Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

ELDAR MANSUROV: “İNSANLAR O QƏDƏR ŞEYTANLAŞIBLAR Kİ...” FOTOSESSİYA

“Bu gün Allah vergisi olan adamlar yox dərəcəsindədir”

“Gözəl düşünən gözəl görər” kəlamına hərənin bir yanaşma tərzi var. Əməkdar İncəsənət xadimi, bəstəkar Eldar Mansurov isə hər şey məqamına, anına baxır deyir.
“Simsar” jurnalı Eldar mansurovla maraqlı söhbət edib. Simsar.az saytı bu söhbəti oxucularına təqdim edir

Eldar Mansurov: Hər gördüyün şey parıldamır, hər parıldayan da qızıl deyil axi.
Mən başqalarından fərqli olaraq hər şeyə real baxıram. Televizora hamımız baxırıq dəxli olmayan şeyləri o qədər şişirdirlər, gözəlləşdirirlər, baxırsan ki, doğrudan da bu belədir. Tanıyandan sonra deyirsən ki, heç layiq deyil axı bu cür tərifnamələrə. İstedad mənim aləmimdə Allah vergisidir. Bu gün mən deyərdim ki Allah vergisi olan adamlar yox dərəcəsindədir, çox azdır. İndi müəyyən əlaqələrlə, münasibətlərlə vəzifəyə gələnlər daha çoxdur. Uşaq vaxtı nənəmlə söhbət edəndə ondan soruşurdum ki, nənə şeytan necə olur? O da deyərdi ki, bu saat insanlar o qədər şeytanlaşiblar ki şeytanlar qaçıb yox olub.

İradə Nurəddinqızı: Son zamanlar gündəmdə olan məsələlərdən biri
Eurovision məsələsidir. Parıltıdan bir qədər onun da payına düşür. Sözsüz ki, orada da parıltı var idi. Azərbaycanın qalibiyyəti təbii ki, sevindiricidir. Ancaq bir məqam var...

Eldar Mansurov: Bilirsiz, niyə bu dəfə qalib gəlməli idik? Ona görə yox ki, bizim təmsilçilərimiz çox güclü idlər. Açığı, orda bizim ölkəni təmsil edənlərin hamısı da demək olar ki, özfəaliyyət oxuyanları olub. Bəzisi Yeni ulduz müsabiqəsində tanınıb. Amma yaxşı müğənni olmaq üçün elə bir əziyyətləri olmayıb. Bunlar sənətə dünən gəliblər, uşaqdırlar. Sözümün canı odur ki, Azərbaycan qarşısına qalib gəlmək məqsədi qoymuşdu. Burda diasporanın çox böyük rolu var. Deyərdim ki, burda hətta Azərbaycan rəhbərliyinin çox böyük rolu var. Bizim qalibiyyətimizin bir hissəsi də onların hörmətindən irəli gəlir ki, Azərbaycan Avropada son illər daha sürətlə tanınmağa başlayıb. Baxın, paytaxtımız gözəldir və günü-gündən də gözəlləşir. Müsabiqədəki qələbə bizim ifaçıların qələbəsi deyildi. Onlar sadəcə bu qələbə üçün vasitə idilər. Azərbaycanın özü Avropada tanınır. Bir sözlə, bu, dövlətin qələbəsi idi. Təmsilçilərimiz və bir çoxları deyirlər ki, Azərbaycan mədəniyyətini, musiqisini təmsil ediblər. Amma belə deyil! Onlar demək olar ki, İsveç mədəniyyətini təbliğ edib, həmin ölkənin mahnısını ifa ediblər. Əslində Eurovision mahnı müsabiqəsidir. Əgər ifaçı müsabiqəsi olsaydı, bizimkilər qələbəyə layiq deyildilər. Çünki onlardan da güclü ifaçılar var idi.

İradə Nurəddinqızı: Müsabiqə üçün mahnı yazmaq fikriniz olub?

