Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

136 YAŞLI MƏTBUATIN BALALARI, NECƏSİZ?

Simsar.az saytı jurnalistlərin 22 iyul ovqatı ilə maraqlandı

Bu gün Milli Mətbuat 136 yaşını qeyd edir. Mətbuatın tarixi “Əkinçi” qəzetinin yarandığı gündən hesablanır.

Həsən Bəy Zərdabi 1875-ci ilin 22 iyulunda doğma ana dilimizdə “Əkinçi” qəzetini nəşr etdirib. 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

Simsar.az saytı mətbuat nümayəndələrinə “Mətbuat bayramında özünüz necə hiss edirsiniz” sualı ilə müraciət edib.


“Xural” qəzetinin baş redaktoru Evəz Zeynallı: 

- Bu gün azad və müstəqil mətbuatın qara bayramıdır.

Var.az saytının redaktoru Aynur Elgünəş:

- Təbriklərdən hiss edirəm ki, bu gün bayramdır. Mətbuatın necə olmasından asılı olmayaraq, 22 iyul mənim üçün əlamətdar gündür. İçimdə sevinc olur. Əvvəllər əsəbləşirdim ki, niyə söz demə haqqı olmayanlar 22 iyulda daha çox danışırlar. Amma indi bir az fərqli yanaşıram, daha çox onlarla əylənirəm. Bu baxımdan mənim üçün gün pis keçmir. Amma ciddiyyətinə varanda, düşünürəm ki, bu gün müəyyən kəsim üçün bayramdır. Mən o kəsimi nəzərdə tuturam ki, onun üçün bu gün aldığı mükafat, hansısa biznes strukturunun hədiyyəsi önəmli deyil. Onun üçün önəmli olan jurnalist adıdır və cəmiyyətdəki yeridir.


Araşdırmaçı jurnalist Nicat Dağlar:

- Bu gün səhər qızım Aycan məni təbrik etdi. Səhər o başdan durmuşdu ki, mənə "Bayramın mübarək, ata" desin. Hətta dünən anası ilə birgə mənə hədiyyə də alıblarmış. Balaca qardaşı ilə birgə hədiyyəni mənə təntənəli surətdə təqdim etdilər. Övladlarımın əlindən aldığım hədiyyədən böyük nə ola bilər? Başqa heç bir mükafat bundan daha çox sevinc hissi yarada bilməz. Bu baxımdan, özümü nəinki yaxşı, əntiqə hiss edirəm.

Teleaparıcı İlhamiyyə Rza:

- Bayramı hiss etmirəm. Ümumiyyətlə bayram hansısa qürurverici bir faktin qeyd edilməsidir. İllər öncə Zərdabinin göstərdiyi vətəndaşlıq qeyrəti bizimçün bir ölçü vahidi olmalıdır. Hələ ki, onun xidmətinə şərik olub nəyisə bayram etməyə haqqımız yoxdur. Bu bir imkandır ki, özümüzə örnək bildiyimiz bir insanın etdikləri ilə öz fəaliyyətimiz arasında müqayisə aparıb, işimizə düzgün qiymət verək. Amma gördüyüm odur ki, hər yoldan otən, öz mənafeyi, öz maraqları naminə kimlərəsə mükafat verir. Bu, çox iyrənc bir mənzərədir, jurnalistləri açıq şəkildə ələ almaq cəhdləri il boyu müşahidə edilir. Özü də rüşvətin daha qəliz və bəzək- düzəkli formaları işə salınır. Ümumiyyətlə, Azərbaycan jurnalistikasi deyilən bir məfhumu hiss etmirəm. Bizim media olan- qalan mövqelərini tamamilə uduzub, çox təəssüf.

“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi:

- Mən bayramı hiss eləmirəm. Ona görə ki, hələ də söz azad deyil. Azad söz olmayan yerdə mətbuat bayramı sadəcə sarkazmdır. Başqa tərəfdən milli mətbuatımızın əsasını qoymuş böyük tarixi şəxsiyyətlərin ruhuna rahatlıq diləyirəm. Bu gün onların yad olunması baxımından əlamətdar ola bilər.


"Azadinform" İnformasiya Agentliyinin jurnalisti Həbibə Abdulla:

- Təəssüf ki, bayram olduğunu hiss etmirəm. Azərbaycanda xeyli sayda bayram kimi qeyd edilən gün var ki, Milli Mətbuat Günü öz əhəmiyyətinə və vacibliyinə görə o günlərdən çox-çox üstündür. Lakin təəssüflər olsun ki, bizim günümüz həmin günlərdən çox aşağı səviyyədə qeyd olunur. Mətbuata cəmiyyətin aynası deyirlər. Amma nə yazıq ki, cəmiyyət öz aynasına boylanmır, özünə baxmaq istəmir.


