Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

ŞAHİN ZƏKİZADƏ: “AĞAC DİBİ, KOL DİBİ ÇƏKMƏMİŞƏM” - FOTOSSESİYA

“İndiki yaşlı rejissorlar ustad olmaq istəmirlər, ambisiyaları buna imkan vermir, gənc rejissorlara rəqib kimi baxırlar”

“Yurd Tv”nin baş produsseri, gənc rejissor Şahin Zəkizadənin Simsar.az-a müsahibəsi 


- Bu gün Azərbaycanın yaradıcı mühitinə rejissor gözü ilə baxanda nə görürsüz?


- 5il bundan əvvəl başqa cür idi, indi isə başqa. O günlərlə müqayisədə görürük ki, mədəniyyətdəki durğunluq dövrü yavaş- yavaş sona çatır. Teatrlar təmir olunur, yeni pyeslər tamaşaya qoyulur, biz sözlə, dövlət bu sahəyə xüsusi diqqət ayırır. Kino sahəsinə gəlincə, iki- üç rejissor var ki, özlərini bu sahədə sınayıblar, amma biz hələ də potensialımızı ortaya qoya bilməmişik.

- Mədəniyyətimizin ən geridə qalan sahəsi kino yaradıcılığı olması ilə razısızmı?


- Kino sahəsində vəziyyət ürək açan deyil. Nə qədər ki, ölkədə kinonun biznes mühiti yaradılmayacaq, o vaxta qədər Azərbaycan kinosu Biləcərini keçməyəcək. Hər bir insanın bazası nə vaxtsa tükənir. Kino sahəsində artıq müəyyən yaşa gəlib çatan rejissorlar başa düşməlidirlər ki, gənclər üçün şərait yaratmağın zamanı çoxdan çatıb.

- Deyirsiz ki, yaşlı rejissorlar gənclərə mane olur?


- Ən böyük milli-mənəvi dəyərlərindən biri də, böyüklərə hörmətdi. Təbii ki , onların təcrübəsi bizdən çoxdur, amma yaşlı rejissorlarla gənclər arasında elə baryer yaranıb ki, bizim nəslin rejissorları kənarda qalıb. Bizim həmişə böyüklərə ehtiyacımız var. Ancaq düşünürəm ki, insan yaşa dolanda arenadan çıxmalı, müəllim, ustad olmalıdır. Təəssüflər olsun ki, indiki yaşlılar ustad olmaq istəmirlər, ambisiyaları buna imkan vermir, gənc rejissorlara rəqib kimi baxırlar. Onlar deməlidirlər ki, yol sizindir, bura qədər gəldik, bundan sonra gənclərin müəllimiyik və hər zaman da əlinizdən tutmağa hazırıq. Əvvəl klip çəkərək, həvəsimi öldürürdüm, indi isə reklam çəkməyə məcburam. Mədəniyyət və İncəsənət Universitetinə qəbul olanda hamıda böyük kinoya gəlmək arzusu var idi, amma bu günə kimi, böyük film çəkməmişik. Çünki gənc rejissorlara şərait yaradılmır

- Şəraiti kim yaratmalıdır?


- Təbii ki, bu işin başında duranlar. Dəfələrlə bu işin başında olan insanlara şəxsən özüm müracitə etmişəm, amma nəticə olmayıb. Gözləyirəm ki, öz vəsaitim hesabına qısa metrajlı film çəkim və nazirliyə təqdim edim. Bəlkə ondan sonra bir nəticəsi oldu.

- Böyük və kiçik, hər iki rejissorun ortaya qoyduğu məhsul tamaşaçı zövqünə hesablanır. Tamaşaçının tələbatı kimədir?


- Tamaşaçının yaxşı məhsula ehtiyacı var. Təəssüflər olsun, bizdə bəzi anlamlar çox qarışıqdı.

- Bizim rejissorla əcnəbi rejossorlar arasında fərq nədir?


- Fərq yalnız ondadır ki, əcnəbilər gənc rejissorlar üçün lazım olan bütün şəraiti yaradırlar. Əslində isə bizim potensialımız xaricdəki gənc rejissorlardan daha güclüdür.



