Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

ELDAR NAMAZOV: “MƏNİ BAKIYA ALDADIB GƏTİRİBLƏR” - FOTOSESSİYA

“Böyüyəndə bildim ki, nənə obyektiv tənqidçi sayıla bilməz”

Müsahibə yerinə yarım saat gec gəlməyimizə baxmayaraq, bizi gülərüzlə qarşıladı. Qeyri-siyasi mövzuda danışacağımızı biləndə: “onsuz da siyasətdən yorulmuşuq, bir az kənarlaşsaq, pis olmaz” - dedi. 
Prezident katibliyinin keçmiş rəhbəri, Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazovla qeyri-siyasi söhbətimizi sizə təqdim edirik.

- Olduqca sakit, səbirli insan təsiri bağışlayırsız, hətta müsahibələrinizdə də ən çılğın siyasi hadisələrə təmkinlə münasibət bildirirsiz, xarakteriniz uşaqlıqdan belə olub, yoxsa sonradan formalaşıb?


- Uşaqlıqda nadir hallarda məni təmkinli uşaq kimi qiymətləndirərdilər. Məktəb illərim də olduqca kreativ keçib. O zaman 10-cu siniflər ən yuxarı sinif sayılırdı, məktəbdə ağalıq edirdilər. Elə oldu ki, bizim 8, 9 və 10-cu sinifləri qonşu küçədə açılan məktəbə köçürdülər. Ona görə 8-də oxuyanda bizdən yuxarı sinif yox idi. Əvvəl qeyri-adi gəlirdi. Amma 9-cu sinifdə nə dəcəllik vardısa hamısını ortalığa çıxardıq. İnstitutda oxuyanda isə deyirdilər ki, səbirliyəm. Bu, yəqin məktəbdə üç il yuxarı sinif olmağımızın təsiri idi. Nə emassionallıq, kreativlik vardısa yəqin bu üç ildə özünü artıqlaması ilə büruzə verib. Demək ki, bir limit vardı, o da bitdi (gülür).


- Sizinlə bağlı informasiyalarda idman və musiqi ilə maraqlandığınızı oxumuşam. Düşünmək olarmı ki, Eldar Namazov məşhur idamançı və ya musiqiçi ola bilərdi?


- Vaxt vardı hamı əmin idi ki, şahmatçı olacam. Birinci sinifdən artıq çox güclü şahmat oynayırdım. Yeddinci sinifdə komandamız gənclər və yeniyetmələr arasında Azərbaycan çempionu oldu. Bir müddətdən sonra isə hamı ədəbiyyatçı olacağımı düşündü. İkinci sinfdə oxuyanda şerlərim qəzetdə çap olunurdu. Yadımdadır, birinci sinifdə müəlliməmə şer yazmışdım. Həmin şerimi onuncuların son zəng mərasimində söyləyəndə alqışladılar. Onlara da təəccblü idi ki, birinci sinif şagirdi belə şer yazır. Bundan başqa, futbolla da maraqlanırdım. Hətta illərlə görmədiyim dostlarımla görüşəndə dedilər ki, “Neftçi” komandasında Namazov soyadlı fudbolçunun sən olduğunu fikirləşirdik. Sonra onun haqqında məlumatları oxuyanda biliblər ki, mən deyiləm. Musiqini də çox sevirdim, gitarada çalmaq dəb idi. Artıq doqquzda oxuyanda tarixçi olacağıma qərar verdim. Müəllimlərim də bunu bilirdi. O vaxtlar tarix fakültəsinə qəbul çətin olduğundan çoxları məni fikrimdən döndərmək istəyirdi. Sənəd verdiyim birinci ildə imtahanları yaxşı versəm də, yarım balım çatmadı və müsabiqədən keçmədim. Bir ildən sonra yenə imtahan verdim. Müsabiqə balı yüksək olsa da qəbul olundum.

- İndi də şeir yazırsız?


- Uşaq vaxtı şerlərimi nənəmə oxuyurdum, o da bəyənirdi. Böyüyəndə bildim ki, nənə obyektiv tənqidçi sayıla bilməz (gülür). Görkəmli şairlərin əsərlərini oxuyandan sonra şerlərimi mətbuatda dərc etdirməyəcəyimə tövbə etdim. Hərdən sanki yazmağa ehtiyac yaranır. Telefonla və ya internetlə dostlarıma, yaxın adamalara şer göndərdiyim olur. Amma ideal saydığım şairlər olduğuna görə başa düşürəm ki, bu sadəcə dostlara hədiyyə, ürəkdən gələn arzudur, əsl poeziya isə çox ciddi məsələdir.


- Keçmiş Şahmat federasiyasının prezidenti məşhur şahmatçılardan kimlərlə yarışıb?


