Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
O deyib ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: “G.Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.
MSK DSK-nın qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G.Əhmədovanın təqdim etdiyi imzalardan, təxminən, 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilməlidir. Ona görə də tələb olunan imzaların sayı az olduğundan Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.