|
VÜQAR RƏHİMZADƏ: “İLK MÜSAHİBLƏRİMDƏN BİRİ HEYDƏR ƏLİYEV OLUB-FOTOSESSİYA
“Qərəzli münasibət göstərib məni imtahanlardan səbəbsiz kəsən müəllimlər də olub”
Rubrikanın qonağı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadədir.
“Qonorarımı velosiped almaq üçün yığmışdım”
Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində böyümüşəm. Uşaqlığım əzəmətli İlanlı dağının ətəyində keçib. Çox maraqlı, həm də çətin günlərlə yadda qalıb. Çoxuşaqlı ailə olmuşuq. Uşaq vaxtından evi dolandırmaq üçün kolxozda işləmişik. 1988-ci ildə atamın vəfatından sonra əziyyətimizi anam çəkib. Orta məktəbə də həmin kənddə getmişəm. Artıq 6-cı sinifdə oxuyanda Naxçıvanda çap olunan “Zəfər”, “Şərq qapısı” qəzetləri ilə əməkdaşlıq edirdim. İlk yazılarımda kənd güzəranından, məktəb həyatından söhbət açılıb. Ümumiyyətlə, bizim evdə daim yazı-pozuya meyillilik olub. Böyük qardaşım da məqalələr yazırdı. O illərdə “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Azərbaycan pioneri” qəzetlərində də məqalələrlə çıxış etmişəm. Həmin mətbu nəşrlərdə müxtəlif janrda onlarla yazım dərc olunub. 6 manatdan 15 manata qədər qonorar alırdım. Bu, orta məktəb şagirdi üçün az deyildi. Bir sirr açım: hətta 40 manata yaxın pul toplamışdım ki, özümə velosiped alım. Bu da uşaqlıq arzusu idi. Nəhayət ki, qardaşlarımla köməkləşib ala bildik. Çətinliklə böyüsək də dərslərlə ciddi məşğul olurduq. Təsərrüfatda işləməklə yanaşı, dərsləri də qaçırmırdıq. Qiymətlərimin hamısı əla olmasa da orta məktəbi yaxşı oxumuşam. Yadımdadı, yeddi dördüm vardı, qalanı beş idi. Azərbaycan dili, coğrafiya, tarix, riyaziyyat sevdiyim fənnlər olub. Kimyanı heç xoşlamırdım. Müəllimlərimdən də hər zaman diqqət və qayğı görmüşəm. O zaman müəllim-şagird münasibətləri çox səmimi idi. Coğrafiyanı tədris edən Seyidtağı müəllim qonşu Bənənyar kəndindən bizim məktəbdə dərs deməyə gəlirdi. Yaxşı oxuduğuma görə mənə tez-tez hədiyyə olaraq kitablar verirdi.
“Başqa sahədə oxusam da jurnalistikaya bağlı olmuşam”
1984-cü ildə orta məktəbi bitirəndə iki yol ayrıcında qalmışdım. Jurnalist olmağı isə daha çox istəyirdim. İstəyirdim yazılarım mətbuatda işıq üzü görsün, imzam tanınsın. Bir sözlə, yazıb-yaratmaq gündəlik işim olsun. Lakin jurnalistika fakültəsinə qəbul qaydalarına görə iki illik staj tələb olunurdu. Orta məktəbi yeni bitirdiyimdən alınmadı. Sənədlərimi M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna verdim. Orta məktəbi bitirdiyim ildən tələbə həyatım başladı. İnstitutda axşam şöbəsində oxuyurdum. Gündüzlər “Azərneftkimyazavodtəmir” trestinin 1 saylı tikinti-təmir idarəsində əvvəlcə yardımçı fəhlə, sonra isə quraşdırıcı çilingər işlədim. 1985-1987-ci illərdə İrkutsk vilayətinin Zima şəhərində hərbi xidmətdə oldum. Əsgərlikdən qayıtdıqdan sonra institutdan çıxmaq istəyirdim. Bu sahəyə olan böyük həvəsdən sənədlərimi BDU-nun jurnalistika fakültəsinə təqdim etməyi qərarlaşdırdım. Amma böyüklər məsləhət bilmədilər. Təhsilimi davam etdirdim. Yaxşı oxuyurdum, ancaq qərəzli münasibət göstərib məni imtahanlardan səbəbsiz kəsən müəllimlər də olub. Bu halda kafedra müdirinə ərizə ilə müraciət etmişəm, məndən şəxsən imtahan götürülüb və qiymət almışam. 1989-ci ildə işlədiyim trestin orqanı olan çoxtirajlı “Böyük kimya uğrunda” qəzetində əvvəl müxbir işlədim, bir ildən sonra redaktor təyin olundum. Yazılarım respublikanın məşhur mətbu orqanlarında da işıq üzü görürdü. Bu dövrdə ikinci təhsilimi almağa nail oldum. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdim. Demək olar ki, bütün sahələr üzrə məqalələrim var. Heydər Əliyevlə bağlı olan mövzulara həmişə xüsusi diqqətlə yanaşmışam. Şərəflə qeyd edə bilərəm ki, ilk müsahiblərimdən biri ümummilli liderimiz olub. İndiyədək yadımdadır, müsahibə 1990-cı il, oktyabrın 9-u, saat 19:00-da baş tutdu. Həmin dövrdə sadəcə çoxtirajlı bir qəzetin redaktoru idim. 1991-ci ildən “İki sahil” qəzetində çalışıram. Əvvəl məsul katib işləmişəm. 20 ildən artıqdır ki, qəzetə rəhbərlik edirəm. İlk sayı 1991-ci ildə çıxıb. İyulun 10-u qəzetimizin 20 illik yubileyidir. İndi redaksiyamızda 30-dan artıq əməkdaş var. 44 yaşım var, həyatımın 22 ili sırf mətbuatla bağlıdır. Bu sahəyə bağlanmaq mənə çox insanları tanıdıb, əsl dostlar qazandırıb. Təbii ki, çətin məqamlar da olur, amma bunu bütövlükdə peşə fəaliyyəti ilə bağlamazdım.
