Tərəflər gələcəkdə bir daha görüşmək qərarı veriblər
ABŞ Dövlət Departamentinin iyunun 27-də təşkil etdiyi gündəlik brifinqdə müzakirə olunan beynəlxalq məsələlərdən biri Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiyanın Kazan şəhərində keçirdikləri görüş olub.
Simsar.az-ın məlumatına görə, görüşün nəticələrinə münasibət açıqlayan Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland jurnalistlərə deyib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri üzrə razılıq əldə edə bilməyiblər: “Rusiya prezidenti Dmitri Medvedyevlə birgə bəyanatda hər iki prezident qeyd edib ki, bir sıra məsələlər üzrə anlaşmanı artıra biliblər. Tərəflər əsas prinsiplər üzrə işi davam etdirmək haqqında razılıq əldə edib və gələcəkdə müəyyənləşdiriləcək tarixdə bir daha görüşmək qərarı veriblər. Lakin mən deyərdim ki, bunlar məyusedicidir”.
İyunun 24-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan, Rusiya prezidenti Dmitri Medvedyevin görüşü olub. Kazanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini nəzərdə tutan baza (Madrid) prinsipləri müzakirə edilib. Görüşdə hər hansı sənəd imzalanmayıb.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Kazan görüşündə heç bir sənədin imzalanmamasını Azərbaycanın beynəlxalq vasitəçilərin təklif etdiyi baza prinsiplərinə 10-a yaxın dəyişiklik təklif etməsi ilə bağlayıb: “Bu amil Kazan görüşünün həlledici olmaması ilə nəticələnib”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Kazan görüşündə prinsipial məsələlər üzrə kompromis əldə olunmamasından təəssüfləndiyini bildirib: “Səbəb isə odur ki, Ermənistan tərəfi Azərbaycandan maksimum güzəştlər tələb etməklə yeddi il əvvəl başlanmış danışıqlar prosesinin mahiyyətinə xələl gətirməyə çalışır”.
Kazan görüşündən bir gün əvvəl - iyunun 23-də Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng etmişdi. Telefon söhbətində ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində münaqişə tərəfləri üçün həlledici addımın atılmasının önəmli olduğunu bildirmiş, münaqişənin Helsinki prinsipləri - güc işlətməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd etmişdi.
Ermənistan prezidenti Serj Sərkisyanla da telefon əlaqəsi saxlayan Barak Obama üçtərəfli görüşə mühüm əhəmiyyət verdiyini bildirmiş, Kazanda irəliləyişin əldə olunmasının vacibliyini vurğulamışdı.