HÖKUMƏT EVİ QARŞISINDA QOÇULUQ EDƏN NİYƏ CƏZALANMIR? - VİDEO
DİN müraciət gözləyir, Baş Prokurorluğun həmin görüntülərdən xəbəriu var, ekspert isə...
Artıq xeyli müddətdi ki, mətbuatda və sosial şəbəkələrdə Hökumət Evinin qarşısında ağ rəngli “BMW X6" markalı avtomobilin sürücüsünün qara rəngli xarici markalı maşının sürücüsünü döyməsini və onları ayırmağa gələn polis nəfərlərini təhqir etməsini özündə əks etdirən video görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin şəhərdə yerləşdirdiyi video-qurğu vasitəsilə çəkilən görüntülərdə qoçuluq edən şəxsin başqasının avtomobilini təpikləməklədiyi də aydın görünür.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Orxan Mansurzadə «Yeni Müsavat»a açıqlamasında bildirib ki, hadisə ilə bağlı DİN-ə müraciət olunarsa, həmin məsələ araşdırılar: “Bilirsiniz ki, DİN-ə daxil olunan müraciətlər araşdırılır və hər bir müraciətə cavab verilir”.
Ekspertlərə görə, məlum video-görüntü barədə polisə müraciət etməyə heç bir ehtiyac yoxdu. Məgər, yolda hərəkət qaydalarını pozan avtomobillərin sürücüləri barədə kimsə polisə müraciət edir? Yaxud insanların mitinqlərdəki hərəkətləri bərədə konkret şikayətlər olur? Bir çox hallarda polis videgörüntülərə baxmaqla baş vermiş hərəkət barədə müəyyən ölçü götürür. Belə hallarda hətta prokurorluq da təşəbbüs qaldıraraq fakt üzrə araşdırma aparıb, cinayət işi başlada bilər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Simsar.az saytının əməkdaşımızla söhbətində bildirib ki, o, məlum görüntülər izləyib: «Mən də həmin görüntülərə baxmışam. Amma məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin mövqeyi olduğu üçün heç nə deyə bilmərəm».
Hüquqşünas Müzəffər Baxışov isə hesab edir ki, həmin görüntülərdə söhbət Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsinin pozulmasından gedir: “İctimai qayda kobud şəkildə pozulmaqla yanaşı, özgəsinin əmlakına zərar vurma faktı da ortadadı. İctimai qaydanı qoruyan və ya ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı da zorakılığın edildiyini nəzərə alsaq, burada həm də Cinayət Məcəlləsinin 221.2.2 maddəsinin pozulmasından söhbət gedir. Bu halda hüquq-mühafizə orqanlarına müraciət etməyə ehtiyac yoxdu».
M.Baxışov qeyd edib ki, kütləvi informasiya vasitələrində dərc olunan hər hansı məlumat hüquq mühafizə orqanları tərəfindən araşdırıla bilər: «Yaxşı olardı ki, bu kimi məlumatları dərc edən mətbu orqan qəzetin bir nüsxəsini araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim etsin».