- Yeddinci sinifdə oxuyurdum. Azərbaycanı SSRİ birliyində təmsil etmək və birincilik qazanmaq böyük nailiyyət idi. O qələbədən sonra peşəkar şahmat fəaliyyətimi dayandırdım. Halbuki hamı bu istiqamətdə gedəcəyimi gözləyiridi. Yol ayrıcında olduğumu anlayırdım, ya peşəkar şahmatla məşğul olmalı, ya da başqa sahəni seçməliydim. Məşqlərdə şahmatla vidalaşdığımı elan etdim. Bir çox şahmatçı ilə yarışmışam, həmin adamlar sonradan çempion oldular. İllər sonra Şahmat Federasiyasından zəng gəldi. Şahmatı çətin vəziyyətdən qurtarmaq üçün federasiyaya başçılıq etməyimi təklif etdilər. Prezidentin köməkçisi kimi iş qrafiki ağır idi. Kömək etməyə vaxtım çamadığından formal olaraq başçılığı qəbul etmək düzgün deyildi. Bir gün “Zerkalo” qəzetində şahmatçımız Firuzə Vəlixanlının müsahibəsini oxudum. Müsahibədə yazılmışdı ki, Azərbaycnda şahmat ölüb, federasiya fəaliyyət göstərmir, şamatçılarımız xaricdə yaşamağa, orda işləməyə məcburdu. Çox təsirli müsahibə idi. Onu oxuyanda haqlı olmadığımı bildim. İşim nə qədər gərgin olsa da, Azərbaycan şahmatının düşdüyü vəziyyətin ondan da gərgin olduğunu anladım. Şahmat federasiyasına zəng edib təkliflərini qəbul etdim. Altı il Şahmat Federasiyasının rəhbəri oldum. Dünyanın tanınan neft şirkətlərini federasiyanın proqramına dəstək olmağa dəvət etdim. Hər il federasiya ilə müqavilə imzalayıb bütün xərcləri ödəyirdilər. Altı ildən sonra Azərbaycanda bir neçə qrossmeyster vardı artıq. Əvvəllərsə xaricdən qrossmeysterlər çağırırdıq ki, gənclərin beynəlxalq usta normasını yerinə yetirməyə imkanları olsun. Xatlrılıyıram, o dövrlərdə Teymur da gənc uşaq idi, Rauf Məmmədov, Vüqar Qasımov, Nicat… Bu ilin may reytinqinə görə, dünya üzrə 13 aparıcı qrossmeysterlərdən 3-ü azərbaycanlıdır. Son zamanlar yanlış tendednsiya yaranıb. Elə idman növləri var ki, orda Azərbaycanın yığma komandasında bir dənə də azərbaycanlı yoxdur. İdmana ayrılan vəsaiti peşəkarlaşmış xarici legeonerlərin gətirliməsinə yox, azərbaycanlı gənclərin idmanla məğul olmasına yönəltmək lazımdır.

- Hansı bəstələri dinləyirsiz?


- Gənclik illərində Azərbaycan estradası ilə yanaşı, sovet musiqisi, Amerika və Avropa musiqi qruplarına qulaq asırdıq. Get-gedə anlayırsan ki, musiqi ilə mahnının mətni vəhdət təşkil etməlidir. Məşhur qərb qruplarının bütün konsetr çıxışları məndə vardı. İndi seçim də çoxdur. Klassik musiqi, muğam inkişaf edir, yeni musiqi qrupları var. Xarici mahnıllara da qulaq asıram, amma gəncliyimdən fərqli olaraq daha çox Azərbaycan musiqilərini dinləyirəm.

- Ziyalıların əksəriyyərti Azərbaycan televiziyalarına baxmadıqlarını söyləyir. Siz də onlardansız?


- Təəssüf ki, belədir. Son dövrlərdə Azərbaycan kanallarına az baxıram. Təbii ki, ANS televiziyasında xəbərləri izləyirəm, bu, informasiya baxımından da vacibdir. İctimai televiziyada təşkil olunan disskusiyalar, debatlar maraq doğurur. Azərbaycan kanallarının səviyyəsi yəqin tək məni yox, bir çoxlarını qane etmir.

- Bəs, xarici telekanallar...


- Hər gün CNN, Euronews, Türküyənin NTV kanallarının xəbərlərinə baxıram, Bundan başqa, analitik verilişləri mütləq izləyirəm. Telekanallar mənim üçün əyləncə deyil, aktual informasiya vasitəsidir. Vaxt qalanda, maraqlı filmlər olarsa baxıram.

“Bir də ayıldım ki, qatar gedir”


- Son zamanlar sakitliyə çəkilmisiz...


