Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

"Space" radionun keçmiş diktoru "Famil Məcidli: "..xəbər göndərildi ki, “hamı “işdən çıxarılması üçün” rəhbərliyə ərizə yazıb təqdim etsin"

Məlum olduğu kimi, "Space" TV - yə yeni rəhbər təyin olunub. Kifayət qədər problemləri olan televiziyanın işçiləri ümidlə hər şeyin artıq yoluna düşəcəyini gözləsələr də tam əksi ilə qarşılaşıblar. Simsar.az - a daxil olan məlumata görə televiziya və radionun əməkdaşları kütləvi şəkildə işdən çıxarılıblar. Gecikmiş əməkhaqlarını isə ala bilməyiblər. Radionun uzun illər diktoru olan, xəbərlərin peşəkar aparıcısı Famil Məcidli ilə bu mövzuda etdiyimiz söhbəti sizə təqdim edirik,

- Famil bəy, “Space” radiosuna gəlişiniz və ilk təəssüratlar necə oldu?

- Mən “Space” radiosuna 2004-cü ilin aprel ayında gəlmişəm. Bir gün tanınmış radio aparıcısı, dostum Anar mənə zəng vurub dedi ki, bəs burda “Xəbər” aparıcısı axtarılır, gəl özünü sına”. Xəbər aparıcısı olmaq xəyalım idi və tərəddüdsüz razılaşdım. Radioda işlədiyim illər ərzində bir çox sənət xadimləri – müğənnilər, şair və yazıçılar, həmkarlar səsimi çox bəyəndiklərini dilə gətirdilər, təriflədilər. Heç bir neqativ fikir səsləndirən olmadı. Kollektivlə də mehriban dolandım, çörəyimi yarı böldüm, ailə kimi... 19 il bir igidin ömrüdür, elə igid kimi işlədim, gecikən maaşla, verilməyən “premiya”larla və s.

- Bəs niyə uzaqlaşdınız?

- Nə mən, nə də iş yoldaşlarım öz xoşlarıyla radiodan uzaqlaşmayıb. Müşfiq Hətəmov rəhbər təyin olunduqdan sonra bütün kollektivin ürəyinə ümid toxumları səpildi. Çünki, ilk işlərindən biri radionun qapısını tanımaq və açmaq olmuşdu. Vaqif Mustafayev bir dəfə də olsun radioya gəlməmişdi. Bu bizim üçün yenilik hesab olunurdu. Müşfiq müəllimi çoxdan - Bakı Mədəni Maarif Texnikumunda müəllim işlədiyimiz vaxtlardan tanıyırdım. Zəhmətkeş və qətiyyətli insan olduğunu bilirdim. Kollektivimizi inandırmağa çalışırdım ki, bu adam “Space”in itirilmiş sanbalını, sevgisini geriyə qaytara biləcək. Çünki, yabançı sahədən gəlməmişdi. Digər tərəfdən də, vaxtında ala bilmədiyimiz maaşların aqibətiylə bağlı ümidverici addımlar atacağını demişdi. Bəli, şeytanın qıçı qırıldı, maaşımızın müəyyən bir qismi ödənməyə başladı. Amma...

- Amma nə?

- Günlərin birində televiziyadan bizə xəbər göndərildi ki, bəs “hamı bir nəfər kimi “işdən çıxarılması üçün” rəhbərliyə ərizə yazıb təqdim etsin. Məsələ sorğu-sualsız icra olunsun.” Bütün kollektiv çaşqın vəziyyətdə idi. Suallarımıza cavab almaq üçün Müşfiq Hətəmova müraciət etdik. O da öz növbəsində açıqlama verdi ki, radionun bütün səlahiyyətləri “Pro Media Group” şirkətinə ötürülüb və şirkət kimlə istəsə, onunla da əməkdaşlığı davam etdirəcək. “Pro Media Group” şirkətinin rəhbəri Cavid Nemətzadə ilə də görüşdük. O da özünə sərf edən və əvvəldən hazırlanmış beş-altı cümləsini deyib getdi...