- Zövqü formalaşdıran həm də televiziyadır, televiziyanın da pultu rejissor əlində olur...


- Düzdür, tamaşaçı zövqünü televiziya formalaşdırır. Dünya təcrübəsində bu, belədir. Amma bizdə əksinədir.

- Televiziya rəhbərləri “niyə verilişlərinizin əksəriyyətindən tamaşaçılar narazılıq edir” sualına cavab verərkən reytinq ölçən xarici şirkətlərin varlığına diqqət çəkirlər. Həmin şirkətlərin müəyyənləşdirdiyi nəticə budur ki, Azərbaycan tamaşaçısının barmağı pultun düymələrində intellektual baxımdan aşağı, səsli-küylü, mənaca dayaz olan verilişlərin tapılması məqsədilə gəzişir. Bəlkə heç belə deyil, reytinq ölçən şirkətlər bilərəkdən cəmiyyəti veyillənmək abu-havasına kökləyib?


- Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, onlar qarşılarına tamaşaçının tərbiyələnməsi məqsədi qoyublar. Kiçik yaşlı uşalqrımız, yeniyetmələrimiz, gənclərimiz var. “Yeni ulduz” 10 ildir ki, insanların beynini yeyir. Əvvəllər uşaqlardan kim olmaq istədiyini soruşanda, ya kosmonavt, ya həkim, ya polis olmaq arzularını bildirirdilər. İndi əksəriyyət müğənni olmaq istəyir. Bu tendensiya aradan götürülməlidir. İnsanların formalaşmasında televiziyanın rolu çox böyükdür. Televiziya rəhbərləri də düşünməlidir ki, bir müğənnini ekranda bu qədər göstərmək olmaz. Müğənninin mətbəxtini, yataq otağını göstərirlər. Hər gün eyni müğənillərlə müxtəlif movzularda çəkiliş edirlər. Bir gün papaqlarından, o biri gün ayaqqabılarından danışırlar. Nə qədər olar axı? Şou-biznesden bir ya iki veriliş olar. Amma bu gün televiziyalarımıza baxanda görürük ki, eifir ancaq şou verilişləri ilə doldurulur. Televiziya bir ay ancaq maarifləndirici xarakter daşıyan verilişlər yayımlasa, tamaşaçı istər-istəməz həmin verilişlərə baxacaq. Problem televiziyaların efir siyasətindədi. Nəyi göstərirlər məcbur olub ona da baxırıq. Reytinq ölçən şirkətlər də mövcud vəziyyəti sadəcə olaraq elan edir.

- Sizin produsseri olduğunuz televiziya digər televiziyalardan fərqli nə göstərir?


- “Yurd tv” internet məkanında yayımlanır. Bizdə dil müxtəlifliyi var, əsasən isə ictimai kanaldır. İndi elə bir zamana gəlib çıxmışıq ki, insanlar istəyir ki, internetdən xəbəri həm oxusunlar, həm baxsınlar. Bizdə müsahibələr, analitik verilişlər, idman icamalı və maarifləndirici verilişlər çoxdur.

- Şou verilişləri yayımlamırsız?


- Biz qarşımıza başqa məqsədlər qoymuşuq. Tamaşaçının zövqünü formalaşdırmaq istəyirik. Ona görə də, “Sərt məntiq”, “Fəxrimiz”, “Kitab oxu”, “Biznes etikası” adlı verilişlərimiz var.

- Əksər tamaşaçı kliplərin səviyyəsindən narazılıq edir. Sizcə burada rejissor işi zəifdi, yoxsa, bazar belə tələb edir?


- Qəssab qəssab olmalıdır, dəllək dəllək, rejissor da ki, rejissor. Hazırda klip bazarını izləmirəm, amma bir iki rejissordan başqa özlərinə rejissor deyənlər sadəcə baş aldatmaqla, zövq korlamaqla məşğuldurlar. Elələri var ki, əvvəllər ofisiant işləyib, daha sonra televiziyaya gəlir, düşünür ki, maşında klip çəkmək ən yaxşı görünüşdü. Bu isə artıq səviyyə deyil. Qeyri-peşəkarların bu sahəyə gəlib vaxt keçirməsidir, sadəcə gəlib ortalığı bulandırıb gedirlər. Hər bir gözəl işin yaxşı qiyməti var. Ola bilməz ki, gözəl bir əşyanın qiyməti ucuz olsun.

