|
HAKİMİYYƏTİN MÜXALİFƏTLƏ BAĞLI PLANI MƏLUM OLDU
Bahar Muradova: “Bu xalq, bu meydan, bu siz, bu da biz”
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Yeni Azərbaycan partiyasının saytına müsahibə verib.
Meydanda iki qrup vardı
Vitse-spiker tarixinə ekskurs edərək deyib ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərindən ittifaqsız necə yaşayacağını təsəvvür etmək iqtidarında deyildi. Onun sözlərinə görə, səylərin böyük əksəriyyəti də xalqı ittifaqsız yaşamağın mümkünsüzlüyünə inandırmağa yönəlmişdi və nəticədə meydanda iki qrup vardı:
“Qüvvələri səfərbər edərək müstəqilliyi təmin etmək yerinə bir qrup özünü təsdiq etməyə cəhd göstərir, digər qrup-Qarabağ hadisələrinin dalğası üzərində meydan hərəkatından istifadə edərək hakimiyyətə gəlmək istəyirdi. Nəticədə ərazilərimizin işğalı, Xocalı soyqırımının baş verməsi, insanların qaçqın və məcburi köçkün durumuna düşməsi fonunda AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi”.
“Öncə xalq içində nüfuzlarını itirdilər”
Qısa müddət ərzində bu qüvvələrin çox ciddi problemlərlə üz-üzə qaldığına diqqət çəkən B.Muradova AXC-Müsavat cütlüyünün Azərbaycanın idarəçilik sükanını təsadüfən ələ keçirmiş qüvvə kimi dəyərləndirib: “Bu da çox qısa bir zamanda özünü göstərdi. Hakimiyyəti ələ almış insanlar bu hakimiyyətə rəhbərlik etməyi bacarmadılar. Sosial dayaqlardan demək olar ki, tam məhrum oldular. Öncə xalq içində nüfuzlarını itirdilər, Azərbaycanı böhrana sürüklədilər. Xalqın da onlara heç bir inamı qalmamışdı. Ermənilər də bundan istifadə edərək bölgələrimizi işğal etməyə başlamışdılar”.
Hakimiyyətdə olan insanları Heydər Əliyev xilas etdi
Vitse-spiker vurğulayıb ki, o zaman ölkənin gələcəyini düşünən ziyalılar bir araya gəldilər və Heydər Əliyevin rəhbərliyi altında müqavimət hərəkatını bir araya gətirə bildilər. Məhz Heydər Əiyevin Yeni Azərbaycan Partiyasının rəhbərliyində dayanması və partiyanın proqram və nizamnaməsinin ulu öndərin rəyi ilə yazılması, qarşıda duran vəzifələri müəyyən etməsi bütün insanları səfərbər etdi. Qısa zamanda ölkənin bölgələrində Yeni Azərbaycan Partiyasının yerli təşkilatları yarandı və bütün insanlar Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacib olduğunu vurğulayaraq bunun üçün də hərəkətə keçdilər. Bu prosesi həm də hakimiyyətdə olan qüvvələrin öz sosial dayağını itirməsini şərtləndirirdi. Çünki ölkəni idarə edə bilmədiklərini, öz daxilindən olan müxalifəti cilovlaya bilmədiklərini və xüsusilə hərbi müxalifətlə üz-üzə qaldıqlarını gördükdə hakimiyyətdə olan insanlar ən azı özlərini xilas etmək üçün Heydər Əliyevi Bakıya çağırmaq məcburiyyətində qaldılar”.
“...Vəziyyətləri daha da pisləşir”
B.Muradova müxalifətin indiki durumu barədə də fikirlər söyləyib. O, deyib ki, - müxalifətdə təmsil olunanların Azərbaycanda hakimiyyət başına gəlməyə mənəvi haqqları çatmır: “Həmin dairələrin bu günə qədərki durumu, Azərbaycan xalqının onlara münasibəti bunu deməyə əsas verir. Xalqın bu insanlara zərrə qədər də etimadı yoxdur, bu mənada getdikcə vəziyyətləri daha da pisləşir. Onu da qeyd edim ki, onların iddiaları ilə imkanları arasında çox böyük ziddiyyət var. Başqalarının hesabına layiq olduqlarından qat-qat artıq nailiyyətə iddia edirlər. Çox qəribədir ki, həmin insanlar hesab edirlər ki, Azərbaycanı vaxtilə məhv olmaqdan xilas edən, bugünkü nailiyyətləri qazanan siyasi qüvvə hakimiyyətdən imtina etməlidir və onlar da gəlib hakimiyyətə yiyələnməlidirlər. Biz isə onları sağlam rəqabətə, mübarizəyə dəvət edirik. Bu xalq, bu meydan, bu siz, bu da biz. Qoy xalq sizə münasibətini bildirsin. Yoxsa, hansısa ultimativ şərtlərlə danışmaq, kimlərinsə dəstəyinə bel bağlamaq, başqa ölkələrdə baş verənlərdən təsirlənmək və buna da inanmaq həmin müxalif partiyaların nə qədər uzaqgörən olmadıqlarının sübutudur”.
“Ölkəmizə qarşı qəsdlər hələ də qalır”
B.Muradovanın sözlərinə görə, gücün çatmadığı işin qulpundan yapışmaq 1992-93 –cü illərdəki hadisələrə gətirib çıxarır: “ Azərbaycan nə daxildəki, nə də ölkəmizin inkişafını istəməyən bəzi xarici qüvvələr üçün eksperiment meydanı deyil. Bəzən bu qüvvələrin xaricdə başqaları ilə maraqları üst-üstə düşür və bunu da guya «beynəlxalq dəstək» kimi qələmə verməyə çalışırlar. Bəli, həmin müxaliflərin Azərbaycanı istəməyən xarici dairələrlə bəzi məqamlarda maraqları və fikirləri üst-üstə düşür. Amma bu, onların fikirlərinin doğruluğunu yox, ölkəmizə qarşı qəsdlərin hələ də qaldığını sübut edir”.
“Bizim onları sona qədər sıradan çıxarmaq fikrimiz yoxdur”
Vitse-spiker hakimiyyətin heç nədən qorxmadığını və kimlərinsə fəaliyyətini məhdudlaşdırmaqla siyasət yürütmədiyini də dilə gətirib: “Onsuz da bizim siyasətimiz genişləndikcə onların fəaliyyəti məhdudlaşır. Bizim onları sona qədər sıradan çıxarmaq kimi bir fikrimiz və qəsdimiz də yoxdur”.
Anar İsaoğlu
14 İyun, 2011 17:18 ⁄ Baxılıb: 3114 ⁄ Çap
Bu bölmədə
|
|
|