- Hazırkı “Space” radiosunun efiri necədir, xoşunuza gəlir?

- Üstünlük musiqiyə verilib, bu alqışlanası məqamdır. Arada maraqlı məlumatlar, maarifləndirici rubrikalar səsləndirilir. Yəni gəvəzəlik yoxdur. Dinləyicini bezdirən efir deyil. Mən də hansısa radioya rəhbər təyin olunsaydım, oxşar efir səbəti tərtib edərdim.

- Bəs televiziya?

- Düzü, “Space” televiziyasının “rebrending”dən sonrakı vəziyyəti mənim gözləntilərimi bir o qədər də doğrultmadı. Mən daha kütləvi, daha miqyaslı layihələr gözləyirdim. Təbii ki, yaxşı televiziyaya yaxşı yatırımlar da lazımdır. Görünən isə budur ki, şirkətlər “Space TV” ilə işləməyə bir o qədər də həvəs göstərmirlər. Yaxşı ki, Vaqif Mustafaevdən qalma “Banu” verilişini saxlayıblar. Az-çox region üzrə “yeyilən” layihədir. Yeni rəhbərlik fikirləşdi ki, ordan-burdan yığıb gətirdiyi aparıcılar “inqilabi” dönüş edəcəklər. Lakin, bu gün biz bunun tam əksini görürük. “Space” televiziyasında “həsrətlə” yolu gözlənilən veriliş mövcud deyil. Büdcə mən bildiyim qədəriylə boşdur. Boş olmasaydı, televiziyanın mənə olan 8 aylıq əmək haqqı borcu ödənilərdi. Nəinki mənə, mənimlə bir yerdə işdən uzaqlaşdırılan iş yoldaşlarıma da...

- Üfüqlərdə nə görünür?

- Mənim 43 yaşım var. Hal-hazırda demək olar ki, heç harda iş tapa bilməmişəm. Bu gedişlə tapa biləcəyim də sual altındadır. Mənim nə ağlıma gələrdi ki, işdən çıxarılacam. İşimdə xətaya yol vermişdim? Yox. Tələffüzümdə problem var idi? Yox. Rüşvət və intriqalara bulaşmışdım? Yox. Aldadılmaq və meymun kimi ortalıqda oynadılmaq adamı sarsıdır. Bu gün mənimlə birlikdə işdən çıxarılan uşaqlar işsiz-gücsüz oturublar evdə və xəcalətlərindən ailələrinin üzünə baxa bilmirlər. Eləsi var ki, bütün külfətə “Space”in vaxtında verə bilmədiyi qəpik-quruş maaşla baxırdı. Bu insanların taleyi necə olacaq? Öz canımızın hayında deyilik, hərəmizin öhdəliyində kimlərsə var. Mən Müşfiq müəllimlə sanballı maaş davasına çıxmamışdım. 350 manat maaş alırdım, onu vaxtlı-vaxtında versəydilər, bəsim idi.

- Başqa media orqanlarına müraciət etmisiniz?

- Mən özümü istedadsız adam hesab etmirəm. Amma bugünkü platforma istedad axtarışında deyil. Atalar demiş “bic deyiləm, bicin dilini anlamıram.” Azərbaycan dilində normal danışa və yaza bilməyən insanlardan fenomen düzəldib, qaldırıb qoyublar dağın başına. Hansı ali gerçəyin izinə düşməliyəm mən? Hərə bir “bazar” yaradıb, keçib oturub “tərəzi”nin arxasında. Bu gün hər şey “bazar”a xidmət edir. Fitri istedad, intellekt, fərqli düşüncə - bunlar “bazar”a lazım deyil. “Sabun”umuz yoxdur, çimə bilmirik...

- Kimdir müqəssir?

- Yəqin valideynlərim. Məndən bazar adamı “düzəldə” bilməyiblər. Bir də ki, öhdəsindən heç cür gələ bilmədiyim vicdanım...

Simsar.az







16 Noyabr, 2021  13:43 Baxılıb: 5907 Çap

Bu bölmədə

18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55