- Belə çıxır ki, şou-biznesdəkilərin əksəriyyəti öz yerlərində olmayanlardı?


- Təbii ki, əksəriyyəti belədir.

- Olmazmı bazarı sənətkarlar idarə etsin, əksinə sənətkarı bazar yox…
- 4 ildir ki, bir neçə səbəbdən klip bazarı ilə vidalaşmışam.Öncə dini baxışlarıma, daha sonra müğənnilərlə işləməməyə görə. Digər səbəb odur ki, sənətə yeni gələn, intellektual səviyyəsi aşağı olan gənc müğənnilərlə işləmək istəmirəm. Təbii ki, mən intelektual səviyyələri yüksək olan bir çox müğənillərə ən yaxşı klipləri çəkmişəm.

- Dini baxışlara görə klip çəkmək yasaqdır ki?


- 4 il bundan əvvəl düz yolumu tapdım, bu, Allahdan gələn bir hidayət idi ki, islama gəldim. İslama gəldikdən sonra çərçivələr yaranır ki, hər bir dolğun müsəlman onlara riayət etməlidir. İslam insanı dəyişir və özünə baxış rakursu yaradır. Müəyyən şəriət qanunları var ki, onlara riaəyət etməlisən. Bunlardan da biri halal qazancdır. Mən də oradan gələn qazancımı halal hesab etmədim və ona görə də tərk etdim.

- Niyə halal hesab etmədiz?


- Bu, mənim şəxsi sirrimdir.

- Həmkarlarınız haram yolla pul qazanır?


- Rejissor dostum Kənan da namaz qılır, islamdadır amma klip çəkir. Onun baxış bucağı fərqlidir. Burada baxış müxtəlifliyi var.

- Hədəfinizdə film çəkmək var?


- Hədəfim böyük kinodur, ona dogru da addımlayıram. Babam, Əli Səttar Məlikov kino sahəsinin banilərindən biri olub, mən də bu sahəyə göydən düşməmişəm. Mədəniyyət və İncəsənət Universitetini əlaçı olaraq bitirmişəm, 15 ildir ki, rejissorluq sahəsində fəaliyyət göstərirəm. Əvvəllər Azərbaycan klip bazarında yeniliklərin çoxunu mən etmişəm. Çəkdiyim kliplərin də həmişə sujet xətti olub, agac dibi, kol dibi çəkməmişəm. İlk yeni animasiya klipini mən ekrana gətirmişəm. Bir sıra reklam roliklərini çəkmişəm. Lap əvvəldən film çəkmək istəmişəm.

- Azərbaycanda kino istehsalı geniş inkişaf edib, yoxsa klip?


- Azərbaycanın hər bir şeyi var, sadəcə olaraq… İstəməzdim daha da dərinə gedim. Azərbaycan kinosu olub və var. Gənc kadrlar yetişməlidir, onlar da ancaq çəkə-çəkə yetişə bilər. Dünyada bir çox ölkələrin kino brendi var, bizdə isə yoxdur. Bizə şərait yaradılsın, öz potensilamızı ortaya qoyaq və bu brendi yaradaq. Niyə Azərbaycan kino brendi olmasın?

- Sizcə qarışqa sürəti ilə bu mümkündür?


- Hər şey mümkündür, yetər ki, şərait yaradılsın.

- Televiziyalarda nümayiş olunan serilların keyfiyyəti necədir?


- Pis gündə. Seriallar bizdə bərbad haldadır. Dünya standartlarına cavab verən seriallar yoxdur, hətta qonşu Rusiyada da izlədiyimiz seriallara çata bilməz.

- Nə çatışmır - rejissor işi, aktyor oyunu yoxsa texnika?


- Tutaq ki, 100 nəfər əsgər var, qarşı tərəflə mübarizə aparır. Əgər başçı olmasa, əsgərlər sadəcə müharibəyə atılmış ət parçalarıdır. Çox serialların rejissorları aktyorlardır, başa düşmürlər ki, zövqsüz məhsul ortaya çıxarırlar. Rejissor bir çərçivədir. Çərçivə də qoyulan məqsəddi. Aktyorlar da o çərçivədən çıxmalı deyillər.

