“Azərbaycanla ABŞ arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyan fikirləri qəti şəkildə təkzib edirik”
İranın yarımrəsmi “Fars” agentliyi bu ölkənin Ənzəli şəhərində ötən həftə keçirilən narkotiklərə qarşı mübarizəyə dair beş Xəzəryanı ölkənin rəsmilərinin toplantısı barədə qalmaqallı xəbər yayıb.
Agentliyin xəbərində deyilir ki, toplantıda çıxışı zamanı Azərbaycan DİN-in Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi, general Həzi Aslanov Amerikanın ünvanına şok ittihamla çıxış edərək bu ölkənin dünyada narkotik ticarətini himayə edən əsas güc olduğunu bildirib. “Biz etiraf etməliyik ki, narkotiklər Birləşmiş Ştatlar iqtisadiyyatını təmin etmək üçün əsas mənbədir”, - deyə agentlik H.Aslanovdan sitat gətirir.
Məlumata görə, DİN-in idarə rəisi onu da deyib ki, ABŞ-ın bir çox yüksək rütbəli dövlət rəsmiləri narkotik ticarətini himayə edir.
Bu gün Daxili İşlər Nazirliyi İranın “Fars” agentliyinin yaydığı və bəzi yerli mətbu orqanlarının da dərc etdiyi məlumatı təkzib edən açıqlama yayıb.
Simsar.az-a daxil olan açıqlamada qeyd olunur: “
2011-ci il iyunun 16-17-də İranın Bəndər Ənzəli şəhərində Xəzər dənizi hövzəsi ölkələrinin ekspertlərinin narkotiklərlə mübarizə məsələlərinə dair ikinci görüşü keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Müşavirədə polis general-mayoru Həzi Aslanov da çıxış edərək Azərbaycanda son illər narkomaniya, narkotik vasitələrin və onların prekursorlarına qarşı mübarizənin dövlət səviyyəsində aparıldığını, bununla əlaqədar artıq 2007-2012-ci illəri əhatə edən və sayca üçüncü olan Dövlət Proqramının da uğurla həyata keçirildiyini, bu prosesə müvafiq dövlət qurumları ilə yanaşı cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin, o cümlədən qeyri-hökumət təşkilatlarının da fəal şəkildə cəlb olunduğunu bildirmişdir”.
Məlumatda bildirilir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov öz çıxışında, diqqəti Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonumuzu işğal etməsi nəticəsində ölkəmizin İranla 132 kilometrlik sərhəd hissəsinə faktiki nəzarəti itirməsinə, buna görə də göstərilən ərazi vasitəsi ilə narkotik vasitələrin daşınmasına qarşı adekvat tədbirlərin görülməsinin mümkün olmadığına yönəldib: “Lakin bəzi KİV-lər İranın yarımrəsmi “Fars” agentliyinin adı çəkilən toplantı barədə verdiyi xəbərə istinadən belə bir məlumat yayıblar ki, guya həmin müşavirədə çıxışı zamanı Azərbaycan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov ABŞ-ın ünvanına şok ittihamlar səsləndirərək bu ölkənin dünyada narkotik ticarətini himayə edən əsas güc olduğunu və Birləşmiş Ştatların bir çox yüksək rütbəli dövlət rəsmilərinin narkotik ticarəti himayə etdiyini qeyd edib. Rəsmi şəkildə bildiririk ki, polis general-mayoru Həzi Aslanov nə tədbirdəki çıxışında, nə də iddia olunduğu kimi toplantının mətbuata qapalı hissəsində, ümumiyyətlə, ABŞ-ın ünvanına heç bir fikir səsləndirməyib.
Bununla əlaqədar bəzi mətbuat orqanlarında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin adından getmiş həmin təxribat xarakterli, iki dost və strateci müttəfiq olan Azərbaycanla ABŞ arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyan fikirləri qəti şəkildə təkzib edirik. Və təəssüf edirik ki, yarımrəsmi olduğu bildirilən “Fars” İnformasiya Agentliyi belə həqiqətdən uzaq, qərəzli və böhtan xarakterli məlumatlar yaymaqla, eyni zamanda, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı mövcud mehriban qonşuluq və dostluq siyasəti ilə uzlaşmayan bir mövqe nümayiş etdirib”.
RAMİL