Fəvvarələr meydanında yerləşən məşhur kitab mağazası - “Əli və Nino” qarət edilib. Bu barədə “Əli və Nino” kitab mağazalarının və nəşriyyatlar şəbəkəsinin baş direktoru, sahibi Nigar Köçərli “Facebook” hesabında yazıb.
“Dünən Fəvvarələr meydanındakı mağazamız qarət edilib. Axşam saat 9-da üç nəfər içəri girib, onlardan biri suallar ilə satıcıların fikirlərini yayındırıb, digər ikisi isə personal otağına daxil olub və əməkdaşlarımıza məxsus pulları, telefon və digər əşyaları aparıblar.
Biz artıq bir dəfə belə hadisəni yaşamışıq: Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz mağazamız eyni dəstə tərəfindən bir neçə dəfə qarət edilib. Çoxsaylı şikayətlərimizə baxmayaraq, polis hər dəfə oğrularla “danışıb” və onları sərbəst buraxıb. Nəticədə bu mağazamızın bağlanmasının səbəblərindən birinə çevrildi. Biz bu hadisənin təkrarlanmasından qorxuruq.
Dünən gecikmədən polisə müraciət etdik. Hadisə yerinə gələn polis dərhal dedi ki, şəhərin mərkəzində çoxdan fəaliyyət göstərən bu quldur dəstəni yaxşı tanıyır. Ümid edirəm ki, bu işlə fəaliyyət üçün icazə verilməsinə baxmayaraq, mağazamızı dəfələrlə bağlayan, ya da dörd qızımı tutan və onları “karantin rejimini kobud şəkildə pozduqları üçün” (maskaları burundan aşağı düşməsi və.s) yeddi saat polis bölməsində saxlayaraq, bizi 10 min manat cərimə ilə şantaj edən 9-cu Polis Bölməsi deyil, nazirlik məşğul olacaq”.