O, arzu və ürək sözlərini Simsar.az-la bölüşdü
Bu gün Azərbaycanın xalq aristi Flora Kərimovanın 70 yaşı tamam olur. O, 1941-ci il, iyulun bu günündə anadan olub.
Simsar.az saytı xalq artistinə telefon açaraq, onu 70 yaşının tamam olması münasibətilə həm təbrik etdi, həm də arzu və ürək sözlərini dinlədi.
F.Kərimovanın yubileyi olmasına baxmayaraq, ad gününü qeyd etmir. Başlıca səbəb 1993-cü il, iyulun 23-də Azərbaycanın işğal altında olan ərazisi Ağdamın ermənilər tərəfindən zəbt edilməsidir: “Bu gün Ağdamın işğalından 18 il ötür, belə bir gündə ad günümü qeyd etmək doğru olmazdı”. Doğum gününü yalnız ailəsi ilə birgə olacağını söyləyən xalq artisti: “Bu gün bir çox dost, həmkar və tanışlarımdan təbriklər almışam. Amma ad günümü təmtəraqlı qeyd etməyəcəm. Övladlarım da yanımda yoxdurlar. Sadəcə ailə dostlarımla birgə bir masa ətrafında oturub, həmişəki kimi çörək kəsəcəyik” deyə bildirdi.
Realist insan olduğunu deyən F. Kərimova, ad günü arzularını da dilə gətirdi:” Arzunu heç sevmirəm, amma bir neçə istəyim var. Qızımdan qız nəvəsi gözləyirəm”. 70 yaşlı sənətkardan ruhunun da yaşını soruşduq: “Abırımın 70 yaşı var, ruhum isə ondan azacıq cavandır”.
Biz də Simsar.az saytı olaraq, onu sevənlər, musiqilərini dinləməkdən zövq alanlar adından xalq artistini 70 yaşı, yubileyi münasibətilə təbrik edir, həmişəyaşar səsin həmişəyaşar sahibinə ruhunun yaşı qədər gözəl günlər arzu edirik.
Aynurə