Eldar Mansurov: Mən heç vaxt özümü qabağa salmamışam ki, mahnı yazmaq üçün mənə müraciət etsinlər. Amma ölkəmizi təmsil edən mahnıda milliliyimizin duyulmasının tərəfdarıyam. Onsuz da mahnıların əksəriyyətində aranjiman olunanda mütləq dəyişiklik olur. Təmiz danışaq, Gövhər Həsənzadənin mahnısı sırf Avropa üslubunda idi. Elə aranjiman olunmuşdu ki, Avropaya yaxınlıq var idi. Bu, məni qane edirdi. Eldar və Nigar özlərinə görə özfəaliyyət səviyyəsində nəsə etməyə çalışdılar. Amma müsabiqənin Azərbaycanda keçirilməsi ölkəmizin daha da yaxından tanınması üçün fürsətdir. Avropanın bəzi ölkələrində camaat Azərbaycanın harada yerləşdiyini bilmirdi. Bundan sonra isə ölkəmizi daha da yaxşı tanıyacaqlar. Dövlətin rəhbərliyi də çalışır ki, Azərbaycanı tanıtsın. Əvvəl ürəyim ağrayırdı ki, şəhəri söküb dağıdırlar. Bu gün Bakı artıq meqapolisdir. Bakıda milyonlarla adam yaşayır. Bunların hamsını yerləşdirmək üçün yeni evlər lazımdır. Mənim nəslimdən olan adamlar yeni Bakını bir az qəbul etmək istəmirlər. Amma gənclər, məsələn, mənim nəvəm 15-17 yaşı olanda Bakının görünüşündən xoşu gələcək. Mən köhnə Bakını sevirəm. Bəziləri deyirlər ki, Meray Keri oxuyan olmayıb. Mən Monsarat Kobalyeni canlı olaraq dinləmişəm. Meray Kerinin isə ancaq lent yazılarını eşitmişəm. Ona görə də deyirəm yox, mənim üçün Meraydan yaxşı oxuyan var. Bu gün deyirlər bizdə Dinara Əliyeva var, çox yaxşı oxuyandır. Amma mən onu Monsarat Kobalye ilə müqayisə edə bimərəm.

İradə Nurəddinqızı: Bu dediklərinizin arasında hec onlar kimi oxuyan yoxdur?

Eldar Mansurov: Kimlərin ? İndikilərin arasında yoxdur. Bəlkə də gələcəkdə olacaq. Biz indi iki ayrı zamanın arasında körpüyük və deyərdim ki, bu iki zaman toqquşur. Sovet epoxasi qurtarmasına baxmayaraq adamları hələ yaşayır. Bizim beynimizdə o dövrün nələri var idisə hələ onunla yaşayırıq. Kommunist olmamışam, amma kommunist rejimində necə görmüşəm, həmin ideologiya beynimdədir. Bir çoxları deyir ki, senzura lazım deyil, mən isə deyirəm ki, lazımdır. Deyirlər, o keçmişin qalığıdır. Televiziyaya çıxırlar, bir-birinə ağzından çıxanı deyirlər. Bu, tərbiyəsizlikdir. Sovetlər dövrünü bəyənmirik. Halbuki, o dövrlərdə efirlərdə belə şeylərə yol verilmirdi. İndi ərindən boşandıqlarını da efirdə deyirlər utanmadan. Hələ nəyin cümə axşamlarını, evlənməyi demirəm. Sabah da toy gecəsini göstərəcəklər...

Anarə Baxşəliyeva: Bəyəm bu gün senzuranın olmaması yaxşı deyil ki, sizin kimi bəstəkarlar mahnı yazanda digərlərindən seçiləcək. Camaat da yaxşını bu cür pisdən ayıra bilir.

Eldar Mansurov: Mən televizora demək olar ki, baxmıram. Ancaq kimsə zəng edəndə ki, bax, filankəs oxuyur, onda baxıram. Maraqlı da deyil ki, kim nə yazıb, nə cür yazıb.

Narınc Rüstəmova: Cəmiyyət üçün istedadlı insanların olması vacibdir, yoxsa müdrik?

Eldar Mansurov: İstedad bilirsiz necədir? Məsələn, kefli İsgəndər çox istedadlı insandır. Belə obrazlar reallıqda adi insanların içində var. Sadəcə onu görüb, seçmək qabliyyəti olmalıdır. Dahi də odur ki onu görüb seçə bilsin. Bəstəkarın dahiliyi ondadır ki, yazdığı mahnını uyğun müğənniyə versin. Hər hansl bir mahnının ifaçısını mütləq düz seçməlisən. İnsan həm müdrik, həm də istedadlı olmalıdır...

İradə Nurəddinqızı: Binaların sökülməsindən, bərpa işlərindən danişdınız. Yəqin ki, Qız qalasının bərpasından xəbəriniz var. Qala ağardılır...

Eldar Mansurov: Sonra qaraldacaqlar da. (Gülür) Qız qalası bizim eramızdan əvvəl tikilən tarixi abidədir. Əvvəl axır onun da bir sonu olacaq. Bir də gördün zəlzələ oldu, onda nə Qız qalası, nə də başqa tarixi abidələr qalacaq. Yer planetinin başına açmadıqları oyun qalmayıb.

“7 yaşlı uşaq sevgidən oxumamalıdır”

Narınc Rüstəmova: Deyəsən müasirlikdən sizin də xoşunuz gəlmir...