- Aktyor rejissorun mariyanetkası olmalıdır?


- Aktyor rejissorun plastilinidir. Sən o plastilini hansı formaya istəsən sala bilməlisən. Aktyor aktyorluğu, rejissor rejissorluğu məşğul olmalıdır. Əks halda ortaya sənət yox, bozbaş çıxaracaq.

- Bəlkə kinomuzun inkişafı üçün baza yoxdur?


- Razı deyiləm, baza var, yaxşı aktyor və rejissorlar da var. Prezidentin fərmanından sonra kino sahəsində müəyyən dəyişikliklər oldu. Avadanlıq alındı, ölkəmizdə Hollivud səviyyəsində filmlər çəkmək üçün avadanlıqlar var.

- Hər şey dediyiniz kimi gözəldirsə, nəticə niyə yoxdur?


- Sadəcə lazım şərait yaradılmır.

- Kim yaratmır?


- Bu işin başında duranlar.

- Bu işin başında Mədəniyyət və Turizm Nazirliyi dayanır…


- Gənclərin potensialından istifadə olunmur. Keçən il 40 yaşını keçmiş 3 rejissora Elxan Cəfərov, Ülviyyə Könül və Samirə çəkmək üçün film veriblər. Onlara gənc deyirlər, amma yaşları qırxa çatıb, bu gülməli vəziyyətdir. Onlar bir yox, üç, dörd film çəkməli idilər. Zərgər necə peşəkar olur? İş görə-görə. Rejissor da ildə bir dəfə kino çəkməlidir. Kənan, Aqil mən qırağda qalmışıq. Bizə heç qısa metrajlı filmlər də verilmir. Halbuki dövlət tərəfindən hər il qısa metrajlı filmlər üçün pul ayrılır, müsabiqə nəticəsində ssenarilər seçilir və o filmlər başqalarına verilir. Bu mexanizmə görə, əvvəl qısa metrajlı film çəkirsən, dövlət sənin bu filmini uğurlu alındığını görürsə, artıq dövlət sifarişi verir. Bizdə gülməli hallar yaşanır. Ssenarini aktyorlar verir, rejissorlar isə qırağda qalır. Hansısa məlum olmayan səbəblərə görə onların ssenarisi seçilir.

- Etirazınızı nazirliyə bildirmisiz?


- Bildirmişik. Onların bizdən çox yaxşı xəbərləri var. Sizə bir hadisəni danışım: Azərbaycanda ölüm hökmünün ləğvi barəsində tammetrajli film üçün ssenari yazdım. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələn zaman onun imzaladağı fərmanla ölkədə ölüm hökmü ləğv edildi. Həmçinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliyə görə, ölüm hökmünün ləğvi mühüm idi. Ölkədə ölüm hökmünün ləğvi ilə bağlı bütün təffərrüatlar ssenaridə geniş şəkildə öz əksini tapmışdı. Mən də bu mövzudan çıxış edərək, hadisəni ssenari formasında yazdım. Baş qəhrəman ölüm hökmü aldığı zaman Azərbaycanda ölüm hökmünü ləğv edirlər. Bu ssenarini Heydər Əliyev Fondunun elektron ünvanına göndərdim, onlar da həmin məktubu Mədəniyyət və Turizm Nazirliyinə yönləndirdilər. 10 gündən sonra mənə nazirlikdən zəng gəldi və dedilər ki, ünvan verin, sizə məktub göndəririk. Sevindim ki, nəhayət müsbət cavab gəldi. Məktubda yazılmışdı ki, ssenariniz bəyənilib, sizinlə görüşmək istəyirik. Getdim görüşdük. Görüş zamanı mənə dedilər ki, əgər 2012-ci ilə sağ qalsaq, bəlkə sizin filminizi çəkdik. Bu bir növ ələ salmaq idi. Qəlbimdə çox incidim. Əgər mənimçün şərait yaradılmırsa, öz gücümə qısa metrajlı film çəkəcəm, sonra nazirliyə təqdim edəcəm, bundan sonrası onlarlıqdı, onda görüm nə deyəcəklər. Əgər yenə də rədd cavabı alsam bu dəfə başqa cür olacaq.

