“O, özünə yaxın olan jurilərə, məsələn, Niyazi Mehdiyə və başqalarına təsir edib, “Yad dildə”ni birinci yerə çıxarıblar”
Milli Kitab Mükafatının sonuncu müsabiqəsinin nəticələri ətrafında yaranan qalmaqal səngimək bilmir. Azərbaycan Yazıçılar Birliyinin katibi, MKM münsiflər heyətinin keçmiş üzvü Rəşad Məcid kulis.az-a müsahibəsində növbəti dəfə bəyan edib ki, müsabiqənin nəticələri ilə razı deyil.
R.Məcid fikirlərini belə əsaslandırıb: “Pərvizin əsəri öz bədii səviyyəsinə görə onluğa layiq deyil. Onun birinci yerə çıxması təşkilatçının və juri üzvlərinin marağında olub”.
AYB katibi vəziyyətin bu həddə çatmasında səbəbkar bildiyi şəxsin adını da çəkib: “MKM münsiflər heyətində yeni olan Şahbaz Xuduoğlunun ambisiyalarının nəticəsində iflasa uğradı. Rüstəm İbrahimbəyov kimi adamların oxumağa vaxtları olmur. Şahbaz Xuduoğlu əvvəldən bildirmişdi ki, Pərvizi dəstəkləyir. O, özünə yaxın olan jurilərə, məsələn, Niyazi Mehdiyə və başqalarına təsir edib. “Yad dildə”ni birinci yerə çıxarıblar. Bir sıra münsiflər var ki, bəlkə də o əsərin bir abzasını oxuyublar. Ümumiyyətlə, o əsəri tam oxumaq çox çətin məsələdir. Ötən axşam fikirləşdim ki, bəlkə, yanılıram. Kitabın bəzi hissələrini bir daha oxudum.O kitab heç bir bədii keyfiyyətə malik deyil, Azərbaycan dilində yazılmayıb. Mövzusu bəzi juri üzvlərinin xoşuna gəlib. Ən obyektiv mövqe Cəmil Həsənlinindir. Cəmil Həsənli mənə dedi ki, bədii keyfiyyətinə görə Məqsəd Nura, mövzusuna görə isə Pərvizə yüksək bal verib. Bu, aydındır. Bunu mən normal qəbul edirəm. Jurilərdən Cəmil Həsənli, Hamlet İsaxanlı, Nərgiz Cəlilova, Afaq Məsud bütün əsərləri oxuyub. Mən istəyirdim ki, insanlar öz vicdanlarının səsi ilə səs versinlər. Ola bilərdi ki, Pərviz 2-ci, ya da 3-cü yerdə olsun. Birinci yerə çıxarmaq əvvəlcədən nəzərdə tutulmuş plan idi. Mən bunu sonradan anladım”.
Aynurə