Simsar.az saytının müxbiri Ruslan Xəlil:

- 22 iyulu bayram kimi qeyd etməyə borcluyuq. Bu, bütün jurnalistlərin bayramıdır. Öz bayramımızı özümüz qeyd etməliyik. Amma deyim ki, iyulun 22-si mənim üçün əlamətdar gün deyil. Adi günlərdən biridir. Əksər müxbirlər elə düşünürlər ki, 22 iyulda mütləq hansısa səlahiyyətli qurum, şəxs onları təbrik etməlidir. Bu da ələbaxımlılığın əlamətləridir ki, içimizə hopub. Mən bu bayramda heç bir təşkilatdan, qurumdan təbrik almamışam, heç gözləmirdim də. Amma redaksiya rəhbərliyi işçiləri təbrik etdi. “SİMSAR” Məhdud Məsuliyyətli Cəmiyyət jurnalistləri Fəxri Fərmanla təltif etdi. Çay süfrəsi açıb şənləndik. Bu da oldu bizim bayramımız.


“İki sahil” qəzetinin müxbiri Aynurə Şirinova:

- Bu gün Milli Mətbuatımızın 136-ci ildönümüdür. Yarandığı 136 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib. Bu gün dövlətimizn mətbuata göstərdiyi diqqət və qayğı media nümayəndələrini əzmlə işləməyə stimul verir. Həqiqətən jurunalistika çətin və şərəfli bir peşədir. SOCAR-ın təsisçiliyi ilə işıq üzü görən, çoxsaylı ozucuların rəğbətini qazanmış “İki sahil” qəzetində işləmək və bu bayram sevincini yaşamaq mənim üçün fəxrdir. Redaksiyamızda bayram bayrama qarışıb. Qəzetimizin 20 illik yubleyi ərəfəsində möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə qəzetimizin baş redaktoru Vüqar Rəhimzadənin III dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif olunmasından böyük qürur hissi keçirdik, bunu kollektivin əməyinə verilən dəyər kimi qiymətləndirdik. Bütün həmkarlarımı 22 iyul Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinə yaradıcılıq uğurları, can sağlığı, ailə xöşbəxtliyi, ruzi-bərəkət arzulayıram. Qələmimiz iti, sözünüz daim kəsərli olsun.


“Yeni Müsavat” qəzetinin müxbiri Samir Kazımlı:

- Adətən peşə və digər bayramları qeyd edən insanlar bayram günləri şən olurlar. Bu gün isə mənim üçün sıradan gündür. Əhvalım da bir neçə gün öncə necə idisə indi də demək olar elədir. Heçə nə dəyişməyib. Yəni bayram əhval- ruhiyyəsində deyiləm. Polisdə, prokurorluqda, təhsil müəssisələrində, məhkəmələrdə və digər yerlərdə də işləyən tanışlarımın da peşə bayramları olanda görmüşəm ki, yüksək əhval-ruhiyyədə deyillər. Elə bir vəziyyət yaranıb ki, bütün peşələrdə bir qrup şəxslərdən başqa heç kim bayram günləri bayram əhval-ruhiyyəsində olmur. Deməli, cəmiyyət bayram nə olduğunu bilmir.


APA İnformasiya Agentliyinin əməkdaşı Ülkər Qasımova:

- Bu gün Azərbaycan mətbuatının yaradılmasının 136-cı ili tamam olur. Sözsüz ki, bu, hər bir jurnalist üçün bayramdır və bunu bayram hiss etməmək böyük qəbahət olar. Bayramı biz daxilimizdə hiss etməliyik və bu ən vacib olan məqamdır. 22 iyulda Milli Mətbuat Gününə görə fərəhlənirik. İstərdim bu fərəh daimi olsun. Jurnalist adı ilə hər kəs şərəf duysun və bu adı əksiltmək əvəzinə, yüksəltmək naminə bir olaq! Azərbaycanımıza, 136 illik mətbuat tariximizə, özümüzə, imzamıza hörmət qoyaq, jurnalist adından sui-istifadə etməyək! Bütün bu hissləri keçirən vicdanlı və qərəzsiz jurnalsitlərin hər biri bu bayramı hiss edir. Mən də onların içində. Bayramınız mübarək, həmkarlar! Nə gözəl ki, 136 illik tarixi olan bu tarixə bizim də adımız yazılmaqdadır.

Həsən bəy Zərdabinin nəticəsi Rəbiyyə Zərdabi:

- Bu gün Fəxri Xiyabana gedib, Həsən bəy Zərdabini ziyarət etdik. Mətbuat Şurası da babamın qəbrinin üstünə çələng qoyub. Bayram o qədər də möhtəşəm keçirilmir. Ürəyimiz istəyən kimi deyil. Halbuki müsəlman ölkəsində anca bizdə ilk dəfə qıəzet çap olunub. Bu, böyük bayramdır, təntənəli və möhtəşəm keçirilməlidir. Hərçənd qardaş ölkə olan Türkiyədə bu günlə bağlı Həsən bəy Zərdabini geniş anırlar. Bu gün Zərdabi ilə bağlı Türkiyə mətbuatında yazılar dərc olunub. Ömər Faruk Beykənin redaktorluğu ilə Türkiyənin “Fikir Sənət və Ədəbiyyatda törə” adlı jurnalında “Həsən bəy Zərdabi ” və “Siyah taş” adlı məqalə var.


Aynurə Həsənova






22 İyul, 2011  18:45 Baxılıb: 1795 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16