ikisi də aktyor sənətidir. Amma teatr kinodan çətindir. Səhnəyə çıxdınsa oynamalısan, səhv etsən yenidən başlaya bilməzsən. Kinoda isə bir neçə dəfə çəkiliş etmək mümkündür.

- Akademik Milli Dram Teatrında aktyorlarla rəhbərlik arasında tez-tez incikliklər olur. Sizdə necə?


- İsrafil müəllim direktor olandan yeni rol almasam da narazılığım yoxdur. Repertuarda olan aktyoram. Düşünürəm ki, rolları İsrafil müəllim bölmür, çünki rejisorlar bütün aktyorları tanıyır və kimin nəyə qadir olduğunu bilirlər. Xaricdən dəvət olunan rejissorlarla da münasibətim yaxşıdır. Bu gün olmasa da sabah hansısa rola dəvət edə bilərlər. Son oynadığım “On ikinci gecə” tamaşasının premyerası anamın dəfn olunduğu günün səhərsi oldu. Başsağılığı verəndə təqdimatın necə olacağı barədə soruşdular. Dedim, biz teatrda işləyirik... Tamaşanın vaxtı artıq dəqiqləşmişdi və o vəziyyətdə tamaşa oynadım.

- İrana səfəriniz nəylə bağlıydı?


- İranda filmə çəkilirəm. Film tam hazır olandan sonra o barədə məlumat verə bilərəm. Çəkilişlərin bir hissəsi İranda və Azərbaycanda aparılıb. Qalan hissəsi isə Gürcüstanda çəkiləcək.

- Azərbaycan və İran kinomatoqrafiyasını müqayisə edəndə hansı mənzərə yaranır?


- İranlılarla birinci dəfədir filmə çəkilirəm. Film yığılandan sonra ona baxıb nəsə demək olar. Amma çəkiliş prosesini müqayisə etdim. Məsələn, bizdə heç kəs öz işini görmür. Çəkiliş qrupunda çalışanlar kömək etmək məqsədilə bir-birinin əvəzinə çalışır. Bunula da qarışıqlıq yaranır. Ordasa hər kəs öz işini bilir, əgər belə olmazsa, həmin adam çəkilişə lazım deyil. Bizdə çəkiliş meydançasına gəlib görürsən ki, hamının başı qarışıqdı, o bununla, bu onula söhbət edir. Üç-dörd saat gözləməli olursan, qrimin əriyir sifətinə yayılır. Həm əsəb, həm vaxt gedir. Amma orda çəkiliş meydanına gəldinsə yarım saatdan sonra aktyor artıq çəkilişdədir. Bu baxımdan fərq böyükdür.

- Planlarınızda başqa nələr var?


- Sənətimlə bağlı reallaşdırmaq istədiyim bir fikir var. Bu barədə hələ danışmaq istəməzdim. Çox arzulayıram, Allah güc versin bu işi gerçəkləşdirim...

Arifə Mikayılova “Simsar” jurnalı






26 Avqust, 2011  15:18 Baxılıb: 3281 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner