Abşeronun İcra başçısı İradə Gülməmmədovanın əvəzindən əsassız həbs edilən Abşeron rayonun baş memarı Akif Əliyevin doğmalarından biri – qardaşı Tofiq Cəlalov ölkə başçısına yenidən şikayət məzmunlu müraciət ünvanlayıb.
Tofiq Cəlalov şikayətinin bir nüsxəsində redaksiyamıza göndərib və həmin müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
Hörmətli, cənab Prezident,
Düz ilyarımdır boynumuz çiynimizdə, əlimiz qoynumuzda qapınıza dəxil düşmüşük. Sizdən, eləcə də hüquq mühafizə orqanlarından imdad istəyirik. Lakin heç kimdən səs-səmir çıxmır.
Göndərdiyimiz onlarla müraciətlərimiz heç bir səmərə vermir. Çox gözəl anlayırıq ki, şikayətlərimiz Sizə çatdırılmır. Əgər məktublardan hər-hansı biri Sizə yetişsə problemimiz öz müsbət həllini dərhal tapar.
Biz inanırıq ki, Siz kimsəsizlərin, tərəfsizlərin, arxasızların, bir də haqqın, ədalətin Prezidentisiniz, bir sözlə hər bir Azərbaycan vətəndaşının prezidentisiniz.
Buna yalnız heyfslənmək mümkündür ki, etibar edib, nomenklatur vəzifələrə təyin etdiyiniz kadrların böyük əksəriyyəti siyasətinizə müqavimət göstərir, bilərəkdən ölkədə sosial gərginlik yaradır, rüşvətxorluqla, talançılıqla məşğul olurlar, xalq arxa çevirirlər.
Buna sübut kimi baş memar Akif Əliyevi tutduran Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanı deyilənlərə nümunə göstərmək olar.
İradə Gülməmmədova icra başçısı təyin olunduğu vaxtdan bu günlərimizə qədər Abşeron rayon icra hakimiyyətini "bazar qanunları” ilə idarə edir, icra hakimiyyətini "vosmoyun bazarı”na çevirib. O, Abşeron rayonuna öz şəxsi obyekti, gəlir gətirən sahəsi kimi baxır, Abşeron torpaqlarını qarış-qarış satmaqla məşğuldur.
Azərbaycanın yeganə xanım icra başçısı olan İradə Gülməmmədova Abşeron rayonunda "kraliça” və yaxud "Kleopatra” ayamaları ilə ad çıxarıb. Çünki işlədiyi dövr ərzində atdığı addımları yalnız fironlar edə bilərdi.
İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya həbslərindən belə özünü təmizə çıxara bilibsə, deməli, onun çox ciddi dayaqları mövcuddur. Onun rayonun baş memarı Akif Əliyevi tutdurmaqla "sudan quru” çıxması, ardınca həmin əməliyyat zamanı həbs edilən bacısı oğlu Babək Zalıyevi məhkəmədən azad etdirməsi bir daha göstərdi ki, xanım icra başçısı kifayət qədər dövlətə "meydan oxumağa” qadir imiş.
Abşeron İH-nin digər əməkdaşlarına da hökm oxundu və onlar qurulan rüşvət şəbəkəsinin "günah keçisi” olaraq cəzalandılar.
Halbuki, heç kəs inanmaz ki, İH-nin məsul şəxsləri İradə Gülməmmədovanın xəbəri olmadan rüşvət yığsınlar, ev tikintisinə görə pul alsınlar. Necə olur ki, Neftçala, Yevlax, Biləsuvar, İmişli və ümumən 8 rayonun icra başçısı və əməkdaşları həbs edilir. Abşeronda isə xanım başçı bu cür əməllər törətməsinə baxmayaraq, işini hələ də davam etdirir.
Məlumata görə, Gülməmmədova bacısı oğlu Babək Zalıyevi azadlığa çıxardıqdan sonra ona bir ara gözə görünməməyi tapşırıb. Xala sözünə əməl edəcəyi təqdirdə bacısı oğlun bir müddətdən sonra yenidən İcra Hakimiyyətində işinə bərpa edəcəyini vəd edib.
Halbuki, o həbslərdən sonra əsas məsul şəxs olan icra başçısı sorğu-sual edilməli idi. O şəxslərin həbsi ilə icra başçısının işdən azad edilməsi ahəngdarlıq təşkil etməli idi. Amma icra başçısı vəzifədə saxlanıldı və bir müddət sonra bacısı oğlunu da həbsdən qurtardı.
