AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.
Tədbirdə Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Ekspertlər Şurasının üzvləri, YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, texnoparkın icraçı direktoru Zaur Nəhmətov və bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan Şura sədri, akademik Rasim Əliquliyev iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb. O, iclasın “BEYT” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) YT Parkın rezidenti kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihələrin müzakirəsinə həsr olunduğunu bildirib.
Sonra texnoparkın rezidenti olmaq üçün müraciət etmiş “BEYT” MMC-nin icraçı direktoru Emil Əhmədov YT Parkda həyata keçirilməsi nəzərdə tutulan “Smart” arı yeşiklərinin istehsalının təşkili” və “LED lampa üçün diod və mikrosxemlərin istehsalının təşkili” layihələri haqqında məlumat verib.
E.Əhmədov “Smart” arı yeşiklərinin istehsalının təşkili” layihəsini təqdim edərək son dövrlərdə dünyada bu sahəyə xüsusi yanaşmaların irəli sürüldüyünü, bal istehsalı və artımına nail olunması üçün arıçılıq təsərrüfatında texnoloji həllərə ehtiyacın artdığını qeyd edib.
İcraçı direktor BMT-nin arıları qoruma proqramına əsasən, son dövrlər arı yeşiklərinin intellektuallaşdırılması istiqamətində mühüm işlərin aparıldığını, istehsal ediləcək xüsusi cihazların sensorlar vasitəsilə arı yeşiklərində temperatur, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikası kimi üstünlüklərə malik olduğunu diqqətə çatdırıb. O, yüksək ixrac potensialı olan məhsulun bu günə qədər ölkəmizə əsasən Fransadan gətirildiyini bildirib və layihənin ölkəmizdə həyata keçirilməsinin rəqabətə dözümlü milli intellektual məhsulların istehsal edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
E.Əhmədovun sözlərinə görə, arı yeşiklərində yerləşdirilən sensorlar məlumatları mobil telefona və ya birbaşa kompüterə ötürmək imkanına malikdir. Bildirib ki, bu proseslərə bulud sistemi vasitəsilə vahid mərkəzdən nəzarət etmək mümkün olacaq.
Şirkətin icraçı direktoru, həmçinin “LED lampa üçün diod və mikrosxemlərin istehsalının təşkili” layihəsindən bəhs edərək layihə çərçivəsində müasir texnologiyaların tətbiqi ilə LED lampa üçün işıq keçiriciliyinə malik diod və mikrosxemlərin istehsalının həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Əlavə edib ki, yüksək texnoloji sənaye məhsullarının istehsalında texniki parametrləri yüksək standartlara uyğun olan, eləcə də funksiya və fəaliyyətinə görə mürəkkəb konstruksiyalı avadanlıqlardan, maşın və mexanizmlərdən istifadə olunması səmərəli nəticələrin əldə edilməsində əsas şərtlərdən biridir. O, istehsal zamanı robot texnologiyalarının tətbiq olunacağını da vurğulayıb.
E.Əhmədov layihə çərçivəsində istehsal ediləcək yüksək keyfiyyətli məhsulların daxili bazara satışı, eləcə də Gürcüstan, Rusiya və MDB ölkələrinə ixracının nəzərdə tutulduğunu diqqətə çatdırıb. İcraçı direktor hazırda mikrosxemlərin ölkəmizə əsasən xaricdən idxal edildiyini bildirib.
“AMEA YT Parkın rezidenti olmaq üçün müraciət etməkdə əsas məqsədimiz AMEA-nın müvafiq qurumları ilə qeyd olunan istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulmasıdır”, - deyə vurğulayan E.Əhmədov bu istiqamətdə nəzərdə tutulan yeni startap layihəsi haqqında da məlumat verib. Bildirib ki, layihə çərçivəsində AMEA əməkdaşlarının qeyd olunan işlərə cəlb olunması, eləcə də “Rusiyanın Silikon Vadisi” hesab olunan Skolkovo İnnovasiya Mərkəzində təcrübə keçməsinə dəstək göstərilməsi planlaşdırılır.
İclasda Ekspertlər Şurasının katibi - Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, Şuranın üzvləri - akademiklər Telman Əliyev, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Oqtay Səmədov, Oktay Qasımov və texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov müzakirə olunan məsələ ətrafında rəy və təkliflərlə çıxış ediblər.
Müzakirələrdə layihələrə ayrılan vəsait, istehsal olunacaq məhsulların xarici analoqlarından üstünlükləri, “smart” arı yeşiklərinin temperatura və təzyiqə nəzarət sistemi, diaqnostikası, enerji təminatı, istehsal zamanı istifadə edilən texnologiyalar və s. kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sonra çıxış edən Ekspertlər Şurasının sədri, akademik Rasim Əliquliyev “BEYT” MMC-nin təqdim etdiyi layihələrin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, layihələrin texnoloji və normativ-hüquqi baxımdan zəruri tələblərə uyğunlaşdırılmasının önəmindən danışıb.
Akademik R.Əliquliyev “smart” arı yeşiklərində kibertəhlükəsizlik texnologiyalarının tətbiqinin vacibliyini qeyd edərək bu yeşiklər üzrə toplanmış Big Data resurslarının intellektual emalı istiqamətində yaranacaq problemlərin həlli baxımından AMEA-nın müvafiq institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasının önəminə toxunub. Alim Dördüncü Sənaye İnqilabının təzahürlərindən biri kimi ortaya çıxan bu tipli layihələrin kənd təsərrüfatının digər sahələrində də istehsal proseslərinin avtomatlaşdırılmasına və süni intellekt texnologiyalarının tətbiqi ilə məhsuldarlığın yüksəldilməsinə təsir edəcəyini vurğulayıb.
Şura sədri “LED lampa üçün diod və mikrosxemlərin istehsalının təşkili” layihəsi üzrə istehsal ediləcək milli məhsulların həm iqtisadi, həm təhlükəsizlik, həm də etibarlılıq və keyfiyyətinə nəzarət edilməsi kimi mühüm amilləri diqqətə çatdırıb. O, Azərbaycanda mikroelektronika, yeni nəsil çip texnologiyaları sahələrinə xüsusi diqqət ayrılmasına ehtiyac duyulduğunu vurğulayaraq, bu istiqamətdə tədqiqatların aparılmasının, zavodların açılmasının, startap layihələrin icrasının, müasir tələblərə cavab verən, aparıcı şirkətlərin robotlar və digər smart texnologiyalar əsasında qurulmasının dövrün tələbi olduğunu deyib.
R.Əliquliyev hər iki layihənin ölkəmizdə həyata keçirilən dövlət siyasətinə, Dördüncü Sənaye İnqilabı ilə bağlı çağırışlara dəstək verəcəyinə, iqtisadiyyatın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib. Akademik “BEYT” MMC-nin nümayəndələrinin təqdim etdiyi layihələrə yüksək qiymət verib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən “BEYT” MMC-nin direktoru Cəmilə Abdullayeva AMEA prezidenti, akademik Ramiz Mehdiyevə, eləcə də Ekspertlər Şurasının üzvlərinə göstərilən dəstəyə görə təşəkkür edib, onlara göstərilən etimadı doğruldacaqlarına inamını bildirib.
İclasda “BEYT” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib və səsvermənin nəticələrinə əsasən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
Sonda çıxış edən AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru, i.ü.f.d. Vasif Abbasov “BEYT” MMC-yə AMEA-nın müvafiq elmi müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında dəstək göstərəcəklərini bildirib.