Yenə monopoliya
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimovun Kürdəmir yemişinin orqanizm üçün zərərli olması barədə açıqlaması satıcılar tərəfindən həm narazılıqla, həm də gülüşlə qarşılanıb.
Y.İbrahimov bildirib ki, qarpız və yemişlərdən götürülən nümunələr analiz edilib və məlum olub ki, Kürdəmirdən bazara gətirilən yemişlərin tərkibində nitratın miqdarının bir qədər çox olduğu aşkarlandı. Bununla bağlı həmin məhsulun satışı dayandırılıb.
“8-ci kilometr bazarı”nda yemiş-qarpız satışı ilə məşğul olan Asim Qafarov Simsar.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, hazırda Bakıda satılan yemişlərin böyük əksəriyyəti Kürdəmirdə yetişdirilir: “Azərbaycanda yemişin vətəni Kürdəmirdi. Bizim yemişlərin zərərli olduğunu söyləmək gülüncdür. Axı Kürdəmirdə bir yerdə yemiş-qarpız əkilmir. Hansısa bostanda zay məhsul varsa, bunu bütün Kürdəmirin adına yazmaq nə dərəcədə doğrudur… Yaxşı olardı ki, Yaqub İbrahimov gedib xaricdən gətirilən bananın, üzümün, ananasın tərkibini araşdırsın. Bostanı anam, atam, həyat yoldaşımla birgə əkmişəm. Özümüz sulamışıq, nübarını da özümüz etmişik. Min bir əziyyətlə yemiş əkib bazara çıxarmışıq, bu da zəhmətimizə verilən qiymət…”
Adının açıqlanmasını istəməyən satıcılardan biri qeyd edib ki, bostan məhsullarını da monopoliyaya almaq cəhdləri var. Bazarda yerli bostan məhsulları kifayət qədər çox olduğundan Türkiyədən idxal olunan yemiş-qarpızlar satılmır. Bu da həmin biznesə rəhbərlik edənlərin təbii ki, cavab vermir. Monopolistlər yerli məhsulu sıaradan çıxarmaq üçün səlahiyyətli şəxslərlə əlbir olub qeyri-sağlam rəqabət aparırlar.
RAMİL