Nə hikmətdirsə, məhkəmə də tutulan şəxslərdən məhz başçının qohumunun günahsız olduğu qənaətinə gəlib. Amma bu gün Abşeronda fərdi ev tikintisi üçün vətəndaşdan pul istənilməsi halları heç də aradan qalxmayıb. Yəni həbslərə baxmayaraq, eyni qanunsuz hərəkətlər davam edir.
Gələn xəbərlərə görə, qiymətlər də dövrə uyğun artıb. Əvvəl 3000-5000 manat idisə, indi 5000 manatdan bir qəpik də aşağı düşmürlər. Bu işləri Abşeron İH-də digər şəxslərin, o cümlədən icra başçısına yaxın olan İlham adlı şəxsin həyata keçirdiyi iddia olunur. Belə desək, fiqurlar dəyişib, yanaşma, məzmun olduğu kimi qalıb.
Sual edilə bilər ki, rüşvət hansı əsasla istənilir? İddialara görə, ev tikintisi üçün İH-nə müraciət edən vətəndaş layihənin təsdiqlənməsini gözləməli olur. Qanunla 21 gün ərzində İH cavab verməsə, vətəndaş tikintiyə başlaya bilər.
Lakin İradə Gülməmmədova elə mexanizm qurub ki, sonda ev tikmək istəyən günahkar çıxarılır: gah tikintiyə icazə verilmədiyi, gah qanunsuz aparıldığı, gah da layihəyə uyğun olmayan üslubda inşa edildiyi bəhanə gətirilir. Sonra İH əməkdaşları tikinti gedən əraziyə yaxınlaşır, həmin şəxsin başının üstünü kəsdirir, işə mane olur, kəsəsi, "göz verir, işıq vermir”.
Nəticədə çarəsiz qalan vətəndaş İH-də danışıqlar aparmağa adam tapır, qeyri-rəsmi sövdələşir, tələb olunan "haqqı” çatdırır. Yəni Abşeron İH- də heç nə dəyişməyib. Çünki xanım başçının iş prinsipi bundan ibarətdir.
Abşeronun icra başçısı rəhbərlik etdiyi 6 il ərzində böyük sərvətə sahiblənib. Onun biznes imperiyası ilə yanaşı, ailəsinin də ayrı-ayrı obyektləri var. Xanım başçının həyat yoldaşının, qardaşının, oğlunun və qızının biznes obyektlərinin sayı-hesabı yoxdur.
Mediada gedən məlumatlarda deyilir ki, icra başçısının həyat yoldaşı Yolçu Gülməmmədovun adına "Impuls-M.V.” MMC fəaliyyət göstərir. "İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır.
Həmçinin, "İRS Mobil” MMC də başçının ərinə məxsusdur.
Eyni zamanda, "Afgen” MMC-nin təsisçisi də Gülməmmədov Yolçu Katamazya oğlu və Türkiyə vətəndaşı Səlcuq İbrahimdir.
Bundan əlavə, "Vimay-Med” klinikası, "Nabat” Tibb Mərkəzi, "Herbimed” MMC, "Fidanfarma” da Gülməmmodovlar ailəsinə məxsusdur. İcra başçısının oğlu Məhəmməd Gülməmmədovun isə öz ayrı biznes dünyası var.
Pulu başından aşan İradə Gülməmmədovanın övladının Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq sovxozunun ərazisində ikimərtəbəli, mansartlı villasının sahəsi 1855 kv. metrdir.
Villa 18 sot torpağın tən ortasında tikilib. Onun paytaxtın bir neçə ünvanında fəaliyyət göstərən "Gutab House” restoranlar şəbəkəsi də var.
Bundan başqa, Nəsimi rayonu, Bakıxanov küçəsi 75/1-də yerləşən "Gutab House”; Fəvvarələr Meydanında, Tərlan Əliyarbəyov küçəsi 9- dakı "Gutab House” restoranı, Yasamaldakı "Gutab House”; Bakıxanov qəsəbəsindəki "Gutab House”, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində "Gutab House” başçının oğlunundur.
Abşeronda böyük imkanlara malik olan xanım icra başçısının qızı da biznes payından məhrum olmayıb. Belə ki, Vüsalə Gülməmmədova Abşeronda yerləşən "Zümrüd” uşaq bağçasının rəhbəridir. Bağça özəl fəaliyyət göstərir.
Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidməti də həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir.
Nəhayət, biznes imperiyası qurmuş ailədə I.Gülməmmədovanın qardaşı da öz payını əldə edib. Xanım başçının qardaşı Rövşən Quliyev "İRS Mobil” şirkətini idarə edir. Onun ikinci müəssisəsi isə "Nigar-Q.S” MMC-dir. Göründüyü kimi, biznes səltənəti hüdudsuzdur.
Abşeron rayon icra başçısı bütün vəzifələri qohum-əqrəbasına pay- püşk edib. Xanım icra başçısı rayonda elə bir idarə qoymayıb ki, ailə podratından kənar olsun.
Hətta Abşeron təmizlik idarəsinin müdiri də icra başçısının həyat yoldaşı Yolçu bəyin bibisi oğludur. Di gəl ki, Abşeron rayonunda təmizlikdən əsər-əlamət yoxdur.
Başçının əri və bibisi oğlu idarənin pullarını həzm edərək yaxşı gəlir mənbəyi əldə ediblər. Rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərində isə hökmranlıq Mübarizlə yanaşı, Yolçunun digər qohumu olan Rafiq Yusifovun əlindədir. O, Mənzil Kommunal İstismar Sahəsinin rəisi olub. Amma idarədə o qədər yeyinti olub ki, izi itirmək üçün idarə ləğv edilib.
Əvəzində İradə Gülməmmədova tərəfindən törəmə şirkətlər təsis edilib. Hazırda Qəhrəman rayonda təmizlik işlərinə nəzarət edir. Müavini isə icra başçısının qardaşı Rövşən Quliyevin oğlu Rauf Quliyevdir. Bundan əlavə, İradə Gülməmmədova rayonda uşaq bağçaları üzrə "kurator” Afət xanımı təyin edib. İddialara görə, Afət xanım uşaq bağçalarından yığılan pulları, satılan ərzaqların pullarını öz vaxtında İcra hakimiyyətinə çatdırır.
Çox maraqlıdır ki, barəsində bu qədər ittihamlara, yaxın çevrəsinin korrupsiya ilə həbs edilməsinə baxmayaraq, Abşeronun icra başçısı nə vəzifəsindən azad edilir, nə də ətrafında araşdırma aparılır.
Onun biznesi, obyektləri, fərdi ev tikintisi üçün rüşvət istəməsi, qohumlarının vəzifələrə yerləşdirməsi, rayonu bərbad günə qoyması, yeyintiləri haqda dəfələrlə konkret faktlar tirajlanıb. Lakin dövlət səviyyəsində onun talançılıq, qanuanzidd əməllərinə hüquqi qiymət verilməyib.
Görəsən, səbəb nədir, onu himayə edən kimdir? Qoy İradə Gülməmmədova düşünməsin ki, onun bu hökmranlığı uzun sürəcək, Xeyr! Zaman gələcək, ruzigar öz hökmünü dəyişəcək, onun həbs etdirdiyi memar Akif Əliyev Sumqayıt Apellyasiya Məhkəməsinin ədalətli hökmü ilə azadlığa çıxacaq və yüksələcək.
Xanım İcra başçısı İradə Gülməmmədovanın isə erası bitəcək, gündən-günə enəcək çox acnacaqlı vəziyyətə düşəcək. Amma nə qədər ki, gec deyil, onun islah olunması üçün dahi şairlərdən birinin yazdığı bir neçə misra şerini onun nəzərinə çatdırırıq:
Heç kəs mənəm-mənəm deyib, şeşələnməsin,
Yanan ocaqların sönən vaxtı var!
Ömürlük səmada quş da dayanmaz
Onun da göylərdən enən vaxtı var.
Qaynaya-qaynaya qazan daşanda
Sərhəddi adlayıb həddi aşanda,
Fələyin yanına yaxınlaşanda
Təkərin geriyə dönən vaxtı var!
Yəqin ki, xanım İcra başçısı deyilənlərdən özü üçün lazımi nəticə çıxaracaq. Ya öz əvəzindən tutdurduğu memar Akif Əliyevin azdalığa çıxması üçün bütün imkanlarını səfərbər edəcək, ya da istefa ərizəsini verərək rüşvətalma maddəsi ilə həbs ediləcək. O gün o qədər də uzaqda deyil.
Hörmətlə: Tofiq Cəlalov
P.S. Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəf kim adı çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq./milletinsesi.info