Xəbər verdiyimiz kimi İndoneziyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Husnan bey Fenanie Sipark İnşaatın qonağı olub. Eyni zamanda Simsar.az saytının suallarını cavablandıran səfirlə müsahibəni təqdim edirik.
- Cənab səfir xoş gəlmisiniz. Sizi Sipark İnşaatın layihələri ilə yaxından tanış olarkən gördük. Azərbaycan və İndoneziya iqtisadi əlaqələri üçün bir çox layihələr həyata keçirən biri kimi inşaat sahəsində də əlaqələrlə bağlı fikirləriniz maraqlıdır.
- Əlbəttə Siparkın tikinti layihələri diqqətimi çəkdi. Gözəl binalar tikirlər. Təbii ki, ilk ağlıma gələn də bu sahədə əlaqələrin yaradılması oldu. İndoneziya və Azərbaycan arasında bu sahədə niyə də birgə əməkdaşlıq olmasın? Bu əməkdaşlıq niyə Siparkla başlamasın? Təbii ki gözəl addım olardı. Bakıda İndoneziya arxitekturasına uygun bi tikili, Cakartada isə Azərbaycan memearlıq nümunələrinin olması pis fikir deyil. Qeyd edim ki, Cakarta Tokiodan 2 dəfə böyükdür. Təsəvvür edin Bakıdan nə qədər böyükdür. Səfir olaraq Cakartada Azərbaycan Mərkəzinin yaradılmasını təklif etdim. Bu istiqamətdə işlərin aparılması eyni zamanda Azətbaycana məxsus bir binanın tikilməsinə də yol açar. Bakının arxitekturasına nəzər salsaq qarışıq memarlıq quruluşuna malik olduğunu görərik. Şərq və qərb arxitekturası burada öz əksini tapır. Azərbaycan bütün sahələrdə multikultural ölkədir. Çox gözəl ölkəniz var.
- Fəaliyyəniz dövründə iqtisadi əlaqələr sahəsində çox işlər görmüsüz. İndoneziyadan Azərbaycana, buradan isə ölkənizə iş adamlarının səfərlərinin təşkili hansı nəticələri verdi?
- Bu səfərlərin nəticəsidir ki, artıq bir çox sahələrdə qarşılıqlı əməkdaşlıqlar yaranıb. İşlər aparılır. Çox sahənin iş adamları arasında ittifaqlar quruldu. Bu əlaqələri hələ də inkişaf etdirmək istiqamətində işlər görürük. Nəinki iqtisadi, turizm sahəsində də müəyyən işlər görülüb. Mədəni əlaqələri inkişaf etdiririk.
- Yeri gəlmişkən, Azərbaycan mədəniyyətinə bağlı birisiniz. Hətta çox gözəl “Sarı gəlin” ifa edirsiz. Artıq bir neçə dəfə sizin ifanızda dinləmişik bu musiqini. Maraqlıdır niyə məzh “Sarı gəlin”i seçdiz?
- Qeyd edim ki, Azərbaycan qədim və tarixi zəngin olan ölkədir. Ölkəniz mədəniyyət və incəsənət sahələrində sanki istehsalçı rolu oynayıb tarixən. “Sarı gəlin” musiqisinə gəlincə isə, bu sanki Azərbaycan xalqının qəlbindən süzülüb gələn bir səsdir. Bu mahnını müşaiyət etmək üçün, musiqinin və sözlərinin mahiyyətini anlamağa 1 il vaxt sərf etdim. Bu mahnını ifa etdikcə hiss etdim ki, mən özüm Azərbaycan xalqının bir hissəsinə çevrilirəm. Bu mahnını çoxları mənimsəmək, öz adına çıxartmaq istəyə bilər. Mənim üçün isə “Sarı gəlin” Azərbaycan musiqisidir. Hətta bu mahnını ifa etdikcə ruhumla qəlbimlə Azərbaycana dəstək olmaq istəyirəm. Çünki bilirəm ki, ölkənizin 20 faizdən çoxu işğal altındadır. Minlərlə məcburi köçkün və qaçqın var. Mən bu mahnını məxsusi ifa edirəm ki, qoy hər kəs bilsin ki, “Sarı gəlin” Azərbaycana məxsusdur. Biz isə azərbaycanın böyük dostuyuq.