- Haqlısız. Bir neçə il bundan əvvəl özüm üçün təhlil edirdim ki, Azərbaycanda müxtəlif sahələrdə aktivliyin müsbət nəticəsi olmur. Bunun bir neçə səbəbləri var. Nədənsə bizdə belə bir dəb var, kim isə beş qəpiklik müsbət bir iş görəndə bunu bir manatlıq iş kimi təqdim edir. Amma bunun arxasında real işlər dayanmadığından aparılan təbliğat sabun köpüyü kimi yoxa çıxır. Məlum olur ki, bu, müəyyən müddət diqqət mərkəzində olmaq üçün atılan bir addımdır. Belə qərar vermişəm ki, nə qədər işləsəm də, fəaliyyətim barədə az danışım. Əslində, əvvəlki illərdən daha çox çalışıram, sadəcə bunu ictimaiyyətə çatdırmağa lüzum görmürəm. Düşünürəm ki, nəticə varsa bunu mediaya açıqlamaq olar.

- Keçmiş xarici işlər naziri Tofiq Zülüfqarov dostunuzdur, səfir olandan sonra sizi Latviyaya dəvət edibmi?




- Təəssüf, mənim yolum ora düşməyib. Hər bir səfir prezidentin səlahiyyətli nümayəndəsidir. Mən bilirəm ki, o bu sahədə uğurla çalışır.

- Hansı şəhərlərdə olmusuz?


- SSRİ vaxtı ümumiyyətlə məni ölkədən kənara çıxmağa qoymurdlar, hətta Polşaya da getməmişdim. Bəlli oldu ki, Amerikadan gəlmiş alimlə dostluğumuz, fikir mübadiləmiz bəzi sovet orqanlarında narahatlıq doğurmuşdu, kimsə kompromat vermişdi. 1988-ci ilə kimi mən SSRİ-dən kənara çıxa bilməmişəm. Amma Qarabağ məsələsi meydana gələndə həm Rusiyada, həm də Azərbaycanda çoxsayılı çıxışlarımdan sonra rəhbər orqanlar özləri məni dəvət etdilər. Amerikada, Avropada Qarabağla bağlı çıxış etmək lazım idi. Sovetlər biliyində belə bir qayda vardı, əvvəlcə Polşaya, Bolqariyaya ucazə verirdilər. Özünü yaxşı aparsan, Yuqaslaviyaya, Finlandiyaya, orda da Amerikaya, Avropaya gedə bilərdin. Mənimsə gördüyüm ilk xarici şəhər Nyu-York oldu. Manhettendə 100 mərtəbəli binaların qarşısında avtobusdan düşdük. Bu mənim üçün mədəni inqilab idi. Elə düşünürdüm ki, bütün qərb ölkələri Nyu-York kimi olmalıdır. Bir ildən sonra Londona gedəndə ora mənə kəndə bənzər qəsəbə kimi görünürdü. Sonra bütün Amerikanı, Avropanı gəzdim 70-dən çox ökədə olmuşam. Deyirlər, ilk məhəbbbət unudulmur (gülür), o üzdən xarici şəhərlər sırasında mənim üçün Nyu-York ayrıca bir fenomendir.

- Bakını bəyənirsiz?


- Təbii... Məşhur mahnıda deyildiyi kimi, “Bakı bizim anamız, ona canla bağlıyıq” (gülür). Amma uşaqlıqda məni Bakıya aldadıb gətirdilər. Valideynlərim Bakıda kirayə qalırdı. Mənzil probelmi həll olunana qədər məni kənddə nənəmlə babamın yanında saxlayırdılar. Kənddə nənəsinin, babasının yanında böyüyən uşaq üçün Bakı maraqsız görünürdü. Valideynlərim bilirdilər ki, məni Bakıya gətirmək çətin olacaq. Bir gün kəndə qonaq gələndə onları yola salmaq üçün vağzala getdik. Babamla kupeyə girdik, guya valideyinlərimlə sağollaşıram. Altı yaşındaydım, başımı qatdılar babam da sakitcə kupedən çıxdı. Bir də ayıldım ki, qatar gedir, hay-küy qaldırdım (gülür), başladım ağlamağa. Bakıda nə gülürdüm nə də məni kimsə danışdıra bilmirdi. Sonra yavaş-yavaş şəhərə alışdım, məktəbə getdim. Yasamal məhəlləsində böyümək də ayrıca bir aləm idi. Deyə bilərəm ki, dünya görüşümə, tərbiyəmə görə bakılıyam. Hansı rayondan gəlməyinə baxmayaraq, bu mühitdə tərbiyə alan adamda bakılı imici ömürlük qalır. Onu dəyişmək olmur.


Arifə Mikayılova    "Simsar" jurnalı






20 İyul, 2011  18:39 Baxılıb: 3332 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16