Bir neçə müddətdir ki, repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması məqsədi ilə axtarışlar aparılır. Oxu.Az hazırkı vəziyyətlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovla əlaqə saxlayıb.
Direktor bildirib ki, sümük müayinələrinin gətirilməsi davam edir: “Bəli, hazırda işlər davam edir. Kriminalistlər müayinə aparırlar, sonra da genetiklər baxırlar. Proses yekunlaşmayıb. Sümüklər çoxdur, ona görə də hələ tam dəqiq heç nə demək olmur”.
Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru əlavə olaraq bildirib ki, işlər tək Mikayıl Müşfiq üçün deyil, digər repressiya qurbanlarının da nümunələri gətirilir: “Biz bütün bunların ekspertizasını aparırıq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə göstəriş vermişdi.