- Bunun üçün təbii ki, sizə dərin təşəkkür edirik cənab səfir. Ümumiyyətlə, Azərbaycan adına gözəl işlər həyata keçirirsiz. Son tədbirdə “Leyli və Məcnun” filminin treylerinə baxdıq. Bu da Azərbaycan və İndoneziya mədəni əlaqələrinin inkişafı üçün uğurlu bir işdir. Əslində kinonun ən güclü ideoloji təbliğat vasitəsi olduğunu nəzərə alsaq böyük bir işin ortaya qoyulduğunu görmüş olarıq. Maraqlıdır irəlidə daha hansı layihələr var?
-“Leyli və Məcnun” şəxsən mənim təşəbbüsüm ilə həyata keçirilən bir filmdir. Mən istəyirəm ki, İndoneziya və Azərbaycan arasında əlaqələr daha da böyüyüb genişlənsin. Baxmayaraq ki bizim artıq 25 illik əlaqələrimiz var. Hər iki dövlət bir-birini qardaş kimi görür. Sadəcə məsafələr var arada. İstəyirəm ki, Azərbaycan və İndoneziya arasındakı münasibətlər Türkiyə ilə münasibətlər kimi güclü olsun. Bu səbəbdən mən istədim ki, həmin filmin 80% çəkilişləri məzh Azərbaycanda çəkilsin. Film hələ tam hazır deyil, son işlər görülür. Bitdikdən sonra təqdimatını da etməyi düşünürük.
- Azərbaycan klassiklərindən olan Nizami Gəncəvi və onun əsərləri haqqında kifayət qədər məlumatınız var. Maraqlıdır başqa hansı ədiblərimizi tanıyırsınız?
- Məsələn, Hüseyn Cavidi tanıyıram. Hətta Azərbaycan Dillər Universitetində onun yubileyi keçirildi. Mən orada iştirak edirdim. N.Gəncəvi XII əsrdə yaşayan şairdir. H.Cavid isə bizim dövrümüzə daha yaxın bir zamanda yaşayıb yaradıb. Cavidin şeirlərində xalqı ruhlandıran əlamətlər çoxdur. Mən onu tək şair kimi yox, eyni zamanda qəhrəman kimi qiymətləndirirəm. Azərbaycan ədəbiyyatında çox qeyri-adi bir şairdir. Digər ədiblərdən Sabirin, Nəriman Nərimanovun adlarını çəkə bilərəm. Amma N.Gəncəvinin “Xəmsə”si mənim üçün tam başqadır.
- Sevindirici haldır ki, Azərbaycan ədəbiyyatını, yazarlarını və şairlərini tanıyırsız. Mən də İndoneziya ədəbiyyatı ilə yaxından tanış olmaq istərdim. Hansı şair və yazıçılarınızı tövsiyyə edərdiz?
- Mənim özümün də yazar kimi fəaliyyətim var. Hətta şeirlər də yazıram. Kitabımı sizə hədiyyə edərəm. Şeirlərimin əksəriyyətində sufizmi müşahidə etmək olar. Eyni zamanda sevgi mövzusuna daha çox yer ayrılıb. Şeirlər kitabım nəşr olunub. Tərcüməsi hazırlanır. Bitdikdən sonra istəyənlərə təqdim edəcəm. O ki qaldı İndoneziyanın klassik və müasir ədəbiyyatına mən Həmzah Fansurun “Həcüsatin” adlı əsərinin adını çəkə bilərəm. Bu əsər də sevgidən bəhs edir.
- Cənab səfir, dünya ədəbiyyatından kimləri oxuyursuz?
