Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.
Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.