“İddialarda adı hallanan 7-ci sinif şagirdinin valideyni Q.İ. ilə direktor arasında heç bir insident yaşanmayıb. Valideynin məktəbdən və məktəb rəhbərliyindən heç bir şikayəti yoxdur. Sinif rəhbəri valideyn və şagirdlə görüşüb. Növbəti dərs günündən şagird məktəbdə tədrisə davam edəcək”.
Bu barədə Lent.az-a Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib. Məlumatda deyilir ki, Novxanı kənd 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı iddialar təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Söhbət adı çəkilən məktəbdə yaşandığı iddia olunan hadisədən gedir. Lent.az-a daxil olmuş şikayətdə iddia olunur ki, Novxanı kənd 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva məktəbin 7-ci sinif şagirdi olan qızın başından hicabını açaraq, yerə atıb.
“Mən özüm ikinci Qarabağ müharibəsində ağır yaralanmışam, qaziyəm. Mənim və başqa iki qazinin qız övladı Abşeron rayonunun Novxanı kənd 1 nömrəli məktəbinin şagirdləridir. Əgər Novxanı kənd 1 nömrəli məktəbinin direktoru Taliyə Mirzəyeva mənim qız övladıma qarşı belə rəftar edərsə, vicdanıma and olsun gedib...(Bu yerdə onu hədələyir - red) Bu nə deməkdir? Biz canımızdan keçmişik ki, övladlarımızı azadlıq hüququ tapdansın?” – deyə Novxanı kənd sakini, şikayətçi Rauf Qurbanov bildirib.
Məsələ ilə bağlı araşdırma apardıq. Abşeron rayonu Novxanı kənd bələdiyyəsindən aldığımız məlumata görə, belə bir hadisə ilə bağlı onlara heç bir şikayət daxil olmayıb. Abşeron rayonunun Novxanı kənd 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva ilə əlaqə saxlamağa cəhd etdik. Zəngimizə cavab verən direktor müavini Gülnarə Abıyeva bildirib ki, Taliyə Mirzəyeva hazırda şikayətlə bağlı məhkəməyə gedib.
“Bu, tamamilə şər, böhtandır. Şəriətdə böhtan atmaq günah deyil bəs? Hicab bağlamaqdan danışırlar. Amma özləri şər atır. Belə bir hadisə baş verməyib. Gəlin soruşun uşaqlardan. Hamı mənim sözlərimi deyəcək. Mən bilmirəm bunu niyə ediblər, amma tamamilə böhtandır. Taliyə xanım bu məsələ ilə bağlı məhkəməyə getdi. Onlardan şikayətçi olacaq”.