- N.Gəncəvi şərqdə və qərbdə kifayət qədər tanınıb. Bilirsiniz ki, Avropa bir zamanlar inkişaf etməmiş coğrafiya idi. Mədəniyyət ora şərqdən gedib. O dövrlərdə Avropada qadına dəyər verilmirdi, ona əşya kimi yanaşılırdı. Nizami əsərlərində isə qadına dəyərin aliliyi göstərilir. Nizami dövründə Azərbaycanda artıq İslam dini var idi. Məhz İslam qadına bu dəyərləri vermişdi ki, Nizami də əsərlərində göstərib. İslam peyğəmbəri qeyd edir ki, cənnət anaların ayaqları altındadır. Bu dəyərlər Avropaya çox sonralar gedib.
- Maraqlı bir məqama gəldik. Söylədikləriniz təbii ki, həqiqətdir. Hətta Vilyam Şekspirin “Romeo və Cülyetta” əsərinin motivləri sanki, “Leyli və Məcnundan” götürülüb...
- Təbii ki, XII əsrdə N.Gəncəvi öz əsərini yaradır, Renesans (intibah) dövründə isə V. Şekspir “Romeo və Cülyetta” adlı sevgi əsərini yazır. Qeyd etdiyiniz kimi motivlər “Leyli və Məcnun”dan götürülsə də sevgi duyğuları Nizami əsərindəki kimi mükəmməl deyil. Şekspirin əsərinin sonluğunda faciə, intihar var. N. Gəncəvinin “Leyli və Məcnu”nu ilahi eşqin təzahürüdür. Bu eşq nə yazıq ki, “Romeo və Cülyetta”da yoxdur. Sevgi hər bir insanın ruhunda və qanında hiss olunan duyğudur. Bu gün biz hiss etdiyimiz sevgilər məhz N.Gəncəvi əsərlərində hələ XII əsrdə mükəmməl şəkildə ifadə olunub. Bütün dünyaya çatdırmaq lazımdır ki, Sevgi sözü, sevgi hissi və sevginin özü məhz Azərbaycandan, N.Gəncəvidən gəlir. Qərbin uydurduğu “Valentin günü” isə çox sünidir. Eyni zamanda kökündə ticarət var. Daha kobud desəm, sevgini satırlar.
- Cənab səfir, “Leyli və Məcnun” əsərini Azərbaycan klassiklərindən olan Məhəmməd Füzuli də XVI əsrdə yazıb. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov isə 1907 – ci ildə bu əsərə opera bəstələyib. Bu gün də Opera və Balet Teatrının səhnəsində həmin əsər oynanılır. Maraqlıdır gedib izləmisinizmi?
- Operanın mini səhnəciklərini görmüşəm. Amma teatrda gedib izləməmişəm. Daha dəqiq desəm, hələ də məlumatlanmamışam ki, bu opera bütov şəkildə teatrın səhnəsində oynanılır. Təbii ki, təşkil olunsa, gedib məmnuniyyətlə izləyərəm. Yəqin ki, bu görüşdən sonra təşkil olunar.
- Səfirlik zamanı diplomat xidmətdə olduğu olkəni kiçik vətən hesab edir. Xidməti vəzifəniz bitdikdən sonra Azərbaycana yenidən gəlmək fikriniz olacaqmı?
- Bilirsiz ki, mən həm də müəlliməm. Hətta burada universitetlərdə mühazirələrim də olub. Azərbaycana yenə də gələcəm. Mən professor adını məhz Azərbaycanda qazandım. Universitetlərdən də dəvətlər olarsa tələbələrin qarşısında mühazirə deyərəm. Bildiyimiz kimi İndoneziya və Azərbaycan arasında təhsil sahəsində də əlaqələr var. Belə ki, bizim tələbələrimiz burda, azərbaycanlı tələbələr isə İndoneziyada təhsil alırlar.
İradə Nurəddinqızı