Paytaxtda turistlər və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı Zooparkındakı tikinti işləri yay aylarının sonunda istifadəyə veriləcək. Bunu BAKU.WS-ə Bakı Zooloji Parkının tikinti-layihə rəhbəri Ramin Vəliyev bildirib.
Onun sözlərinə görə, Bakı Zooparkı tamamilə sökülüb və yenidən tikinti işləri aparılıb: “Bildiyiniz kimi Bakı Zooparkı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən tikilir. Biz yenidənqurma işləri ilə məşğuluq. Bakı Zooparkı yerlə bir söküldü və yenidən tikinti işləri aparılır.
Yay aylarının sonunda zoopark hazır olmalıdır. Hazırda layihələndirmə işləri gedir. Dünya zooparkları ilə işlər aparılır, hamısında nümayəndələrimiz olub. Bakı Zooparkı heç birinin oxşarı və təkrarı olmayacaq. Təbii təcrübə kimi beynəlxalq standartlardan istifadə olunur. Keçmiş zooparkdan heç nə qalmayıb və yenisi çox gözəl görkəmdə olacaq. Ərazisi də 4,5 hektar olub.
Əvvəl heyvanların saxlanma yeri az idi, indi bu, daha çox olacaq. Amma dəqiq sayı demək mümkün deyil. Biz Avropa Heyvanlar Assosasiyasına daxil olmaq istəyirik. Ora daxil olandan sonra heyvanlar mübadiləsi gedir. Amma əlavə valierlər tikilir ki, gələcəkdə heyvanların sayı artırılsın”.
Layihə rəhbəri həmçinin deyib ki, zooparkda seminar zalı da fəaliyyət göstərəcək: “Yeni zooparkın içində uşaqlar və turistlər üçün yeni restoranlar, əyləncə mərkəzləri fəaliyyət göstərəcək. Bunlar barədə ətraflı danışa bilməsək də, amma yeni zoopark əvvəlkindən iki dəfə böyüyəcək və çox maraqlı olacaq. Zoopark ərazisində həm də 60 uşağın iştirak edə biləcəyi seminar zalı da fəaliyyət göstərəcək.
Yeni zooparkda insanların yerini məhdudlaşdırıb, heyvanların yerini genişləndirmişik. Əvvəllər heyvanlar qəfəslərdə və bağlı bir məhdud yerdə idi, insanlar isə açıq yerdə idi. İndi tamamilə fərqlidir, insanların yeri məhduddur, macəra körpümüz var. Sürpriz olsun deyə bunlar barədə ətraflı danışmırıq. Elə şərait qurulub ki, heyvanlar açıq bir şəkildə təbiətə uyğun yaşasın.
Yeni zooparkın tikintisi başa çatdıqdan sonra heyvanları yenidən ora qaytarmağa və yerləşdirməyə 1-2 ay vaxt sərf olunacaq. Heyvanlar ilkin mərhələdə zooparkda adaptasiya prosesi keçəcək. Daha sonra yeni zooparkda mümkün qüsur və çatışmazlıqların aradan qaldırılmasına baxacağıq. Bu proses tam başa çatdıqdan sonra zoopark istifadəyə veriləcək”.