İlham Əliyev: “Azərbaycan-Rusiya münasibətlərində bütün istiqamətlər üzrə müsbət və yaxşı dinamika görürük”
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə,
prezidentlər iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafını, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yollarını və sair mələləri müzakirə ediblər. Azərbaycan dövlət başçısını salamlayan Rusiya prezidenti Dmitri Medvedev, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqlar prosesinə toxunub: “Mən, həmçinin bundan sonra nə etmək, Kazanda üçlükdə keçirilmiş son görüşümüzü və bu formatda əvvəlki görüşləri nəzərə almaqla hadisələrin necə inkişaf edə biləcəyi barədə sizinlə son dərəcə açıq söhbət aparmaq istəyirəm. Regional problemlərin həlli bizim üçün həqiqətən çox əhəmiyyətlidir, çünki biz yaxın ölkələrik, qonşuyuq, çox yaxın dostlar və tərəfdaşlarıq. Əslində, bütün regionun, ölkələrimizin, xalqlarımızın əhvalı regionumuzda hadisələrin necə inkişaf etməyindən asılıdır. Odur ki, bu məsələlərlə bağlı da məsləhətləşmək istəyirəm”.
Prezidenti İlham Əliyev Azərbaycan Rusiya münasibətlərinin inkişafını yüksək qiymətləndirərək bildirib: “İkitərəfli formatda bütün məsələlər, demək olar, həll edilib. Haqqında danışdığınız müqavilələr son illər görülmüş işlərin zirvəsidir və dost, mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərimizin həm formasını, həm ruhunu, həm də xarakterini əks etdirir.
Əgər ikitərəfli əlaqələrin gündəliyinə nəzər salsaq, bütün istiqamətlər üzrə müsbət və yaxşı dinamika görürük. Siyasi məsləhətləşmələr, o cümlədən yüksək səviyyədə məsləhətləşmələr müntəzəm aparılır. Qarşılıqlı siyasi fəaliyyət də regional əməkdaşlığın inkişafına kömək edir.
Sizin qeyd etdiyiniz kimi, iqtisadi sahədə əmtəə dövriyyəsinin artması, strukturun yaxşılaşması, əmtəə dövriyyəsinin bundan sonra da genişlənməsi perspektivləri var.
Humanitar əməkdaşlıqda, enerji təhlükəsizliyi məsələlərində, eləcə də bir çox digər sahələrdə də müsbət prosesləri qeyd edə bilərəm. Bu gün biz məmnuniyyətlə qeyd edirik ki, münasibətlər çox müsbət, dinamik inkişaf edir.
Biz qonşuyuq, iki Xəzər ölkəsi, iki Qafqaz ölkəsiyik və əlbəttə, regiondakı proseslər də çox cəhətdən qarşılıqlı fəaliyyətimizdən asılıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərinizə görə sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Biz Azərbaycanda sizin şəxsən bu prosesə qoşulmağınızı çox yüksək qiymətləndiririk. Üçtərəfli formatda keçirilən danışıqların mərhələləri, heç şübhəsiz, tərəflərin mövqelərini xeyli yaxınlaşdırıb.
Bu, regional təhlükəsizliyin əsas problemidir və bütün köçkünlərin öz yaşayış yerlərinə qayıtması, regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar olması üçün münaqişənin tezliklə həllində Azərbaycan, əlbəttə, başqasından bəlkə də daha çox maraqlıdır.
Əlbəttə, nizamlamanın nəzərdə tutulan prinsipləri beynəlxalq hüquq normalarını, sağlam düşüncəni əks etdirir. Odur ki, münaqişənin tezliklə həll olunması bütün ölkələrin mənafeyinə uyğundur”.