Bu il martın 25-i məğrib azanından sonra şaban ayı daxil olur. Beləliklə, martın 26-sı şaban ayının ilk günüdür.
Şaban ayı mübarək Ramazan ayına son hazırlıq fürsəti sayılır. Hədis və rəvayətlərdə "Peyğəmbər (s) ayı" adlanan şabanda bir sıra ibadətlər tövsiyə olunub. Onlardan başlıcası orucdur. Peyğəmbər (s) özü bütün ayı oruc tutar, başqalarını da ən azı bir gün oruc tutmağa dəvət edərdi. Şaban ayını sədəqə verməklə, Allahdan əfv diləməklə və salavat söyləməklə keçirmək əsas tövsiyələrdəndir.
Şabanın hər günündə 70 dəfə “Əstəğfirullahə və əs’əluhut-təubə” (“Allah məni əfv etsin və tövbə qismət etsin!”), ay boyunca isə 1000 dəfə “La ilahə illəllah və la nə’budu illa iyyahu muxlisinə ləhud-dinə və ləu kərihəl-muşrikin" (“Allahdan başqa tanrı yoxdur, yalnız Ona ibadət edir, yalnız Onun dinini qəbul edirik, müşriklərin xoşuna gəlməsə də”) demək yaxşıdır. İmkan daxilində hər gün Şabaniyyə münacatını oxumaq da olar.
Bu ayın hər cümə axşamında 2 rəkət xüsusi namaz qılmaq olar. Həmin namazın hər rikətində «Fatihə»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə salavat deyilir. Bu namaz dua və istəklərin qəbul olunmasına səbəb olar . Hər bazar ertəsi və cümə axşamı günləri oruc tutmaq tövsiyə olunur.
Şabanın da ortaları “əyyami-beyz” sayılır. Lakin, 15-ci gecə (nimeyi-şaban) xüsusi fəzilətə malikdir ki, həmin gecəni əhya saxlamaq tövsiyə olunur. Qeyd edək ki, şaban ayının 3-ü imam Hüseynin (ə), 4-ü həzrət Əbəlfəzlin (ə), 5-i imam Səccadın (ə), 15-i isə həzrət Mehdinin (ə) mövlud günləridir.
hacishahin.az