TQDK sədrilə rektor Əhməd Vəliyev arasında qarşıdurma ciddiləşir
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) tələbə-məzun bazasına əsasən ali məktəbə daxil olan şəxslərlə onu bitirənlər arasında say fərqi kifayət qədərdir. Bununla əlaqədar geniş açıqlamanı sentyabr ayında verəcəyəm”.
Bu barədə TQDK sədri Məleykə Abbaszadə Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevlə komissiya arasında yaranan rezidentura qalmaqalına münasibət bildirərkən deyib: “Əhməd Vəliyev mənə bu universitetin oğlan məzunlarının rezidenturaya sənəd verə bilməsi üçün xahiş etməyimlə bağlı müraciət etmişdi. Mən onlarla əlaqədar heç kimə xahiş etməmişəm. Bununla heç kimin hüququnu pozmuram. Heç bir qanunda yazılmayıb ki, mən bununla bağlı xahiş etməliyəm yoxsa, yox”.
TQDK sədri deyib ki, həmin məzunların arasında TQDK-nın qəbul imtahanlarında iştirak etməyən şəxslər var: “Əhməd Vəliyev yazır ki, onlar haradansa köçürülübdür. Məsələ burasındadır ki, həmin şəxslər köçürülməzdən əvvəl TQDK-nın 2005-ci ildə keçirdiyi qəbul imtahanında iştirak edib, aşağı bal toplayıblar. Mən bilmirəm, onlar Moskva Sosial Universitetinə, Moskva Açıq Universitetinə və müxtəlif universitetlərə necə qəbul olunublar? Ancaq biz onları qəbul etməmişik, onlarla əlaqədar belə müraciət mümkün deyil. Biz tələbə-məzun bazasının yoxlanılması zamanı da bunları müəyyən etmişdik. Əgər onların əlində dövlətin təsdiq etdiyi diplom olsa, biz onları qəbul edəcəyik. Amma onları hərbi çağırışdan azad etmək, bu, bizim vəzifəmiz deyil”
RAMIL