“Fəxr edirəm ki, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüyəm”
Təkcə ölkəmizdə deyil, regionda ən böyük siyasi partiyalardan biri olan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüyəm. Ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyətin qurub yaratdığı bir partiyada təmsil olunmaq qürurvericidir. Partiyanın yarandığı gündən Siyasi Şuranın üzvüyəm və eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın düşmüş olduğu faciələrdən qurtulması üçün 1992-ci ilin oktyabrında ulu öndərimiz Heydər Əliyevə müraciət edən 91 nəfər ziyalıdan biriyəm. Mən bütün bunlara görə, qürur hissi keçirirəm.
“Təəssüf, bəziləri şəxsi həyata müdaxiləni prinsip seçir”
Azərbaycan Mətbuat Şurası yarandığı ildən (2003) qurumun İdarə Heyətinin üzvüyəm. 2008-ci ildə keçirilən V qurultayda jurnalistlərin istəyi ilə Şuranın tərkibində “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası yaradıldı. Komissiyanın sədri olaraq problemi aradan qaldırmaq üçün apardığımız işlərdə ictimaiyyətin dəstəyinə güvənirəm. İndi Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrinin sayı 100-ə yaxındır. Təəssüf ki, həmin qəzetlərin əməkdaşları insanların təhqir olunmasını, şəxsi həyata müdaxiləni özlərinə prinsip seçir, böhtan xarakterli yazılar dərc edirlər. Keçən il 26 qəzetin adı “qara siyahı”dan çıxarılıb. Onalardan əksəriyyəti etik kodekslərə əməl edəcəklərinə söz verdilər. Jurnalist yazısında obyektivliyə, fakta söykənməli, mövqeyini büruzə verməməli, qeyri-dəqiq mənbələrə istinad etməməlidir. Həm informasiya ötürücüsü kimi, həm də söz sahibi kimi vətəninə, dövlətinə, ictimaiyyətə xidmət etməlidir. İnsanın xarakterindən çox şey asılıdır. Hesab edirəm ki, nəinki jurnalistlər, bütün vətəndaşlar ilk növbədə xalqının, millətinin, dövlətinin mənafeyini üstün tutmalıdırlar. Bu gün Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır. 1990-cı illərin əvvəllərində sözə və jurnalistlərə kifayət qədər basqı vardı. Fikirlərin sərbəst ifadəsi çətin idi, jurnalistlərin həyatı təhlükədə olurdu. Hətta qəzetlərin üzərində hərbi senzura da tədbiq olunurdu. 1993-cü ildən sonra isə xalqın təkidli ilə hakimiyyətə qayıdan Heydər Əliyevin səyləri nəticəsində mətbuat sahəsində də irəliləyişlər yarandı.
“Oğlumun jurnalistikaya həvəsini hiss edirəm”
Üç oğlum var. Böyük oğlum Səlim XI, ortancıl Rauf X sinfə keçəcək, kiçik oğlum Fuadın isə 3 yaşı var. Həyat yoldaşım Bakı Dövlət Universitetinin biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib, evdə uşaqların həm dərsləri ilə, həm də təlim-tərbiyəsi ilə məşğul olur. Azərbaycan ailəsinə xas olan xüsusiyyətləri ailəmizdə cəmləməyə çalışırıq. Bu həm də uşaqların milli adətləri mənimsəməsi üçün başlıca amildir. Böyük oğlumun inşa yazılarından hiss edirəm ki, jurnalistikaya həvəsi var. Hələ məktəbdə oxuyur və hansı sahəni seçəcəyini zaman göstərəcək. Əsas odur ki, seçdiyi peşəni sevsin. Harda işləməyindən, hansı peşənin sahibi olmasından asılı olmayaraq, uğur qazanmaq üçün insanlar öz işlərinə ürəklə yanaşmalıdır.
Arifə Mikayılova -“Simsar” jurnalı
21 İyul, 2011 17:13 ⁄ Baxılıb: 1821 ⁄ Çap
Bu bölmədə
|
|
|