Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

“Olympus Park”ın işçisi iki obyekti sökdü, amma cəzalandırılmadı

Bakının Xətai rayonunda “Olympus Park” şirkətinin icazə almadan inşa etdiyi binanın tikintisi zamanı "Lider" idman klubunun obyektini dağıtması ilə bağlı istintaq yekunlaşıb.

İdman klubunun sahibi İlham Sərdarov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, əvvəlcə hadisə ilə bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2-ci (qəsdən əmlakı məhv etmə) maddəsi ilə cinayət işi başlanılıb. Həmin vaxt digər dövlət qurumları şirkətin inşa etdiyi binada tikinti işlərinin dayandırılmasına qərar veriblər.

Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət təqibi ilə bağlı icraata xitam verilməsi haqda qərar qəbul edilib. Belə nəticəyə gəlinib ki, idman klubunu şirkətin ekskavatorçusu Elşən Zeynalov bilmədən uçurub. Sonra isə tikilini uçurması barədə şirkət rəhbərliyinə məlumat verib və “Olympus Park” rəhbərliyi də qəzalı tikintini saxlamamaq, başqalarının təhlükəsizliyini təmin etmək üçün binanın qalan hissəsini söküb. Söküntü isə idman klubunun əşyaları içində ola-ola aparılıb.

Yekunda Cinayət Məcəlləsinin 186.2-ci (qəsdən əmlakı məhv etmə) maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilib.

İlham Sərdarovun vəkili İntiqam Hacıyev isə bildirir ki, bu deyilənlərin və qərarda göstərilənlərin özü belə bir-birini təkzib edir: “Əgər birinci hərəkət doğrudan da ehtiyatsızlıqdırsa və vətəndaşın mülkü dağıdılıbsa, tikinti şirkətinin rəhbərliyi sonradan söküntü qərarını necə verə bilər? Tikinti rəhbərliyi kimdir ki, tikilinin təhlükəli, qəzalı olması barədə gecə saat 4-də qərar verir və göstəriş edir ki, qalan tikili sökülsün?! Bunun özü elə bir cinayətdir və etiraf edilir”.

Həmçinin oxuyun:  “Olympus Park”ın Nobel layihəsi dayandırıldı - Qanunsuz söküntüyə görə

İlham Sərdarov qeyd edir ki, “Olympus Park” şirkətinin “28 May” layihəsində də mənzil sökülmüşdü: "Orada da eyni variant idi, guya ekskavator evi səhvən söküb. Maraqlısı isə budur ki, orda da ekskavatoru idarə edən Elşən Zeynalov olub”.

Ekskavator sürücüsü Elşən Zeynalov Cinayət Məcəlləsinin 187.2-ci (ehtiyatsızlıqdan özgə əmlakını məhv etmə) maddəsi ilə təqsirli bilinib. 8 noyabrda imzalanan aministiya tətbiq edilib və bu maddə ilə də cinayət təqibi üzrə icraata xitam verilib.

İlham Sərdarova dəymiş zərərin miqdarı isə 162 min 194 manat olaraq müəyyən edilib və həmin məbləğ depozit hesaba qoyulub: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şirkətin mənim obyektimin yerində tikdiyi binasına qadağa qoyub. Şirkət rəhbərliyi Komitədə deyib ki, guya razılaşmışıq və 162 mini də buna görə ödəyiblər. Onları aldatmaq istəyiblər, amma mənə zəng edən zaman həqiqəti öyrəndilər".

Qeyd edək ki, sübutların qiymətləndirilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilib.

DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən tikili, yəni idman klubunun yerləşdiyi bina 1959-cu ildə inşa edilib: “Həmin ərazidə tikinti işləri gedən zaman torpaq sahəsi "Olympus Park" şirkətinə məxsus olduğundan idman klubunun yararsız vəziyyətdə olan binası usta səhlənkarlığı səbəbindən dağıdılıb. Sonradan hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 187.2-ci əmlakı ehtiyatsizliqdan məhv etmə və zədələmə maddəsi ilə cinayət işi başlanılıb, ekspertizalar təyin edilib. İstintaq yolu ilə tikilinin sökülməzdən əvvəlki  vəziyyəti və içərisində olan idman qurğularının mövcud vəziyyəti barədə fotoşəkillər əldə edilib.

Ekspertiza zamanı həmin tikilinin sökülməsi zamanı zərərçəkənə 162 min manat maddi ziyan dəydiyi müəyyən olunub. İstintaqın gedişi zamanı zərərçəkənə həmin məbləğin "Olympus Park" şirkəti tərəfindən tam ödənilməsi təmin edilib. Və zərərçəkənə təklif edilib ki, ona ödənilən pulla sökülən binanın yerində eyni kvadratmetr sahədə yenidən idman klubu üçün tikinti apara bilər. Buna baxmayaraq zərərçəkən şəxs bu təkliflə razılaşmayıb və ona tikinti şirkəti tərəfindən 1 milyon 200 min manat pul ödənilməsini tələb edib”.

Xatırladaq ki, şirkət İ. Sərdarovun idman klubunu satmaq üçün təklif etdiyi məbləğlə razılaşmayıb: “Martın 20-si gecə saat 4 radələrində 30 mühafizəçi ilə ekskovator gətirib zalı söküblər. Zalın ölçüsü 315 kvadratmetrdir, 240 kvadrat metr üçün “kupça” (çıxarış) verilib, 150 kvadrat da həyəti var. İndi demək olar ki, zal məhv olub. ”.

“RS Construction” MMC-nin Nobel layihəsi üzrə icraçı direktoru Mehdi Bədirov bildirmişdi ki, “Lider” idman klubunu qəsdən yox, bilmədən söküblər: “İlham Sərdarov bizim təkliflərimizlə razılaşmır, əvvəl 2 milyon manat tələb edirdi, indi 1,5 milyon istəyir. Bizdə də o qədər pul yoxdur”.

,

 






29 Dekabr, 2021  12:28 Baxılıb: 5275 Çap

Bu bölmədə

18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55