- Başqa cür, necə?


- Ölkəmizin başçısı, cənab İlham Əliyevə məktub yaza bilərəm.

- Gənclərin potensialından adı çəkilən qurumun istifadə etməməsinə bəlkə konkret mane olan şəxslər var. Bəlkə yaşlı rejissorlar külüngü yerə qoymaq istəmir?


- Bu, belədir. Keçən il bir filmin təqdimatında oldum. Ad çəkməyəcəm hansı rejjisorun çəkdiyi film idi, amma yaşlı rejissor idi. Hansı ki, mən o insana 4,5 qısa metrajlı filmin ssenarisini aparmışam, bəyənməyib. Gözləyirdim ki, bu insan şederv yaradacaq. Amma mən o filmi bəyənmədim. Filmdə qəhrəmanların psixoloji portreti açılmalıdır ki, tamaşaçıya aydın olsun. Təsəvvür edin ki, filmin sonuna kimi, psixoloji portert açılmır, heç nə başa düşmək olmur. O film rejissor baxımından məni qane etmədi. Adicə tıtrlər da bərbad gündə idi. Xaricdə rejissorlar tıtrlərə da vizual effekt verirlər. Təsəvvür edin, kino 2011-ci ildə çəkilib, titrlərin verilmə üsulu isə hələ də 1980-cı ilə aiddir.

- Onda bizim rejissorlar hələ də daş dövründə qalıblar?


- Bəli, hələ də o dövrdə qalmışıq. Köhnə üslublarla filmlər çəkirlər, ona görə də baxılmır.

- Ona görə də, tamaşaçı zövqünü oxşaya bilmirlər…


- Nəinki oxşaya bilmirlər, müasir zəmanə ilə ayaqlaşa bilmirlər. Dünyanın zövqünü oxşayan “Avatar” filmi oldu. Bu filmi çəkən rejissorun yaşı 50-ni keçib, amma müasir dövrün nəbzini tutub. Bizim “Avatar” kimi dünyaya səs salan bir filmimizi göstərin. Yoxdur. İranı bəyənmirik, amma onların kinosu dünya səviyyəsində tanınır. Hələ Türkiyəni demirəm.

- Türkiyədə Hülya Avşar, Türkan Şoray, İbrahim Tatlısəs dövründə kinolar çəkiləndə, o vaxt bizim kinomuz daha çox inkişaf etmişdi. Türkiyə kino sahəsində daha çox uğur əldə etdi, biz isə hələ də…


- Biz isə hələ də o dövrdə qalmışıq. İndi başqa məqamlar var. Gənc nəsillə yaşlı nəsil arasında böyük bir baryer yaranıb. Bu da inkişafa mane olur. Böyük nəslin rejissorlarına hörmətimiz var. Sadəcə bu böyüklər artıq başa düşməlidir ki, onlar müəllimə çevrilməlidirlər, ustad olmalıdırlar.

- “Oskar”a layiq olacaq Azərbaycan kinosu yarana bilərmi?


- Ölkəmizdə İstənilən janrda Holivud səviyəsində film çəkmək üçün bütün avadanlıq, texnika, rejissorlar, həmçinin bunu üçün potensial da var. Elə filmlər çəkə bilərik ki, bütün dünyaya səs salsın. Bir rejissor kimi arzum budur ki, İtalya, Fransa, Gürcüstan və bir sıra ölkələrin kino berendi olduğu kimi, Azərbaycan kino brendi də yaransın.

P.S. Şahin Zəkizadə gileylidi. Bütün yaradıcı gənclər kimi meydan istəyir. Geniş olması, müxtəlif yerlərdən baxanda görünməsi vacib deyil. Yetər ki, ora kinokameranı yerləşdirmək mümkün olsun. Və bir də kinokameranın qarşısına baryer qoymasınlar ki, rejissor görmək istədiyini görsün.


Aynurə Həsənova






16 İyun, 2011  16:57 Baxılıb: 5474 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16