Eldar Mansurov: Biz uşaq olanda kitab oxuyurduq. İndiki uşaqlar demək olar ki, kitab oxumur. İnternetdən köçürüb müəllimə təqdim edirlər. Əslində insan nəyəsə nail olmaq üçün zəhmət çəkməlidir. Baxmayaraq ki kompyuter dövrüdür, amma savadsızliq baş alıb gedir.

Narınc Rüstəmova: Eldar müəllim siz uşaqlar üçün də mahnılar yazmısız. O biri mahnılardan uşaq mahnılarının fərqı nədir?

Eldar Mansurov: Mən uşaqlar üçün çox mahnı yazmışam. Bu yaxınlarda nəvəm oldu. Onunçün də artıq mahnı yazmışam, hətta özüm klipini də yığmışam. Bir şeyin əleyhinəyəm, məncə 7 yaşlı uşaq sevgidən oxumamalıdır. İndiki uşaqlar Aygünün, Zülfiyyənin, Brilliantın sevgi mahnılarını oxuyurlar. Elə uşaqlar da var ki, ölməkdən oxuyurlar. Deyən lazım, ay bala, hara ölürsən, təzə doğulmusan ki!!! Uşaqlar Allahın ən təmiz bəndələridir. Ona görə də uşaqları sevmək, düzgün tərbiyə etmək lazımdır.

Narınc Rüstəmova: Siz mahnını sözlərə görə bəstələyirsiz, yoxsa əvvəl musiqi yaranır?

Eldar Mansurov: Sözlər var ki, o qədər xoşagələn olur, adamı məcbur edir mahnılaşdırmağa. Birdən də musiqini bəstələyirəm, amma sözləri sonra yazdırıram.
İradə Nurəddinqızı: Seriala baxırsız?

Eldar Mansurov: Yox, mən xəstə deyiləm ki...

İradə Nurəddinqızı: Eldar müəllim seriala ancaq xəstələrmı baxır?

Eldar Mansurov: Bəli, mənim fikrimcə, kişi oturub seriala baxmaz. Qadınlara yaraşır. Mən “xəstə” deyəndə zarafat etdim. Deyirlər, hərənin bir şeyə marağı var. Sadəcə seriala baxanlar işi-gücü olmayanlardır. İnternetə çox böyük marağım var. Virtual aləmdə öyrənmək istədiyim çox şey var.

İradə Nurəddinqızı: Son zamanlar insanlarda belə fikir formalaşıb ki, internetdə varsa deməli xəbər doğrudur.

Eldar Mansurov: Xeyr, internetdə də yalan məlumatlar var. Mənə düzgün xəbər lazımdırsa kitabları, sənədləri axtarıb tapıram. İnsanların özündə məntiq olmalıdır. Sanki məntiqi də insanların əlindən alıblar. Elə bir dövrə gəlib çıxmışıq ki ancaq nökərlər və ağalar var. Bu cəmiyyəti inkişaf etdirən ziyalı təbəqə demək olar ki, azalır.

Narınc Rüstəmova: Bir mahnı dinləyərkən hərə özü üçün onun klipini canlandırır.Məsələn, 100 nəfərə 1 mahnını dinlətsək hərə öz həyatına uyğun canlandıracaq. Yəgin ki bəstəkar da özü üçün bir klip canlandırır. Mahnılarınıza çəkilən kliplər sizi qane edirmi?

Eldar Mansurov: Bəzən olur ki, mən düşündüyümdən də bərbad hala salırlar. Məsələn, anama həsr etdiyim “Gecə zəngləri” adlı instrumental musiqim var. Gecə idi, bir məkanda oturmuşdum. Qəfil zəng gəldi ki, xəstəxanaya gəl, ananın halı pisdir. Ürəyimə damdı ki, anam dünyasını dəyişib. Gəldim xəstəxanaya və bildim ki, doğrudan da elədir... O musiqini yazanda sanki Allahdan mənə vəhy gəldi. Mənə ağır gələn bilirsiz nədir? Bir də görürsən hansısa kanalda inək, zibillik göstərirlər, fonda isə həmin musiqi çalınır. Bu düzgündürmü? Ən azından soruşa bilərlər ki, olar, ya olmaz? Bilmirəm, bu nə tərbiyyəsizlikdir. Mən bütün həyatım boyu çalışmışam. Mənimçün soyadım, nəslim ən böyük zirvədə olub. Çalışıram ki, mən dünyamı dəyişəndən sonra övladlarıma “Allah atana rəhmət etsin!” desinlər, necə ki, mənim atama deyirlər.


Hazırladı: Mirqayda






30 İyul, 2011  16:13 Baxılıb: 1734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16