Əli Əhmədov “Partiyaların maliyyələşməsində Milli Məclisdə təmsilçiliyi əsas götürülməlidir”
Əli Həsənov: “Partiyaların parlamentdə təmsil olunub-olunmamasının fərqi yoxdur”
Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsilə bağlı Azərbaycan hakimiyyətində müəyyən fikir ayrılığı mövcuddur.
Bir qism hakimiyyət nümayədəsi hesab edir ki, Milli Məclisdə təmsil olunan partiyalar dövlət büdcəsindən maliyyələşməlidir. Lakin iqtidar düşərgəsində partiyaların seçkilərdə topladıqları səslərə görə, maliyyələşməsi təklifini irəli sürənlər də var.
Simsar.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsində optimal prinsip kimi partiyaların Milli Məclisdə təmsilçiliyi əsas götürülməlidir.
Onun sözlərinə görə, dünya praktikasında da əsas prinsip olaraq parlamentdə təmsilçilik götürülür: “Digər meyarlardan istifadə etməyə çalışsaq, qarışıqlıq yaranar”.
Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bir müddət öncə mətbuata açıqlamasında qeyd edib ki, təklif etdikləri modeldə parlament seçkiləri zamanı toplanan səslərin miqdarı nəzərdə tutulur: “Yəni, hər bir partiyanın topladığı səslər sayılmalı, ümumiləşməli və ona müvafiq olaraq maliyyə açılmalıdır. Bu məsələdə partiyaların parlamentdə təmsil olunub-olunmamasının fərqi yoxdur. Əsas odur ki, son parlament seçkilərində hansı partiya nə qədər səs toplayıb və müvafiq baryeri aşan partiya maliyyələşə bilər”.
RUSLAN