Karantinə alınan tələbə ayın 27-də 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib. Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin baş direktoru Ədalət Dadaşov məsələ ilə bağlı açıqlamasında deyib. O bildirib ki, Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub: “Yanvar ayının 27-si respirator infeksiya ilə KTM-ə mürəciət edib. Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir. Hazırda xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq”.
14:56
“Çin vətəndaşı Kliniki Tibbi Mərkəzdə (KTM) karantinə alınıb”. Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib: “Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq”.
C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraq qərar qəbul olunacaq.